Zirzəminin havası da qaralmışdı elə bil – göz-gözü görməməyi o yana dursun, adamın bu qaranlıqda nəfəsi daralır, ciyərləri tıncıxırdı. Nəm torpaq döşəmə hər nəfəsini verəndə kəsif mizgək qoxurdu. Görünür onlardan əvvəl də burda adamlar saxlanırmış. Rütubətin canına hopmuş qan, sidik və nəcis qoxusu bu qaranlıqdan ömürbillah gedən deyildi. Qızı onun çiyninə söykənib sol qolunu qucaqlamışdı, qorxudan ürəyi quş kimi titrəyirdi yazığın.
Onu qızının gözləri qabağında o ki var əzişdirmişdilər. Qollarını da açmamışdılar, əclaflar. Elə qolubağlı da zirzəmiyə tullamışdılar. Məftil biləyini kəsmişdi. Səlbiyə heç nə eləməsələr də vəhşi baxışlarıyla qızı yeyib bitirmişdilər. Atasının harayına çata bilməyən qızın bağırmaqdan səsi batmışdı. İki cantaraq erməni qızı güclə tutub saxlayırdı. Çırpındıqca köynəyinin düymələri qopur, sinəsi açılırdı, bu da onları dövrəyə alan quduz sürünü daha da nəşələndirirdi.
– Mən adi çobanam, bu müharibənin mənə heç bir dəxli yoxdur, buraxın gedim, ailəm nigaran qalacaq..! – kim idi onun bu yalvarışına baxan… Əksinə, təpiklərin sayı da çoxalırdı, zərbələrin gücü də. – Bircə balama toxunmayın, yoxsa…
– Yoxsa nə? – saqqalından kir süzülən döyüşçü avtomatın qundağıyla döyürdü indi onu. – De da, yoxsa nə, itin küçüyü!?
“Yoxsa daşdan olsanız da, qollarımı bağlasanız da sizidişimlə gəmirərəm, toxumunuzu kəsərəm, torpağınızın altını üstünə çevirib kökünüzə od qoyaram” – hər təpik yedikcə sözləri qana bulaşıb udlağında ilişirdi. Günahsız birini qatil yerinə qoyub linç edəndə, onun qatil olmaqdan başqa əlacı olmur. İncavara, bir zabit dəstəyə yaxınlaşanda döyənlər ara verdilər. Kim idisə “Niva” ilə gəlmişdi – “Yəqin komandirləridir” – ağzının qanını silib yazıq-yazıq onun üzünə baxdı. – Məni öldürün, amma qızıma toxunmayın… – mərhəmət dilədi ondan, – “Erməni olanda nolar, o da insandır, bəlkə…”. Amma zabitin gözü onun 17 yaşlı mələk qızındaydı. Yaxınlaşıb əlini qızın yarıaçıq sinəsindən içəri salanda ərtafdakılar arsız-arsız irişdi. Qızın döşünü azca sıxdı, şalvarının qabağını açıb yerdə sərili qalan atasının al qan içində olan sifətinə işədi, sonra da, – “Atın padvala, qızı mənə saxlayın” – deyib aralandı. Üz-gözünün sidiyini silib bircə bunu deyə bildi, – “Oğraşlar!”. Onu leş kimi sürüyüb yaxındakı kazarmaya gətirdilər, arxasınca da qızını. Kazarmanın taxta döşəməsinin balaca qapısını qaldırıbonu təpəsiaşağı zirzəmiyə buraxdılar. Çiyniüstə yerə dəyəndə bayaqkı küt ağrıların üstünə ildırım çaxdı elə bil. Səlbini taxta nərdivanla düşürdülər. Sısqa əsgər geri qayıdanda qızın dalını qucaqlayıb kərkindi, zirzəmidən çıxıb qapını örtəndə isə, – “Komandirdən sonra növbədə ikinci özüm olacam” – dişlərini qıza ağartdı.
– Sənin südünə..! – Dilqəm dişlərini qıcayıb erməninin dalınca mırıldadı.
“Gör nə günə qaldıq, başıma kül olsun mənim. Axı mənə deyən lazımdır ki, qan-qadalı vaxtda niyə naxırın ağzını “Qızıl qaya”ya döndərirsən – özü də düz meşənin kənarına? Demirsənmi, meşədən çıxıb səni qol-budaq edəcəklər”… – qolunu tərpətmək istədi, zoqqultuya zarıdı. Səlbi dinmirdi. Gözünün qabağında xurd-xəşil edilmiş, murdarlanmış atasına nə təsəlli verə bilərdi ki… Hələ qızın gözü qabağında erməni zabitin sünnətsiz alətini nümayişkəranə çıxarıb atasının üzünü murdarlayarkən ətrafdakıların pıqqıltıyla irişmələri… – nifrət qızın içindəki qəhəri çoxdan qovub çıxarmışdı.
Tövşüyürdü hirsindən, az qalırdı havalansın, – “Qızı zorlayacaqlar, bunun hıncı-mıncı yoxdu. Allah mənə ölüm versin, bu nə bəla idi uşağı saldım… Aman, ya Rəbbim, sən özün məni namusumda boğma. Son pənahım sənsən, qurtar bizi bu binamus, zalım kafirlərin əlindən. Ucuz ölüm ver mənə, kor-kar elə məni, təki qızımın murdarlandığını gözüm görməsin, çığırtısını qulağım eşitməsin. Yazıq balam, axı nə günahın sahibiydin sən?” – başını qızının saçına söykədi, onun telini sığalladı, – “Qızım, qorxma…” – qəhər hulqumunda düyünləndi, əli yanına düşdü, – “Necə qorxmasın? Bir azdan üstündən bir alay keçəcək – Allah götərməsin…” – pencəyinin yaxasıyla hələ də sidik qoxan qanlı üzünü sildi.
Elə bil min ilin küsülüləriydilər, lal-dinməz bir-birinə söykənib oturmuşdular. Danışmağa, bir-birinə deyəcək o qədər sözləri vardı ki.., amma, olacaq başa gəlmişdi, onları gözləyən qədər ikisinə də gün kimi aydın idi.Danışmağa, təsəlli verməyə heç bir lüzum yox idi…
Döşəmə taxtalarının arasından seyrək işıq süzülürdü.Beyninin guppultusu az qalırdı qulaqlarının pərdəsini cırsın, – Sənin nə günahın vardı axı… Atana çörək gətirmişdin. Dürməyimiz heybədə, suyumuz boğazımızda qaldı. Kimin ağlına gələrdi ki, bu bişərəflər meşənin içiylə bu qədər irəliləyərmişlər. Bəs bizim qırılmış əsgərlərimiz kordurlar, hara baxırlar görəsən?
