Bəxtiyar Hidayət – ANTİKARUSEL VƏLİ

bextiyar hAM-2(Ana Müxalifət) partiyasının N saylı filialının konfransında Vəli Əhmədovu da görəndə əməlli- başlı əndişələndim. Adam hələ öz evinə bir baş soğan almasa da, bizim kefimizə 5-6 baş soğan doğraya bilərdi. Niyə əndişələndim, gəlin bu Vəli Əhmədovu azacıq tanıyaq, onda niyəsini biləcəksiniz.
– –
Rayon mərkəzinə ən yaxın kənddə yaşayır- ucqar kəndlərdə yaşayan partiyadaşlarının çoxu onu elə şəhərli bilir. Cibində heç zaman pulu olmaz. Buna görə də müxalifət qəzetlərini pulsuz oxuyur. Kamilin qəzet budkasından qəzetləri götürüb acgözlüklə oxuyur və sonra da qaytarır geri. Di gəl bundan sonra qabağında dur- 3-4 qəzeti sənə əzbər danışmasa bağrı çatlayar. Iqtidarda olan AM-1 (Ata Mülkiyyəti) partiyasının üzvlərini görcək bağıracaq- axrınıza az qalıb, gəlirik! Hamınızı ayağınızdan asacağıq!
Düzdü, AM-1-çilər ona çox deyiblər ki, hakimiyyətə gəlsəniz də sənə yer olmayacaq, amma Vəli Əhmədov buna da razıdır, təki hakimiyyət dəyişsin. Bəs necə dəyişəcək bu hakimiyyət- Vəli Əhmədov 20 ildi inanır ki, Avropa və ABŞ demokratiyaya dəstək olacaq, seçkilər demokratik keçəcək və hakimiyyət dəyişəcək.
Yerli- yersiz danışmağına görə heç rayon müxalifətçiləri onu yemək- içmək süfrəsinə dəvət də etmirlər. Adamın yediyini- içdiyini burnundan gətirir. Zatən son vaxtlar içki olan məclisə də getmir.
Adam elə yoluxub ki, lap pornoya da baxsa söhbəti siyasətə gətirib səydərəş sualları ilə hamını bezdirəcək. Bax beləcə evdəkiləri evdə, qonşuları məhlədə, iqtidardakıları seçkidə, müxalifətdəkiləri də çayxanalarda bezdirib. Cibində pulu hardan olsun, harda işləyir ki? Qardaşının hesabına bir- qarın az, bir qarın çox, bir qarın ac, bir qarın tox dolanır.
Bu adam respublikada az- çox tanınır. Ən çox da seçkilərdən sonra- mütləq adı hansısa partiyanın bəyənatında çəkilməlidir- Vəli Əhmədov döyülüb, Vəli Əhmədova rüşvət təklif edilib, Vəli Əhmədov polis zorakılığna məruz qalıb və sair.
Ali təhsilli iqtisadçıdır. Az- çox da savadı vardı. Amma kimdi ona iş verən- düzdü, özü bunu müxalifətçi olması ilə bağlayır. Amma adam kompyüteri heç açıb- bağlaya bilmir, kimdi beləsinə iş verən. Oxuduğu elm də indiyə qalmaz, yadından çoxdan silinib. Araya çox havalar düşüb.
Hə, onun şəhərə gəlişində ilk işi qəzet oxumaqdır. Özü də mütləq qəzetin əvvəlcə arxasına baxacaq. Bir az fala- mala da inanır. Qadınlara qarşı da münasibəti beləydi- əvvəlcə arxalarınca baxardı. Amma bircə qadını da oxuya bilməmişdi. Qadın barədə kiminləsə danışmamışdı da. Günlərin bir- günündə isə tutub evləndiirdilər onu. Bundan sonra qadınların arxasınca baxmadı. Qəzetlərin arxasına baxmaq vərdişini isə tərgitmək heç ağlına da gəlmir. Və bir də hər seçkidən sonra heçə- puça dönmüş arzularının arxasına baxır. Di gəl yenə də hardansa bir ümid tapıb ətəyində fırlanır.
