Səninlə yol gedə biləydim gərək,
Qaçıb vaxt əlindən, zaman əlindən.
Ya da ki, o ölən öləydim, fələk,
Nədən diləyirdim aman əlindən?..
Gün varmı günümdən qara, bilmirəm,
Bir gün götürərmi dara, bilmirəm…
Hara bel bağlayım, hara, bilmirəm,
Tərpənmək olmayır güman əlindən…
Ruzim, qismətim də gündə yarımdı,
Necə bütöv olsun, kündə yarımdı…
Üz tutdum, gördüm ki, din də yarımdı,
Yarımdı yarımçıq iman əlindən…
İçimi yandırır istisi dərdin,
İçimdə soyuyur hirslisi dərdin.
Çıxsaydı başımdan tüstüsü dərdin,
Göz-gözü görməzdi duman əlindən…
***
Sən adlı yiyəsi ölüb bu evin,
Bu evin sən adlı varisi çatmır.
Yarısı daş-kəsək olub bu evin,
Yarısı sən idin…yarısı çatmır…
Ha dindir, danışdır, sözü yox belə,
Ocaq elə sönüb, közü yox belə.
Heç səni görməyə gözü yox belə,
Üzünə tutmağa barısı çatmır…
Bir az da dayanıb, bəkliyib burda,
Nə imiş, anla da təkliyi burda…
Bitib bildirçinin bəyliyi burda,
Sovrulub, çöllərin darısı çatmır…
Qalıb ümidinə necə, qonşunun,
Bu həyət, bu qapı-baca, qonşunun…
Oğlu var, qızı var qoca qonşunun,
Bir ömür havası-qarısı çatmır…
Hələ məhlənin o qar qız uşağı,
Evin bircəciyi, yalqız uşağı.
Hələ uşaq qalıb o qız uşağı,
Tək bircə ağzının sarısı çatmır…
Adamı bir incik baxışı tutur,
Tutur qar-boranı, yağışı tutur.
Adamsız evlərin qarğışı tutur,
Adamsız evlərin Tanrısı çatmır…
***
Sayılı günləri çoxdu sadəcə,
Boşuna yaşadın, boşa, sən ömrü.
Özünə ha elə gəlin-göbək ol,
Say da paşalardan-paşa, sən ömrü…
Dərdini dərmanı çəkib apara,
Olasan qurbanı, çəkib apara.
Apara, sarbanı çəkib apara,
Bir uzun karvana qoşasan ömrü…
İtiyin ola da qəfil tapasan,
Özünə şip-şirin dünya yapasan.
Ya köhlən at ola minib çapasan,
Yel kimi keçəsən, aşasan ömrü…
Çəkmə, hər yetəni başa çəkmə sən,
Sonra çiləsini boşa çəkmə sən.
Əcəl şərbətitək başa çəkməsən,
Dərd kimi çəkərsən başacan ömrü…
Nə fərqi yasnandı, toynandı, bitdi,
Bir cürə oyundu, oynandı, bitdi.
Oğluna, qızına paylandı bitdi,
Nə vardı özünə yaşasan ömrü…
***
Yerinə bir qara daş ola keşkə,
Dünyaya sağ gəlib, ölü çıxanın.
Nədi aqibəti, nədi ki, eşqə
Ağıllı girənin, dəli çıxanın?..
Göylərdən gələnə butam deyilir,
Başqadı bu ləzzət, bu tam, deyilir.
Adına bir ömür adam deyilir,
Sonunda qansoran zəli çıxanın…
Yaşayır dövləti, sərvəti sanı,
Götürür hər yanı şöhrəti, şanı.
Özündən güclünün uğrunda canı,
Gücsüzün üstündə dili çıxanın…
Bir az da uzatsam bəhsi çıxacaq,
Kim kimin nəsinin nəsi çıxacaq…
Canım, ha gözlə ki səsi çıxacaq,
Elə ayaqüstə ili çıxanın…
Gedən gedir, yolu, üsulu qalır,
Boynunda günahı, qüsulu qalır.
Adam yaxasından asılı qalır,
Tanrı yaxasından əli çıxanın…
***
Elə səndən qalmadı,
Bu ağrı, acı mənə.
Neynirəm yüz çarə gəz,
Göstər əlacı mənə…
Daha bom-boş qalacaq,
Sənsiz bu yer ömürlük.
Sevgin beşgünlük oldu,
Həsrətin bir ömürlük…
Çatladı, bağrımın da,
Çatladı bağrı sənnən.
Dərd sənnən vəfalıdı,
Sadiqdi ağrı sənnən…
Olmadın infarktca sən,
Gör necə durdu qaldı…
Sən vurub getdin, gülüm,
O isə vurdu, qaldı…
Yazıya 648 dəfə baxılıb