Marta LİNÇ — LATIN MƏŞUQ

Martha_Lynch   Sim-Sim.az-a istinadən:

Argentinalı yazıçı Marta LiaFrigero (1925-1985) əsərlərini “Marta Linç”  (MARTHA LYNCH) təxəllüsü ilə yazırdı.

O, yeddi novella və doqquz qısa hekayə toplusunun müəllifidir.

Yazıçı yaradıcılıq böhranı və unudulmaq qorxusu ilə düşdüyü depressiya nəticəsində öz otağında silahla intihar etmişdir.

      Əvvəl elə bildim zarafat eləyir, amma yox. Ətrafa göz gəzdirib açarı mənə verəndən sonra bunu deməyə ərk etmişdi. Neylon üzlük örtülmüş kreslolarla plastik güllərin arasında dayananda üz-gözünü turşudub “zövqsüz” dedi. “Adi”, yaxud “dağınıq” sözlərindən istifadə edə bilərdi. Anadan olandan hiss etdiyi yadlığı dilə gətirdiyi o bərbad şeirdəki kimi… Amma “zövqsüz” dedi, tüklərim biz-biz durdu.

Bəli. Bu neylon, bu güllər, bu dar çarpayı mənim evim olacaqdı. Neylon örtüyə və eybəcər külqabına (mavi çinidən, unitaz qapağı formasında – guya gülməlidi) yaraşan üçrəngli tül pərdənin güclə örtdüyü pəncərədən otağa işıq dolurdu. O, mətbəxə baxıb qayıdana qədər külqabını döşəkcələrin altında gizləmişdim, amma döşəkcələri qaldırıb onu asanlıqla tapdı. Ondan nəyisə gizlətmək qeyri-mümkündür. Rişxəndlə niyə aldığımı soruşduğu “Joie de Vivre” kremini. Şəxsi məktubu. Ya da ki, bəzi günlər gözümün altında yaranan torbaları. Heç nəyi. “Yaxşı, bunu yığışdır, heç olmasa, bir dəfə razılığa gəldik”. Yenə özünü saxlaya bilməyib əlavə etdi: “Pis deyil” və sanki mən birdən-birə evə öyrəşdim. O andan etibarən həyatımız yemək otağı (zövqsüz yemək otağı), hamam, mətbəx və kiçik terrasdan ibarət idi. Pəncərələrdən küçəni görmək çətin idi. Yataq otağının pəncərəsini saymasaq, hamısı mənim göz səviyyəmdən yuxarıda yerləşirdi. O pəncərədən qonşu eyvanları və binanın altındakı səs-küylü yolu görə bilirdim. Çox əziyyət tələb etməyən və onu məqsədindən yayındırmayan şeylərə göstərdiyi təvəccöhlə mənim də həyatımı bu üç zövqsüz yerləşmə vahidinə sığışdırmağa çalışırdı.

Qəhvəyi gözləri və nə soyuq, nə də yoldan çıxaran bitərəf baxışları var idi. Dümdüz bir cüt göz. O gözləri hər rəftarımda biruzə verdiyim ehtirasla sevmişdim. Dəfələrlə onun başını gicəlləndirdiyimi düşünmüşdüm, amma yox. Dəlicəsinə sevilməyi adi qəbul edirdi. Lap ədalətsiz olmayım, o da arada məndən ötrü sinov gedirdi. Bir kişi ilə bir qadının eyni anda eyni nöqtəyə çatacağına ümid etmək ağılsızlıqdır. Bəlkə bu evi kirayələyəndə mən də əslində bunu gözləyirdim. Amma çox ümid etməyərək, qaranlıqda, boş liftdə tək sıxışıb qaldığını bilən adamın şikayətlənməyi kimi… Saatın zəngi sizi oyadar, gələcək təlaşı ilə birlikdə… Az da olsa, təhlükə hiss edərsiniz. Ona gecələr qorxacağımı dedim və kəlmələr otaqda dövr edib stolu işıqlandıran bürüncü çilçırağa ilişdi.

