Yazı özünüifadədi, ya özünüinşa?
Hərdən özümdən xəbər aldığım bu sualın qabağında ifadəylə inşanın fərqini tutmayan orta məktəb uşağı kimi boynumu büküb dururam.
Yazı – əlbəttə, yazıdısa – ilk növbədə, Allahın payıdı, Allahın payı çox olduğundan sən ondan nə götürsən, qənimətdi.
Deməli, belə: pay Allahın, qab – sənindi.
Hərənin qabına görə payı verilir. İntəhası, sən öz qabındakını ortaya çıxaranda onu dadan – Allaha dilucu, sənə cani-dildən dua eləyir. Düz də eləyir, məncə. Bizim Tanrıdan umduqlarımızı Tanrı onsuz da öz əliylə yox, bəndələrinin əliylə bizə çatdırır.
Onda belə çıxır ki, yazı həm də yazanındı. Yazan da bir Allahdan deyəndə, beş də özündən deyir. Qələm ondadı, axı… Hamısını Allahdan desə, peyğəmbər olardı. Belədə yazıçıdı.
Elə yazıçı var ki, aldığı payı buğlana-buğlana oxucunun qabağına çəkir. Eləsi var, üstünə qoyur. Üstündən götürəni də az deyil! Allah hamısının payını versin!
Tək-tük qələm adamı tanırıyıram ki, Allahdan hazır pay almır.
Bir yol üç-dörd sümük götürür, bir yol quru kəllə götürür, bir yol… axırda onları bir-birinə calayıb adam fiquru düzəldir – eynən özünə oxşar!
Amma yaratdığına nəfəs verməyə qüdrəti çatmır, məcbur olub yaratdığıyla nəfəs alır…
O:
özünü inşa eləyəndi,
bənnadı,
mühəndisdi,
qaynaqçıdı…
O:
Allahdan
aşağı
yaradandı.
Deməli, belə…
***
Qulaqlarını tut ki… görəsən!
Gözlərini yum ki… eşidəsən!
Yazıya 790 dəfə baxılıb