– Həmişə sürünü otardığımız yer idi, nə ağlımıza gələrdi… – Səlbinin xırıltılı səsi onun içini tərpətdi.
– Öz ayağımızla düşmən tələsinə düşdük…
…Zirzəminin qapısı açılanda Səlbinin canına üşütmə düşdü, atasının qolunu bərk-bərk qucaqladı, çiyninə qısıldı. Nərdivandan düşən yenə həmin sısqa erməniydi. Türkcə, – “Vaxtdır, komandir səni istiyor” – əyilib Səlbinin qolundan dartdı.
– Ata, qurban olum, bağışla məni, haqqını halal elə! – kömək istəmədi, kömək edəcək halı və qüdrəti yox idi atasının. Əyilib atasının boynunu qucaqladı, sidik qoxulu üzündən öpdü və gözlərinin yaşını silib nərdivana doğru yeridi. Dilqəm güc-bəla dikəlib qızını qucaqladı, indi onun qızına deyəcəyi o qədər sözü var idi ki, ancaq zamanı yox idi. Can çəkişə-çəkişə nərdivanı çıxdı Səlbi. Yuxarıda – işığın altında tir-tir əsən qızı ona əlini uzatdı, – “Ata!”. Əlinə qaranlıq havanın rütubət qoxusundan başqa heç nə keçməyəndə ovcunu sıxdı. Qapı tappıltıyla bağlananda elə bil Dilqəmin namusu qapı arasında sıxıldı – içində qıvrılan qəhəri körükləməyə ancaq gücü yetdi. Dizüstə çöküb sinəsini, başını yumruqladı. Addım səsləri itən kimi dalıqatda sərilib sinəsini yırtaraq ağızdolusu hönkürdü…
– Qız əkdiyin yerdə belin qırılaydı, Dilqəm. Çobanlıqdan başqa bir işim, bir günahım olmayıb, bu hansı günahımın cəzasıdır mənə çəkdirirsən?! Yoxsan, adına and olsun ki yoxsan! Kişi deyilsən, adamlığın da yoxdur, nə qeyrətin, nə də namusun var sənin! Olsaydı, şəninə oxunan mədhiyyələri, duaları bir tərəfə tullayıb mənim halıma yanardın, mənə bir çarə qılardın. Oğlan olsaydı, gözümün qabağında tikə-tikə doğrasaydılar da vecimə almazdım, əldən gedən qızımdır, İlahi, namusumdur, qeyrətimdir! Bu saat yardımına ən çox ehtiyacı olan bəndən mənəm. Sən namərdsən, bunca illər boşuna sənin adına sığınmışıq demək… Qızımı indi zorlayanlar, qoy sənin də qızını zorlasınlar, onda bilərsən nələr çəkdiyimi. Gücün yetirsə, heç olmazsa mənə ucuz bir ölüm ver… – “Alçaq türk, sənə bu da azdır!” – hönkürtüsünə yuxarıdakı əsgərlər şənlənirdi.
Yüyürüb nərdivana çıxdı, salamat çiyni ilə ha gücəndisə, qapını aça bilmədi. Döşəməyə yıxıldı…
– Qapında itin olum, ya Rəbbim, qızımı xilas elə. Neynirəm iş-işdən keçəndən sonra verəcəyin səbri. Mənim, qızımın canını al, amma onu kirlənməyə qoyma. Bu ölümdən betərdir. Qız uşağı hər evin namus çırağıdır, evimin çırağını söndürmə, insafsız. Qoy qollarımı kəssinlər, boynumu vurdur, amma məni namus yarasıyla sağ buraxma. Rüsvayçılıq ömürdən uzundur, məni rüsvay eləmə. Allah, Allah, ay Allah.., yatma, dur, qurbanın olum, dur, qoyma qızımı kirlətsinlər, göstər allahlığını… Qazan qarası gedər, namus qarası getməz, namussuz kişi Allah yolunu getməz, kişi. Kişi ol, uzat əlini, göstər qüdrətini, göstər! Tək dostum sən ol, qoyma dostunun namusunu zorlasınlar. Gözümdən düşmə, Allah. Hər kişinin çarəsiz qaldığı an olurmuş, tut əlimdən, mənə kömək elə, tək pənahım sənsən… – gah dizlərinə döyür, gah yerdən torpaq götürüb üz-gözünə sürtür, ağış-burnuna doldurur, hərdən də qulağını döşəmənin işıq süzülən yarığına şəkləyirdi. Bircə, qızının çığırtısını eşitmək istəmirdi…
– Qızım, gözəl qızım… Anamın adını qoydum ki, adıyla böyüyəsən, adım da getdi, qızım da, anam da. Hər şeyim səninlə getdi. Zavallı balam, axı nə gördün bu dünyada… Səni dağlarda kəklik kimi səkən görəndə bəxtəvər olmağını necə istəmişəm, bir bilsən… Sən hər kəsin qızı kimi deyilsən ki, sən mənim gözlərimin nuru, ağzımın dadıydın. “Dadıydın” yox, dadısan, ayaqlarının altında ölüm, qızım… Əlimdən bir şey gəlmir, qurbanın olum, bağışla bu nakəs atanı. Sənə ata olan günümə daş yağaydı, ananın qarnı yırtılaydı, mənim belim qırılaydı səni əkib-doğduğumuz yerdə. Ona görə qız uşaqları doğulanda diri-diri basdırırmışlar… Ağır yüküymüşsən, çox ağır, Səlbi, mələk balam…
Zirzəmidə vargəl edəndə ayağına nəsə ilişdi. Su dolu vedrəydi. Vedrəni götürüb işıq sızıntısının altına qoydu. Özünü görə bilmədi. Üzünə su çırpdıqca qızının gözəlliyini gözləri önünə gətirib ağlayırdı. “Yazıq xocalılar, başınıza nə oyunlar açıbmışlar sizin… İndi öz başıma gəlir inanmadığım şeylər. Anam mələr qaldı…”. – Ana, Allah nainsaf çıxdı, bizi dayaqsız qoydu, ana…
Dilqəm başını itirmişdi, atalıq, kişilik kələfinin ucunu taleyin əlinə verib havadan asılı qalmış, həyatın sükanını alın yazısının hökmünə vermişdi. İndi o, çayda üzən saman çöpüydü, ondan yapışacaq, imdad diləyəcək bir nəfər vardı, o da əli boşa çıxan çarəsiz qızıydı. Ürəyinə dammışdı ki, Allah ondan üz döndərib və onun imdadına yetməyəcək. Əyilib suya baxdı – anasını görmək üçün…
Anası görücü kimi məşhur qadın idi, oğluna təbiətlə bütövləşməyin çox sirrini öyrətmişdi. Yolda gülə-gülə söhbət edib bir iş dalınca gedən yerdə qabağına çıxan bir təsadüfi adamın qara taleyini görüb pəjmürdə olurdu və oğluna heç nə demədən kor-peşiman evə döndükləri çox olmuşdu. Elə hər şeyi görə bilməsi onun ən böyük başağrısı idi, axırda onları insanlardan uzaq dağlara çəkmişdi, oğlunu çoban eləmişdi. Yazı-yayı yaylaqda çadırda qalırdılar, bir də payızın ortalarında düşərdilər kəndə. Dilqəmin atası və yaşı ötmüş bacısı kənddə qalırdı.
