Tural ADIŞİRİN — Gözüm süfrə açır yanağım üstə

Tural Adışirin

Qaragözlüm, sığal çəkmə bu qədər
Yaman gözün,yaman olar qorxusu
Sevdiyinə ürəyini aç barı
Sevən qəlbin güman olar qorxusu

Söylə sənsiz bu dünyaya nə baxım
Qara olub hər açılan sabahım.
Ürəyimdə ümid adlı pənahım
Qoruyuram, aman olar qorxusu.

Məhəbbət də qəlbdə ikibaşlıdı
Sevənlərin hələ gözü yaşlıdı.
Sevgi yolu kəsəklidi, daşlıdı
Olsa-olsa duman olar qorxusu.

O SEVDANIN AXIRI

O gözəl üstümdən çəkdi gözünü,
Tökdü çiçək-çiçək güllü yazımı.
Çay təki çevirib məndən üzünü,
Daha başqa səmtə axası oldu.

O getdi,ömrümdən uzağa getdi,
Doğma çığır itdi,doğma iz itdi,
Özgə birisini yanıb isitdi,
Tüstüsü başımdan çıxası oldu.

Düşdüm bir fəsildən neçə fəsilə,
Dedim,sevən könlüm,daha bəs elə,
Axırda ortada qalan bir həsrət,
Bir də bu Turalı yaxası oldu…

* * *

O titrək əlindən tutmağım çətin-
öz evin,öz süfrən,çörəyin-duzun…
Mənim ürəyimdə sənin həsrətin,
Sənin qucağında – körpəcə qızın…

Bir nazlı ayrılıq əlində şərbət,
Qapım bağlanandan qapımı döyür.
Mənim nəfəsimlə bir lal məhəbbət,
Sənin nəfəsinlə bir qız böyüyür.

Sənin işığından umacağım yox,
O körpən gülürsə-dünya gözəldir.
Mənim yerim-yurdum,od-ocağım yox,
Mən yol adamıyam bəlkə yüz ildir.

Bəlkə də….eh, bəsdir, daha zarıma,
Bu ömrün əvvəli,sonu şikəstə.
Adın qonaq gəlir dodaqlarıma,
Gözüm süfrə açır yanağım üstə.

***

Nə dünya sənindi,nə dünyan-mənəm,
Nə də sən mənimçün dünyadan baha.
İnana bilmirəm yuxuna gələm,
Məni yuxunda da gözləmə daha.

Bu çətin sınaqlar mənimi yordu?
Sənmi gözlərimdən düşmüsən qaçaq.
Bilmirəm, qəlbimdə sönən bu odu,
Bilmirəm, təzədən kim qalayacaq.

Nə olsun oxumuz toxundu daşa,
Tale öz verdiyi qisməti aldı.
Deyirəm bir az da gəl mənsiz yaşa,
Demirəm səninki Allaha qaldı.

Bu dünya yaxşını yamandan seçər,
Hər qəmi bir şıltaq sevinc izləyir.
Bir oğlan səninçün başından keçər,
Məni də hardasa bir qız gözləyir.

BƏLKƏ DƏ QİSMƏT

Gəlirik üz-üzə hər gün səninlə
Köhnə tanış kimi görüşürük biz.
Bəlkə alnımıza a yazılan baxtı
Özümüz bilmədən bölüşürük biz

Hardan doğmalaşdıq görən biz belə
Biz ki başqa yolun yolcularıydıq.
Görüşüb üz-üzə gəlməsək hələ
Kim bilir nə qədər yad qalasıydıq

İlk dəfə görəndə elə bil səni
Sandım ki,icimdə bəslədiyimsən.
Qəlbimdə yaşadıb bu vaxta qədər
İllərlə yolunu gözlədiyimsən.

Üz-üzə gəlirik hər gün səninlə
Sən məndən gileyli,mən sənə həsrət.
Gəl günah görməyək bi-birimizdə
Allahdan beləymiş bəlkə də qismət.

***

Mənim səsim-küyüm göy gurultusu,
Ömrümə narınca yağan yağışdır.
Bəsdir ürəyimi apardı sel, su,
Qəlbinin selini bir az yığışdır.

Düşürt ürəyindən söz şələsini,
Qayadan süzülən dağ çayı ol sən.
Tök qara gözünün şəlaləsini,
Axıt ürəyimə, keçsin sinəmdən.

Sükuta dözmürəm, sükutun ağır,
Danış, qəzəbinə hazıram elə.
Axan göz yaşların qış yağışıdır,
Qorxuram, bəlkə də qara çevrilə.

AYAQ SƏSLƏRİ

Bürüyüb hər yanı ayaq səsləri,
Bu nə taqqiltidi, nə var-gəldi bu?
Bürüyüb küçəni, dalanları da
Deyəsən başqa bir gəlhagəldi bu.

Biri çox hüzünlü,biri sevincli
Sevinci yayılıb dalan, küçəyə.
Amandır, səsləyin o gedən qızı
Ayaq səsini də aparsın deyə

Bir oğlan çox asta atır addımı
Qorxur ki,küçələr duyuq düşərlər.
Bir qızın yataqda alışır canı
Pəncərə önündə duranda səslər.

Mürgülü yolların qulağı tozlu
Ne yata bilirlər, ne rahatdılar.
Evləri hədəfə dönən analar
Ayaq səslərindən narahatdılar.

Bu səslər nə zaman kəsəcək görən?
Bu səslər ananı yaman üşüdür.
Bu səsler əslində küçədə duran
Bir oğlan qəlbinin döyüntüsüdür.

İki qəlb alışır bir istək üçün
Oğlanın saçına yel sigal çəkir.
Qız rahat yataqda uyuya bilmir
Xəyalən özünə gəlinlik seçir.

Ana qayğılıdır,-hələ getməyib
Bir üzdə sevinç var, bir üzdə kədər.
Bu ayaq səsləri kəsilən deyil
Hələ çox gələcək ta toya qədər.

Yazıya 1125 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.