I
Nehrəmdən
7 yüz
bəlkə də 8 yüz ağac
uzaqda doğuldum
7 yaşımda əlifbanı öyrəndim
II
Babam Məmmədhəsən əmi
Nənəm Zeynəb xanım
III
İbadət vaxtı
Babam üzünü
Mən arxamı Məkkəyə çevirir
O Allaha mən Leninə tapınıram
1978
***
Dərviş Osmana
I
Yenə də siqaret çəkir
Yenə də içir
Yenə də sürünürəm
Və yenə də ruhum
Bədənimdən min fərsax uzaqda
II
Hər şeyim var qardaş
Qafamı gəmirən
Axmaq fikirlər
Abrımı örtmək üçün
Cır-cındırım
Pivə içmək üçün quruşum
P.S. işləyirəm –
Xorda bağırıram
Bas səsimlə
1979
***
Arif Acala
Bitməz bu uyğu
Çatmaz soluğu
Yolçu babaların
Qovmaqçın məni
Gedilməz bu yollar
Ağlanmaz
Saxlanmaz çiyində
Bu iyun günortasının
İstisi
İşığı
Hüzünlü bombozluğu.
1981
***
Vağzal küncündə mürgüləyən sərxoş kimiyəm
Topraq dadır gecə
Min illik ruhum mənimlə birgə
Yaddaşımdan keçən qadınlara bənzəmir
Vağzal xanımları
Bütün kimsəsizlərin yuxusu hopub gözlərimə
Gözü bağlı görürəm üzü işığa uçan quşları
Dikdaban çəkməli xanımların ayaq səsləri
Yaddaşımı silkələyir anamın cadar əllərini duyuram üzümdə
Vağzal küncündə mürgüləyən sərxoş kimiyəm
Yuxum özümdən sərxoş.
1983
Yazıya 858 dəfə baxılıb