Anası ona öyrətmişdi: – Xəyal eliyəndə, bir şey arzulayanda elə et ki, Allahın sehrli əli istədiyin o şeyi alın yazına yaza bilsin. Yoxsa, sənin zorla yazdığını Allah alın yazından elə silər ki, xəbərin də olmaz, əvəzində isə sildiyi yerə əzab yazar. Allaha xoş gəlməyən, insafsız şeyi arzulama. Allahın da ruhu var, onun ruhuduryeri nəfəsiylə isidən. Allahın ruhuyla alın yazın üst-üstə düşəndə, sən istədiyini Allah da istəyəndə, bax həmin arzun həyata keçəcək. Allahın ruhuyla uyuşmaqsaat əqrəbinin dalınca düşən zamana bənzəyir – əqrəb qaçır, zaman geridə qalır və xəyal etdiyin həyata keçə bilmir, çünki, sən yalnış arzunun arxasınca düşmüsən. Allah dayanıb səni gözləməyə borclu deyil. Necə ki deyirlər, – “Sənin arxasınca qaçdığın nemət hələ sənin deyil, sən öz qismətini gözləməlisən” – sən dayanmadan irəlilə, geridə qalan qismətin özü səni gec-tez yaxalayacaqdır. Ümid və xəyyalar arxasınca çırpınan ürək həmişə ağrıyacaq. Allahın ruhunu tutub getməlisən. Dünyanı qorxunc bilənlər üçün dünya həqiqətən qorxuncdur. Amma çarə var – dünyanı olduğu kimi yaşamağı bacarmaq, zamanı tələb etdiyi kimi yaşamaq. Sahib olduğumuz şeyləri itirməkdən ona görə qorxuruq ki, Allahın ruhu əlini bizdən üzə bilər – axı bunu yazan Odur… Amma sidq-ürəkdən istəyəndə Allah da bizimlə həvəsli davranır. Qəlbini dinlə, o, hər şeyi səndən yaxşı bilir…
Bir dəfə yarğandan yıxılanda ayağı burxulmuşdu. İki il bundan qabağın söhbətidir. Dilqəm onda ölümdən qorxmuşdu. Anası onun ayağına yaxu qoya-qoya elə danışırdı ki, özü-özündən utanmışdı. – Əzab çəkmək qorxusu ağrının, əzabın özündən də pisdir. Bu dünya bundan da gözəl bir dünyanın olduğunun sübutudur. Allahın Ruhuna qovuşanda hər şeyin doğru olduğuna əmin olacaqsan – Allahın imtahanı nə qədər acı olsa da… Allah sənə heç vaxt xəyanət etməz, ondan gözləmədiyin zərbəni sənə vurmaz. İnsanın ruhunda torpağın, hava, su, işığın hərəsinin ruhundan bir azcası var – ona görə onlar kimiyik – gah nurlu, gah sərin, gah da hirsli… Allahın ruhu bütün ruhların bütövüdür. Külək səhranın ruhuyla bir cür danışır, meşənin ruhuyla bir cür,dənizin ruhuyla başqa bir cür. Allahın ruhunu tuta bilsək həyatımızda fırtına, tufan olmaz. Bir işi görməyə əminliklə qərar vermisənsə, Allahın ruhu da səninlə olacaq deməkdir…– o, sanki Allahın ruhundan vəhy alıb ayə-ayə oğluna çatdırırdı.
“Budurmu mənim qismətim?” – çıxan qolu qucağında o baş-bu başa var-gəl edib durmuşdu. Qəfil qopan həyacan siqnalının səsi iliyindən ildırım kimi elə keçdi ki, namusun məhz ilikdə olduğunu kəsdirdi – iliyi mələdi, sümüyü gizildədi elə bil. Zirzəminin tavanında tələm-tələsik ayaq səsləri basabas salanda, – “Allah hey, indi bizimkilər gələ…” – gözünü tavana dikdi. – Sənə qurban olum, Allahım, bağışla məni, hədyan danışdım haqqında, göstər şücaətini, itin-qurdun olum, gəl xilas elə bizi”… Yuxarıda kazarmaya tələsik girib-çıxanların, metal cingiltilərinin sayı artırdı. Əsgərlər silahlarını götürüb kazarmadan qaçırdılar. Az keçməmişdi ki zirzəminin qapısı açıldı, həmin sısqa erməni Səlbini biləyindən tutub pilləkənin yarısınadək enməyini gözləyəndən sonra əlindəki alüminium falqadan olan qabı qıza verib qapını örtdü və üstdən kilidlədi. Qapı örtülməmiş kəsdirdi ki, Səlbinin saçı islaqdır və əyninə hərbi kamuflyaj geyinib. Öldü, qanı damarlarında dondu, əlləriylə üzünü qapayıb bir küncə qısıldı, yumaq kimi büzüşüb dizüstə çökdü. İçin-için hıçqıranda Səlbi əlini onun çiyninə qoydu, – “Ata, üzmə özünü, salamatam, heç nə etmədilər – macalları olmadı. Elə mən hamamdan çıxan kimi həyəcan siqnalı verildi, məni birbaş bura gətirdilər. Deyəsən bizimkilər hücuma keçiblər. Bəlkə bizim əsir düşdüyümüzü bilirlər, bizi xilas etməyə gəliblər?”… – atasının boynunu qucaqladı, – “Alnımıza nə yazılıbsa, o da olacaq. Qədərimizi yazan, ancaq özü poza bilər. Küləyin havada yellədiyi quş lələyi kimi çarəsizik, ata. Mənə görə özünü üzmə”…
– Deyirsən sənə toxunmadılar ..? – üzünü qızının yanağına sürtdü.
