Arturo Uslar Pietri–LİMANDA BİR GECƏ (hekayə)

Arturo Uslar

– Ey, Qrabiel, bir dənə rom süz!
İçərisindən yarpaqlar, meyvə və içki şüşələri görünən yekə piştaxtaya söykənmiş pinti, ayağı çəkələkli traktir sahibi bir şüşə çıxarıb, dörd xırda stəkana rom süzdü. Nimdaş paltarlı, gözlərinə qədər çəkilən günlüksüz papaqlı dörd nəfər matros o dəqiqə stəkana əl atdılar.
– Ey, Qrabiel, niyə belə az süzürsən?
Traktir sahibi şüşəni təzədən çıxarıb, əsən əllərin uzatdığı stəkanların başını doldurdu.
– Nədi, Hələ bəs olmadı, Kamiquan?
Orta boylu, enliçiyinli matros uşaq kimi gülümsədi.
– Bura bax, Qrabiel, sənə bir şey deyim.
Traktir sahibi özünü piştaxtanın üstünə buraxaraq, əyildi, matros turşumuş içki iyi gələn nəfəsini düz onun üzünə verirdi.
– Ora bax. O var ee, bax o…kimdi?
Matros barmağı ilə dənizçi paltarlı, qalın dodaqlı arıq zəncini göstərdi.
– Admiral Kopçenıdır, sənə nə var?
-Kamiquan, başına bəla axtarma! – zənci əsəbiləşdi.
– Onda Qrabiel, bizə stəkan gətir, biz də admiralla vuraq.
Traktir sahibi qaşlarını çatdı.
– O dəqiqə bilinir ki, damarını qaçırtmısan, indi də dilənçilik eləyirsən. Yaxşısı budur, əkil burdan. Pulu da çəlləyin üstünə qoy görüm.
– Yaxşı da, qardaşımsan. Elə-belə dedim. Düz demirəm, admiral?
Matros ciblərini eşələməyə başladı. Onun yekə əlləri dar ciblərinə güclə girə bilirdi. Bir neçə dəmir pul çıxarıb, ovcuna qoyaraq, bir-bir saydı.
– Uşaqlar, atışın, məndə çatmır.
O biri matroslar da ciblərini eşələyib, çatmayan pulları çəlləyin üstünə tökdülər.
Traktir sahibi pulları götürüb, gizlədi, matroslar çıxışa tərəf getdilər. Qapıya çatanda, biri qanrılıb, qışqırdı:
– Hələlik, Qrabiel! Hələlik, poxyeyən oğraş!
Sonra da gülməkdən uğuna-uğuna qaranlığa sarı qaçdılar. Onlar cındırı çıxmış tərsanənin yanında dayandılar. Gəmilərin sularda əks olunan işıqlarına, evlərin pəncərələrindən gələn, qaranlıq boyu səpələnən işıqlara, sahildəki fənərlərin uzaqlara vuran işıqlarına baxdılar. Qaranlıq, olduqca hündür təpənin başında amerikalıların yaşadıqları evlərin işıqları yanırdı. Yaxınlıqdakı komalardan qrammofonların qarışıq səsləri eşidirlirdi.
– Türk Musanın yanına gedək də.
– Yox, Kamiquan, -matroslardan biri dedi. – Cibimizdə bir qəpik də qalmayıb, özü də qayıtmaq vaxtıdı.
– Heç olmasa, bir dəqiqəliyə baş çəkək.
– Olmaz. Gəmiyə getmək lazımdır.
– Onda, özüm tək gedəcəm.
– Çatmazsan, gəmiyə gecikərsən, həbsə atarlar.
– Ha-ha! Çatmasam, deməli mən fərariyəm, məni hardan tapıb, həbsə atacaqlar?
Yoldaşları Kamiquanı uzun müddət dilə tutdular, amma o dediyinin üstündə durdu; nəhayət, matrosların səbri tükəndi, onu tutub, tərsanəyə tərəf sürüdülər. Kamiquan vurnuxdu, əl-qol atdı, axır ki, onların əlindən çıxa bildi. Şəhərə tərəf qaça-qaça yoldaşlarına tərəf qışqırdı:
– Hələlik, uşaqlar. Bu gecə mən kef eləyəcəm!