Dediyindən dönən deyil- 23 il əvvəl verdiyi sözə hələ də əməl edir. Şuşa ermənilərin əlinə keçəndə özünə söz verib ki, Şuşada Azərbaycan bayrağı dalğalanmayınca qol qaldırıb oynamayacaq. Odur ki, Vəli Əhmədov heç özünün toyunda da qol qaldırmayıb, heç oğullarının sünnət toyunda da qol qaldırmayıb.
Belələri müxalifətə yalnız seçki ərəfəsi və seçki günü lazım olur- sonra növbəti seçkilərə qədər yaddan çıxırlar.
Vəli Əhmədov çox ürəkli oğuldu- 2003-cü ildə AM-2 (Ana Müxalifət) partiyasının seçkiqabağı tədbirində təxribat törətmək istəyən rayon Ağsaqqalalr Şurasının 80 yaşlı sədri Xanqulu (Vəli adını Donquli qoyub) müəllimin üzünə tüpürüb və keçəlinə də tutarlı bir qapaz ilişdirib. 2005- ci il seçkiləri ərəfəsində başqa bir təxribatçının üzünə tüpürüb və ağır söyüşlərlə təhqir edib. Bax belə- hər seçkidə bir qəhrəmanlığı var.
Amma indi həmin AM-2 partiyasında deyil- AM-3 (Ağa Müxalifət) partiyasındadı. Bunu da ona görə etdi ki, AM-2 partiyasının hakimiyyətlə ilişkilərini yəqin etdi. Vəssalam- satqınsınız hamınız!
Ən böyük arzusu şübhəsiz ki, mövcud rejimin dəyişməsidir. Amma bunu ən böyük ümumvətən arzusu adlandıraq. Vəli Əhmədov şəxsi arzuları da var- əgər arzuladığı günlər fırlanıb gəlsə, adamın heç bir vəzifədə gözü yoxdur. Ən böyük şəxsi arzusu tamam alayı şeylərdir. Vəli Əhmədov həm şair kimi, həm də jurnalist kimi məhşuri- cahan olmaq istəyir. Amma hər iki sənətdə naşıdır. Bu saz- söz yurdunda adam sərbəst şeirlərlə özünü sübut etmək istəyir. Siz elə bilməyin ki, Vəli Əhmədov heca şeiri yaza bilir- sadəcə adam 8-lik və 11- lik heca şeirlərini barmaqları ilə də hesablayıb düz çıxara bilmir. Bəzən qəzəl adı verdiyi şeirin bir misrası 19 heca olur, o biri misrası isə 12 heca. Mən hələ qafiyələndirmədən danışmıram- sən ona sübut edə bilməzsən ki, sözün kökü qafiyə olmalıdı, şəkilçilər yox. Buna görə də keçib sərbəstə. Mövzusu da vətənpərvərlik. Məsələn:
– Sağsağan ağlayır,
doktor həbsdə
ağla, sağsağan, ağla
Doktordan xəbər yoxdu
Onun yolunu gözləyənlər çoxdu.
Bu şeiri 2003 siyasi məhbuslarından olan doktor Bayramova yazmışdı. Sonralar Doktor həbsdən gələndə ağzına gələni dedi Vəliyə:
-Ay şair, mənə hökumət bu neçə ildə vedrə bağlamamışdı, sən bağladın. Ayə, sağsağan nədi?
-Qorxdum ki, bayquş yazsam düşər- düşməzi olar.
Vəli bu illər ərzində özünə bir şair ləqəbi də tapa bilməyib- Gah Vəli Yağış oldu, gah Vəli Duman oldu, gah Vəli Dönməz oldu, gah da Vəli Sönməz. Doktora yazdığı şeirdən sonra isə müxalifətçilər ona Vəli Sağsağan dedilər. Nəhayət soyadını ləqəb götürdü- Vəli Əhməd. Amma yaxşı bir ləqəb tapsa həmən imzasını dəyişər. Bu barədə irad tutmaq da olmur ona- deyir mən dəyişdiyim ləqəbdi, gündə bir əqidə ki deyil filankəs kimi, bəhmənkəs kimi.
Hə, şeirləri bu gündədi Vəli Əhmədin- amma elə bilir hakimiyyət əleyhinə yazdığına görə heç yerdə dərc etmirlər.