– Quran haqqı, yox…
Tavanın qapısı sanki aralı qalmışdı – işıq bu aradan düz onun üzünə düşürdü, – “Allahım, səndən gələn iynə ucu boyda işıqda nə qədər güc varmış… Göstər özünü, yorulma məndən, sən adilsən, rəhmansan, sənin ruhun istəməsə, kimsə ruhuma toxuna bilməz. Yazmısansa, özün sil alnımızdan namussuzluğu, bizi öz kölgənə al… – içinə bir arxayınlıq gəlmişdi. Çıxıb qapını bir də itələdi, açılmadı və qapıdan heç bir işiq gəlmirdi. Qolunu qızının boynuna dolayıb sakitcə ləngər vurdu.“Bəlkə də çaylar ona görədir ki, insan balıqları görüb özlərinin sağ olduqlarına sevinsinlər” – anasının səsi qulaqlarında cingildəyirdi. – “Allahın min bir sifəti var, onu hər cilddə görə bilərsən”. Allahın lap yaxında, elə qulağının dibində olduğunu hiss edirdi. Əl atsa, Allahın nəfəsinə toxunacağına inanırdı indi, – “O burdadır, bizimlə birlikdə qaranlıq zirzəmidədir. Ta bizə ölüm yoxdur… Sısqa erməninin surətində gördüm Onu – əlindəki qutunu verəndə mərhəmətliydi. Bu Allahıydı, erməni deyildi”.
– Qabdakı nədir? – pıçıldadı.
– Yeməkdir – qabın qapağını açıb əliylə yoxladı – Aşdır…
… Xeyli vaxt idi ki, yuxarıdan ins-cins səsi gəlmirdi, – “Allah eliyə hamısı qırılalar…” – içini dincliyin narahatlıqla çuğlaşdığı əcaib bir hiss bürümüşdü. Özünün burda olduğunu göstərən Allahın onları tərk edəcəyindən əndişələnirdi. Düşmənin kazarmaya qayıtmağını istəmirdi.Səhər yediklərinin üstündə olsalar da yeməkdən bir loxma da dadmadılar. Vedrədəki, Allah bilir nə vaxtdansa qalan sudan içib aqibətlərini gözləyirdilər.
“Üşüyür balam” – salamat qoluyla onu qucaqlayıb yenə də səssiz-səmirsiz küncdə oturdular. Çiyninin ağrısı yenidən körükləməyə başlamışdı. Hər tərpəndikcə üz-gözünü, ağzını büzür, dodaqlarını gəmirir, səssizcə dişlərini bərk-bərk sıxırdı.
Kazarmada işıq yananda, ayaq səsləri çoxalanda yuxudan ayıldı. Həmişə çomağına çənəsini dayayıb ayaqüstə quş yuxusu yatmağa alışmış adama təəccüblü gəlirdi belə dərin yuxuya dalmağı. Yerində qurcuxanda qızı da başını onun çiynindən götürüb səsə diqqət kəsildi. Qızın nəbzi təzədən həyacan təbili çalırdı, yenə atasının qolunu qucaqlayıb titrədi. Qızının pilə kimi yumşaq döşünü biləyində hiss edirdi, – “Altda heç nəyi yoxdur”. Nəsə Allahın nəfəsini duya bilmirdi indi, – “Özün kömək ol, burda buraxma bizi” – ürəyində Allahın qabağını kəsib durmuşdu.
Yenə də kimisə eşikdə möhkəmcə əzişdirirdilər. Zavallı gah bağırır, gah onların ana-bacısına azərbaycanca söyür, gah da səsi kəsilir və küt təpik tappıltılar eşidilirdi ancaq. Səslər eşikdən kazarmanın içinə sürüklənəndə ata-bala həyəcanla yerlərində dikəldilər. Səlbi büzüşüb atasının qoltuğunda gizlənmişdi. Qapının kilidi açılanda ilikləri yenidən gizildədi.
Əsir düşən Azərbaycan əsgəriydi, ağ-yaşıl xallı gen maskaladdaydı.İki nəfər onun qoluna girib qapıya tərəf sürüyürdü. Paltarını qurşağınacan cırıc-cırıq etmişdilər. Enli sinəsində, əzələli çiyinlərində təzə kötək qançırları qıpqırmızı görünürdü. Onu nərdivanyenişə zirzəmiyə buraxdılar. Deyəsən huşu özündə deyildi, ayaqları nərdivanda ilişib qaldı. Qapı bağlanan kimi Dilqəm qızıyla köməkləşib oğlanı öz künclərinə sürüdülər. Əsgərin üzünə su vuranda, gördü ki, qulağının ikisini də kökündən kəsiblər.“ Bay sizin zatınıza lənət, dəyyuslar!” – pencəyinin astarını söküb ikiyə böldü, suda isladıb bərk-bərk yaralının qulaqlarına basdı. Pencəyini parçalayıb dayanmadan onun üz-gözünü isladırdı. Dilqəm üçün bu huşsuz adam zirzəmidən qaçarkən yaxalanan Allahın özüydü – “Bu adam bizi xilas edəcək tək pənahımızdır. Durub-durub bu adamı boşuna göndərməz bura, o, tanrının xilaskar əlidir”.
Huşsuz əsgərin başının üstündən çəkilmirdilər. Amma qaranlığın qarasında heç nə seçilmirdi – qaranın qaranlığı öz içində əritməsiydi bu. Döşəmədən işıq da sızmırdı daha. “Tanrının ruhu burdaydı, bəs nuru niyə qaraya bürünüb, yoxsa xilas əlini uzatmaq istəmir..? ”. Bayaq tək qalanda yan-yörəsində ayaqlarını sürüyə-sürüyə özünü və qızını öldürə biləsi nəsə axtarmışdı, tapa bilməmişdi. Öz əli gəlməzdi qızını boğub öldürməyə. İndi, – “Bunun huşu özünə gəlsəydi, bəlkə bizim canımıza qıyardı – baxma, nə qədər də olmasa məndən ciyərli olar, dava-şava görmüş adamdır”.
