Tural SAHAB – Namus

tural sahab(hekayə)

Onun adı ilə….

    Şairin dediyi kimi, bir oğul böyütmüşdü, ana- oğul, nə oğul. Uzun boylu, enli kürəkli və ən əsası mərd, insan ürəkli… indi düşünün ki, bu qədər əziyyət çək, oğul böyüt, gəlib desinlər ki, oğlunu ölümə aparırıq. Bəli, qanlı savaş başlamışdı- bizim olmayan bir savaş, ancaq bu savaşda ölənlərin, şikəst qalanların arasında biz də olmalıydıq. Öz savaşımızı verə bilmədiyimiz üçün, başqasının savaşında ölməyə məhkumduq. Insan ölər, ölmək üçün yaradılıb, ancaq həyatın bir anlamı olduğu kimi, ölümün də olmalıdır. Kişi yataqda ölməz, yataqda ölməyi özünə ar bilərdi… bilərdi bilməsinə də bir, iki nəfərin kişi olması ilə bitmirdi məsələ. Öz savaşımızı verə bilməmiz üçün hər kəsin əlini daşın altına qoyması lazımdı. Qəhrəmanlar ən çox məğlubların arasından çıxır, çünki qalib olanın qəhrəmana və igidliyə ehtiyacı yoxdu. Onlar üçün ən böyük igidlik birlikdə hərəkət etməkdi. Məğlub olanlar isə birliyi pozulanlardı. Onların içlərində olan- yataqda ölməyi haram sayanlar isə bu məğlubiyyətə qarşı gələnlərdi. Beləcə əlinə silahı alıb ölümə tərəf qaçdılar və qəhrəman oldular….Ancaq ilahi ədalət, yataqda ölmək istəyənlər də arzularına çata bilmədi. Başqalarının savaşında, heç bilmədikləri torpaqlarda- soyuq səngərlərdə öldülər…

  Hər kəs öləcəkdi, bunu yaxşı bilirdi. Ölümün bu qədər yaxın olduğu bir dünayada yaşamaq üçün yalvarmağa dəyməzdi, axı.. hələ insan qul kimi necə yaşaya bilərdi. Dağlardakı canavarlar belə azad yaşayır, azadlıqları üçün savaşırdılar. Bu düşüncələrlə özü də bilmədən onu müharibəyə aparmağa gələn əsgərləri babasından qalan xəncərlə öldürdü. Bundan sonra rahat yaşaya bilməzdi. Mütləq onlarca əsgər onu məhv etmək üçün kənddə hücum edəcək, bu hücumda  kənd sakinləri də öldürləcəkdi. Elə o gecə anası ilə halalaşıb, xəncərini qurşağına taxdı. Gözü kimi baxdığı qoşalüllə tüfəngini yağlayıb, çiynindən asdı və qan rəngində olan kəhər atı minib uzaqlarda görsənən dağlara tərəf çapdı.

 Payızdı deyilənə görə. Təbiət ölüm yatağında su- su deyə inləyir, baharda yaşıllığı ilə meydan oxuyan çəmənlər bozarmışdı. At bacara bildiyi qədər mühkəm qaçır, belindəki əmanəti qarlı dağlara çatdırmaq istəyirdi. Qarı – buzu heç əksik olmazdı bu dağların. Atın belində külək gözlərinə toxunduqca kövrəlir, aradabir gözlərindən qaçan damcılara da əngəl olmurdu. Bu qartal yuvası necə düşmən əlində ola bilərdi axı. Isti yay günəşinin gücü yetmirsə bu zirvələrdəki qarları əritməyə, axı düşmən bizə necə qalib gəldi, necə itirdik azadlığımızı, necə?! Bu qədər nifrətlə dolandan sonra geriyə iki yol qalırdı. Ya öz nifrətində boğulacaq, ya da azadlığını əlindən alanların başına ölüm yağdıracaqdı….o, ikincini seçmişdi. Ölümü gözləmək yerinə ölümə özü getməyi..

Onun kənddən çıxıb, dağlara doğru yol alması xəbəri artıq düşmənə çatdırılmışdı. Ən azından kənd sakinlərinin- ən əsası da qoca anasının və bacısının həyatı təhlükədə deyildi. Gecəni meşədə keçirməli oldu. Qaranlıqda kəhər at qayalardan uçub, yaralana bilərdi. Atın ipini qoluna bağlayıb uzandı. Beləliklə at uzaqlaşsa vəya hər hansı bir təhlükə hiss edib hürksə yuxudan oyanacaqdı. Bir qədər sonra yorğun düşən bədəni yuxuya təslim olmuşdu.

