Imamverdi Ibrahimov – şeirlər…

PhotoYenə də qumlu dəniz sahili, dilsiz baxışın,
Varlığınçün bu xəyallarda bir az aldanıram,
Sənə hər damlası dəydikcə vəfasız yağışın
Yenə də hiddət içində boğulub qısqanıram.

Yenə sakitcə qoyaydım başımı dizlərinə,
Saçlarımda yenə də gəzdirəsən əllərini,
Yenə də şeir oxuyaydım baxaraq gözlərinə
Ötürək ömrümüzün aylarını, illərini.

Ürəyin şadlığı meydan oxusun qəm, kədərə,
Yenə də mavi sular bəstələsin nəğməsini,
Qorxudan yaz günəşindən gələcəksən nəzərə,
Qısqanıb salsın ağaclar üzünə kölgəsini.

Yenə axşamtərəfi meh gələ sakit-sakit,
Yenə yox olsun ürəklərdə kədər parçaları,
Axışır növbə ilə sahilə sakit-sakit
Yenə öpsün ayağından bu dəniz dalğaları.

Yığıb ulduzları ətrafına Ay cazibəsi,
Gecənin ritminə uyğun bu ürəklər döyünür,
Başlayır yer üzünə gəlməyə isti nəfəsi,
Günəş indi çıxacaq, artıq uzaqdan görünür.

Əllərindən tutub hər gün əlimi mən oyanım,
Yenə məstəm sənin eşqindəki sərxoşluqda,
Yenə də sənli xəyallardır əlimdən tutanım,
Yenə sənsizliyi xatırladan hər boşluqda.

***

Ruh istəyir öz zövqünü alsın,
Bəzən gəzirəm küskün həvəssiz,
İnsanlara bir xatirə qalsın,
Bəzən yazıram şeirimi səssiz.

Bəzən coşuram dalğalanınca,
Ruhum mələyin ruhuna oxşar,
Bəzən də ki təklikdə qalınca,
Ağlımdadır ən xırda günahlar.

Yaz mövsümü ən sevgili mövsüm,
Bəzən də fərəh hissi bir anlıq,
Bəzən üzümə qondu təbəssüm,
Bəzən də ki ruhumda qaranlıq.

Bəzən ümidim getdi saraldım,
Bəzən üzümün rəngi bahardır.
Bəzən sıxılıb küncə daraldım,
Bəzən iki dünya mənə dardır.

Bəzən çox həvəslə atıram can
Təklikdən uzaqlaşmağa hərdən,
Bəzən unudur Allahı insan
Ətrafda olan qəhqəhələrdən.

***

 

Qəlbən elə bir varlığa bağlanmışam indi
Dünyada özümdən də xəbərsiz gəzirəm mən,
Bir vaxtı təkəbbürlüyə aldanmışam, indi
Şükr Allaha qiymətdə dəyərsiz gəzirəm mən.

Çox dərdi olan var, mənimsə budu dərdim,
Kaş Haqqın hüzurunda üzü ağ ola bilsəm,
Əlbəttə çıxıb göylərə merac eləyərdim
Yerdə əgər insanlara torpaq ola bilsəm.

Daxildəki hər qorxunu sevgin ilə söndür,
Ver könlünü ol yarə, o yar gör ki, nə eylər,
Bir gün ki, günahsız keçər, əlbət gün o gündür
Aşiqlər o gün bayram edər, təntənə eylər.

Bir yol qoyub insanlar üçün, gəl yola sən də,
Yol da elə yoldur ki, görünmür sona doğru,
Qəlbən inanan da, Onu inkar eləyən də
Əslində xəbərsiz gedir hamı Ona doğru.

***

 

Tənha, gecə səssizliyi, gözlər yuxusuzdur,
Sevgiylə açan güllərimiz indi susuzdur.

Yalnız dolanır ruhum uzaq xatirələrdə,
Gözlər səni axtardı günəş batdığı yerdə.

Röyalara qərq olmuş ümidə qarışırdım,
Fikrimdə, xəyalımda səninlə danışırdim.

Sənsizliyin üfqündə düşündükcə darıxdım,
Bir səs eşidildi, atılıb tez çölə çıxdım.

Qəlbim elə çırpındı təlaşda, həyacanda,
Tək ağlıma sən gəldin, əzizim, həmin anda.

Gördüm ki, gələn qəmli xəzan yarpağı imiş,
Qopmuş budağından məni duymuş, mənə gəlmiş.

 

 

 

Yazıya 847 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.