Vaqif Səmədoğlu vəfat etdi

vaqif

Xalq Şairi Vaqif Səmədoğlu vəfat edib.

Bu barədə aparıcı saytlara şairin ailəsindən məlumat veriblər.

Şair xərçəngdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin.

***

Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi…

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir…

Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa…

***

Sevgilim, mən öləndə,
Bir küncdə xisin-xısın
Ağlayacaqsanmı sən?

Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…
Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

***

 

Vaqif Səmədoğlu

Ömür sənə yaraşır
Mənə ölüm də bəsdi
Allah, keç günahımdan
Qospodi, prosti.

Sərxoş heç, ayıq gün də
Ən pis şeirdən pisdi
Allah, keç günahımdan
Qospodi, prosti.

Bütün dinlər soyuqdu
Təkcə əllərin isti
Allah, keç günahımdan
Qospodi, prosti.
****

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.

 

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm…

***

Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

 

Yazıya 923 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.