Письмо матери
Ты жива еще, моя старушка?
Жив и я. Привет тебе, привет!
Пусть струится над твоей избушкой
Тот вечерний несказанный свет.
Пишут мне, что ты, тая тревогу,
Загрустила шибко обо мне,
Что ты часто ходишь на дорогу
В старомодном ветхом шушуне.
И тебе в вечернем синем мраке
Часто видится одно и то ж:
Будто кто-то мне в кабацкой драке
Саданул под сердце финский нож.
Ничего, родная! Успокойся.
Это только тягостная бредь.
Не такой уж горький я пропойца,
Чтоб, тебя не видя, умереть.
Я по-прежнему такой же нежный
И мечтаю только лишь о том,
Чтоб скорее от тоски мятежной
Воротится в низенький наш дом.
Я вернусь, когда раскинет ветви
По-весеннему наш белый сад.
Только ты меня уж на рассвете
Не буди, как восемь лет назад.
Не буди того, что отмечалось,
Не волнуй того, что не сбылось,-
Слишком раннюю утрату и усталость
Испытать мне в жизни привелось.
И молиться не учи меня. Не надо!
К старому возврата больше нет.
Ты одна мне помощь и отрада,
Ты одна мне несказанный свет.
Так забудь же про свою тревогу
Не грусти так шибко обо мне.
Не ходи так часто на дорогу
В старомодном ветхом шушуне.
Əliağa Kürçaylının tərcüməsi
(Bakı, 1975)
Söylə, yaxşısanmı, mehriban ana?
Mən də pis deyiləm. Salamlar sənə!
Qoy axıb süzülsün kiçik komana
Axşamın əsrarlı işığı yenə.
Mənə yazırlar ki, çox darıxırsan
Könül həyəcanını gizləyib bütün –
Əynində o köhnə, nimdaş paltarın
Mənimçün yollara çıxırsan hər gün.
Axşamlar qaranlıq qovuşan zaman
Görürsən yummamış göz qapağını,
Kimsə meyxanada dolaşan zaman
Köksümə saplayıb fin bıçağını.
Bu əzabdan doğan sayıqlamadır,
Yox, yox, mehribanım! Sakit ol, dayan,
O qədər də əyyaş deyiləm, inan.
Mən səni görməmiş köçəm dünyadan.
Yenə əvvəlkitək mehribanam mən,
Yalnız bircə arzu hakimdir mənə:
Qurtarıb üsyankar qüssə əlindən
Alçaq komamıza qayıdam yenə.
Gələrəm, gələrəm, baharsayağı
Bağlarda budaqlar açanda çiçək.
Ancaq sən yuxudan məni sübh çağı
Oyatma, səkkiz il əvvəl olantək.
Ölən arzuları oyatma tamam,
Tərpətmə açmadan solanları sən,
Mən çox itirmişəm, çox yorulmuşam,
Mən bütün bunları dadmışam erkən.
Məni duaya da öyrətmə daha,
Mən bir də keçmişə dönmərəm artıq.
Tək sənsən könlümə səadət, dayaq,
Tək sənsən mənimçün əsrarlı işıq.
Unut qəlbindəki həyəcanları
Mənimçün o qədər gizli yanma sən.
Əynində o köhnə, nimdaş paltarın
Mənimçün yollarda çox dayanma sən.
Mahir Qarayevin tərcüməsi
(1995)
Söylə, qarıcığım, salamatmısan?
Mən də salamatam. Salamlar sənə!
Süzülüb qoy sirli axşam işığı
O yastı daxmanın axsın üstünə.
Yazırlar: gizlicə dolub dərd-sərə
Yanırsan həsrətdən korun-korun sən;
Nimdaş sırıxlında gündə yüz kərə
Yoluna çıxırsan mən nankorun sən.
Şər vaxtı gözlərin dolur təlaşla,
Axşamın toranı durur qəsdinə;
Guya meyxanada, dava-dalaşda
Kimsə fin bıçağın soxur köksümə.
Əl çək, canım-gözüm, qəlbini didən
Belə qarış-quruş xəyal-xülyadan.
O qədər də əyyaş deyiləm ki, mən
Səni görməyincə köçəm dünyadan.
Mən dəyişməmişəm heç bir tikə də,
Elə həminkiyəm – mehriban, həlim;
Tək bircə arzum var – bitsin bu kədər,
Yenə evimizə qayıdım, gəlim…
Gələrəm, bağımız baharsayağı
Ağappaq gül açıb çiçəkləyincə;
Amma oyatma ha məni sübh çağı-
Oyatdığın kimi səkkiz il öncə.
Ölən arzuları təkrar oyatma,
Ölən ümidləri gətirmə dilə;
Çox… çox itirmişəm mən bu həyatda,
Başım az çəkməyib yaşıma görə.
Öyrətməzsən məni sən duaya da,
Dönmərəm keçmişə bir anlıq belə;
Sevincim, təsəllim sənsən dünyada,
Tək sənsən bir dünya aydınlıq mənə.
Di bəsdi bu qədər gizli darıxdın,
Yandın həsrətimdən korun-korun sən,
Əynində o köhnə, nimdaş sırıxlın
Az dayan yolunda mən nankorun sən.
Eyvaz Borçalının tərcüməsi
(2006)
Sən hələ sağsanmı, varsanmı, ana?
Mən də salamatam, salamlarım var!
Hər axşam süzülüb axsın komana
Nə vaxtsa gördüyüm qənirsiz nurlar.
