Məhəmməd TURAN – Yeyər ömrü qız ahı…

12119004_1644259745815327_8563565984306098338_n(3)Həyatı əllərində

sönmüş çıraq kimiydi…

Seçəmmirdi insanı-

Yaxın , qıraq kimiydi?…

.

üzü xəzan yarpağı,

Əlləri qabar idi…

O keçdiyi küçələr,

İndi dardan, dar idi…

.

necə qəribsəmişdi,

Dost tanışdan aralı…

Meyli hara ilişsə,

Ehh, olardı oralı…

.

Neçə-neçə ürəkdən

Süzdürdü o sazağı.

Ona demişdim vallah,

“Yeyər ömrü qız ahı!”

.

Dünən gözümdə qalıb…

.

Sabaha yox gümanım

Dünən gözümdə qalıb…

Dünənlərin gecəsi

Hopub üzümdə qalıb…

.

Hər gün öz cığırını

Salar üzümdən asta…

Dünya öz ocağını

Qalar sözümdən asta…

.

dilim nəğmə hörəcək

Əcəl sinə gərəcək…

Bir də ruhum görəcək

Özüm sözümdə qalıb…

.

Yoxluğun yaxın mənə…

.

Həsrətin yeddi arşın,

Yoxluğun yaxın mənə.

Bir eşq duasına dön

Astaca oxun mənə

.

Mən yorardım yolları

Bu dərd məni yormasa…

Arada zəng et barı

Sevinim heç olmasa…

.

həsrətindən tutuşar

Yanar ağzımda dilim…

Yenə küsülü qaldıq

Heyf getdi bir ilim…

.

Məni yuxuda görsən

Balıncını tərs çevir…

Nə olaydı gözlərin

Deyəydi “səni sevir”…

.

Sevin di!

.

Bir yarpaq saraldı, düşdü budaqdan

Bir ümid ağladı, torpaq sevindi…

Fələk seçəmmədi qaranı ağdan,

Dilimdən sürüşdü bir “ah”, sevindi…

.

Yaman səkdim a dost, boranda-qarda

Adicə bir dərd də gəlir div indi

eşqimi  itirdim dolayılarda

Qoçaqsan, bir gözəl tap da sev indi!

.

Həyatın sərt üzü , daş-qayadan sərt

Üşüsən, ürəyim isti evindi!

Tanrıdan gəl umma-küsmə Məhəmməd,

Bax sovqat göndərdi, sevin, sevin di!

.

Şeir sevgilim…

.

Məndən şeir istəmə

Ay gülüm, ay çiçəyim…

Min dəstə gülə dəyən

Mənim bircə ləçəyim…

.

Sənə şeir yazmaq ,gülüm,

Şeirə nəzirə yazmaqdı…

Sənə səndən gözəl şeir

Xəyal-xülyada azmaqdı…

.

Sənə şeir yazmaram mən

Günahdı vallah günahdı!

Allahla bəhsəmi girim?

Sən tək şeiri o yaratdı!

 

Yazıya 679 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.