TƏK ŞEİR: Əli Şirin Şükürlü — qadınım üçün sentimental şeir

əlişirin26065887521081_805532925_n

payız öncəsi
oğlumun toyunda
profildən çəkdirdim şəklimi
üzüm tam görünməsin deyə.

 

profildən çəkilən bu cür fotolar
“tədricən yoxaçıxma”nın şəklidi əslində.

gələn payız…yox
gələn payızdan sonra qışda
doğum günümdə gələrsən – yaxşı?
gələrsən ilk görüşə gəldiyin tək –
üzündə təbəssüm.

gələrsən – yaxşı? mütləq gələrsən.
işdi mən olmasam da
şəklim mütləq gülümsəyəcək üzünə.
ilk görüş yadına düşər –
heykəl kimi dayanmışdım.
sənsə üz-gözündə sevinc
lap sevgiyə bənzəyirdin. heç söyləmədim:
o vaxt mən sevdaya tutulmuşdum,
indi sənə əzab, mənə ağrı verən
xəstəliyə tutularkən xatırladım bunu bir də.

gələn payız…yox
gələn payızdan sonra, qışda
doğum günümdə gələrsən – yaxşı?
mütləq gələrsən. vədimə xilaf çıxmaram,
gözləyəcəm. ən azı heykəl şəklində –
üzündə qərib təbəssüm

Yazıya 798 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.