Kultur.az-ın media dəstəyi ilə təqdim olunan “Körpələr evindən məktub” layihəsi daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Azad HÜSEYN — GÖRÜŞƏNƏDƏK , ANA…
Salam, gözəl anam, qəşəng anam, mehriban anam! Necəsən? Necə dolanırsan?
Gül ətirli salamlarımı dünyanın ən yaxşı anasına çatdırıram. Sən məndən ötrü heç narahat olma, mən yaxşıyam, yekə kişiyəm, özüm-özümdən muğayat olmağı bacarıram. Qardaşım da yanımdadır, gözüm üstündədir, mənim qorxumdan bir adam ona barmağının ucuyla da toxuna bilməz..Mən onu da qoruyuram. Burada heç kəs bizi incitmir. Bilirsən, elə bil ki, bir ailənin üzvləriyik; qızların hamısı bacımızdır, oğlanlar da qardaşlardır.
Mən hamı ilə mehriban dolanıram, deyib-gülürük. Mənə uşaqlar da, müəllimlər də hörmət edirlər.Sözümü dinləyirlər. Tərbiyəçilər, müəllimlər bizi tez-tez evlərinə qonaq aparırlar.Xüsusilə bayram günlərində. Həmin gün valideynlərin çoxu gəlib uşaqlarını aparır. Mən bilirəm ki, sən gəlməyəcəksən, öz əlində deyil ki… Amma qardaşım hələ uşaqdır, çox şeyi başa düşmür. Lap qaranlıq düşənəcən onu qapının ağzından qoparıb aparmaq müsibət olur. Gözlərini qapıdan çəkmir. Nə deyəsən, uşaqdır da, bir təhər başını qatıram.
Uşaq evinin yanındakı məktəbə gedirik, mən yaxşı oxuyuram.Yaxşı oxumağa məcburam.Sənin üçün oxuyuram, əziz anam, qardaşım üçün oxuyuram. Universitetə qəbul olunacağam, sən inan, mənim buna gücüm çatacaq, özü də sizdən pul istəməyəcəyəm, həm oxuyacaq, həm də işləyəcəyəm, sənə yük olmaram, hələ pul göndərəcəyəm ki, ehtiyaclarını ödəyəsən. Oxuyub adam olacağam, qardaşımı da oxutduracağam. İşləyəcəyəm, səni yanıma aparacağam, özüm sənin qulluğunda dayanacağam. Darıxma, hər şey düzələcək, inan mənə.
Çox vaxt gecələr yuxum ərşə çəkilir. Bizi bura verdiyin üçün səndən incimirəm, bunu ağlına da gətirmə, sən mənim ən qiymətlimsən, səndən necə inciyə bilərəm. Özümdən zəhləm gedir. Niyə mən bir qədər böyük olmadım? O murdarın səni incitməsinə icazə verərdimmi? Atam tutulandan sonra alverə başladın ki, bizi dolandırasan. Bu vicdansız çıxdı qarşına. Guya kömək edəcəkdi, bizi övladlığa götürüb, öz balası kimi baxacaqdı. Amma əvəzində nəyimiz varsa, hamısını əlimizdən aldı, evimizi satdırıb yedi. Səni döyüb-incitməyinə dözə bilmirdim. Qardaşımı necə incidirdi…Yadıma düşəndə dəli oluram! O, səni məcbur elədi, yox, sən heç vaxt bizi atmazdın! İndi də qoymur gəlib bizə dəyəsən. Sən zülm çək, ağır-ağır zənbilləri kürəyində daşı, pul qazan, o, gözlərinə soxsun. Darıxma , anam, üzülmə, gözəlim, sənin bütün dərdlərinə son qoyacağam, əzabdan qurtulacaqsan. Qəlbimi sıxan odur ki, artıq-əskik danışanlar var. Qohumlar, qonşular…Kömək etmək əvəzinə dillərini işə saldılar. Hələ dayım… Məni ən çox incidən onun sözləri oldu: “Mənim o adda bacım yoxdur! Qapıma gəlməsin! Hara rədd olur, olsun!” Sənə sahib çıxmaq əvəzinə, qorumaq əvəzinə söyüb-yamanlayıb, qapını göstərdi. Axı sən onun bacısısan, namusu sayılırsan. İnsanı silib-atmağa, adının üstündən xətt cəkməyə nə var ki, çox asandır. Bizə yiyəlik eləsə idi, bu günə qalmazdıq. İki körpə uşaqla tək, köməksiz, kimsəsiz qaldın, keçdin bu şərəfsizin əlinə. Mən icazə vermərəm, kimsə səni alcatsın. Axı sən mənim anamsan, ən əziz insanımsan. Məktəbdə elə uşaqlar var ki, anasını utandırır, dərsdən qaçır, oxumur. Baxa bilmirəm anaların kədərli üzünə.Acığım tutur anasının qədrini bilməyən uşaqlara. Ananızın yanındasınız, hər gün görürsünüz, başınıza sığal şəkir, tərtəmiz geyindirib məktəbə yola salır, iclasınıza gəlir, gözəl sözlər deyir… Daha nə istəyirsiniz?!
Kaş biz də onlar kimi olaydıq, ana. Heç səni üzməzdik, üzünü güldürməyə çalışardım, hər gün gündəlik dolusu “beşlər” gətirərdim. Deyəsən, başını ağrıtdım. Öpürəm əllərindən. Öpürəm gözəl üzündən. Sən özünü qoru. Unutma, səni hər zaman sevən və heç vaxt qınamayan oğulların var. Onlar səni hər vaxt sevəcək və qoruyacaqlar. Sağ ol, salamat qal! Görüşənədək!
Səni dünyalar qədər sevən oğlun Ceyhun.
Yazıya 735 dəfə baxılıb