Yuxarıda əsgərlərdən birinin qaz səsi gəldi – “Gecə düşübmüş, yatıblar”… Dodaqları qaçdı, – “Görəsən İslam bildimi ki, sürü başlı-başına qalıbsa, demək dostunun başı əldə deyil?”. Hər dəfə onun yanında utanmadan qaz buraxanda, – “Naleyi qaz”dır, keç günahımdan” deyirdi. “Korafəhim şeydi, yəqin yenə əxlaqsız şeirlər düzüb-qoşur. Onun bircə dərdi var ki, əlinə bir adam keçən kimi sərək lətifələrlə, biədəb şeirlə onu uğununcaya qədər güldürsün. Hardan ağlına gələr ki, bizi ermənilər əsir götürüb. Yaman darıxdım səninçün, İslam. Sənin o dərələrdə əks-səda verən segahların, gic-gic şeirlərin, gülməli lətifələrindən ötrü darıxdım, qardaş. Allah, məni öz dərələrimə, dağlarıma, bulaqlarıma alnıaçıq qovuşdur. Ya da ucuz ölüm ver mənə, qurtar məni bu zülmət qaranlığın əlindən”…
Oğlan qımıldandı. Əlhavasına onun üzünü yoxladı, – “Ayıldın? Necə hiss edirsən özünü?” – onu boynunun dalından tutub dikəltdi, küncə söykənməyinə yardım etdi.
– Hardayıq..? – oğlan əlini onun üzündə gəzdirərək soruşdu, – Siz kimsiniz?
– Mən də azərbaycanlıyam, qızımla birlikdə əsir düşmüşük – bu gün səhərdən burdayıq… Kazarmanın zirzəmisindəyik. Yavaş danış, əsgərlər üstdə yatırlar.
– Qızınız hanı bəs?
– O küncdədir, – Səlbi, yaxın gəl… Astadan danışaq ki, namərdlər oyanmasın… – qızının biləyindən tutub aşağı oturtdu.
– Kimsən, necə əsir düşmüsən? – əsgərin qulağına sarıdığı əskinin düşmədiyini yoxladı.
– Snayperəm. Vadonu ovlamağa çıxmışdım, özüm onun ovu oldum, əclaf məndən fərasətli çıxdı. Baldırımdan vurdu, qaça bilmədim, özümü vurmağa da macal vermədi. Kopayoğlu çox mahir ovçuymuş. Bu oyunda mən uduzdum… Andronikə söydüm, acığa, iki qulağımı da kəsdi… – azca inildəyib yerini rahatladı. Canıbərk, sağlam oğlan idi.
– Allahdan ümid kəsilməz, Allah böyükdür…
– Belə yerdə Allaha güvənmək axmaqlıqdır, əmi. Neçə yaşınız var?
– 47. Qızımınsa, 17.
– İşgəncə verdilər?
– Xeylax təpikləyiblər, zirzəmiyə atanda isə çiynim çıxıb.
– Yaxın gəlin… – Dilqəmin biləyindən yapışdı, – Bu qolunuzdur?
– Hə. Neynirsən..?
– İndi ağrıdacaq, səsinizi çıxarmayın – çiynini, körpücük sümüyünü bir az əlləşdirəndən sonra qəfildən onun qolunu dartıb geri oturtdu. Sümük şaqqıltıyla yerinə oturanda Dilqəmin gözü qaranı da seçmədi, dilini-dodağını gəmirdi. Xeyli müddət dirsəyini qucaqlayıb durdu. Səlbi ovcunda ona su gətirdi, – “İç…” – pıçıldadı. Su qan dadırdı…
– İndi necədir, yenə əvvəlki kimi ağrıdır? – oğlanın təmkini, ah-vay salmamağı ona toxtaqlıq verirdi.
– İndi yaxşıdır, azca zoqqultusu qalıb, – yavaş-yavaş qolunu tərpətdi. – Səncə aqibətimiz necə olacaq? – ağıllı bir təsəlli eşitmək istəyirdi.
– Necə olacaq, sabah gün çıxan kimi ikimizi də güllələyəcəklər… Bəlkə, hələ qızı öldürmədilər, – çox zalım qərar oldu Dilqəm üçün,– Qıyacaqlar qızına… – yarası gizildədi deyəsən, ufuldayıb ikiqat əyildi,– Siz necə əsir düşmüşünüz bəs?
– Həmişə qoyun otardığım örüşə yaxınlaşıblar, xəbərimiz olmayıb. Çobanam. Meşədən çıxanda elə bildik ki, özümüzünkülərdir. Qol-budaq eliyib meşəylə sürüdülər bizi. Sonra da maşına mindirib gətirdilər buraya.
– Bədbəxtlər… Neyləyəsən, qismətdən qaçmaq olmaz, olacaq olmalıdır…
– Qızım yanımda olmasaydı, heç nə vecimə olmazdı, qız bütün əl-ayağımı bağlayıb… Başa düşürsən?
– Anlayıram… Sabah Allah bilir başımıza nə oyun açacaqlar bu şərəfsizlər. Bizimki də buraya qədərmiş… Bizə öyrədiblər ki, ancaq indi var, indini yaşamalıdır ağıllı insanlar. Növbəti saniyəni görməyə bilərsən. Həyat yaşadığın andan ibarətdir. Sabaha sağ çıxsan, bu gün də adi xatirədən başqa bir şey olmayacaq səninçün.
– Görəsən saat neçədir – sabaha az qalıbmı, yoxsa, hələ axşam yeni düşüb?Vaxt azaldıqca insan ölməyə lap tələsirmiş. “Ölsəydik canımız bu əzablardan qurtarardı” – çoban dostu İslamın sözüydü. Gülümsəməklə peşimanlıq arasında çaş-baş qalan qaranlıq gözlərini əsgərə dikdi ki, bəlkə onun üzündə bir ümid görə bildi. Allahın ruhunda öz alın yazısını axtarmaq istədi qara rəngin qaranlığında. Heç nə sezməyib gözlərini yerə dikdi – “Bu qaranlıqda ölümdən başqa heç nə görünmür. Lənət şeytana, kaş ki, heç sabah açılmayaydı”… – içinə dolan dəli fikir ona vicdan əzabı verirdi. Yaxşı ki, qaranlıqda onun sifətinin necə pörtdüyünü görən yox idi. Daş qayaya rast gəlmişdi içində. Allahın saf dili qarğış söyləyirdi ona elə bil. Allah onu övlad sevgisiylə imtahana çəkmişdi və fikrindən dönənə oxşamırdı…
Anasının ruhuna sığınmaq qalırdı, – “Hər kəsi gözləyən başqa biri var. Hamını gözləyən biri də var – Ölüm. Ölümlə rastlaşandaonaəsl lazım olanın məhz o olduğunu gözləriylə bir-birinə anladarlar. Bu zaman bütün keçmiş, gələcək öz mənasını itirir – insan o anı yaşayır və o andan etibarən yaşayır. O zaman Allahın Ruhu da sevinir. Ölüm ona Allahın bütün sirlərini açır, Allahın dilini öyrədir, tor gözlərini açır. Bu dünyada Allahın bağışlamayacağı günah yoxdur. Dara düşəndə iki qərardan birini verməlisənsə, ürəyini və vicdanını sakitləşdirəcək qərarın üstündə dayan. Ölümqabağı rahatlıq – bu çox vacibdir”…
…İndi onun əl-ayağına dolaşan Allah nuruna ehtiyacı yox idi. Allahın üzü qara, əli ətəyindən uzun idi onun qarşısında. Anasının ruhuyla onun alın yazısı bayaqdan üst-üstə düşmüşdü. Ölümlə görüşməmişdən qabaq boynuna düşən qərarı verməliydi, – “Yəqin ki yuxarıda saniyələr saat əqrəbinin arxasınca təngnəfəs qaçır”. İçini dəlik-deşik edən namus hissinin başını öz əlləriylə əzməli və bu fani dünyaya gözlərini rahat yummalı idi. Amma qulağıkəsik Azərbaycan əsgərini ram etmək lazımdır, – “İnandırmaq lazım gələcək…” – ağrıyan qolunu qucağına alıb öz küncünə qısıldı.
