Bilal Alarlı — SÜLHMƏRAMLI ELÇİ

bilal alarli   Kitablar mövzusuna görə dəyər alır. Şərəfli ömür yolu keçmiş insanlar haqqında olan kitablar xüsusi maraq doğurur. Belə kitablardan biri pedaqogika üzrə fəlsəfə doktoru Bəybala Ələsgərovun “Şeyxülislam Allahşükür Paşazadə – görkəmli din xadimi, sülhməramlı elçi” adlanır. Kitab Bütün Qafqazın 12-ci Şeyxülislamı Allahşükür Hümmət oğlu Paşazadənin ömür yolu və dini, ictimai-siyasi fəaliyyəti haqqındadır. Bəybala Ələsgərovun kitabı Allahşükür Paşazadə haqqında yazılmış digər anoloji nəşrlərdən Azərbaycan, rus və ingilis dillərində olması, həmçinin ensiklopedik xarakter daşıması ilə fərqlənir. Şeyxülislamın kitablarının, haqqında yazılmış əsərlərin və fəaliyyəti ilə bağlı qısa biblioqrafik xülasənin kitaba əlavə olunması onun dəyərli cəhətlərindəndir.
Allahşükür Paşazadənin 65 və Bütün Qafqazın 12-ci Şeyxülislam kimi fəaliyyətinin 35 illiyinə həsr olunmuş bu kitab dörd bölmədən ibarətdir. Bölmələr ardıcıl olaraq Allahşükür Paşazadənin həyat və fəaiyyətini, ona verilən mükafatları, haqqında görkəmli şəxslərin söylədiyi fikirləri əhatə edir.
Allahşükür Paşazadə təkcə görkəmli din xadimi kimi deyil, həm də sülhməramlı elçi kimi tanınır. Şeyxülislamın ömür yolu bir örnəkdir. O, 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub. Bir müddət sovxozda çalışıb, sonra Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsil alıb, 1971-1975-ci illərdə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsində oxuyub. 1975-1980-ci illərdə Qafqaz Müsəlmanları İdarəsində və Təzəpir məscidində müxtəlif vəzifələrdə işləyib. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və Şeyxülislam rütbəsi alıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir. O, 1992-ci ildə Qroznı şəhərində Qafqaz ölkələrinin din xadimləri tərəfindən Qafqaz xalqları Ali Dini Şurasının sədri seçilib. Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qurultayında isə Allahşükür Paşazadə ömürlük Şeyxülislam seçilib.
Allahşükür Paşazadə sovet dönəmində SSRİ Ali Sovetinin, sonralar isə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Ölkə Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspertlər Şurasının və Əfv Komissiyasının üzvüdür. Onun fəaliyyəti çoxsahəlidir. Tarix elmləri doktoru, professordur. Bir neçə Beynəlxalq Akademiyanın həqiqi üzvüdür. O, Bakı İslam Universitetinin təsisçisidir. Onun təşəbbüsü ilə çoxlu sayda dini təşkilat yaradılıb, bunlardan biri Qafqaz Müsəlmanları İdarəsi nəzdindəki Elmi-Dini Şuradır.
Allahşükür Paşazadənin səyi nəticəsində 1991-ci ildə sovet respublikaları içərisində Azərbaycan birinci olaraq İslam konfransı Təşkilatına üzv qəbul edilmişdir. Ötən yüzilliyin sonlarından başlayaraq Azərbaycanda müntəzəm şəkildə dini-mənəvi dəyərlərin dirçəldilməsi və dini araşdırmaların elmi şəkildə aparılması istiqamətində beynəlxalq konfranslar keçirilmişdir. Ən maraqlı tədbirlərdən biri dini mərasimlərin ölkədə tolerantlıq prinsiplərinin gözlənilərək təşkil olunmasıdır. Allahşükür Paşazadə Azərbaycanda Aşura mərasimində simvolik qan çıxarılması ayinini təmənnasız olaraq müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə qan vermə aksiyası ilə əvəz edə bilmiş, özü ardıcıl şəkildə şəxsən bu tədbirlərdə ilkin iştirak etmişdir.
