Bir dəfə bir rus xanım teleaparıcının müsahibəsini oxumuşdum: “Yalqızlıq bilirsiz nədir? Sizin telefonunuz var, amma zəngli saatınız zəng çalır”.
Mən də tənhalığı mobil telefonla hiss etdim. Nə vaxt ki, mobil telefon mənim üçün zəngli saatı, gündəliyi və təqvimi əvəz elədi. Əsas funksiyasını unutdum bir ara. Elə “saat” deməyə başladım telefona. “Saatımı görməmisiz”? “Telefon demək istədim”-deyə izah etmək artıq idi. Onsuz da hamı mənə baxanda tənhalığı görürdü.
“Məndə xroniki tənhalıq var”,- demək istədim bir dəfə. Mənə diqqət göstərməyə vaxt itirməyin, mən tənhalığımdan ayrıla bilmərəm. Ya da o məndən qopa bilməz. Biz bir-birimizə çox bağlıyıq- Mən və tənhalıq. Hətta mobil telefonum da bizi ayıra bilmədi. Hətta o adam da, hansı ki, hətta mənim eynəyimi də bəyənirdi. “Dördgöz”- deyirdi, kefi kök olanda. Mən də gülürdüm, kefim kök olanda. Hərçənd ikimiz də bilirdik ki, adi bir sözdən inciyib küsə bilirəm.
Amma bu adamın yaxşı enerjisi var idi, məni güldürə bilirdi. Qadınlar onları güldürə bilən adamları xoşlayırlar. Yəqin o da bunu bilirdi. Mobil telefonum da bilirdi. Ona görə o mesajları silməyə qıymırdı. Yalqızlığım da bilirdi bunu. Ona görə ən xoşbəxt vaxtlarımda da yanımdan ayrılmırdı.
Xatırlayıram, ən pis cəhətlərimi sadalayıb axırda eynək taxdığımı, lap axırda isə öz-özümlə danışdığımı demişdim. Üzünün ifadəsi dəyişmirdi, elə gülümsəyə-gülümsəyə baxırdı, lap axırda isə güldü.
-Bütün keyfiyyətlərini çox sevdim. Ən gözəli isə ən axırıncı olanıydı…
Qəribə adamdı, heç nəyə təəccüblənmirdi. Biz ikimiz dünyanın ən qəribə adamları idik. Çünki ən çox pişikləri, itləri və məhəbbət quşlarını sevirdik. “Məhəbbət quşları”- o, tutuquşulara deyirdi:
-Burda yeni bir quş alanda mütləq əlavə bir qəfəs də almalısan. Çünki ana qəfəsdəki o biri quşlar onu istəməyib incidə bilər. Quş da insan kimidir, hər kəsə ürəyi isinmir. Evdə tək bir erkək quşum vardı. Tək qalmasın deyə dişisini də alacaqdım. Amma təzə quşun qəriblik çəkəcəyindən, istənməyəcəyindən də ehtiyat edirdim. Ona görə dişi quşla bərabər hər ehtimala qarşı əlavə bir qəfəs də aldım. Evə gətirdim. Elə bil quşlar bu anı gözləyirdilər; elə bil bir-birlərini lap çoxdan tanıyırdılar. Həsrətlilər kimi bir-birlərinə “sarıldılar”. Yəqin ki, “sevgi” deyilən şey bu idi.
O, quşlar haqqnda danışır, hardasa zarafata salırdı. Amma mən bilirdim ki, üzüntüsünü o, bu cür ifadə edir. Onun həyatının ən qərib məqamı o tutuquşularla bağlıydı.
-Onlar məni anlayırdı, sən inanırsan?
Mən inanırdım.
-Bizim aramızda qəribə bir təmas vardı. Sanki bir-birimizi hiss edirdik. Mənim həyatdan küsdüyüm vaxtlar idi. –deyirdi o.
Aramızda sulugöz olan mən idim, tutuquşulardan danışanda isə ikimizin də gözləri dolurdu.
-Onların ölümünə mən səbəb oldum- deyirdi.
Quşlarla bağlı bu hekayət doğrudan çox kədərli idi. Onların bağrı çatlamışdı- istidən.
-Mən onları maşında qoyub siqaret almağa getdim. Şüşələr bağlı idi. Heç nə ağlıma gəlmədi… Bir neçə dəqiqədən sonra qayıtdım… Yerimdə əyləşdim… Arxadan səs gəlmirdi… Halbuki onlar məni gördükləri an səs-səsə verərdilər. Heç vaxt belə səssiz olmazdılar… Mən arxaya çevrildim və…
O özünü qınayır, heç cür bağışlaya bilmirdi.
Həmin vaxt o evdən küsmüşdü, əslində birdəfəlik ayrılmışdı və özüylə yalnız o quşları- məhəbbət quşlarını götürmüşdü.
-Onlar məni anlayırdılar… -deyirdi o.
Bəlkə də mən onu o quşlar kimi anlaya bilmədim.
Bəlkə mənim də bağrım çatladı, nə bilim.
Mən də öldüm bəlkə.
Ondan da, özümdən də, yalqızlığımdan da xəbərsiz….
Bəlkə də o, bunda özünü günahkar bildi. Ona görə dönmədi. Geri dönəndə “arxa oturacağa” baxıb əzab çəkməmək üçün.
Mobil telefon səssizdəydi.
Yazıya 1536 dəfə baxılıb