– İnsan əvvəlcədən öləcəyini bilsəydi dünyaya gəlməzdi. Qarşıdakı olacağa hazırlanmaq üçün sabaha can atır insan. Sabah nə olacağını bilsəydik, nə gələcəyimiz olardı, nə də öz həyatımız. Qoy sabah olacaq şeylər səni mat qoymasın, dərdlər isə sənə indidən dərd olmasın, onsuz da dəyişmək iqtidarında deyilsən. Sabah ölmək bu gün ölməkdən yaxşıdır. Hər gün yaşamaq ölümə hazırlanmaq üçündür. Bu, həyatın qanunudur – sanki qaranlıq zirzəminin ruhuydu danışan – Dilqəmin ruhu dil açmış və dilinin altında alın yazısını üzündən oxuyurdu:
– Ölüm acısını aşmaq istəyirsənsə, içindəki hər cür sevgini cilovlamalısan, ram edib itaətinə almalısan. Sevdiklərin həmişə ölümqabağı öz başına bəla, yük olur. Onlarla xeyli yol getmisən, birdən biri dizlərini yerə qoyub səni yarıyolda qoyur, eləsi də var ki, səni ötüb gedir, səni arxalarınca səsləməkdən yorulmurlar, dallarınca ha çığırırsan, səni gözləmədən gözdən itirlər. Dizlərini yerə qoymağa macal vermirlər sənə. Mən qızımı çox sevirəm. Allahın ruhu istəyən kimi. Amma sabah Allahın ruhu məni tək qoymayacaq ki… Heç ağlına gətirirsən doğma qızını gözlərin qarşısında kirlətməyin acısını? Onun namusunu kirlədən adam özümüzdən biri olsaydı, bəlkə də heç bu qədər dərd etməzdim… – qaranlığın səsi zirzəminin ruhunu əzirdi indi…
– İnsan savaşların övladıdır. Günahsız dünyanın bəndələri kimi günahlı dünyaya düşmüşük.Bunu istəyən biri var. Mən Allahın bu qaranlıqda alçaq səslə zarıdığını eşidə bilirəm. O artıq öz qərarını verib – “Bu dəfə alın yazınızı yaşayacaqsınız” deyir mənə.Mən bütün ömrümü dağlarda, meşələrdə, çöllərdə keçirmişəm. Onların hər birinin ruhundan məndə azca da olsa var. Mən təbiətin dilini bilirəm. Ona görə meşədə, bulaqda, çay kənarında ruhum sevinir, ayaq tutub uçur məndən. Amma bu gün içimdəki ruhum kömürdə yaşayan meşənin ruhu kimidir. Sabah – “Yerin behişt olsun, Allahın Ruhu” – deyəcəm və Onun məndəki əmanətini üzünə çırpacağam…
– Ruhumun mayasında tüstü, savaş yoxdur mənim. Əgər ikimiz də eyni əldən çıxmışıq və eyni ruhdan yaranmışıqsa, mənim nə istədiyimi anlamalısan… Fərqimiz ondadır ki, sən Allahın Qadın ruhundan yaranmısan…
– Ata! – Səlbi atasının yanından durub digər küncə keçdi, bunun adı utanmaq idi.
– Səni sevməyi öyrəndim bu dünyada. Kim bilir, o biri dünyada nə var, bizə nələr öyrədiləcək… Amma səni itirmək üzrə olduqca, ölümüm lap yaxınlaşdıqca Yaradanın Ruhunu daha aydın görürəm. Bilirəm ki, sabah bu Ruh uçacaq məndən…
– Sən sayaqlayırsan, ata?! – Səlbinin səsinin titrədiyini hiss edirdi.
O isə ilişmiş val kimi səsinin tonunu dəyişmədən, tövrünü pozmadan danışırdı:
– Ölüm olmasaydı insan həyatı diqqətlə yaşamazdı, heç vecə də almazdı. Allahın görünən üzü Dünyanın özüdür, görünməyən üzü Axirətdir – cəhhənəmi və cənnətiylə. Biz ölərkən Aləmin ruhuyla birləşirik. Külək də, dəniz də eyni Ruhdan yaranıb, eyni eşqlə dalğalanır, bərəkətini yayır, sonra səngiyir və ölür…
– Yaşayırsansa, demək ölmək vaxtın yetişməyib.İmkan ver, ölümümüzü öz istədiyimiz kimi seçək. Ölümqabağı fəlsəfə zamanı deyil… – döyüşçünün təbi qaçmışdı, – “Döyüş qanunundan o yana heç nə bilmir, zavallı uşaq”.
– Hər ikiniz bu dünyada heç nə görmədən köçəcəksiniz… Xatırlayırsan, bir dəfə sənə demişdim, – “Günəşə bax… gözünü çəkmə bax, bir az da… İndi mənə bax. Məni görürsən?” “Yox, gözlərim qamaşır, kor kimiyəm” – demişdin. Hər dəfə işıq dalınca qaçan adam da həmişə nur tapmır, çox zaman bu yoldan kor qayıdır. İndi bu qaranlığa diqqətlə bax, bax.., indi isə mənə bax. Görürsənmi məni?Yenə yox. Demək heç nə axtarmaq lazım deyil, sənə verilən həyatı yaşamaq lazımdır yalnız. Səni axtaran isə mütləq tapacaq.
– Sən çobansan, yoxsa alim?! Can verən adam Allahdan ikiəlli yapışır, sən isə… – əsgərin hövsələsi daralırdı.