O, addımlarını ləngidib, qaçmaqdan yeriməyə keçərək, fit çala-çala qaranlıqda gölməçələrin yanından ehtiyatla ötdü. Küçə deyilən şey yox idi, evlər harda gəldi, tikilmişdi, bu komaların çoxu taxtadan, damları isə palma yarpaqlarından idi. O qrammofondan gələn musiqinin səsinə, işıqlı pəncərələrin ən çox olduğu yerə tərəf getdi.
Hərdən yolunun üstünə qaranlıqda demək olar ki, görünməyən adamlar çıxırdı. Bəzən hansısa qəlyanaltıxananın qapısından çoxlu səslər eşidilirdi. Türk Musanın zirzəmisinin qarşısında enli meydança, meydançada isə buranı işıqlandıran lampalarla bəzədilmiş üç kokos palması var.
Zirzəmi qapısının ağzındakı palmaların altında fəhlələr, yükdaşıyanlar, yerqazanlar, liman hambalları oturmuşdular. Ayrıca bir masanın arxasında isə pencəksiz, sarısaçlı, qırmızısifət iki amerikalı oturmuşdu. Masaların arasında al-əlvan ipək donlu, yanaqları allanmış qadınlar gəzişirdi, onların az qala hamısı mulat idi. kişilər onların əllərindən yapışırdılar. Hərdən elə olurdu ki, qadının ayağı büdrəyir, müvazinətini saxlaya bilməyib, kişilərdən birinin dizləri üstünə oturur, kişi onu əlləşdirir, dişləməyə çalışırdı. Qışqırıq, gülüş ətrafa yayılır, zirzəmidə qrammofon guruldayırdı.
Kamiquan içəri keçdi. Qatı duman işığın qarşısını kəsirdi. Müştərilərin yarısı masa arxasında oturmuş, yarısı da piştaxtanın yanında dayanmışdılar. Bəzi cütlüklər bərk-bərk qucaqlaşaraq, qrammafondan gələn sadə musiqinin ritmini tutmağa çalışaraq, budlarını oynadırdılar. Ortadakı səs-küy də qatı dumandan geri qalmırdı.
Kamiquan uşaq sevinci ilə ətrafına baxdı. O istəyirdi ki, kimsə ona gülümsəsin, dostca göz vursun, amma heç kim ona fikir vermirdi. O təəccüblə fərqinə vardı ki, burda bir nəfər də olsun, dənizçi yoxdur. Sonra yadına düşdü ki, onların hamısı çoxdan gəmilərinə qayıdıb, deməli, indi o, sahildə təkdir. Əlbəttə, qayıdan kimi, onu tutub həbsə atacaqlar. Kefi bir az pozuldu, şənliyi harasa yoxa çıxdı, amma o dəqiqə də yenidən, qayğısızca gülümsədi. Neynək, axı o da fərarilik edə bilər, bunu hamı edir. Amma o özünü qorxunc dərəcədə tənha hiss edirdi, ürəyi sıxılırdı, dəhşətli dərəcədə şənlənmək istəyirdi.
O özü də hiss etmədən, piştaxtanın kənarında dayanmış bir dəstəyə yaxınlaşdı. Axır ki, özünü bu adamların arasına dürtdü. Görünüşlərindən onlar yol fəhlələrinə oxşayırdılar, üçünün də əynində köynək, başında kənarları enli həsir şlyapa vardı, bığlı idilər, görünür, buraların kəndliləridir. Dördüncünün də başında həsir, kənarlı enli şlyapa vardı, amma bığsız idi. O, kətildə oturub, şalvarı dizəcən qatladığı, təzə, qara çəkməli ayağını kətilin tininə qoymuşdu. Fəhlələrin hamısı təzə gələn adama baxdılar, bəziləri onun sadəlövh sifətini görüb, qeyri-ixtiyari gülümsədi. Amma kətildə oturan qaşqabaqlı halda dişlərini bir-birindən ayırmayaraq, mızıldandı:
– Sahilə dəniz quşu qonub.
