Vüsal Hicran – O QIZA DEYİN Kİ…

10897808_1677091405850861_3079925248443010591_n

O qıza deyin ki,unutsun məni
Görüşə gəldiyi yeri unutsun.
O mənə yazdığı bəxtsiz məktubu
Mən ona yazdığım şeiri unutsun.

*
O qıza deyin ki,qəmlər içində
İtmişəm,batmışam,yox olmuşam mən.
Onun əllərindən bərk tuta-tuta
Onun ürəyindən yıxılmışam mən.

*
O qıza deyin ki,dəyişmişəm mən,
Sulara qərq olan adayam indi.
Qayğılar içində itib-batmışam,
Bir körpə balaya atayam indi.

*
O qıza deyin ki,məni gəzmsin,
Yoxam o şəhərdə,şəhər var ancaq.
O şəhər yaxşı ki ,qalıb yadımda,
İlahi sən mənim ürəyimə bax.

*
O qıza deyin ki,ona deyin ki
Yaşanan hər sevgi zamana dönmür.
Deyin ki,ünvanı itirən gəmi
Dönür bir gümana,limana dönmür.

*
O qıza deyin ki,yollarım üstdə
Bir quru ağaca dönüb qalmasın.
Hər axşam düşəndə məni düşünüb
pəncərə önündə donub qalmasın.

*
O qıza deyin ki,mən daha yoxam
Ömrümdən ömürlər başlamaz mənim.
Bir az qocalmışam,sönüb gəncliyim
Görsə bu görkəmdə xoşlmaz məni.

*
O qıza deyin ki,sevgi yalandır,
Adının üstündən adımı silsin.
Uunutsun telefon nömrəmi bir də,
Nə də hərdən-hərdən yuxuma gəlsin.

*
O qıza deyin ki, dəyişsin o da
Qoluma girdiyi qolu dəyişsin.
Silsin saçlarından əl izlərimi,
Yolda qarşılaşsaq,yolu dəyişsin!

Yazıya 1365 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.