Azərbaycan istiqlalının banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki büstünün üzərinə keçirilən torbanın çıxarılmasına onun nəvəsi Rais Rəsulzadə münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, nəvə Rəsulzadə deyib ki, büstün başına keçirilən torbanın çıxarılması çox müsbət addımdır və bu xəbər onu çox sevindirib:
“Torbanın çıxarılmasını sizdən öyrəndim. Mən bu məsələni əvvəllər də dəfələrlə araşdırmışam. Hər dəfə də icra hakimiyyətindən bildirirdilər ki, bu təmir işləri ilə əlaqədardır. Mən düşünürəm ki, büstün üzəri bilərəkdən örtülmüşdü. Damarında Azərbaycan qanı axan şəxslər belə bir addım atmaz. Hazırkı vəziyyət məni çox sevindirdi. Biz demirik ki, təmir aparılmasın. Sadəcə bu qədər uzun sürməsi təbii ki, bizi narahat etməyə bilməz”.
Rais Rəsulzadə büstün örtüyünün çıxarılması münasibəti ilə öz təşəkkürünü də bildirib: “Son günlər ona qarşı gənc deputatın mənfi mövqeyinə qarşı ANS öz mövqeyi ilə fərqləndi və mövzunu daim diqqətdə saxladı. Buna görə, ANS-ə təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, bu gün səhər saatlarında M.Ə.Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkında qoyulmuş büstünün başına keçirilmiş çuval səhər saatlarında çıxarılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları bu gün səhər parka gələrək çuvalı çıxarıblar.
Rəsulzadənin büstünün üzərindəki çuval bir neçə il önə keçirilmişdi. Parça ilə bükülmüş büst M.Ə. Rəsulzadənin Gəncədəki yeganə büstüdür. Bu torbanın əvvəlcə parkda aparılan təmir işləri ilə bağlı keçirildiyi deyilirdi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq çuvalın çıxarılmaması qalmaqala səbəb olmuşdu.
Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə son günlər ictimaiyyət arasında daha çox müzakirə mövzusuna çevrilib. Buna səbəb isə Milli Məclisin yeni seçilmiş gənc deputatının Naqif Həmzəyevin onun haqqında dediyi sözlər yalnız cəmiyyətdə deyil, həm də deputat həmkarlarının ciddi narazılığı ilə qarşılanıb. O, deyib ki, “mən Məhəmməd Əmin Rəsulzadə adında tarixi şəxsiyyət tanımıram. Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı”.
Məlumat üçün deyim ki, deputatın bu açıqlaması sosial şəbəkələrdə, mediada, həmkarları pislənilib. Hətta onun deputatlıqdan geri çağırılması üçün facebookda səhifələr yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Yazıya 643 dəfə baxılıb