Orada yaşamağa başladım. İstəsəm, çətinlik çəkdiyimi deyə bilərdim. Amma adamı dəli edən də elə bu idi: heç çətinlik də çəkmirdim. Qocalana qədər həyatınızı belə bir yerdə davam etdirə bilərdiniz. Bu cür sevgi insanı yadlaşmağa məcbur edən məkrli dövrədir. Bəlkə də yadlaşmağı ondan öyrənmişdim.

İndiyə kimi onun qədər səyyar satıcıya oxşayan adam görməmişdim. Ürəyimdən  daima çantasını əlinə sıxışdırmaq keçirdi, amma yox. Əslində həyatı elə detallı proqramlaşdırılmışdı ki, səhv etməkdən qorxmayaraq beynimdə onu izləyə bilərdim. Bu qədər vaxt burada, bu qədər vaxt maşında, bu qədər vaxt səninlə (deməyinə az qalmışdı). Amma yox. Heç nəyə baxmayaraq nəzakətli kişi idi. Özünə qalsa, heç vaxt “Hələlik” deyib gedə bilməzdi. Onsuz da gözümüz heç nə görmürdü, boğaza qədər münasibətimizdə batmışdıq, elə bir an yetişmişdi ki, bu ev, bu zövqsüz güllər, bu zindan pəncərələri öz yerində ola-ola heç kim üzməkdən imtina edə bilməzdi.

Otaqlardakı nəmişlik qoxusunu aparmaq üçün iki gün əlləşdim. O, nə dəstək oldu, nə etiraz etdi. Sevişdik. Bacarmadıq. Arada belə də olur. Onsuz da harda olursunuz olun ilk dəfə alınmır. Yerinizi yadırğayanda da olmur. Otel otaqlarında, onun maşınında, iş otağında və bir dəfə az qala təyyarədə sevişmişdik. Bu dəfə isə lap pis idi. Amma günahı bədənimi olduğundan daha solğun göstərib onun diqqətini dağıdan xoşagəlməz çəhrayı işığın boynuna qoydum. Səssiz, gözlərini yumulu sevişirdi. Onun başqa şeylər xəyal etdiyindən şübhələnməyə başlayanda kefim tamam pozuldu. Həzz almaq üçün xeyli əziyyət çəkdik. Lakin kirayə də olsa, hər evin açılışının öz tarixçəsi olur. Deyəsən, gün işığı çəhrayıdan maviyə dönəndə, solanda və itib gedəndə özümüzü xoşbəxt hiss edirdik. Ayağa qalxdı və incə, zərif bədəni hamama tərəf süzüldü. Dişlərinin arasından fit çaldığını eşidirdim, mən də durmaq istədim. Həmin an əli ilə ayağımı tutdu, mən əriyib gedənə kimi aşağı düşdü, yuxarı çıxdı. Görəsən bir qadına sığal çəkəndə üzü necə belə ifadəsiz olur? Əsl peşəkarın etibarlı üsulu. Dediyim odur ki, bir-birimizə aşiq idik, ilk addımı çoxdan atmışdıq. Əvvəllər gözləri həmişə doluxsunmuş olurdu. Elə həssas idi ki, elə bilərdiniz, əzab çəkir, amma yox. Sadəcə bu işlərə çox ciddi yanaşır və kəskin baxışlarını qadının gözlərinə zilləyirdi.

Sevmək, oxumaq və şəhərin əvvəlcədən gözaltı etdiyimiz yerlərində əl-ələ gəzmək… Tez-tez sevgisindən danışardı. Allah da bilir ki, bütün bunlar adama çox xoş gəlirdi. Onsuz da xoş duyğularla bağlı heç bir problemimiz yox idi. Onunla bir daha sevişə bilərdim, amma vaxt qalmamışdı. Geyindiyini, arxa küçəyə açılan pəncərəyə baxdığını gördüm. Evi o küçədədir. Yəni əsl evi. Orada nə neylon örtüklər, nə də unitaz qapağı şəklində gülünc külqabılar var idi. Əsl evi. Buranı kirayələyəndə yerin uyğun olmadığını dedim, evinə çox yaxın idi, bir neçə döngə o yanda. Elə bildim, mənimlə razılaşacaq, amma yox.

