AYB Gəncə bölməsində Vaqif Səmədoğlunun xatirəsinə həsr edilmiş məclis keçirildi

Vaqif_Semed1o11glu30 yanvar 2015-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsi “Nizami ədəbi məclisi” növbəti görüşünü — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr etdi.
Bir dəqiqəlik sükutdan sonra birliyin sədri – şairə Xəzangül Hüseynova Vaqif Səmədoğlunun yaradıcılığı barədə geniş məlumat verdi. O, çıxışını mərhum şairin aşağıdakı misraları ilə sona yetirdi:

Allah, Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah, Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

Bundan sonra söz AYB Gəncə bölməsinin məsləhətçisi, şair-yazıçı Aləmzər Əlizadəyə verildi. Vaqif Səmədoğlunun vəfatının Azərbaycan ədəbiyyatı üçün böyük itki olduğunu qeyd edən natiq, ədibin yaradıcılığı ilə yanaşı, gələcək nəsillərə örnək ola biləcək həyat yolundan da söz açdı.
Yazıçı Ümbülbanu xanım, şair İnqilab İsaq, Ramiz Təmkin, İradə Aytel Vaqif Səmədoğlunun şeirlərindən nümunələr gətirərərək, o böyük şəxsiyyəti bir daha yad etdi.
Gəncəbasar Bəstəkarlar Birliyinin sədri Məmməd Cəfərin kamançasının səsi duyğulu məclisi həzin notlar üstündə köklədi.
Məclisin ikinci hissəsi şairlərin – Elvin Mustafayevin, Gülnarə Sadiqin, Qiyas Cilovdarlının, Səadət xanımın yaradıcılığından nümunələr və onların müzakirəsi ilə sona yetdi.
Xatırladaq ki, “Nizami ədəbi məclisi” hər həftənin cümə günləri, AYB-nin Gəncə bölməsində (İnzibati bina 4-cü mərtəbə) keçirilir.

20150130_155840

 

Yazıya 755 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.