Ən böyük düşmənləri Rusiya və İrandı. Ikisinin də tezliklə dağılacağına və yerində Böyük Turan dövlətinin yaranacağına yüz faiz inanır. Çünki hansısa türk lideri dedyib- xxı əsr türk əsri olacaq. Vəlinin qəbul etdiyi liderin dediyi mütləq və mütləqdi. Sən desən ki, yox, xxı əsr Çin əsri olacaq, özünü zibilə salmış olacaqsan. Vəli səndən əl çəkən deyil- o qədər bezdirəcək, axırda özü deyəcəksən- yaxşı, sən deyəndi.
Vəli AM-3 partiyasına təzəcə keçmişdi- respublikada sensasyon hadisə idi bu- AM-2-dən kimsə keçsin AM-3-ə. Buna görə də AM-3-cülər ona qucaq açmışdılar. AM-3-ün “Kilkə” qəzetində isə mənim bir dostum redaktor idi. Məni aradı ki, Vəli Əhmədi tapa bilərsənmi? Deyəsən müsahibə almaq istəyirdi. Mənim də redaktor dostumla zarafatım vardı- dedim, qağa gözlə özü zəng edəcək sənə. Vəliyə də dedim “Duaların qəbul oldu, “Kilkə”- nin redakatoru istəyir onlarda yazasan. Doğrudur, dərhal 15-20 sual verdi- vəsiqə verirlərmi, həftədə neçə dəfə çıxır, məqalələri gecikdirirlərmi, məqalələrin ora- burasını dəyişdirirlərmi və sair. Bir aydan sonra tanımadığım bir nömrədən zəng gəldi- “Kilkə”nin redaktoru idi:
– Qardaş, Vəli Əhmədin əlindən nömrəni dəyişdim, indi bu nömrədəyəm, sən Allah bu nömrəni ona vermə. AM-2-nin haçan xeyrini gördük ki, indi də xeyrini görək. A kişi, gecə saat 3-də də zəng edirdi ki, bəs filan ayzımda filanıncı cümlədə filan sözdə filan hərf səhf gedib.
– –
İndi bu adamın Rusiyanın 10-15 günə dağılacağına da inamı var. Rus pulu düşdükcə əhval- ruhiyyəsi qalxır. Amma qardaşı Rusiyada yaşayır və göndərdiyi pula bunun da ailəsi dolanır. Sən bunu Vəliyə qandıra bilməzsən- Rusiya dağılmalıdı, dağılacaq, vəssalam. Əks arqument qəbul olunmur, Vəli sənə satqın adı verə bilər. O gün deyirəm ay bədbəxt, bu iqtidardakı məmurlara qarşı mübarizə aparmısan ömrü boyu. Bunların da pulları dollardı. Hazır dua et dollar batsın də, niyə rus pulunun batması üçün dua edirsən? Axı rus pulu qara camaatın puludu- gedib o soyuqda dona-dona qazanır bizim bədbəxtlər o pulu. Ordan da yollayır- bizlər doalnırıq. Bəs sən necə müxalifətçisən? Söz tapa bilmədi- sadəcə mənə də satqın dedi.
Və adam ən böyük sevdası Türkiyədi- elə bilir yel əsib hind qozu (bağışlayın, türk qozu) tökülür. Bir dəfə buna dedim, bala nə Türkiyə, Türkiyə salmısan? Bu bədbəxtlər Avropa və Asiya məkanında ıı Dünya Müharibəsini görməyən, dağıntıya uğramayan bir ölkədi. Amma Avropa o boyda dağıntılara, çöküşlərə rəğmən gəldi Türkiyəni ötdü də, min ilin geridəqalmışına döndərdi də. Rusiyası elə, atom bombası atılmış Yaponiyası elə. Yen də mənə satqın dedi- guya mən türkçülüyü satmışam.

Uşaqlıq yoldaşlarının çoxu əvvəl iynəyə oturub, sonra namaza. Amma Vəli Namaz iynə mərhələsini keçmədən oturdu namaza. Həm də türkçülüyündə və müxalifətçiliyində qaldı.
