Rövşən DANYERİ — Köhnə kitabların sığınacaq yeri

kitab

Elektron kitabın kağız kitabı təslim edəcəyinə inanmayanların sığındığı ünvanlardan biri də qapısından girən kimi köhnə kitab qoxusu verən bukinistlərdir. Şəhərimizdəki bukinistlərin vəziyyətini öyrənməkdən ötrü bir neçə belə dükana baş çəkdik.

23 ildir kitab satışı ilə məşğul olan Xan Rəsuloğlunun Sumqayıtdakı dükanı ora yolu düşən kitabsevərlərin həmişə da-yanacaq yeri olub. Bu dəfə onunla Bakıda, “Elmlər Akademiyası” metrosunun yanında yenicə fəaliyyətə başlamış “Xanın xəzinəsi” adlı bukinist mağazasında görüşdük. Sumqayıtdan Bakıya köçməsinin səbəbini soruşduq: “İndi də Bakıda kitabları xilas eləməyə gəldim… Sumqayıtda işimi düzüb-qoşmuşam, ora müəyyən qazanc gətirir. Bakıda isə kitablardan qazanc götürməyi düşünmürəm.

Bizim gənclik illərimizdə kitab daha çox oxunurdu. Hər kəsin evində kitab vardı –  birində az, birində çox. İndiki nəsilsə biz sevən kitabları gözümüz görə-görə zibil qutularına atır. Çalışıram o kitabların heç olmasa yüzdə birini xilas edim, on-ları yiyəsinə – mütəxəssislərə çatdırım”.

O, bu peşəyə mehr salmasının səbəbindən də söz açdı: “Uşaq vaxtı riyaziyyatı daha çox sevirdim. Doqquzuncu sinifdə Cek Londonun “Martin İden” romanını oxuyanda məndə yazıçılığa həvəs oyandı. Beləcə, ədəbiyyatı sevə-sevə kitablara yaxınlaşdım”.

Xan Rəsuloğlu bukinistliyin çətin sənət olduğunu, hər adamın bu çətinliyə tablamadığını deyir: “Bukinist ac qalmır, an-caq böyük gəlir barədə də düşünməməlidir. Bakı kimi meqapolisdə üç-dörd professional bukinist olar”.

Müsahibim kağız kitabların tam sıradan çıxacağına inanmır: “Kitabların sayı azala bilər, ancaq onların yerini tam tuta biləcək nəyinsə kəşf olunacağını təsəvvür eləmirəm. Düzdür, internet inkişaf edib, elektron mətnlər meydanı tutur. Ancaq çox adam internetdəki mətnləri də kağıza köçürüb oxuyur. Hələ kompüterin insan sağlamlığına ziyanını hesaba çəkmirəm. Kağızdan yaxşısı yoxdur”.

Dükanın qarşısına qoyulmuş “pulsuz kitablar” yazısı da diqqətimizi çəkdi. Bu kitabların niyə havayı olduğuyla mara-qlandıq. Xan Rəsuloğlu həmin kitabların “Xanın xəzinəsi”ndən pay kimi təklif olunduğunu dedi: “İstəyən bu cərgədəki kitabları pulsuz götürə bilər. Kitabsevərlərə başqa güzəştlər də var. Məsələn, oxuduğun kitabı gətirib burada yenisiylə dəyişə bilərsən. Bəzi dərsliklər də havayıdır”.

Xeyirbəy Mahmudov 14 ildir köhnə-təzə kitablar satır: “İş tapmaqda çətinlik çəkirdim, dostlar səyyar kitab satışı ilə məşğul olmağı məsləhət gördülər. Ürəyimdən kitab dükanı açmaq keçir, amma buna imkanım çatmır. Məndə satış elə də yaxşı deyil. Müştərilər daha çox xarici dil öyrədən, xəstəliklərin müalicəsindən bəhs edən kitablar istəyirlər”.

İstiqlaliyyət küçəsindəki bukinist mağazasının satıcıları burada təxminən on minə yaxın kitab olduğunu deyirlər. Buna baxmayaraq satışdan narazıdırlar: “Əvvəllər hər kəs evindəki kitabxanası ilə öyünürdü. İndi bu ənənə itmək üzrədir. Adam hər il evini təmir elətdirir, ancaq gedib baxsan, otaqlarda bir dənə də kitab tapmayacaqsan”.