 Bu meşədən çıxmamalıydı. Düşmən əsgəri belə bir əmr almışdı. Əgər dağlara çəklisə ətrafına adamlar toplanar və bu böyük bir üsyanın başlanğıcı ola bilərdi. Onun üçün gecəikən meşənin ətrafını yüzə yaxın əsgər tutdu. Sabah tezdən onu tutmağı planlaşdırırdılar. Deyəsən kəhər at da möhkəm yorulduğundan düşmən əsgərlərinin qoxusunu duymadı. Yer təzə- təzə aydınlanarkən güllə səslərinə oyandı. Məsələnin nə yerdə olduğunu anlamışdı. Tez atın belinə sıçrayıb qayalıqlara doğru çapmağa başladı. Güllələr başının üstündən, yanından keçib ağaclara, qayalara dəyib işıq saçırdı. Kəhər at var gücü ilə irəliyə doğru qaçır, qaçır.. qaçırdı. Birdən sol qolunda bir istilik hiss etdi. Qolundan aşağıya doğru axan isti mayənin qanı olduğunu anlamışdı. At son bir həmlə ilə özünü qayalıqlardan aşağıya- çaya doğru atdı. Yəqin ki, çoxdan ölüb. Bu hündürlükdən kimsə sağ qalmaz deyə düşündü orada olan bütün əsgərlər….

 Bəli, bu hündürlükdən kimsə sağ qalmazdı. Kəhər at qayalardan aşağıya çaya atıldı.  Qılçasının  dördü də sınsa da, belindəki sahibini sağ- salamaq aşağıya çatdırmışdı. Güc- bəla ilə ayağa qalxdı. Çoxlu qan itirdiyindən başı hərlənir, ayaq üstə dayana bilmirdi. Ancaq vəfalı dostunu- atını o cür görmək onu daha da üzdü. Atın ayaqları sınanda geriyə bir şey qalırdı- başına bir güllə vurmaq. Bunu vəhşilikdən etmirdilər. Sınan at sümüyü sağalmır vəya çox gec sağalırdı. Yəni, məqsəd heyvanı acı çəkməkdən xilas etməkdi. Indi burada güllə atsa düşmənə yerini bəlli edərdi. Məcbur xəncərini çıxarıb, əli əsə- əsə  dostunun başına çəkdi. Bu an gözlər bir- birinə toxundu, hər ikisinin gözündən də yaş axırdı…

Sol qolu demək olar ki, dəyən güllənin təsirindən parçalanmışdı. Qolunun bir daha sağalmayacağını, nə də onu istifadə edə bilməyəcəyini də anlayırdı. Yaradan bir az da qan axsa öləcəkdi… Bir təhər sürünüb çayın yanındakı mağaraya girdi. Canı çox yanırdı. Indi onun yerinə başqası olsa ağrıdan vəya qanaxmadan çoxdan özündən getmişdi. Ancaq hələki ayaqdaydı, lakin bu halın çox çəkməyəcəyini bildiyindən, son gücü ilə kol- kosdan balaca bir ocaq qaladı. Xəncərini qızması üçün ocağın içinə qoydu. Uşaqlıqda hər hansı bir yeri yaralandıqda üç yarpaqlı yoncalardan yığıb, əlində ovar yarasının üstünə qoyardı. Bunu bütün baba- nənələr özlərindən sonraki nəsillərə öyrədərdi. Gözləri ətrafda yonca axtarmağa başladı. Xoşbəxtlikdən axtardığını tapdı. Xəncər ocağın üstündə qıpqırmızı olmuşdu. Paltarından bir az cırıb, onunla xəncəri əlinə aldı. Ovduğu yoncalar da əlinin çatacağı yerdə idi. Düşünmədən qolunu uzanıb gedən ağac köklərindən birinin üstünə qoydu və xəncəri indirdi. Bir zərbədə sağ əli, sol qolunu bədənindən ayırdı. Qan bayaqkından da bərk axırdı. Dayandırmaq üçün isti xəncəri yarasının ağzına çəkdi. Insan ətinin qoxusu meşəni bürümüşdü. Daha ovduğu yoncalara toxunacaq gücü qalmamışdı…