Düzdü, bizim itoynadanlar bu zaman onunla və onun vasitəsi ilə məscid əhli ilə xeyli məzələndilər. Məsələn beyninə salardıq ki, Ayişənin boyunbağı məsələsi necə olub? Iki- üç gündən sonra məscid bir- birinə dəyərdi. Axund ismarıc göndərərdi ki, bu dəlini fitilləyib üstümüzə göndərməyin, namaz vaxtı da sualalr verir. Hə ondan sonra bildim bunun namazları çox vaxt niyə qəzaya qalır- məsciddə bununla bir yerdə kimsə namaz qılmaq istəmir. Bəs necə, camaat zəhmət çəkib abdəst alsın, yuyunsun, bu da bir sualla namazı batil eləsin?
Bir gün gördüm qoltuğunda kitab- dəftər var. Soruşdum ki, nə məsələdi?
– Dil öyrənirəm
– Ay qırışmal, deyəsən ingilis dili öyrənib xaricə qaçmaq istəyirsən?
– Yox, mən ərəb dili öyrənirəm.
– Ərəb ölkələrindən siyasi sığınacaq alacaqsan?
– Yox, cənnətdən.
– Ərəbistanın harasındadı o cənnət?
– Ərəb dili cənnət dilidi- indidən öyrənirəm.
– Sən onda bizim qonşu Kəndirbaz Avdının da yanına gəl, deyərəm pul- para almaz.
– Neynirəm kəndirbazın yanında, nəyimə lazım? Yoxsa o ərəb dilini bilir?
– Qıl körpüdən keçmək elmini öyrənərsən.
– Sən kafirsən, şəriət hakimiyyətə gəlsə deyəcəm səni də assınlar.
Amma mən bu adamı çox istəyirəm. 2003-də mən də siyasi məhbus həyatı yaşadım. O zaman “Müxalifət” qəzetində iqtidar əleyhinə şeirlərim getmişdi. Həmən bu Vəli Əhməd şeirlərin çıxan səhifəni ksereks edib bütün şəhərdə yaymışdı. Pul- parası olmaya- olmaya necə bacarmışdı bunu? Harda ksereks var, gedib yalvarmışdı- kimi mənə görə, kimi də bnun özünə görə xahişini yerə salmamışdı və bu da düşüb şəhərin canına, 200- ə qədər ksereks olan səhifə paylamışdı. Adam sən demə şeirlə rejimin çökəcəyinə inanırmış.
Hansısa qəzetlərdə yazıları da gedib- 20 ildə təxminən 20 məqalə. O 20 məqalə də nə vaxt baxsan cibindədi- kəsib saxlayıb. Vərəqlər artıq onun ömrü- günü, arzuları və ümidləri kimi saralıb. Həm də şair kimi 20 ildə 20-yə qədər qəzetdə çap olunub- o çap olunmuş şeirlər də cibində saralıb. Və bir də cibində hərəkat dövrünün nizamnaməsi var- o lap saralıb və artıq qat kəsib demək olar ki.
Vaxt vardı rayonda Əsəd Orucov adlı bir əjdaha kimi qorxulu başçı vardı. Bax onda kimsə risq edib Əsəddən yazı yaza bilməzdi- cağırıb kabinetində şillə- təpiyin altına salardı. Amma Vəli Əhməd yazırdı- redaksiya da böyür- başını düzəldib çapa verirdi. Onda bir də Saarif adlı biri vardı- onun da imzası olurdu yazıların altında. Amma sən demə Saarif heç adını yaza bilmirmiş- onun adından bir müxalifət yetkilisi yazırmış məqaləni. Və Saarif bir dəfə üstünə bozardılar deyə hər şeyi açıb- tökdü. Onda Vəli onu da satqın demişdi. Amma indi pullu tualetdə “kassir” işləyən Saarif ona hörmət eləyir. Rayon mərkəzindəki tualetə Vəlini pulsuz buraxır. Vəlinin 20- illik qazancı da elə bircə budu- tualetə pulsuz gedir.
Bəlkə də evdə əlindən beziblər- axşama kimi evdə olamaması evdəkiləri baş- beyində olmaqdan xilas edir. Bax bu da belə adamdı. Əqidəsini dəyişməyən insanların sona qalmışlarındandır.