Matros təəccüblə onlara baxdı, özü də başa düşmədi ki, necə olub, bu dəstəyə yaxınlaşıb. Sonra dostyana dedi:
– Adım Kamiquandır, burda lap təkəm, sinyorlar, icazə verin, sizi bir stəkan içkiyə qonaq eləyim.
Buna bax, nə yaxşı oğlandır, hələ bir «sinyor»-zad da deyir. Kətildə oturandan başqa indi hamısı gülümsəyirdi. Kətildə oturan isə bayaqkı kimi, düşmən mövqedə idi. Tanış oldular, hərəsi öz adını dedi, amma matros təkcə oturan adamın adını yadında saxladı, sonuncu xırıltılı səslə mızıldandı:
– Pedro Nolasko, çox şadam.
– Hə, adama bir stəkan vuraq? -matros yenidən təklif elədi.
– Niyə də yox? – hamı birdən razılaşdı.
Traktir sahibi hərəsinə bir stəkan araq süzdü.
Stəkanları bir qurtuma boşaltdılar.
– Sizin sağlığınıza!
Oturan təzədən dilləndi:
– Bu saatda sizin quruda nə işiniz var? Baxın haa, sərxoş olub, kursu itirərsiz.
– Mən bir az eynimi açmaq istəyirəm.
Qrammofon sanki «gəl-gəl» deyərək, guruldayır, cütlüklər dabanları ilə döşəməni deşirdilər.
– Yaxşı yoldaşlarla əylənmək istəyirəm.
– Burda sənin yoldaşların var? – oturan adam məkrlə dedi. Qalanları söhbətə qarışıb, onu dilə tutmağa başladılar:
– Burda hamımız yoldaşıq, Pedro Nolasko. Hamımız kişiyik, o da bizim kimi kişidi, deməli, hamımız yoldaşıq.
Pedro Nolasko kiridi, amma sifətindən hiss olunurdu ki, o öz qəzəbini güclə boğur. Başqaları da pərt halda susmuşdular, söhbətin təzədən başlaması üçün bir qədər vaxt keçdi. Kamiquanın rəngi bir az ağardı.
– Gəlin, adama birin də vuraq, – deyə o təklif elədi. Yenə sifariş verdilər, yenə bir qurtuma stəkanları boşaltdılar. Sonra aralarından biri qapıya doğru getdi:
– Gedim bir ayaqyoluna dəyim.
Matros onun ardınca tərpəndi:
– Mən də səninlə gəlirəm.
Qapının ağzındakı səs-küylü camaatı yararaq, küncə buruldular, qaranlıqda, ağacların birinin xışıldayan yarpaqları altında dayandılar. Kamiquan dedi:
– Bu Pedro Nolasko heç xoşuma gəlmir.
– Hə, o elədi. Həmişə kimisə sancır.
– İnd idə məni sancır. Payını alacaq.
– Fikir vermə, özün də ona baş qoşma. Bəlkə də, tez çıxıb getdi.
– Onun qarnının azarı nədir ki?
– Nə bilək? Deyirlər guya dağdan enib, oralarda kimisə öldürüb, indi də burda saxta adla fırlanır. Gizlənir.
– Qancıq oğlu, qancıq!
– Bura bax, Kamiquan, sən təhlükəli işə baş qoşmusan ha, sahildə qalmaqla. Qayıdanda tutub basacaqlar içəri.
Matrosun qanı qaraldı, fikrə getdi, sonra rahatca dedi:
– Gəmiyə qayıtmağa heç həvəsim yoxdu.
– Bəs, necə olacaq?
– Ha-ha! Qaçıram, vəssalam. Matrosluq xoşuma gəlir, amma daha beləsi, hərbi matrosluq yox. Gah silah təmizlədirlər, gah bütün günü limanda gün keçiririk. Bax, əgər …
– Nə «əgər»?