 Elə ayılanda burnuna o ovduğu yoncaların qoxusu gəldi, ilk olaraq. Burada nə qədər yatdığını bilmirdi, ancaq daha qolundan qan axmırdı. Bir an qolunun yoxluğunu unudub, sağ əli ilə yaralı qolunu yoxlamaq istədi. Elə o dəqiqə də bir az aralıda kəsilmiş qolunu görüb, hər şeyi xatırladı. Yaranı dağlaması xeyir eləmişdi. Indi sadəcə yaranın sağalacağını gözləməliydi. Bir az da yonca yığdı yarası üçün. Çayda yaranı təmizləyib, əzilmiş yoncanı üstünə qoydu. Əl- üzünü yuduqdan sonra bir ağacın kölgəsinə uzanıb, düşüncələrə daldı .. görəsən bu tək qolla nəsə edə biləcəkdimi, daha doğrusu yaşayacaqdımı?! Bu yola çıxarkən savaşmaq üçün çıxmışdı, amma indi ona bir qulluq edən lazımdı. Sonu ölüm olan bu yolda sona qədər savaşacaqdı. Əlini xəncərinə aparıb, beş altı metr uzaqlıqda olan ağacı nişan aldı. Xəncər ağaca qədər getsə də batmayıb, ağacın yanına düşdü… əlini tüfənginə atdı, onu qaldıracaq gücü qolunda tapmadı..

 Yarası sağalana qədər onun savaşı yaşamaqdı. Bəli, həyatda qalmaq- sağalmaq üçün savaşmalıydı. Atının cəsədi olduğu yerdən bir az yuxarıda- çayın kənarındaca dururdu. Hələki qurd- quş toxunmamışdı. Əsə- əsə ora yaxınlaşdı. Atın budundan bir parça qopara bildi. Onu kiçik parçalara ayırıb yeməyə başladı. Qarnı doyandan sonra bir qədər güc hiss etdi ayaqlarında, tək qolunda…

Aradan on günə yaxın keçmişdi. Indi yarasından əsər – əlamət yoxdu. Tək əksikliyi ömrü boyunca yoxluğunu hiss edəcəyi qolu idi. Xəncəri istədiyi kimi atır, tüfəngini rahatca qaldırıb, sinəsinə sıxa bilirdi…sağaldığına görə boş dayana bilməzdi. Həm bir at əldə etmək, həmdə ailəsinə baş çəkmək üçün kəndlərinə getmək istəyirdi- çox təhlükəli olduğunu bilə- bilə. O günü də orada keçirdi. Sabah tezdən yola düşməyi planlaşdırırdı. Buradan kəndə elə çox yol yoxdu. Hər şey istədiyi kimi alınsa sabah axşama kənddə olardı. Kənddə gecə girmək istyirdi. Kimsə görsə xəbər edib, onu tutdura bilərdi. Nə yazıq ki, kəndin yarıdan çoxu düşmənə işləyirdi. Kimi bunu qorxusundan edir, kimi də yaltaqlanıb qulluq sahibi olmaq üçün…

 Sabah tezdən yola düşdü. Bu dağların, meşənin hər qarışı onun üçün əziz və doğma idi. Uşaqlıqdan bəri demək olar ki, meşədəki hər ağaca çıxıb, dağlarda olan hər qayanın dibində qoyun- quzu otarmışdı. Meşənin içindən keçən dar cığır ilə addımladıqca aşağıda çay, çayın o biri tərəfində isə dağları görmək mümkündü. Yavaş- yavaş payız küləyi yarpaqları ağaclardan qovur, torpaq isə onlara mehriban bir dost kimi öz sinəsində yer veriridi. Hər şey o qədər gözəldi ki, sözlərlə danışmaq mümkün deyil.. elə bax o palıd ağacı vəya onun yanındakı qoca göyrüc necə məğrurcasına dayanmışdılar. Külək hər dəfə özünü onların sinəsinə çırpdıqca, sadəcə gülümsəyirdilər, qorxudan tir- tir əsən kiçik ağaclardan fərqli olaraq..