– –
Axşam həmin bu AM-2-nin N saylı filialının sədri zəng etdi ki, sabah bir bizə gəl, yemək-içmək olacaq. Səhər işi-gücu ona- buna tapşırıb getdim AM-2-nin sədrigilə. Məlum oldu ki, konfransdı, adam yenidən AM-2-nin rayon filialının sədri seçiləcək. Yəni mən də AM-2-çi roluna girməliyəm. Neynim, bu da müxalifətin karusel oyunudur. Biz müxalifətçilər hansı partiyanın tədbiri oldu, yığışıb onu vəziyyətdən çıxarırıq. Bakıdakılar qoy bir- birini qırsın, biz yerlərdə dost və qardaşcasına illərimizi yelə veririk.
Dostumun xətrini qıra bilmədim. Dostumun da Allah evini tiksin, aləmi qatıb bir- birinə. Axşamdan gedib bir Belarusun lapeti dolu uzun taxta xeyir- şər stulu gətirib. Qıraqda da polis məntəqəsi. Polis də bilir bunun toyu yox, yası yox- nə mənədi, sabah konfrans olacaq. Polislər də elə bilib konfrans böyük bir toplantı zaddı -guya Nadirşah qurultay keçirir. Əməlli- başlı təşvişə düşüblər. Bütün bənd- bərəni bağlayıblar. Amma mən kənd marşrutu ilə özümü evə çatdıra bildim- heç bir problem olmadı. Məndən sonra da evə 13 AM-3- cü gəldi və bildim ki, bunlar da karusel oyununa gəliblər. Bunların da konfransı olanda AM-2-dən karusel oyununa qatılacaq bir xeyli müxalifətçi. Di gəl, Vəli Əhmədi görəndə bi az təəccüb qaldım- əcəba, bunun nə işi var burda? AM-2-nin filial sədri bunu niyə çağırıb, tanımırmı bu batmışı? Sən demə fağır filial sədri adam dərdindən çağırıb Vəli Əhmədi- öz partiyasının olan-qalan üzvləri ilə aralarında söz-söhbət olub. Onlar da konfransı baykot ediblər. Söz-söhbət də AM-2-nin filial sədrinin imici ilə bağlı idi. Sən demə bu traktorçu filial sədri hətta traktor sürəndə də qalstukunu açmırmış. Buna görə də partiyadaşları buna irad bildirib, bu da deyib, gedin, işinizlə məşəul olun, bu mənim imicimdi. Başqa bir tərəfdən isə, AM-2-çilər istəyirmiş konfrans baş tutmasın, özləri özlərinə başqa bir sədr seçsinlər. Konfransa kimsənin qatılmayacağını görən qalstuklu filial sədri də ordan- burdan adam yığıb karusel oyunu oynamaq istəyib.
– –
Hava soyuq idi- uzun taxta xeyir- şər stulları isə qaz yanmayan bir otağa düzülmüşdü. Adətən evin içinə belə stullar yas yerində qadınların ağlaşması üçün düzülür. Elə Bakıdan konfransa gələn yerlimiz də əvvəl elə başa düşmüşdü məsələni- elə bilmişdi qəfil ölüm- itim olub. Əslində isə bizim halımıza bu xeyir- şər stullarına sığışacaq qədər arvad lazım idi ağlamağa.
Sonra hər şey aydınlaşdı. Polislər də evin qabağı ilə bir- iki dəfə şütüyüb məsələdən hali oldular- ayə, nə konfrans, balaca bir iclas imiş, bu qıvlasız da qalstukunu təzələyib bizi qorxutmaq üçün yalannan bir toyxananın stolunu yığıb evinə. Bu sədr də nə vaxt qalstuku təzələyirdi- demək müxalifətin böyük bir tədbiri- filan vardı. Qalstuk polislərə bir nişan idi sanki- qalstuk sədri edirdi ala itdən manşır.