“Problemimiz məsafə ilə bağlı deyil ki, sevgilim”, – deyə izah etdi.

Nə qədər soyuqqanlı olsa da, ona vəziyyətin normal olmadığını göstərmək istədim. Cavabı məntiqli idi: Onsuz da sevgi heç vaxt normal vəziyyət hesab olunmayıb.

“Evindən iki döngə o yandadır”,- israr etdim. Əslində problemimiz məsafə deyildi. Yoxsa, uzaqlıq dərəcəsinə görə əhəmiyyətini itirdiyini düşünürdüm? Elədirsə, belə getsə, lap evinin qonaq otağında, ya da hovuz qırağında sevişəcəkdik (evinin quruluşundan xəbərdar idim, əşyaların yerini, kitabların düzülüşünü, yatdığı otağı, hamısını gözümdə canlandıra bilirdim). Deməli,  biz sevişəndə arvadı çini düzəldəcək. Ya da başqa əl işi ilə məşğul olacaq. Deyilənə görə, əsəbi sakitləşdirir. Bir də yox dedim, amma səsim zəif çıxdı, çünki onun yanında hər şeyi itirməkdən qorxurdum (mənim olmayan “hər şey”, ya da hər olmayan şey). Onun yanında həmişə gücsüz olur və hər şeydən şübhələnirdim.

“Yaxşı, onda bu evi tutaq” – dedim.

Mənə əvvəlcə açarları, sonra çiçəkləri, zəif işıqda qısa sevişməni və əsl evinirəva gördü. Vicdanını oyatmaq üçün əsl evini göstərdim, amma yox. Ən diqqətçəkənxasiyyəti: əxlaqi unutqanlıq;şəxsiyyətin ikiləşməsi də var idi.  Əli ilə çılpaq bədənimi oxşayanda naməlum üslublu binanın yaşılımtraq fasadına baxarkən az qala məni də yoluxduracaqdı. Qaraj qapısını, birinci mərtəbədəki pəncərənin bir hissəsini və daş hasarı görə bilirdim. Sürətlə hərəkət edirdi, sanki poliqondaydı. Bzz, dan, dun… Sağ küncdə yoxa çıxır, sonra birdən peyda olurdu. Başı gənc bir romalının başına bənzəyirdi, saçları qıvrım idi, qaşlarının arasındakı sümük bir balaca önə çıxmışdı. Bzz, dan… 604 nömrəli evin pəncərəsi, altıncı mərtəbə, lap Kennedi kimi, amma nə izdiham var, nə Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri, nə də Ceki ilə kobud rəftar edən polislər; yazıq Ceki vurulmamaq üçün sürünə-sürünə uzaqlaşır; amma burada nə Ceki var, nə  MKİ, nə də izdiham; bircə polis belə yoxdur. Ancaq ikimiz, həmişəki kimi… Sevgi adlı bu sayıqlamada ancaq ikimiz var idik. Təbii ki, bu sevgiydi, sonra bir qadının bir kişini  tüfənglə nişan alması. Ala bilərdim, pəncərədən… Amma yox. Yenə ona baxırdım, soyuq duşun təsiri ilə sakitləşmişdi, hərəkətsiz idi. Ona baxırdım – bir daha gözlərindəki tükürpədici baxışı gördüm, nə sevgi, nə də kədər. Pəncərəmdən görünən yaşıl fasadlı ev ürəyimi sıxırdı, başa düşməyə çalışdım. Boyunbağını taxdı, bej rəngli köynəyini geydi. Stulda əyləşib seyrələn qara saçlarını səliqə ilə daradı. Yatağın ucunda oturduğumu xatırlayıram, çılpaq və bədbəxt idim. Nə edəcəyimi bilmirdim. Yenə məni sığallamağa başladı. Hər şey onun planlaşdırdığı kimi oldu: çox təbii və ağrılı. Hər gün girdiyimiz günah – əgər günah idisə – evinin düz qarşısında da, And dağlarının başında da eyni günah idi. On üç min kilometr uzaqda etsən belə, günah günahdır. Amma yox.