Satıcının dediyinə görə, biri 50 qəpikdən, beşi 1 manatdan da kitablar var. Müştəri sayı isə yenə qənaətbəxş deyil: “Gündə qırx-əlli nəfər mağazaya baş çəkir. Onların yalnız beş-altısı kitab alır. Qalanları mağazaya ya yolüstü girir, ya da kitab götürüb-götürmədiyimizi soruşur. İndi kitab dəbdə deyil. Düzdür, deyərlər, belədirsə, onda niyə hələ də bukinistliklə məşğul olursan? Cavabım var: kitab elə bir canlıdır ki, ona öyrəşən ondan heç cür aralana bilmir”.

Paytaxtın Əlövsət Quliyev küçəsindəki bukinist mağazanın sahibi Qulam kişi də uzun illərdir kitab satır. Dediyinə görə, satılası kitabların çoxluğunu görəndən sonra ikinci mağaza açmaq məcburiyyətində qalıb: “Mən mağazamda kitabla yanaşı qədim əşyalar da satıram. Qədimi şeyləri daha çox kino çəkilişləri üçün alırlar. Xəstə heyvanlara da baxıram. O biri mağazamda ayağı qırıq bir it var, onu müalicə elətdirirəm. Dini kitablarısa satmıram, hədiyyə verirəm”.

Səməd Vurğunun şeirlərini sevən Qulam kişinin bir gözü oxumağın badına gedib: “Bu kitabları alıb mağazaya yığmasam, hamısını zibilliyə atacaqlar. Zibillikdən o qədər kisə-kisə kitab çıxardığım olub!.. Özüm uşaqlıqdan kitab oxuyanam. Gözümün biri oxumaqdan kor olub. Vaxt vardı biz buradakı kitablardan ötrü saatlarla növbəyə dururduq. İndi pulsuz da versən, götürmürlər”.

Uzun illər Nərimanov parkı həndəvərində səyyar kitab satışı ilə məşğul olan Xaqani Ayxanla parkda gəzə-gəzə söhbətləşirik. Burada onu, demək olar, hamı tanıyır. Yoldan ötənlər ayaq saxlayıb onunla salamlaşırlar.

Dediyinə görə, on ildən çoxdur kitab dolu çanta daşıyır. Bəzi müştərilər yalnız ondan kitab alırlar: “Gözümü açandan evimizdə kitab görmüşəm. Bizdə kitab həmişə əziz tutulub. İndiki Neft Akademiyasını bitirmişəm. Bir müddət zavodda işlədim. İxtisara düşəndən sonra kitab satmağa başladım”.

Xaqani Ayxan siqaret, pal-paltar satışından daha çox qazanc çıxdığını yaxşı bilir: “Onların gəliri çox olsa da, qazanc mənim üçün birinci dərəcəli məsələ deyil”.

İşini sevməsinə baxmayaraq Xaqani Ayxan alverdən narazıdır: “Köhnə kitablar elə bil evdə qalmış qız uşağıdır, gərək ona elçi düşələr. Elə təzə kitabların da gərək alıcısı ola. Mən həm təzə, həm də köhnə kitabları satıram. Alıcılar daha çox fəlsəfi, psixoloji, detektiv əsərlər istəyirlər. Özümsə ciddi ədəbiyyat oxuyuram”.

O, kağız kitabın perspektivindən narahat deyil, eşitdiyi bir əhvalatı fikrinə söykək gətirir: “Bir dostum danışırdı ki, Al-maniyada olanda gördüm insanlar növbəyə durublar. Fikirləşdim, yəqin mağazaya yeni geyim-kecim gəlib. Maraqlananda bildim ki, məşhur alman yazıçısının kitabı satılır”.

Xaqani Ayxan özü də yazır, şeirləri mətbuatda çap olunub. Bir çox tanınmış yazıçı-şairlə dostluğu var. Dostları həm də onun müştəriləridir…

Yazıya 1416 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.