Nəsə hamımız olduq AM-2-çi. Kvorum üçün 17 nəfər də bəs idi ki, elə 13 AM-3-çü vardı, mən 14, iki nəfər də ev adamı-16. Və bir də bir traktorçu gəlmişdi- bu da 17. Bakıdan gələn yerlimiz iclası açıq elan elədi, yetərsay olduğunu bir daha təsdiq etdi və bir qədər qarşıdakı seçkilərdən, hər şeyin bir qığılcımdan asılı olduğundan, ərəb baharında danışdı. Həmin bu otağın yaxınlığındakı çardağın altında isə pörtləmə həlim- həlim qaynamaqda idi- qoxu məclisə xüsusi bir iştah gətirirdi ki… Vəli Əhməd hər şeyi pozdu:
– Müəllim, mən əvvəl AM-2-də olmuşam, indi AM-3-dəyəm. Mənim səsimin xeyri var, ya ziyanı?
Bakıdan gələn yerlimiz çox acıqla:
– Bu nə deməkdi, sən bilmirsənmi ki, sənin səsin burda keçmir, bəs sənin sədrin sənin çıxdığını bilmirmi?
Sədr acığından təzələdiyi qalstukunu sıxcalayırdı. Bakıdan gələn yerlimiz ayağını dirədi:
-Yetərsay düzəlməlidi, daha bir AM-2-çi olmalıdı məclisdə.
Filial sədri dərhal bayıra çıxdı və mənə də işarə etdi ki, dalımca gəl, sözüm var. Sözü də bu oldu ki, mən görüm kimi tapıram, sən bu batmışın başını qat, AM-3-cülərin sirrlərini açmasın.
Otağa qayıtdım.
Vəli Əhməd bu suyuqda sualları topa-topa qar kimi yağdırırdi- Ərəb baharı bura gələ bilərmi? Qarşıdakı seçkilərdə hansı partiyalar koalisiya yaradacaq, kim hökumətin adamıdı, Bakıda nə vaxt mitinq olacaq və sair kimi suallar dolu kimi dalbadal yağmağa başlamışdı.
Yerlimiz Vəli Əhmədin əlindən xilas olmağa çalışırdı. Mən AM-3-cülərə məsələni anlatdım. Indi Vəlinin sualalrı bizə sərf edirdi- AM-3-ün sirrini ağzından qaçırtmazdı belədə. Suallarının mövzusu bir az başqa yöndə idi.
Bu arada isə, pörtləmənin qoxusu bizi dəli eləmişdi. Amma sədr bir nəfər tapmaq üçün kəndə çıxmışdı və o gəlincə gözləməli idik, sonra da konfransımızı keçirib məclisin ikinci hissəsinə başlaya bilərdik. N saylı filial sədrinin də tut arağını da bütün rayonda məhşur- həm araq çəlləyinə kömür qatıb, həm də arağın ikinci suyunu süd ilə çəkib.
Amma sədr gəlib çıxmaq bilmirdi ki, bilmirdi. Pörtləmə qoxusu da çəkilmişdi öz qazanına. Biz də kənddəki bir- iki AM-2-çiyə zəng etdik- gəlin də, niyə biabırçılıq açırsınız? Biri dedi- keçən seçkidə məni niyə müşahidəçi yazmayıb, biri dedi onun inəkləri gəlib mənim yoncamı pis günə qoyub, biri də dedi- gedin hoppanın.
Bir saata qədər vaxt keçdi- bu arada isə küçədə bir- iki polis maşını göründü- və bu bizə sərf edirdi. Hörmətli yerlimizə polislərin bizi hər addımda izlədiyini, burda nələr çəkdiyimizi sübut edə bildik.
Nəhayət sədr gəldi- özü də “əliboş”. Bu arada hörmətli yerlimiz Vəli Əhməddən yaxa qurtarmaq üçün:
– Konfrans qaldı gələn rübə. Mən mütləq indi çıxmalıyam. Qohumlarım gözləyir məni.
Sədr nə qədər elədi, yerlimiz qalmadı. Amma Vəli Əhməd hələ də onu buraxmamışdı, yerlimiz maşına əyləşha- əyləşdə tutdu onun kostyumunun ətəyindən:
-Bəy, bizim hakimiyyətə gəlmə ehtimalımız nə qədərdi?
Yerlimiz acıqla:
– Alosman müəllim eşşəyi döyərkən yabanın bir qanadının qırılıb gözünə batması ehtimalı nə qədərdisə, bizim də hakimiyyətə gəlmə ehtimalımız o qədərdi.
