Günay Səma Şirvan –Təmsil yaradıcılığı və Manaf Manafov

Günay Səma Şirvan

Təmsil — dünya ədəbiyyatının qədim janrlarından biridir. Bir ədəbi forma, bir janr kimi təmsilin müəyyənləşmiş poetikası, üslubu, tələbləri, normaları, spesifik tematikası, üslubu və surətlər aləmi, dünyaca məşhur nümayəndələri vardır. İctimai məfkurənin darlığının, cəmiyyətin mənəvi kasadlığının, naqisliyinin aradan götürülməsi üçün təmsil fəlsəfi-bədii düşüncə sahiblərinin əlində eyham və heyvanların şəxsləndirilməsi yolu ilə insani keyfiyyətləri, bəşəri ideyaları təbliğ silahı olmuşdur. Təmsil janrının ayrıca bir ədəbi janr kimi formalaşıb, xüsusi mövqe qazanmasında şifahi təmsil təcrübəsi, yazılı ədəbiyyatla müştərək əlaqəsi əsas rol oynamışdır.
Öz ədəbi – bədii, əxlaqi – mənəvi dəyərlərini Şərq ədəbiyyatında “Kəlilə və Dimnə”, Z.Nəxşəbinin “Tutinamə”, S.Nəsəfinin “Heyvanatnamə” kimi əsərlərində təzahür etdirən təmsil, Qədim Şərqin müdrik fəlsəfi düşüncə tərzini özündə ehtiva etmişdir.
Qədim Yunanıstanda Ezop, fransız ədəbiyyatında Lafonten, rus klassikasında S.Şedrin, İ.A. Krılov kimi məşhur təmsil ustalarının yaradıcılığında dərin məna, tərbiyəediciliklə yanaşı geriliyin, nadanlığın, zülmkarlığın, siyasi-ictimai problemlərin kəskin tənqidi əsas yer tuturdu.
Tarixi — obrazlı sözün tarixi qədər qədim təmsil Azərbaycan ədəbiyyatında da kifayət qədər dərin köklərə malikdir. Folklorda geniş yayılan heyvanlar haqqında nağıllarımızda, şeirimizin Xaqani, Nizami, Füzuli, S.Ə.Şirvani, Q.Zakir kimi klassiklərinin, ötən yüzilliyin A.Səhhət, M.Ə. Sabir, A. Şaiq, H.Ziya, M.Quliyev kimi yaşamlı sənətkarlarının yaradıcılığında cəmiyyətdə, əxlaq və mənəviyyatda kök salmış ciddi qüsurları tənqid və ifşa etmək baxımından diqqəti cəlb edir.
Azərbaycan ədəbiyyatı tarixinin izlənilməsi göstərir ki, XX əsrin 60-cı illərində ümumazərbaycan ədəbiyyatında, o cümlədən Lənkəran ədəbi mühitində bir yenilik ruhu nəzərə çarpır. Həmin illərdə Lənkəranda çox dinamik, öz dəsti-xətti olan bir ədəbi mühit formalaşır. Bu orijinal üslublu yaradıcı qələm sahibləri arasında Məmmədhüseyn Əliyev, Vaqif Hüseynov, Şəkər Aslan, Əlisa Nicat, Həbib Səfərov, İltifat Saleh, Hücətulla Məmmədov, Camal Yusifzadə kimi günümüz üçün seçkin yazarların imzalarını görürük.