Allahşükür Paşazadə dünyanın bir sıra elm və din mərkəzlərində mühazirələr oxuyub. Onun redaktoru olduğu kitablar elmi-dini dəyərinə görə fərqlənir. Allahşükür Paşazadə “Qafqazda İslam”, “İslamda ümmət və şüubilik”, “Quranın təfsiri və tərcüməsi tarixi”, “Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərimin ecazkarlığı”, “Qurani-Kərimdə insan təbiəti” kimi tarix və ilahiyyata dair elmi kitabların və çoxlu sayda məqalənin müəllifidir.
Şeyxülislam Allahşükür Paşazadə sülh yaradılması və tolerantlığın bərqərar edilməsi sahəsində göstərdiyi fəaliyyətə görə müxtəlif beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb, orden və medallar alıb. O, 1999-cu ildə Azərbaycan dövləti qarşısında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə, 2009-cu ildə isə ölkədə vətəndaşların vicdan azadlığının təmin olunmasında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.
Kitabın müəllifi Bəybala Ələsgərov Şeyxülislam Allahşükür Paşazadənin sülhməramlı elçi kimi fəaliyyətinə xüsusi diqqət çəkir. Belə ki, dini-ictimai fəaliyyətinə görə beynəlxalq aləmdə qazandığı nüfuza istinad edərək, Azərbaycan həqiqətlərini, Qarabağ probleminin mahiyyətini bütün dünyaya çatdıran Allahşükür Paşazadə həm də bütün Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsinə çalışır. O, Çeçenistan və İnquşetiyada gərginliyin azaldılması istiqamətində də xeyli iş görmüşdür. Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün erməni dini liderləri ilə görüşüb danışıqlar aparan Şeyxülislam 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart soyqırım günü ilə bağlı həqiqətləri iştirak etdiyi beynəlxalq tədbirlərdə müntəzəm olaraq dünya xalqlarına çatdırır.
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, ABŞ, Kanada, Fransa, Türkiyə, İtaliya, İordaniya, Küveyt, Hollandiya, Hindistan, Pakistan, Əfqanıstan, Liviya, İraq, İran, Misir, Şri-Lanka, Mərakeş, Malayziya, İsveçrə, Sudan, Seneqal, Çad və başqa ölkələrdə elmi-dini konfranslarda iştirak etmiş, ziyarətdə, müxtəlif məqsədli əməkdaşlıq tədbirlərində olmuşdur. Olduğu bütün ölkələrdə Azərbaycanın dövlətçilik maraqlarını qorumuş, uğurlu danışıqlar aparmışdır. O, çağdaş dünyanın bütün guşələrində baş verən haqsızlıqlara etiraz etmiş, dövlət başçılarını ədaləti bərpa etməyə çağırmışdır. “Qafqaz Evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində işlər görmüşdür. Bu cür xidmətinə görə, “Çeçen qəhrəmanı” adlı ali mükafata layiq görülmüşdür.
Allahşükür Paşazadə haqqında “On ikinci Şeyxülislam”, “Mərhəmətli və şəfqətli qəlb”, “Şeyxülislam: ictimai xadim, alim”, “Bizim bir Şeyximiz var”, “Müqəddəs ömrün anları”, “Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan-Azərbaycan münaqişəsi”, “Şeyxülislam Allahşükür Paşazadə: elmlə dinin vəhdəti”, “İki əsrin Şeyxülislamı”, “25 il Şeyxülislam”, “Şeyxülislam Allahşükür Paşazadənin orden və medalları”, Şərəf və şöhrətin zirvəsi”, “Şeyxülislam: ənənə və müasirliyin vəhdəti”, “Nurlu yolun müdrik səyyahı” və “Şeyxülislam – alın yazısı” kitabları çap olunub. Bu kitabların hər biri görkəmli din xadimi Şeyxülislam Allahşükür Paşazadənin ictimai-siyasi fəaliyyətini maraqlı şəkildə, digərlərinə örnək olacaq bir əməl kimi oxuculara çatdırır. Bəybala Ələsgərovun yazdığı kitabda həmin kitablarda qoyulmuş məsələlərlə yanaşı, Şeyxülislamın dini, ictimai, siyasi və elmi fəaliyyəti hərtərəfli öyrənilmiş, tədqiqatçi nəzəri ilə araşdırılmış, əldə edilən faktlar əsaslandırılmış, üstəlik, başqa görkəmli şəxslərin, tanınmış siyasi xadimlərin, elm və sənət adamlarının fikirləri bir yerə toplanmış, xronoloji avtobioqrafiya tərtib olunmuşdur.