Son sevişmələrimiz nisbətən yaxşıydı, bu həyata öyrəşməyə başlamışdım. Səhər yeməyini şıq bir barda yeyirdim. Yəqin tezliklə bağlanacaqdı, çünki məndən başqa müştəriləri yox idi. Mənə hörmətlə “xanım” deyirdilər, mən də ləzzətlə qəhvəmi qurtumlayırdım. Naharda onun işdən gəlməyini gözləyirdim; arada zəng edir, səsimi eşidəndə ürəkdən gülürdü. Bir müddət əvvəl bu gülüş ümidverici səslənirdi, amma yox. Onun evindən iki döngə o yandakı evə köçməyimlə (yataq otağı ilə, hamamla, mətbəxlə, məni bu çarxa heç bir xatirənin bacara bilməyəcəyi şəkildə sıx bağlayan bütün əşyalarla) həyatındakı mövqeyim dəqiqləşmişdi. Hamısı bir ağızdan “bax buradasan” deyirdi.  Bir gün özü də dedi: “Bax burdasan, evinə köçmüsən”. Deməli, mənim burada olmağım onu arxayınlaşdırmışdı. Bir neçə gün sonra qapıçı mənimlə salamlaşmağa başladı. Bizim dəhlizin o biri ucundakı qadınlardan daha qoca, dinməz bir qadın kəşf etdim; hamının bu tikilidə qalmaq səbəbləri eyni idi.

Evin görkəmini yaxşılaşdırmağa çalışdım. Qəribədir ki, gözə batan bəzi detallar yerində qalsa da, vaxt keçdikcə ev düzəlməyə başladı. Demək olar ki, zöqvsüz əşyaları belə gözüm görmürdü. Üstündə dəli kimi sevişdiyimiz divanın neylon örtüyünü sökə bilmişdim. İki kreslonun yerini dəyişdirdim, bəzəkli şorba kasasını ortalıqdan götürdüm.

Hər gün qaradərili hindu qadından güllər alırdım, onu gündə təzələnən güllərə öyrəşdirməyə çalışdım. Bunun fərqinə varıb-varmadığını dəqiq bilmirdim, amma güllər israrla bir-birini əvəzləməyə davam edirdi: əvvəl açılır, sonra solur, axırda öldürdülər. Bir dəfə yataqda olanda qəfil “Elə bilmə ki, güllərini görmürəm” dedi.

Pəncərədən onun gediş-gəlişini pusmağı öyrəndim. Maşın giriş qapısının ağzındaydı: Bəlkə də evdədir. Maşın yoxdur. Yəqin gedib. Mənimlə olanda maşını  evinin küçəsi ilə kəsişən küçənin sonunda saxlayırdı. Bir dəfə maşının problem yaratdığını etiraf etmişdi. Amma yox. Çıxanda heç kimlə qarşılaşmırdım ki… Bizi heç kim bir yerdə görməmişdi. Həftə sonları adətən əzab-əziyyətlə keçirdi. Cümə günü ikindi çağından sonra yoxa çıxırdı (çünki bu şəhərdə yaşayanlar cümə günləri bir növ manyakal, yoluxucu sürü əhvalının təsiri ilə dirilirdilər). Mən də bu iki günü bacardığım qədər doldurmağa çalışırdım – əvvəllər istirahət günlərini yarısürgündə yaşamaq məni dəli edirdi. Söhbətləşməyə adam axtardım, dostlaşdım, yemək bişirib özüm kimi tənha adamlarla münasibət qurdum. Arabir evimə bir-birilərinə aşiq – və hələ də xoşbəxt – bir cütlük gəlirdi. Bəlkə də tək yaşayan qadının evində dinclikdən daha çox xoşbəxtliyin əksini görmək onları sakitləşdirirdi. Cümə gecələrimi, uzun şənbələrimi, isti, soyuq bazarlarımı dibə-dib doldururdum. Kazaklar kimi içir, çəkirdim. Bazar səhərləri gözlərimə, şişmiş göz qapaqlarıma baxan kimi yenidən yatağa qayıdırdım, kaş ki, öləydim deyirdim. Elə bu vaxt qulağıma kiminsə oxuduğu mahnı, bir itin aramsız hürüşmələri, bir göyərçinin qurultusu, küçə səsləri, siqnallar gəlirdi. Şənbə günləri onun “ailə adamı” olduğunu da beləcə öyrəndim. Müəllimlərini razı salmağa çalışan ağıllı şagird kimi vəzifələrini bir-bir yerinə yetirirdi. Əynində mavi maykası evinin pillələrindən enməyini izləyirdim, sərxoş adamın büdrəməsini xatırladan özünəməxsus yerişlə maşınına tərəf gedirdi. Pəncərəmə tərəf baxsın deyə çabalayırdım, amma yox. Telepatiya, parapsixologiya, hər şeyi köməyə çağırırdım: Başını qaldır, qaldır, səni izlədiyimi düşün, bax, buradayam. Heçvaxt dediklərimi etmədi. Bir gün uşaqlarını gördüm. Başı, burnu özünə oxşayan səkkiz yaşlı oğlan. Düzünü desəm, heç kim səkkiz yaşlı oğlanın burnunu bu məsafədən görə bilməz. Yenə də and içə bilərəm ki, eynilə onun saçları, onun burnu idi. Arabir gözümə dəyən dörd uşaqdan ancaq burnu ona oxşayan oğlan kefimi pozurdu.