– Allah bizim əməllərimizin əks-sədasıdır, əməlimiz necədirsə, o cür də özümüzə qayıdar. Bu qaranlıq zirzəmidə Allahı görəcək qədər yetişməmisən. Təkcə günahlara boylanmaq adamı iflic edər. Günahlar da, uğurlar da sənin doğma həyatındır – hər iki lenti sevərək izləməlisən. İlan səni sancmadıqca ölməyəcəksən, ilana baxmaq səni zəhərləməz, oğlan. Ölüm də, onu dadmadıqca bizə yaddır. Guya ki, sən onu dadmaqdan qorxmursan, ölümdən çəkinmirsən. Amma qorxunu, acını burdan hiss edirəm. Qanıma zəhər yayacaq o “ilandan” qorxmuram daha – bu da keçməli olduğum bir pillədi, keçməliyəm. Ölüm ocağa bənziyir – ilk yananda tüstüsü adamın gözünü yaşardır, gürlaşanda isə istilik, rahatlıq verir. Ölüm qorxusu gözümüzü yaşartmamalı, ağlımızı başımızdan almamalıdır. Amma bu qaranlığın içindəki nuru görmək lazımdırsa, o,… – içindətıxanmış o sözü birdəfəyə çıxara bilmədi, – Bu xeyirxahlığımız günahlarımızın mislindən qat-qat azdısa, vəd edilənə doğru inamla getmək daha ağıllı addımdır…
– Səndən yaxşı din xadimi çıxar, çoban qardaş – hələ ürək-dirək üçün güldüyünü də hiss etdi əsgərin.
“Bəlkə də anlamağa başlayıb ürəyimdən keçəni”: – Dalğalanan suda insan üzünü görə bilmədiyi kimi, ruhu narahatlıqda olan insan da Allahı görə bilməz. İmkanın varsa, onunla alver etmə, oynama qısa zamanla. Allah nə göydədir, nə yerdə, nə dağdadır, nə də dənizdə. Allah, biz onu düşündüyümüz yerdədir. Əlimizi atan kimi yardım etməkdən çox xoşbəxt olmalı, buna sevinməlidir. Mən ondan ölüm istəmişdim – qızıma və özümə. Ancaq səni göndərdi… İş-işdən keçibsə, onda unutma ki, bu sənə bir dəfə verilən həyat idi… Qorxmağın vaxtı ötdü – indi ümid vaxtıdır. Sağ qalmaq ümidi yox, şərəflə ölmək ümidi. Olan onsuz da olub, olanacan qorxurdum, indi qorxmuram… İkimiz öləcəyik, amma Səlbinin sağ qalacağından qorxuram. Sağ qalsa, ermənidən döllənməyini istəmirəm. O ermənidən uşaq gətirməməlidir dünyaya…
– Ata! – Səlbi hıçqırırdı.
Araya qaranlığın ağır sükutu çökdü. Nəfəsin səsi də kəsilmişdi… Təxminən yarım saatdan sonra onlardan hansısa Dilqəmə tərəf gəldi. Qarşısında çöməldi, onun yanaqlarından tutub alnını alnına dayadı. Döyüşçüydü:
– Əgər mən düzgün anlayıramsa, sən məni bu dar macalda qızınla evləndirmək istəyirsən, elədir..?
Dilqəm alnını tərpədərək təsdiq etdi, – Ən çətini birinci rüsvayçılığa dözməkdir, növbətini adlatmaq daha yüngül olar… – onun gözünün içinə pıçıldadı.
– Mənim istədiyim qız var, bəlkə sənin qızın buna heç razı olmaz. Allah öz fikrini ən sonda deyir, bəlkə bu qərar bizim xeyrimizə deyil… – durub öz yerinə keçdi, – Yoxsa elə bilirsən ki, mənimçün bu su içmək kimi asan şeydir – həm də bu halımda? Bu adam öldürməkdən betərdir, insanlıqdan uzaq bir şeydir. Məni qeyrətsizmi hesab edirsən..?
– Mənim yerimə öz atanı, Səlbinin yerinə öz bacını, ya sevdiyin qızı qoy.., sonra məni anlamağa çalış… Bir şey dəqiqdir – biz sözssüz öləcəyik. Ölümün qoxusu çöküb üstümüzə… Oğlan, təəccüb qalacağın şeylərdən qorxma, çünki, Allah insanı çaşdırmaq üçün o qədər şey düşünüb yaradıb ki… Bu dünya insanları mat qoymaq üçündür, bunu Allah da sevir və hərdən əylənir bizimlə… Bunu, lap Allaha acıq vermək üçün də olsa etməlisən. Nakam getməməliyik Aləmin ruhuna… Mənimçün sən Allahın ruhusan.Qızım mənim alın yazımdır.Sizin taleyiniz birlikdə yazılıb qismətimə, üstünə də ölüm pərdəsi çəkib yaradan. O, bu pərdəni sübh tezdən qaldıracaq və olmasını istədiyi yazını orda görməlidir. Yoxsa, onunla birlikdə mən də əzab çəkəcəyəm…
– Ata, sən bunu necə istəyə bilərsən axı?! Sən yaşım qədər dərk edə bilərsən məni, gerisi yalnız zənn etdiklərindir –Səlbi yuxarıda yatanlardan qorxmasaydı hönkürərdi.
– Çöllərdə susuz qalmış ağac axşam düşəcək şehə ümid bəsləyər. Bəs biz nəyə ümid bəsləyək, qızım? Bu qaranlıq gecə bizi ağ günə çıxarmayacaq. Gözümün qabağında murdarların sənə əzab verməyinə dözə bilmərəm, ruhum da dözməz. Allah bu cavan oğlanı boşuna göndərməyib… – üzünü divara dirəyib cırıqlanmış pencəyini başına çəkdi, – Bu etdiyimiz şey, qaranlığın bizə verəcəyi tək ümid işığıdır… Buna görə kimsə bizi qınayacaqsa, adımıza namussuz, şərəfsiz deyəcəksə, namussuz, şərəfsiz onun özüdür, sülaləsidir. Mən mələk kimi övlad böyütməmişəm ki, onu öz əllərimlə iki saatdan sonra erməniyə yedirim… – başını örtdüyünü bilmələrini istədi.
