Usta Veysəl – Ürəyinə salma məni…

10271224_560022597463689_93777176380463055_o

 

Bizim

Bir ətək yelkəndi, bir udum külək –
ayrı nəyimiz var… nəyimiz bizim.
Mayakmı, ilğımmı bizi çəkəcək –
hayana üzəcək gəmimiz bizim.

Birgə dalğalara sinə gəririk,
avar da çəkirik… dərd də çəkirik.
Toyumuz şərikdi, yasımız şərik –
şərikdi dərdimiz, qəmimiz bizim.

Üfüqdə sahildi, sahildə liman…
Zaman
öz atını çapır durmadan.
Bizi atıb-tutan, bizi oynadan
nə gəmi bizimdi, nə dəniz bizim.

YANVAR, 2000

 

***

Ürəyinə salma məni –
dərd eləmə.
Çəkiləsi dərd deyiləm.

Ürəyimə dəymə mənim –
yurd eləmə.
Köçüləsi yurd deyiləm.

Ümid evi deyiləm,
məndən yolunu salma.
Mən artıq keçilmişəm,
yolçu, yolundan olma.

YANVAR, 1999

 

***

– İnsan,
nə axtarırsan?
– İtirdiyimi.
– Nə itirmisən, insan?
– Tapdıqlarımı…

– İnsan,
hara qoyacaqsan
yığdıqlarını?

YANVAR, 1999

 

Xeyir-dua

– Bu gəlinin göz yaşı.
– Allah mübarək eləsin!
– Bu gəlinin ağrıları,
bu gəlinin sancıları.
– Allah mübarək eləsin! …

Gəlinliyin –
ayrılığın,
qəribliyin –
darıxmağın
mübarək olsun, qızım!
Beşik üstə yuxlamağın,
gizli-gizli ağlamağın
mübarək olsun, qızım! …

YANVAR, 1999

 

***

Div əmi, ay div əmi,
sən canını verərdin?…
…Atam can verdi, Div əmi.

Fatma nənə, Yel baba
bu zülmü götürərdi?…
… Allah götürdü, nənəm.

… Cirtdan, sən nazı götür,
mən də yası götürüm.
Gedək, qardaşım,
gedək.

YANVAR, 1999

 

Ocaq yeri

Yerin ocaq yeridi –
ürəyimin başında
köz salan ocaq yeri.
… Yaman göynəyir yerin.

Yerin ocaq yeridi –
Üryimdəki türbə,
ürəyimdəki qiblə.
…Nə qədər ölməmişəm,
nə qədər sağam,
bu ocağda ürəyimin
qanını axıdacağam.

YANVAR, 1998

 

Allah xəbər tutunca

Aşık surahi neyler,
gerden surahi neyler.
Sen orda kal, ben burda –
görek ilahi neyler.

(Bir türküdən)

Sən ordasan, mən burda –
ağla Xəzər tutunca.
Sən orda yan, mən burda –
Allah xəbər tutunca.

Sən ömrümün gülşəni,
dildən – dilə düşəni.
Sən məni sev, mən səni,
yaman nəzər tutunca.

Gəl yenə xəyal kimi,
dərd kimi, məlal kimi.
Boğazım çuval kimi
tutsun qəhər, tutunca.
Sən orda yan, mən burda –
Allah xəbər tutunca.

YANVAR, 1998

 

***

Əlim əlindən,
gözüm gözündən,
könlüm telindən asılıb –
səndən asılı düşmüşəm.
… Sözüm də dilimdən asılıb,
qıfıldan asılan açar kimi.

Yuvasız quşlar kimi
ürəyinin bir küncünə büzüşmüşəm.
…Qovsan da uçub getmərəm.

YANVAR, 1998

 

Dünya bizi ağlayır.

Dünya bizi ağlayır…
İnciməsə ağlamaz.
Dünya bizi saxlayır,
bizi heç kim saxlamaz…
Dünya bizi saxlayır.

Dünya bizi ağlayır,
ağladıqca boşalır…
Allah da ki yaradır,
yaratdığın yoxlamaz…
Allah elə yaradır.

YANVAR, 1997

 

 

 

 

Yazıya 735 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.