Əvvəllər də demişdim ki, bir kişidən imtina edə bilərsiniz, amma uşağınız ola biləcək birindən əsla. Viskimi almaq üçün otağa qayıdanda ürəyim bulanırdı, yenə də özümü ələ aldım, həmin həftə sonunu bəlkə də dörd mininci dəfə beynimdə götür-qoy etdim: “Status”da günorta yeməyi, “Pacifico”da film, “La Sueca”da çay, Mariananın evində axşam yeməyi – bir vaxtlar Mariana da onun məşuqəsi imiş. Öz-özümə eyni inciklik, eyni dəlilik bir addım yaxınlığımdadır deyirdim. Amma Mariana belə evdə yaşamayıb, tüfənglə onu nişan almayıb. Mənim fərqim bu idi və bu fərqi canla-başla müdafiə etməyə hazır idim. Mariana sadəcə xəbərdarlıq idi. Özümü saxlaya bilmədim və təzədən pəncərənin yanına qayıtdım. Bu təsadüf yerinə düşmüşdü? Şənbənin bazarla müqayisədə daha “boş” gün olduğunu kəşf etmişdim, beləcə, bazar gününə dözmək daha asan olacaqdı. Heç olmasa bazar ertəsi səhər gələn zəngə, dəstəkdən onun səsini eşitməyə az qalırdı.

Elə bilmişdik, bir problem, çətinlikyaranacaq, amma yox. Qapını açıb duruxmaq, o nazik bədənə toxunmaq, çox sevdiyim gözlərini, saçının inadkar qıvrımlarını görmək, təbəssümsüz öpüş, bir də, əvvəl də, sonra da nəfis öpüşlər. Həmişə fövqəladə idi. Yalan demirəm, öpüşləri nəfis idi. Qırx səkkiz saatlıq quraqlıq başlamamışdan əvvəlki cümə gecəsindən qopub gələn uzun öpüşlər. Onları hələ də unutmamışam. Ya da üzü dənizə, sahilin quru, çınqıllı yerlərinə gəzintiyə çıxardıq, Yaxud Barranka bağçalarına gedib əllərini fontanda yuyan çılpaq qadını ziyarət edə bilərdik. Arada bəzi vərdişlər,  yaxşı ənənələr yaratmağa çalışırdıq. Onun kitabları sığal çəkirmiş kimi vərəqləməsinə, alman nəzəriyyəçilərinə nifrət etməsinə, ədəbiyyatın heç bir növünə maraq duymamasına, pencəyini stulun başına sanki təsadüfən keçirməsinə bənzəyən vərdişlər. Bunlar çox xoşuma gəlirdi.