Yazıb deyirlər ki, xof var canında,
Məndən nigaransan sən bu çağında.
O köhnə dəbdəki nimdaş donunda
Tez-tez görünürsən yol qırağında.
Hər mavi axşamın çökdüyü vaxtda
Bir qorxu titrədir dil-dodağını.
Sənə elə gəlir kimsə kabakda
Saplayıb köksümə fin bıçağını.
Zərər yox əzizim, ovun ürəkdən,
Hədyan xülyanı da gətirmə yada.
O qədər əyyaş ha deyiləm ki, mən,
Üzünü görməmiş öləm dünyada.
Mən hələ kövrəyəm həmişəkitək,
O qədər sıxıb ki, könlümü ələm,
Tək bircə arzum var, tezliklə gərək
Doğma komamıza qayıdıb gələm.
Dönüb gələcəyəm bir səhər ertə
Bəyaz bağımıza bahar gələndə
Amma əvvəlkitək yatdığım yerdə
Sübh tezdən oyatma, ay ana, sən də.
Oyatma baştutmaz boş xəyalları,
Tərpətmə, qoy qalsın hələ yuxuda.
Çox erkən dadmışam mən qəm-qubarı,
Çox erkən dadmışam yorğunluğu da!
Mənə ibadət də öyrətmə, bax ha!
Gedən gedərgidi, qayıtmaz durum.
Təkcə sən özünsən sevincim, arxam,
Təkcə sən özünsən qənirsiz nurum.
Unut hər təlaşı, dərd çəkmə məndən,
Qoy daha qalmasın qorxu canında.
Tez-tez yollara da çıxma bu gündən
O köhnə dəbdəki nimdaş donunda.
Knyaz Aslanın tərcüməsi
(2006)
Hələ sağmısan sən, ay qarıcığım?
Mən də salamatam. Salamlar olsun!
O qərib axşamın sirli işığı
Süzülüb qoy sənin daxmana dolsun.
Mənə yazırlar ki, düşüb min hala,
Dərdimdən yamanca qüssələnmisən.
Darıxıb çox tez-tez çıxırsan yola
Köhnəlib üzülmüş paltarınla sən.
Boylanıb axşamın qaranlığından
Elə bil görürsən sən bu çağımı:
Guya kimsə mənlə dalaşan zaman
Soxur ürəyimə fin bıçağını.
Heç bir şey olmayıb, əzizim! Dayan.
Bu ancaq acı bir sərsəmləmədir.
O qədər əyyaş ki deyiləm, inan,
Mən səni görməmiş öləm hələ bir.
Həminki kimiyəm – mehriban, əziz
Bir arzu göyərir qəlbimdə dən-dən:
Deyirəm kaş bizim kasıb evimiz
Tezliklə qurtarsın qəmli həsrətdən.
Mənsə dönəcəyəm bahar gələndə,
Ağdonlu bağımız açsın qəlbimi
Amma daha məni dan söküləndə
Oyatma, səkkiz il əvvəlki kimi.
Nələr arzulardıq – oyatma bir də,
Nələri görmədik – açma pərdəni.
Vədəsiz itki də, ağır kədər də
Çox sınağa çəkdi həyatda məni.
Dua da öyrətmə. Gərəyim deyil!
Bir daha qayıtmaq olmaz keçmişə.
Tək sənsən təsəllim, sənsən köməyim,
Sehirli işığım sənsən həmişə.
Son qoy qəlbindəki həyəcanlara,
Məndən arxayın ol, daha az qəmlən.
Belə tez-tez çıxma daha yollara,
Köhnəlib üzülmüş paltarınla sən.
İsaxan İsaxanlının tərcüməsi
(2009)
Söylə, canım ana, salamatmısan?
Özünə yaxşı bax, özünü qoru,
Qoy sənin daxmandan əskik olmasın
Aylı gecələrin füsunkar nuru.
Eşitdim düşübsən həyəcanlara,
Yamanca qəmlənib nur baxışların.
Darıxıb çıxırsan tez-tez yollara
Əynində o əski, nimdaş paltarın.
Elə ki gecələr getdin yuxuya,
Görürsən sən ancaq bircə halımı.
«Kabak döyüşü»ndə kim isə guya
Sancıbdır köksümə fin bıçağını.
Üzülmə, əzizim, sakitləş həmən,
Kədəri, qüssəni tam unut, dedim.
O qədər bədəsil deyiləm ki mən
Səni görməmişdən dünyadan gedim.
Mehriban balanam incimə məndən,
Ürəyimdə qalıb tək arzum, ana.
Bu dəli həsrəti atıb içimdən,
Nolaydı, tezliklə dönəydim sana.
Həsrətin yandırır, ana, içimi
Baharda gələcəm görməyə səni.
Amma bax, səkkiz il əvvəlki kimi
Ala-qaranlıqdan oyatma məni.
Göynətmə qəlbini xatirələrlə,
Qoy acı keçmişin qalmasın izi.
Çox erkən ayrılıq və itkilərlə,
İmtahana çəkib bu həyat bizi.
Dua öyrənmək də istəmirəm mən,
Keçmişə dönməyi söyləmə mana.
Təsəllim də sənsən, köməyim də sən,
Tanrının nuru da səndədir, ana.
Unut, fikir vermə həyəcanlara,
Qoy gülsün yenə də nur baxışların.
Daha belə tez-tez çıxma yollara,
Əynində o əski, nimdaş paltarın.
Yazıya 921 dəfə baxılıb