Bu illərdə Lənkəran ədəbi mühitində nəzərə çarpan yeni keyfiyyətlərdən biri də təmsil janrında qələmini sınayan yazarların meydana gəlməsi oldu. Bu yolda ilk addımı istedadlı qələm sahibi, şair Manaf Manafov atdı.
M.Manafovun təmsilləri “Mərmərin göz yaşı” adlanan və təəssüf ki, ölümündən sonra nəşr olunan kitabında toplanmışdır. Onun qəhrəmanları sələflərində olduğu kimi normal cəmiyyətə yad ünsürlərdir. Şöhrət azarına tutulanlar, vəzifə düşgünləri, əliəyrilik, sərvəthərislik, özünə müştəbehlik, gerilik, nadanlıq şairin əsas tənqid hədəfləridir.
Ədəbiyyat nəzəriyyəçilərinə görə təmsil müstəqil, saf janr deyil, lirik, epik, dramatik növlərin ünsürlərindən yaranan bir janrdır. Ona görə də təmsili hekayəyə bənzədirlər. Əslində isə təmsil folklordan gəldiyinə, rişəsini əfsanələrdən aldığına görə daha çox nəqli formadadır. Məsələn,    folklorşünas-alim Sədnik Paşa Pirsultanlının uzun illərdən bəri xalqdan topladığı təmsillər “Azərnəşr” tərəfindən 1992-ci ildə nəşr edilmiş, “Azərbaycan xalq söyləmələri” kitabına daxil edilmişdir. Kitaba daxil edilmiş təmsillərin üzərində zamanın möhürü vardır. Burada ayrı-ayrı heyvanlar, bitkilər və digər canlılar insan kimi şəxsiyyətləndirilib danışdırılır və onların timsalında cəmiyyətdə yaramaz insanların eyibləri müxtəlif hərəkət və danışıqlar vasitəsilə özünü göstərir. Burada tülkü hiyləgər, ayı axmaq, canavar sadəlövh, çaqqal arada vurnuxan, dəvə, at müdrik və s. şəkildə şəxsiyyətləndirilir.
S.P.Pirsultanlıya görə,” şairlər tərəfindən qələmə alınan təmsillərin mövzu dairəsi xeyli kiçilmiş, bir qədər də xalq deyimlərindən uzaqlaşaraq şəxsi subyektdə verilmişdir. Lakin, burada əhəmiyyətli cəhət odur ki, hər bir təmsil yazan şair sonda öz qənaətlərini və nəticələrini ifadə edir ki, bunlar da təmsilin əxlaqi-tərbiyəvi təsir gücünü ifadə edir”. ( “Azərbaycan ağız ədəbiyyatında təmsillər”, Bakı-2012, səh.5)
Bu baxımdan M.Manafovun yaratdığı təmsillər mənzərə və lövhə yaratması, ciddi, kəskin, fəal və ictimai-əxlaqi təsirə malik olması ilə diqqət çəkir.
Təsadüfdənmi, ya kimlərinsə kölgəsində yüksək mövqe qazanan, iştəhası, təmənnası özündən böyük olanları tənqid atəşinə tutan şair hədəflərinin bədii portretini yaradır:

Heç özü də bilmədən
Qanqal düşdü güldana.
Dedi: -Gül haqda tərif,
İndi deyilsin ona.

(“Güldana düşən qanqal”)
Burada zərrəbincə verməklə, fikrini sərrast ifadə edən şair heç bir artıq izahat vermir. Ən müxtəlif təxəyüllü və fantaziyalı oxucu qarşısında lövhə, mənzərə öz-özünə canlanır.
Manafov yaradıcılığında təmsilin həcmi böyük deyil, kompozisiyası yığcam və lakonikdir. Mükalimələrdə yumor, yumşaq təbəssüm düşüncələrə, rişxənd və kinayə satiraya qarışır:

Hansı quşa rast gəldi,
Söylədi, sərçə dik-dik:
-Boşayıram bülbülü,
Eyləyə bilmir “cik-cik”.

(“Sərçə boşanmağı”)

və yaxud

Bülbülün qulağına
Yavaşca dedi qarğa:
–Yaşamaq istəyirsən,
Gəl sən də eylə “qa-qa”.

(“Qarğa məsləhəti”)
Təmsilçiliyin mürəkkəbliyi müəllifdən vətəndaş cəsarəti ilə yanaşı incə, dəqiq müşahidə bacarığı, obraz yaratmaq istedadı tələb etməsindədir. Vətənini sevən, onun dərdlərinə acıyan yanar ürək sahibi M. Manafovu “sapı özümüzdən olan baltalar”ın varlığı düşündürməyə, göynətməyə bilməzdi. Narahatlığını təmsillə ifadə edən şair deyirdi:

Metalların birinə,
Çəkic adı verdilər.
Metalların başına,
Nələr gətirdi, nələr!

(“Çəkic və metal”)
M.Manafov yaradıcılığından nakam getsə də, fikir və düşüncə poeziyası olan təmsillərində müasirliyi, cariliyi, konkretliyi ilə fərqlənməyə çalışmışdır. Özünü aranda dağ kimi qələmə verib, dağa rast gələndə yastılanan təpənin (”Təpə”), qartalı görəndə lehinə, görməyəndə əleyhinə danışan sərçənin (“Sərçə”), işini, əməlini danıb parçanı tikmək əvəzinə sapı düyünə salan iynənin (“İynə”) və s. bədii portetini yaradaraq çağdaş baxımdan da problematik məsələlərə işıq salan müəllif, “ot bitər kökü üstə”, “cidanı cuvalda gizlətmək olmaz” kimi xalq təfəkkürüdən qayanaqlanan maraqlı mövzulara müraciət etmişdir.

Bir sənəd aldı qarğa,
Müğənni olmağına.
Amma qarğa olduğu,
Çatırdı qulağına.

(“ Müğənni”)
Janrından asılı olmayaraq heç bir əsər söz uzunçuluğunu, lövhə və mənzərə israfçılığını sevmir. N.A.Nekrasov deyirdi ki, “az sözlə, musiqili və dinamik ifadələrlə düşünmək, insana təsir edə bilmək istedadın səciyyəvi əlamətlərindəndir.” Bu konteksdən yanaşanda M.Manafovun təmsillərində istedadın belə səciyyəvi əlamətlərini görməmək mümkün deyil. Təmsilin çoxçalarlığını açmağa çalışan şairin “Mərmərin göz yaşı” adlanan təmsili təlqin etdiyi müəllif ideyası baxımından çox güclüdür:

Qara mərmərdən idi,
Bir cahilin baş daşı.
Gecə-gündüz mərmərin
Hey axırdı göz yaşı.

Bu bənd dərin məna, forma və məzmunu, bədii portret ştrixlərini əks etdirməsi ilə yanaşı, əxlaqi-mənəvi dəyəri ilə də seçilir. Çox vaxt cahili, nadanı özümüzə “başcı”, “böyük” seçməkdən çəkinməsək də, (baxmayaraq ki, kifayət qədər əziyyətini çəkirik) mərmər daş cahilə-dəyərsizin birinə başdaşı olması ilə barışa bilmir, göz yaşı tökür. Təbii ki, burada bir rəmzilik, somvolika var. Qiymətli daşın öz qiymətini ala bilməməsi və gücsüzlüyünə ağlaması çox ibrətamizdir.

Ümumiyyətlə, obrazlarını həyatdan, real faktlardan alan şair, onlara əxlaqi-psixoloji, mənəvi kodeksdən yanaşaraq dördlük təmsili zənginləşdirmşdir. ( Bəllidir ki, Azərbaycan ədəbiyyatında qısa təmsil anlayışı Hikmət Ziyanın, dördlüklə təmsil yaratmaq ənənəsi isə Çərkəz Quliyevin (Qacar) adı ilə bağlıdır.)

Bütün təhlilləri nəzərə alaraq demək olar ki, qısa ömrü gərgin üslubu axtarışlara vaxt ayırmağa fürsət verməsə də, özəl poetik düşüncəsi ilə fərqli poetik yaşam vasitəsi ilə M.Manafov Azərbaycan təmsilçilik məktəbinə öz imzasını atmağa nail olmuşdur.

 

 

Yazıya 1439 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.