 Artıq günəş batıb, gecə öz qaranlıq şalını dünyanın üzərinə salmağa başlamışdı. Kəndin yaxınlığındakı qayalıqda gecənin düşməsini gözləyirdi. Bir az sonra kənddən it səsləri gəlməyə başlayanda, əlini ağzına tutub qurd kimi uladı. Bu səsdən sonra kənddəki itlərin hürməsi demək olar ki, kəsildi. Bir az sonra doğma evlərinin qapısını astaca döydü. Ağlamaqdan gözləri şişmiş bacı qapıda qardaşını görüb, boynundan möhkəm qucaqladı. Bir xeyli onu buraxmadan ağladı. Nəhayət içəri keçib, acı həqiqəti öyrəndi. O, gedəndən sonra dəfələrlə qapıları çalınıb, təhdid edilmişdilər. Sonuncu dəfə də isə yaşlı anasına onun ölüm xəbəri deyilib. Bu acıya dayana bilməyən yaşlı qadının qəlbi dayanmışdı. Anasının dəfninə kənd camaatından kimsə yardım etməyib, qorxusundan. Bacı tək başına məhlələrində birtəhər anasını basırmışdı. Bu hekayə onundu- onun yaralı hekayəsi. Indi uşaq kimi ağlayırdı hıçqıra- hıçqıra. Bacı da qardaşının sol qolunun yoxluğunu təzə anlamışdı…

 Buralarda dayanmaq olmazdı. Bacısını da alıb çox uzaqlara getməli idi. Səhərə yaxın düşmənin ən yaxın qolbəylərindən olan Qulu bəyin tövləsinə girib, iki at çıxardı. Elə işıqlaşmamış da yola çıxdılar. Səhər atların yoxa çıxdığını görən Qulu beş nəfər əli silahlı nökəri ilə atları axtarmağa çıxdı. Bir – iki saatdan sonra iki nəfərin atları çarpdığını gördülər. Atları döyə- döyə, birtəhər onlara çata bilmişdilər. Arxadan altı nəfərin yaxınlaşdığını görüb, tüfəngini bacısına verdi. Əgər ona nəsə olsa arxasına baxmadan uzaqlaşmalıydı buradan. Özü atdan düşüb, xəncərini əlinə aldı. Qız isə uzaqlaşıb meşədə gözdən itdi- daha doğrusu meşədəki ağaclıqda gizlənib, olanları seyr edirdi. Qulu onu tək qollu görəndə lap gülmək apardı onu, ancaq yenə də atdan düşüb, onunla vuruşmağa ürək etmədi. Boynuyoğun nökərlərdən biri özünə güvənərək atdan düşdü. Yerdən əlində bir şax alıb, ona tərəf addımlamaq istəyirdi ki, birdən boğazının altında  istilik hiss etdi. Bu duyduğu son şey oldu. Tək qolu olsa da düşmənin cəld bir şəkildə boğazını kəsə bilmişdi. Qulu düşmən tərəfə yaltaqlansa da bu dağların insanı idi və  düşmənlə onun silahı ilə vuruşmalıydı. Tüfəngə onun üçün əl atmırdı. Həm bir nəfərə altı adamın tüfəng çəkməsi duyulsa heç vaxt bu dağlarda dolaşa bilməzdi. Bu arda  iki nəfər də atdan düşüb, ona hücum etdi. Iki nəfərlə boğuşmaq çətin olsa da, bir az sonra onların cəsədləri də payız çəmənlərini bəzəyirdi. Geriyə üç nəfər qalırdı. Qulu və iki nökəri. Üçü də birdən atdan düşüb, onun üstünə atıldılar. Bayaqdan bəri gücü tükənmiş, çox yorulmuşdu, ancaq yenə də mübarizədən əl çəkmirdi. Bu zaman meşədən bir atlı çıxıb, sürətlə onlara yaxınlaşdı. Qulunun kürəyinin ortasından bir deşik açmışdı qurşun. Güllə səsinə səksənən iki nökər də, səs gələn tərəfə baxmaq istəyəndə xəncəri ilə onların da işini həll etmişdi.

 Bacısı ilə əlçatmaz zirvələrə çıxıb, böyük bir qaçaq hərəkatını başlatdılar. Indi onların ətrafında yataqda ölmək istəməyən onlarca insan vardı. Ölümün gəlməsini gözləmək əvəzinə ölümə qaçan, onlarca insan…

 

Yazıya 739 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.