Azərbaycan Yazıçılar Birliyinin 24 iyul 2015-ci il tarixində Gəncə Bölməsi yayın son tədbirini keçirib.
Xəzangül Hüseynovanın Bölməyə başçılıq etdiyi dövr rəngarəng tədbirlərlə yadda qalmışdır.Belə maraqlı tədbirlərin biri də istedadlı qələm sahibi Günay Səma Şirvanın “AYRILAN YOLLARIN NƏĞMƏSİ” adlı şeirlər kitabının təqdimatı və müzakirəsi oldu.
Günay Səma Şirvan Ucar torpağının yetişdirməsidir. Filoloji təhsilini Lənkəran Dövlət Universitetində alan yazarın ilk qələm təcrübələrinin təkmilləşməsində və ədəbi təfəkkürünün formalaşmasında Lənkəran Ədəbi Mühitinin müstəsna rolu olmuşdur. Bu gün ölkə xaricində yaşamasına baxmayaraq, ədəbi aləmlə sıx əlaqə saxlayan yazar Gəncə yazıçıları tərəfindən səmimi qarşılandı.
Tədbiri giriş sözü ilə Xəzangül xanım açaraq, qonağı təqdim etdi. Gəncə ədiblərinin sözə-şeirə yüksək qiymət verdiklərini diqqətə çatdıraraq, Günay Səma Şirvan poeziyası ilə tanışlığın onlar üçün də xoş olduğunu qeyd etdi.
Günay Səma Şirvan təqdimatın təşkilatçıları İradə Aytel v ə Aləmzar Əlizadəyə, görüşə gələn hər kəsə təşəkkür edərək, sərbəst, heca və yapon şeir formasında(hokku) olan şeirlərindən oxuduqdan sonra müzakirələr başlandı.
Hörmətli qonaqlardan Qərib Mehdi, Nüşabə Məmmədli Əsəd, Bahadur Fərman, Aləmzar Əlizadə, Sahib İbrahimli, Gülafət Bayramova, Ramiz Təmkin və s. ilk dəfə dinlədikləri bu şeirlərdəki poetik tapıntılar haqqında maraqlı fikirlərini bildirdilər.
Şair publisit Elşən Əzim,şair-nasir İradə Aytel, yazar Qalib Şəfahət Günay Səma Şirvan poeziyasının incəliklərini açmağa çalışaraq, təhlil xarakterli çıxışları ilə yadda qaldılar. Şeirlərdəki Qadın mövzusu, üsyankarlıq maraqlı diskussiyalara səbəb oldu.
Almaz Yusifqızı, Solmaz Şəms,Oqtay Abdulla,Rəhim Qurbani (Təcnis Rəhim), Fərruxə Pərişan bu imzaya ilk tanışlıqlarına baxmayaraq, şeirlərdəki səmimiyyətin cəlbediciliyini diqqətə çatdırdılar.
Gənclərdən Şəfa Vəli, Səadət Bulud, Samirə Səma, Kənan Yusifoğlu, Anar, Gülnarə Sadiq, Ceyhunə Mehmanqızı, Məhəmməd Turan Mahmud və digərləri bu poeziya nümunələri ilə tanışlıqdan zövq aldıqlarını dilə gətirərək, yazara Uğurlar dilədilər.
Gülər Şirvanqızı ailə adından tədbirin təşkilatçılarına təşəkkür edərək, “Ayrılan yolların nəğməsi”ndən nümunələr səsləndirdi.
“Ayrılan yolların nəğməsi” kitabının təqdimat mərasimi Gəncə Şəhər İcra hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. Tədbiri “Kəpəz TV” əməkdaşları lentin yaddaşına köçürüblər.
Yazıya 778 dəfə baxılıb