Məhəlləmizin ən ucuz bərbəri Rut saçımı adi evimin ab-havasına uyğun bururdu. O, saç düzümümün fərqinə varmırdı, amma paylaşdığımız məkanda ucuz buruqların kölgəsində uzanan hicran dəqiqələrini sevirdi. Çox keçmədi ki, belə yaşamaqdan əvvəllər sınadığım həyat tərzlərindən daha çox zövq aldığımı hiss etdim. Ən pisi də odur ki, bu hiss vaxtla keçən deyildi. Onun nə vaxtsa ağlını başına yığacağını zənn edə bilərsiniz, amma yox. Mütəmadi şəkildə, vaxtlı-vaxtında gəlib gedirdi: iş yerində filan qədər, evdə filan qədər, bizim otaqda filan qədər. Mənimlə çox yox, cəmi üç saat keçirirdi. Birlikdə yatırdıq, ən yaxşı münasibətlərin yatarkən qurulduğunu onda öyrənmişdim. Yataq bizim qoxumuzu istəyirdi. Lakin sürgün şənbə günlərinin birində səhər tezdən yağış tökməyə başladı. Onun evinə girməyini, sonra çıxmağını, uşaqların maşına doluşmağını, arvadı üçün qapı açmağını izlədim. Bəzi şeylərə uzaqdan baxanda daha yaxşı başa düşürsünüz: məsələn, ürəyinin sıxıldığı həqiqət idi, vəzifəsinə duyduğu vəfa da. Düzünü deyirəm, amma bunlar mütləq vacib deyildi. Bu adama bir can borclu olduğumu da başa düşdüm. Sağ olsun, sağ olduğu müddətdə ona minnətdar olacaqdım. Yenə də mənimlə birgə keçirməməyə üstünlük verdiyi anlar var idi. Onda təzədən ürəyimin ölümü, yaşamamaq istəyi, maneələr və taqətsizlik başlayırdı.

Arvadını ön oturacağa oturtdu, sonra uşaqları yerbəyer elədi. Yəqin gözümü bir müddətlik yayındırmışam, çünki bir də baxanda maşın geri qayıtmışdı. Qadın görünmürdü, ancaq uşaqlar var idi. Burunlu oğlanla atasının üzündəki çarəsizliyi eynilə əks etdirən cılız qız. Onun çiynində alış-veriş torbaları ilə maşına minməyini, evə qayıtmağını, üç karton qutunu üst-üstə yığmağını, gedib təzə torbalar gətirməyini seyr etdim. O, təsviri təhrif etmək əvəzinə daha da nəzərəçarpan və aydın göstərən, rəngli fotoya çevirən səxavətli şüşənin arxasındakı həşəratı necə müşahidə edirdisə, mən də nəfəsimi tutub onu eləcə izlədim. Onsuz bir ziyafətə gedəndə xatırladığım qədərilə həmin şənbə günü qəlbim sındı, o şənbə fərqli idi. İstər-istəməz məni ən çox karıxdıranın qəribə burunlu oğlan uşağı olduğunu deyəcəkdim, onun şeytani və saf xüsusiyyətlərini daşıyan oğlu. Məsələn, həmin uşaq onun ölümünü görəcəkdi.

Əsl problem isə bazar ertəsi qayıdanda öpüşlərindən əvvəlki kimi xoşlanmağım idi. Elə bilərsiniz ki, hiss etdiyim inciklikdən və ya böyüdücü şüşədən izlədiyim həmin səhnədən sonra nəsə dəyişdi. Amma yox. Bunları saymasaq, həmin xoşbəxt bazar ertəsindən sonra həftə sonunu qorxu içində gözlədim və heç pəncərədən baxmadım. Maşınını evinin qarşısında dayandırdığını təsəvvür etdim və yenə incidim. Çamadanımı götürüb “Belə daha yaxşı olacaq, sevgilim” dedim. Bəlkə də başqa yol seçməli idim, amma yox. Pəncərədən əyildim, onun maşınını səkiyə yaxınlaşdırmağını seyr etdim. Mənə möhtəşəm həzz yaşayadan o nazik bədəni süzdüm. Sonra bir neçə dəst paltar götürdüm, iryənc əşyaları yerində saxladım, qapını qıfılladım və əl üstündə saxladığım sevgilimin üzünü bir də görmədim.

Tərcümə: İlahə Əkbər

sim-sim.az

Yazıya 571 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.