Bakıda autizmlə bağlı kampaniya :”Göy işıq yandır”

150402165205_blue_flame_towers_autism_624x351_bbc

 Bakıdakı Alov Qüllələri (Flame Towers) işıqlarını mavi rəngdə yandırıb. Bu, apelin 5-nə qədər davam edəcək. Aprelin 2-si həm Qız qalası, həm də Hilton oteli mavi rəngdə işıqlandırılacaq.

2 aprel bütün dünyada Autizm barədə Maarifləndirmə günü kimi qeyd olunur. “Narınc” Uşaq Psixologiya Mərkəzinin qeyri-rəsmi statistikaya əsaslanaraq yaydığı məlumata görə Azərbaycanda təqribən 4000-ə yaxın autist uşaq qeydə alınıb. Azərbaycan həm də 2014-cü ildə autizm sindromlu uşaqların artımına görə dünyada üçüncü yeri tutub.

Uşaq psixoloqları erkən qoyulan diaqnozun uşağın inkişafı ilə bağlı daha çox müsbət nəticə əldə edilməsinə şərait yarada biləcəyini deyirlər və valideynləri uşaqlara qarşı diqqətli olmağa, bu sindromun əlamətlərini müşahidə etdikdə nevropatoloqa və psixoloqa müraciət etməyə dəvət edirlər.

Azərbaycanda çox sayda qeyri-hökumət təşkilarının və şirkətin birlikdə həyata keçirdiyi Autizm barədə Maarifləndirmə kampaniyası ictimaiyyətin və hökumətin diqqətini bu məsələyə yönəltmək məqsədi güdür. Kampaniyanın əsas təşkilatçısı, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova bu kampaniyaya keçən ildən etibarən start verdiklərini deyib.

Bu il tədbirlərin təşkilinə hökumət və bir sıra başqa ictimai birliklər də qoşulub. Millət vəkili Məlahət Həsənovanın Lider Qadınlar İctimai Birliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) də bu qurumların arasındadır.

Builki kampaniya dünya miqyasında keçirilən Light It Up Blue (“Göy işıq yandır”) adlı beynəlxalq layihəyə də qoşulub. Kampaniya çərçivəsində ayın 1-dən etibarən Bakıda bir çox bina və abidə mavi işıqla işıqlandırılmağa başlayıb.

“Light It Up Blue” layihəsi 2010-cu ildən etibarən hər il nüfuzlu autizm tədqiqat və təhsil təşkilatı olan Autism Speaks (“Autizm danışır”) təşkilatının təşəbbüsü ilə həyata keçirilir. Kampaniya çərçivəsində dünyada məşhur abidələr və görkəmli yerlər də 2 aprel tarixində mavi rəngdə işıqlandırılıb. Bu yerlər arasında İsa peyğımbərin Braziliyanın Rio de Janeyro şəhərindəki nəhəng heykəli, Torontodakı CN Tower qülləsi, Nyu Yorkdakı Empire State Building və Niaqara şəlaləsi də var.

Azərbaycanda keçirilən kampaniyanın təşkilatçıları aprelin 9-na qədər Bakının böyük ticarət mərkəzləri olan Park Bulvar, 28 Mall və Metroparkda maarifləndirmə aksiyaları keçirəcəklər.

Maraqlı hadisələrdən biri də aprelin 6-sı və 7-də Milli Məclisdə millət vəkillərinin və bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə bu mövzuda geniş müzakirənin aparılmasıdır. Kampaniya iştirakçıları dövlətə autizmin qanunvericilikdə əks etdirilməsini istəyən müraciət ünvanlamağı planlaşdırırlar.

Bu müzakirələrdə autist uşaqların digər uşaqlarla eyni mətəblərdə təhsil alması, autizmin ölkədə böyük sürətlə yayılmasının səbəblərinin araşdırılması və başqa mövzular var.

Türkiyədən xüsusi olaraq dəvət olunmuş mütəxəssislər arasında həm həkimlər, həm təhsil işçiləri, həm dövlət işçiləri, həm də digər sahələrin mütəxəssisləri var. Dövlətə ediləcək müraciət autizmin diaqnostikası, təhsil, pensiya və müavinət kimi məsələləri də əhatə edəcək, dövlətin bu məsələyə daha diqqətlə yanaşması istəniləcək.

Aytən Eynalovanın sözlərinə görə, dünyada hər 68 uşaqdan 1-i autizm sindromu ilə dünyaya gəlir. Oğlan uşaqlarında bu göstəricinin 55 uşaqdan 1-i olduğu və bu rəqəmin get-gedə endiyi qeyd olunur.

Xanım Eynalova bundan başqa aprelin 6-da Park Inn mehmanxanasında bu mövzuda böyük seminarın da keçiriləcəyini bildirib. Bu seminara Türkiyədən olan tanınmış mütəxəssislərin də dəvət olunduğu deyilir.

Yazıya 645 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.