– Əgər yelkənli gəmidə xidmət eləsəydim, bu başqa məsələ olardı. bütün sahil boyunu gəzərdik, kakao, banan yükləyərdik. Dor ağacına dırmaşardıq, yelkənləri açardıq, göyərtədə yatardıq. Bax, budur həyat!
Sonra zirzəmiyə qayıtdılar. Kamiquanla çıxan fəhlə təklif elədi:
– Gedək, arvad axtaraq.
Dəstələrinə yaxınlaşdılar. Kamiquan dedi:
– Burda bizə çox rahatdı, amma baxın, nə çatmır …
O, köynəyinin yaxasını açdı, qırmızı rənglə döyülmüş çılpaq qadın şəkli vardı, o əzələlərini tərpədəndə, sinəsindəki qadın qıvrılırdı.
Hamı bərkdən güldü, təkcə Pedro Nolasko ona gözucu baxdı.
– Pis olmazdı, amma burdakılardan lazım deyil, hamısı cındır şeydi. Mən yaxşı ev qadınları tanıyıram.
– Onda gedək.
Matros içkinin pulunu ödəmək istədi, qəfildən yadına düşdü ki, pulu yoxdur. Necə olmuşdu ki, bu tamam onun yadından çıxmışdı? Nə etsin? Yoldaşlarına nə desin, özünə necə bəraət qazandırsın? Onların hamısı indi arvadlardan danışırdı.
– Bıy, səni lənətə gələsən! Buna bax ee, nə pis alındı. Olan-qalan pulumun hamısı qurtarıbmış.
Yoldaşları çaşqınlıq içində kiridilər.
– Ətyeyən quş dimdiyindən bilinər, -Pedro Nolasko nifrətlə dedi.
Matros durmadan danışır və danışır, sanki deyilənləri eşitmirdi …
– Mənim başıma belə bir iş gəlib. Lap zülümdü e. Amma eybi yoxdu. İndi bir tanış arvadın yanına gedərik, mənim pullarım ondadı.
Gözlərinin qarşısında sinəsinə qırmızı tuşla döydürdüyü qadın canlanırdı.
– O arvad, nədi onun adı? Burda, dağda yaşayır, qırmızı, ee, kürən arvad.
– Kürən? Soledadı deyirsən yəqin, o saçını kürən eləyib axı.
Utandığından az qala yerə girməyə hazır olan Kamiquan təsdiq əlaməti olaraq, başını tərpətdi.
– Neynək, gedək onun yanına, -Pedro Nolasko bunu deyib, pulu piştaxtanın üstünə atdı. Pulların cingiltisi matrosun üzünə qamçı kimi dəydi.
Zirzəmidən çıxıb, işıqlı meydançadan keçərək, qaranlıq evlərin arası ilə uzanan çətin bir yola çıxdılar. Matros tənha, çaşqın halda hamıdan arxada, ayaqlarını sürüyə-sürüyə gəlirdi, qalan dörd nəfər isə deyə-gülə qarşıda gedirdilər. Adama elə gəlirdi ki, kimsə Kamiquanın boynuna kəndir salıb, onu bu adamların arxasınca dartır. Arada o başını çevirib, buxtaya, gəminin kəsik-kəsik zolaqlar şəklində dənizə düşən işıqlarına baxırdı. Gəmi sanki dalğaların laylası altında yatırdı. Birdən, qarşıda gedənlərin biri dedi:
– Buradı, gəl, qapını döy.
Sonra özü məzlum görünüşlü komanın qapısına yaxınlaşıb, var gücü ilə döyməyə başladı.
Qapıdan əli fənərli, ayaqyalın bir qadın boylandı:
– Nə var, nə istəyirsiniz?
Fənər aşağıdan onun saman kimi quru saçlarını işıqlardırır, qadının nəhəng kölgəsi evin divarını aşıb, dama tərəf qalxırdı.
– Sənin kişin gəlib.
– Nə kişi?
Matros yazıq-yazıq ona baxırdı.
– Necə yəni, nə kişi? Budey, gətirmişik! Gəl bura, Kamiquan.
O ayaqlarını güclə ata-ata, tamam halsız halda yaxınlaşdı.
