Olmayacaq işlər görün bu gün… Ruhlarınızı öldürün!..
Yenidən başlamaq üçün sevgiyə… eşqə… xoşbəxtliyə…
Bu gün bir qərar verin və ruhunuzu öldürün. Üç gün-beş gün, beş il-on il deyil ədəbi məhkumiyyəti gözə alın və ruhunuzu öldürün. Öldürün ki, bundan sonrakı yaşamınızda azad bir bədən, saf bir tən olaraq yaşaya biləsiniz. Təninizin bütün istəklərini yerinə yetirib doya-doya doyğunluğa çata bilərsiniz.
– Ah, indi Vivaldeni dinləyərək Hindistan cevizi altında eşq oyunları oynamaq olaydı. Al apar tənini uzaqlara, ruhunu uzaqlarda qoyub dön. Xəyal qurmaq tən üçündür. Bədənə enməmiş xəyal heç bir zaman gerçək deyildir.
(Ruhun gerçəkləri xəyaldan ötəyə gedə bilməz və bədənin gerçəkləri hər zaman gerçəkləşmiş xəyallardır. Doğrusu budur: ruhu üçün xəyal quran ya cəhənnəmə, ya da cənnətə gedər ki, buna da heç bir zaman «gerçək» deyilə bilməz. Amma bədəni üçün xəyal quran tənin bütün işlərini gerçəkləşdirmə şansına sahibdir).
Sizi bir türkü oxuyarkən görürəm indidən – «Məni məndən alan, məni mənə unutduran».
Buraxın ah-vahları. Buraxın «ruh gözəlliyi» kimi boş sözləri, ruhunuzu öldürün. Bədəninizə yük olan, təninizi təninizdən uzaqlaşdıran ruhlarınızı öldürün. Duzun dadı içindədir, şəkərin də eləcə. Bədəninizin ehtirasları, zövqləri, istəkləri də içindədir, təninizə qulaq asın. Buraxın o xəyal dadın, xəyal duzun. Buraxın əsil təniniz əsil yaşaması gərəkəni yaşasın. Sözün qısası: mənliyinizə və təninizə sonradan qatılan, yaxud geydirilməyə çalışılan bu dəli köynəkdən tez bir anda qurtulun – ruhlarınızı öldürün. Yalnız xəyaldan ibarət olan xoşbəxtliyi elə gəldiyi xəyal aləminə göndərin.
– Ah, indi qan-tər içindəki tənimizin qoxusunu duymaq vardı – eşq bağçasının güllərinin inadına. Bu savaş meydanında tənimiz üçün qəhrəmancasına döyüş olardı.
Qəndildəki yağ, şamdandakı şamdır bədən. Dildən tökülən sözlərdir gözəlliyi görən, yaxşılığı biləndir. İşığın qaynağı, yaşamın döl yatağıdır. Hər şey təndən doğur, təndən yayılır. Hər şey tənin əsəridir – yaşam belə…
– Ah, indi bir bulağın sərin sularına dəyəydi ayaqlarımız. Yaşamın sevincini duyardıq qəlbimizin tən ortasında. Dolu-dolu yaşamaq olaydı eşqi çözülmüş bir bədənin qıvrımları arasında.
Ruhlarınızı öldürün.
Yenidən qazanmaq üçün ruhlarınızı öldürün.
Gəlin, toplanın və bir ağızdan and için: «öldü, ruh öldü, yaşasın tən» deyə hayqırın.
Azad doğulmuşkən azad yaşamaq, düşünmək, fəlsəfə yapmaq, heykəl yapmaq və yaratmaq, xoşbəxt olmaq üçün hər cür gücə sahibkən atıldığı dibsiz quyudan onu qurtarın, son bir dəfə doğru olanı edin – ruhlarınızı öldürün.
Tərcümə: Oqtay Hacımusalı
Yazıya 700 dəfə baxılıb