Yerlimiz bilirdi nə deyirdi- AM partiyalarından birinin filial sədri seçkidən sonra son dərəcə acıqlanmış və heyfini eşşəkdən çıxmaq istəmişdi. Eşşəyi yabayla möhkəmcə döymuşdu. Arada da necolmuşdusa, yabanın bir qanadı qırılıb sədrin gözünə batmışdı.
Yerlimiz gedən kimi düşdük Vəlinin üstünə:
-Nə işin var, öl də, öldüyün yürdə.
Vəli də hamımıza saxtakar dedi və əlavə etdi ki, iki namazım qəzaya qaldı sizin saxta seçkiləriniz üzündən. Iqtidar da saxta seçki aparır, karusel düzəldir, siz də.
Bu arada isə iki- bir, üç bir, yaxın kəndlərdən olan AM-3-cülər dağılışmışdı. Pörtləmə qaynayan ocağın altı isə keçmişdi- təzədən odunu irəli verib alışdırmaq və pörtləmənin həlim bişməsini gözləmək xeyli vaxt aparacaqdı. Elə qazandanca hərəmiz alaçiy- qaraçiy bir- iki tikə götürüb yola düzəldik. Sədr bizi rayon mərkəzinə çatdıracaqdı. Onu da demək yerinə düşər ki, rayon mərkəzindəki müxalifətçilərin əksərini qaçqınlar təşkil edir- sabah onlar öz kəndlərinə qayıtsalar, mərkəz qalacaq müxalifətçisiz.
Yolda Vəli Əhmədi qarınağrısı tutdu- sədr əyləci basdı. Vəli Namaz özünü kolluğa verdi.
Geri qayıdanda isə əlində nizamnamənin qat kəsmiş vərəqləri vardı- bir- iki vərəq yoxa çıxmışdı.
Onun 20 illik mübarizəsində özüyçün götürdüyü xeyir yenə tualet məsələsi oldu- nizamnamə də bir işə yaradı.

Səhəri gün bütün respublika AM-2-nin rayon konfransının baş tutmasından danışırdı. “Kilkə” qəzeti Vəlini danışdırmışdı. Konfransa qatılmayan AM-2-çilər də bolluca açıqlama vermişdilər- hətta konfransda AM-3-cülərin və mənim rola girdiyimiz də qeyd edilmişdi.
Sağ olsun, bizim Bakıdan gələn yerlimiz- deyilənləri yalanladı və bütün günahları atdı polislərin üzərinə. Polis sayıb heç açıqlama da vermədi. Bəlkə də hələ rəhbərlikdən mükafat- filan da almışdılar. Guya böyük bir antidövlət toplantınsıın qarşısını almışdılar.
Biz bu hadisədən sonra özümüzə söz verdik ki, bir dahaVəli Əhmədi yaxınımıza buraxmayaq.
Amma verdiyimiz sözə əməl edə bilmədik. Qarşıdan yeni seçki gəlirdi- yenə də imza yığmaq lazım idi, yenə də təbliğat lazım idi. Və yenə də camaat Vəli Əhmədin suallarından bezib onu başından etmək üçün imza verəcəkdi. Bizim isə artıq 10-cu dəfə yeni bir ittifaqımız yaranmışdı- AMC -7(Ana Müxalifət Cəbhəsi). Artıq AM-2, AM-3, AM-4( Azad Müxalifət), AM-5 (Adsız Müxalifət), AM-6(Aşsüzən Müxalifət) və bir-iki də birhücüyrəli müxalifət partiyası (yəni bir sədr, bir papkadan ibarət olan) birləşib yenə siyasət- siyasət oynayacaqdıq.
Mən artıq irəlidəki ay yarımda nələr olacaq, onu görmürdüm. Amma Vəlinin 10 il, 20 il sonrasını görə bilirdim. Qoca Vəli yenə də qol qaldırıb oynamır, cibində isə 40-50 saralmış vərəq. Ərəb dilini isə hələ tam öyrənə bilməyib. Bir də cibində bir azərbaycanca- ərəbcə lüğət var. O lüğət də saralıb.
Ləqəbi isə- istəsə də, istəməsə də 20 ildir belədir- Antikarusel Vəli.

Yazıya 744 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.