– Budu. Sənin kişindi də. Onun pulları səndədi, gətir görək.
Qadın fənəri qaldırıb, küt heyrətlə matrosu təpədən-dırnağa qədər süzdü.
– Nə pulu? Nə kişisi? Lənətə gəlmiş əyyaşlar.
Qadın fənəri söndürüb, qapını zərblə çırpdı. Kamiquan iflic olmuş kimi, yerində dayanmışdı. Birdən, Pedro Nolaskonun səsini eşitdi:
– Bu əclafın dərsini vermək lazımdı, özü də nəyi var…
Sonra o, yoldaşlarının Pedronu sakitləşdirdiyini, aralandıqlarını eşitdi… İndi o burda tək, üzünə tüpürülmüş halda qalacaqdı… birdən o, özünə tamam yad bir səslə dəstənin arxasınca qışqırdı:
– Niyə inciyirsiz, səhv salmışam, bilməmişəm. Bu dəqiqə hər şeyi təşkil edərik. Gedək, nəsə yeyək, bir az da vurarıq.
– Səsini kəs, əclaf! -Pedro Nolasko bağırdı.
– Yaxşı da, Pedro, əl çək ondan, görmürsən, fağırın biridi.
Matros isə sanki heç nə olmamış kimi, təkrar eləyirdi:
– Toyuq məndən, araq sizdən. Bir dəqiqəyə hər şeyi təşkil eləyəcəm, qəlyanaltı düzəldərik.
Biri sakitcə dedi:
– Neynək, yaxşı. Belə istəyirsənsə, get, gətir. Amma bax haa, çox gözləyən deyilik.
– Bir dəqiqəyə qayıdıram, -deyə, matros qışqırıb, qaçmağa götürüldü. Yerdə bir qalaq bel və kərki vardı, onun ayağı ilişdi, yıxıldı. Qalxanda şalvarının cırıldığını, dərisinin sıyrıldığını, qanı axdığını gördü. Yoldaşları ona baxıb, gülürdülər. O mümkün qədər tez uzaqlaşdı. Bəxtəbəxt evlərin və bağçaların arası ilə qaçırdı. Şəhərin işıqları az qala daha görünmürdü. Uzaqdan aradabir it hürüşü eşidilirdi. O heç nə barədə düşünmədən, sanki içi uğultulu boşluqla dolu halda, yeriyirdi. Rənglənmiş saçlar gözlərinin qarşısında xəyalat kimi dolanırdı və o mexaniki olaraq, kobud barmaqları ilə sinəsindəki şəkli əlləşdirirdi.
Yaxında bir alçaq hasarlı axur gördü. Ətraf sükut, sakitlik idi. O ehtiyatla hasarı aşdı, ağaca yaxınlaşdı. Ağacın budaqlarında toyuqlar yatmışdı. O sakitcə yaxınlaşdı. Ayaq barmaqlarının ucuna qalxıb, toyuğun birini qapmışdı ki, bilmədən əli boşa keçdi amma ona toxundu. Toyuq bərkdən qaqqıldayaraq, budaqdan uçdu, o biriləri də səs-küylə özünü onun arxasınca atdılar. Boş qaranlıqdan hürkmüş halda xoruldaya-xoruldaya arıq bir donuz balası peyda oldu. Matros hərəkətsiz dayanıb, toyuqların qanadlarını çırpa-çırpa yerə uçuşmağına baxırdı. Ehtiyatla evə tərəf nəzər salırdı. Tədricən hamısı sakitləşdi. O başa düşdü ki, toyuq tutmaq alınmayacaq. Çevrilib, burnunu otların arasına soxaraq, nəsə iyləyən arıq, qara donuz balasına baxdı. Xəlvət yaxınlaşıb, onun dal ayaqlarından yapışdı. Donuz balası bərkdən, cikkə ilə zingildədi.