Araya donmuş dənizin sükutu çökdü. Bundan sonra elə bil ki, saatın əqrəblərindən girvənkə daşları asılmışdı. Zaman saat əqrəblərini ötüb keçmişdi, qismət bu günü aşıb sabaha adlamışdı. Yuxarıdakılar yataqlarında eşələndikcə hər üçünün içindəki təlatüm beynlərində çalxalanırdı.Zirzəminin sükutu qəti zəfər çalmışdı. Dilqəm öz xəyallarını çoban dostu İslamın yanına qovmuşdu. İslamın segahı dərələrdə əks-səda verib təpənin başınacaq gəlir, onun ruhunu sığallayırdı. Sürüsünə baxdıqca, telini darayan mehin sığalını duyduqca iliyindəki sərinlikdən xoşhal olurdu.
Səlbinin ehmalca əsgərin küncünə doğru getdiyini hiss edəndə gözlərində bıldır-bıldır yaş gilələndi, yanağından sel axdı qaranlığın uyuduğu nəm torpaq döşəməyə…
Anasının sözlərinin səsini verirdi ki, ətrafda heç bir hənirti eşidə bilməsin, – “Elə adamlar var ki, ölmək istəyir, amma ölüm adli gözəl mələk ondan uzaq gəzir. Ölüm ancaq sevdiklərini əzab vermədən yanına aparır. Çürümüş ağacın ömrünə son qoyan ölüm xeyirxahdır.Qız yükü ağır yükdür.Qızının, ana-bacısının, əhl-əyalının namusunu çəkən ər gündə min dəfə ölüb-dirilir.Ölümlərin ən zülmüdür namus dağıyla ölmək.Atam bir dəfə gülə-gülə deyirdi ki, – “MəryəminAllahdan İsaya boylu qalması hədisi olmasaydı, kürəkənimi öz əllərimlə boğub öldürərdim”.Sevdiklərini sənə verən Allah onu geri alanda cırnayırıq, kin püskürürük.Hər şeyi Allahın qədəri, alın yazısı kimi soyuq başla qarşıla. Burda itirdiklərimiz, o biri dünyada qazanacağımız mükafatlarımız olacaq…
Yuxarıda çarpayıların cırıltısı artanda, ayaqyoluna gedənlərin sayı çoxalanda Dilqəm yerində qurcuxdu, – Deyəsən sabah açılır… – astadan dilləndi. O biri küncdə əsgər də eşələndi. Digər küncdə zil səssizlik idi…
Artıq ermənilər yuxudan qalxmış, səs-küylə zarafatlaşırdılar. Qapının kilidinə açar salınanda Dilqəm boynuna dolanan qollardan az qaldı qışqırsın – snayper idi, onu bağrına sıxırdı:
– Bağışla, əmi, bağışla məni. Haqqını halal elə… Sizin kimi bir qayınatamın olmasını, sizin kimi bir kişinin oğlu olmağı çox istərdim– gözünün yaşını silə-silə öz küncünə qayıtdı. Qapı açıldı. Dilqəm Səlbini də eyni küncdə snayperə qısılan görəndə içi rahatladı.
– Çıxın! – sısqa erməniydi yenə – “Deyəsən işi ancaq dustaqlara baxmaqdır” – tərəddüd etmədən nərdivanı dırmaşdı. Kazarmanın zəif işığında gözləri alacalandı. Snayperlə Səlbi görünmürdülər. Sısqa əyilib çığırdı, – “Çıxın demədim sizə?!”. Əsgər birinci Səlbinin qalxmağına kömək etdi, sonra da özü zirzəmidən çıxdı. Dilqəm indi onun üzünü görə bildi. Dağınıq qıvrım saçları vardı, qulaqlarının olmaması onu yaraşıqdan salsa da, qarayanız, sağlam bədəni elə bil mərmərdən tökülmüşdü. Dörd nəfər əsgər onları itələyə-itələyə eşiyə çıxardılar. Gün üzlərinə düşən kimi biləklərilə üzlərini tutub gözlərini qıydılar. Onları itələyib bir divara söykədilər. Onlara toxunan yox idi, sakitcə durub onlara baxırdılar – elə bil heyvanxanadaydılar. 3-5 dəqiqədən sonra üstüaçıq maşında bir nəfər gəldi, arxa oturacaqda oturmuşdu və əlində uzun snayper silahı vardı. “Oğraş, Vadodur– Volodya Çebrikov…” – bizim snayper astadan dilləndi.
Vado yeyin addımlarla, ətrafdakılara gözünün ucuyla da baxmadan yaxınlaşıb silahını divara söykədi. Ayağının birini çəkirdi. Bizim əsgərin arxasına keçib telini qarmaladı, başını geri qanırıb, baldırındakı qabından əldədüzəltmə uzun, ovxarlanmış xəncərini çıxartdı, onun boğazına dayayıb, rusca, – “Son duanı et!”. Bizim snayper kəlmeyi-şəhadətini oxuyub bitirdi. “Bitirdin!?” – Vado ondan soruşdu. “Səlbi, adım Qabildir, ermənilərin gözünün odunu alan, Vadonun qənimi snayper “Qəmlo”. Axirətdə görüşənədək…” – başının işarəsiylə Vadoya “hazıram” dedi. Vado xəncərini bircə dəfə boğazına çəkib onun saçını buraxdı. Dilqəm qızıyla Qabilin arasında dayanmışdı və bu səhnəni görürdü. Vado qanlı əlini öz tüfənginə sürtdü, – “Hörmətlə dəfn edin onu!” – deyib, elə gəldiyi kimi də maşınına oturub gözdən itdi. Qabil arxasını divara söykəyib dik qalmışdı, şah damarından fəvvarə kimi fışqıran qan Dilqəmin üstünə tökülürdü, xırıltısı getdikcə zəifləyəndə divar boyu sürünə-sürünə arxasıüstə yerə sərildi. Səlbi əliylə ağzını tutub hıçqırır, qorxudan tir-tir əsirdi. Əsgərlərdən biri tapançanı ayağa çəkib Dilqəmin üstünə gələndə, o, qızına deyirdi, –“Günəşə bax… gözünü çəkmə, bax, bir az da… Mənə sarı baxma! İndi de, günəşin qaraltısında məni görürsənmi?”.
– Gözlərim qamaşır, kor kimiyəm… Amma, nəsə görürəm… – Səlbinin titrək səsini eşidirdi. Özü isə gözlərini bərk-bərk yummuşdu. Sanki Dilqəmin beyni alın sümüyünü, dərini əritmiş, güllə dəliyi boyda deşikdən o da günəşi görürdü. Alnına dayanmış tapançanın lüləsindən Alın Yazısı sətir-sətir uçaraq günəşdəki qara ləkəyə qovuşduqca ruhu sakitləşir, iliyinin giziltisi səngiyirdi…
Yazıya 1075 dəfə baxılıb