Allahşükür Paşazadə haqqında Heydər Əliyev, İlham Əliyev, Vladimir Putin, İkinci İliya, Vasim Məmmədəliyev, Bəkir Nəbiyev, Elçin, Nizami Cəfərov, Bəxtiyar Vahabzadə, Aleksandr Lukaşenko, Almazbek Atambayev, Ramazan Kadırov, Aslan Aslanov, Seyidağa Onullahi, Ekmələddin İnsanoğlu, Ziyad Səmədzadə, Teymur Bünyadov və dünyanın bir çox tanınmış şəxsiyyətləri xoş sözlər demiş, maraqlı fikirlər söyləmişlər. Bəybala Ələsgərovun ən böyük xidmətlərindən biri bu fikirləri bir yerə toplayıb Şeyxülislamın simasında mənəvi dəyərlərimizin qoruyucusu obrazını yaratmasıdır.
Ələsgərov Bəybala Aydabala oğlu Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. On beş kitabın və iki yüz əlliyədək elmi-publisistik məqalənin müəllifidir. O, “Şəmsi Bədəlbəyli-90”, “Paşa Qəlbinur-50”, “Səadət Kərimova-50”, “Elçin-60”, “Hidayət-60”, “31 Mart azərbaycanlıların soyqırımı günüdür”, “Boyalarda yaşayan ömür”, “Müdriklik zirvəsinə gedən yol”, “Zamanın sınaqlarlarından ömrə açılan yol”, “Nizami Cəfərov” və sair elmi-metodiki vəsaitin, iri həcmli “Elçin” (440 s.), “Hidayət” (400 s.) adlı biblioqrafik vəsaitlərin, “Zəngəzurdan başlanan yol” (620 s.) adlı elmi monoqrafiyanın, “Qusarın şanlı övladları” (168 s.) adlı tarixi-publisistik kitabın müəllifidir. Respublika Ağsaqqallar Şurasının üzvü olan Bəybala Ələsgərov “Qızıl qələm” mükafatı laureatıdır. O, 1993-cü ildən Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinə üzv, 1996-cı ildən həqiq üzv seçilmiş ilk azərbaycanlıdır. Beynəlxalq Nobel İnformasiya Mərkəzinin xüsusi medalını alıb. 2005-ci ildən Beynəlxalq İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsidir. 2013-cü ildə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti seçilmişdir.
Bəybala Ələsgərovun “Şeyxülislam Allahşükür Paşazadə – görkəmli din xadimi, sülhməramlı elçi” (Bakı, Elm və təhsil, 2014, 376 s.) kitabı indiyədək bu istiqamətdə görülmüş işlərin davamıdır. Kitab yalnız avtobioqrafik xarakter daşımır, burada dini-mənəvi dəyərlərimiz öz əksini tapır.
Dini-mənəvi dəyərlərimizin aynası olan “Şeyxülislam Allahşükür Paşazadə – görkəmli din xadimi, sülhməramlı elçi” kitabının dövlət mükafatına təqdim olunmasını və mükafatlandırılmasını təklif edirəm. Elə bilirəm ki, mənəviyyatımızı yüksək tutan bütün həmkarlarım bu ideyanı yüksək qiymətləndirəcək və dəstələkləyəcək.

 

 

Yazıya 830 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.