– Kəs səsini, it oğlu, – qorxmuş, çaşmış Kamiquan mızıldandı. Tez onun ayaqlarını bağlayıb, çiyninə aşırdı. Paltarının əynində olan-qalanı da cırılmış halda, o, birtəhər çəpəri aşdı. Donuz balasının adamın əsəblərini tarıma çəkən, qulaqlarını batıran zingiltisi altında qaçmağa başladı. Bütün bədəni tər içində idi, boğazı qurumuşdu. Durmadan, çiynindəki yüklə bərabər büdrəyirdi. Gecənin qatı zülmətinin sükutunu donuz balasının zingiltisi pozurdu.
Matros bayaqkı yerdə dayanıb, onu gözləyən dörd nəfəri uzaqdan gördü. Onlar söhbətlərini yarıda kəsib, adamın qulaqlarını batıran zingilti gələn tərəfə, matrosa və onun çiynində çırpınan qara yükə baxdılar..
– Burax bu idbarı, əclaf! -Pedro Nolasko qəzəblə bağırdı. Kamiquanın nəfəsi kəsilmişdi, o cavab verə bilmirdi, onsuz da heç nə eşitmirdi, o ayaq üstə güclə dayanırdı. Ciyilti bir dəqiqə də olsun, kəsmirdi. – Burax, sənə deyirəm!
Matros yenə yerində dayanıb, tərpənmədən, ağır-ağır nəfəs alırdı. Bayaqkı əli fənərli qadın yenə evin qapısında peyda oldu. İşıq bir dəqiqəliyə hamının gözünə düşdü, sonra onlar Pedro Nolaskonun əyilib, yerdəki bellərdən birini götürərək, matrosun başına çırpdığını gördülər. O səsini də çıxarmadan, çiynindəki yüklə birlikdə yerə yıxıldı. Ciyilti kəsildi, sakitlik uçurum kimi araya girdi. Donuz balası məmnun halda mırıldana-mırıldana qaranlığa qaçdı, dəstə isə qaçmağa başladı.
Bu dəhşətli səhnə qadının gözləri qarşısında baş verdi və o dəqiqə də sükut peyda olub, hər tərəfi sardı. Qadın fənəri qarşısında tutaraq, asta-asta yaxınlaşdı. Fənər onun əlində yellənir, qadının nəhəng kölgəsi hərəkət edirdi.
Qadın matrosa baxdı; o üzüüstə uzanmışdı, başının dal tərəfindəki saçlarında qan görünürdü. Qadın fənəri yerə qoyub, uzanan adamı astaca çevirdi. Onun sifətinin bir tərəfinə işıq düşür, o biri tərəfi qaranlığa qarışırdı. Fənərin şəkli onun hərəkətsiz göz bəbəklərinə düşürdü. Qadın barmaqlarını astaca onun göz qapaqlarına aparıb, gözlərini ehtiyatla yumdu, sonra qayıdıb, evinə girdi. Matros tənha, hamı tərəfindən tərk edilmiş halda uzanmışdı, yanında, torpağın üstündə öz sarı, işıqlı çevrəsinin ortasında dayanmış fənər vardı.
Zülmətə boyanmış yamaclar boyu, evlərin damları üstündən tufanlı, qara bir külək əsirdi, külək o tərəfə, buxtaya, göz vuran işıqlarla dolu təpələrə tərəf can atırdı. Göy üzünün bir tərəfi artıq işıqlanmağa başlayırdı. Səmadakı ulduzlar azalmışdı. Xoruz banı eşidildi. Evlərin arasında faraların işıqları hərəkət eləməyə başladı. Bir yük maşını dağ yolu ilə yuxarı qalxırdı. Şəhərin başı üstündə soyuq dolaşırdı. Küncdəki fəvvarədə qəfildən şırnaq qıvrıla-qvrıla yuxarı milləndi. Suları parıldayan dənizin başı üstündəki sonuncu ulduzların altı, gəmilərin aydın siluetləri, borulardan axan tüstü burumlarının üstü ilə tənha siren səsi hələ güclə göyərən səmaya ucaldı və onun əks-sədası hələ uzun müddət havada ilişib qaldı.
Tərcümə: Günel Mövlud
Oxu Zalı

Yazıya 655 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.