Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın,
əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi.
Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə
çokdi. Bilirdi: hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər
atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdi ki, tərləsin. Yəhərini
götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın,
istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynar gözlü kəhərin işıldayan dərisinə,
səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox
vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, çox vaxt da
yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürküsü
yoxdu. Həm cavan idi, həm də… Amma indi, illah da koxalığa keçəndən sonra,
səksəkəli yaşayırdı…
O, astaca addımlarla dikdirə çıxdı. Arxın üstündən adlayıb ağacların
kölgəsində dayandı. Gözünü üfiqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi.
Astaca meh əsirdi. Qara qılçıq sünbüllər xışıldayırdı. Otları çoxdan saralıbsolmnş
dərəli-təpəli bu boz çöllərin ortasında qoşalaşan qovaq ağaclarının
yarpaqları da xışıldayırdı. Hansı rəhmətliyinsə savab üçün əkdiyi bu ağacların
dibindən axan arxın suyu da qırçınlanıb şırıldayırdı. Niftalı koxa kölgəyə atılmış
palaza, döşəkcə və mütəkkəyə baxdı. O həmişə biçinçilərə baş çəkməyə gələndə
burada uzanıb dincələrdi. İndi də həmişəki kimi elə yarlı-yaraqlı palazın üstünə
keçib mütəkkəyə dirsəklənmək istədi. İstədi ki, isti təntitsə də, nə çəkmələrini
soyunsun, nə də tüfəngini, qoltuqaltısını çıxardıb yanına qoysun. Amma gördü
ki, mümkün deyil, tər yuyub aparır. Bir də kimdən qorxacaqdı? Kərəm yəqin ki,
bu saat Dilican tərəfdədir, yayın istisində buralarda olmazdı. Olsa da qorxusu
yoxdu. O, ömründəəli-yalın adama güllə atmazdı. Bircə o gədədən ehtiyat
edirdi. Kənddən qaçandan sonra buralarda, kolda-kosda dolaşırdı…
Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxası qaytanlı koynəyinin
düymələrini boşaltdı və palazın üstünə uzanıb mütəkkəyə dirsəkləndi. Cib
dəsmallarınm nclanın düyünləyib başlarına keçirmiş biçinçilərin oraqları
cingildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına
qarışmışdı. Biçinçilər tələsirdi. Onlar da istəyirdilər ki, işlərini tezcə qurtarıb
aldıqları haqqı elə buradaca aranda, xırmanda döyüb, taxıllarını yaylağa,
balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi. El çoxdan yaylağa qalxmışdı.
Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan ehtiyatlanırdı.
O qədər anasının əmcəyini kəsənlər var ki… Elə biri gəlmə Mürşüd.
Onım əslinin-nəslinin haradan olduğunu kənddə heç kəs bilmirdi. Bircə o
məlum idi ki, çoxdan – lap çoxdan, Niftalı gilin doqqazında üstü-başı yamaqlı,
acından hülqumu qalxıb-enən, məlul-müşkül baxışlı bir oğlan boynunu büküb
dayanmışdı. Əlindəəsa, çiynində nimdaş heybə, başında tükü tökülmüş papaq
var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı.
Gözü batmiş quyunun di bindəki su kimi güclə işıldayırdı.
Səs-küyə bayıra çixdılar, itlərə acıqlandılar, “a bala, kimsən”? – deyə
doqqazdakını səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə bərabər
doqqaza çıxdı, hardansa azıb gəlmiş bu Allah bəndəsinə təffərinclə baxdı və başa
düşdü ki, bura adamına oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək
olurdu. Ya düşmənini öldürəndən sonra baş alıb buralara pənah gətirir, ya da bir
parça çörək ucundan çöllərə düşürdülər. Kişi oğlanı təpədən-dırnağa diqqətlə
süzdü və “yox, bu adam öldürüb qaçana oxşamır, – deyə ürəyindən keçirdi. –
Yəqin başqa əmması var”. Əslinə baxsan kişinin oğlanın çuxura düşmüş
gözlərindən xoşu gəlməmişdi.
Elə bil qərib bunu hiss etdi, qışın girhagirində qapıdan geri qaytaratacağını
başa düşdü və səsinə yazıqlıq verdi:
– Qaçqınam, ay dayı, heç kimim yoxdu.
Kişi oğlunun üzünə baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından
çıxmış barmağına zillədi.
– Buranı sənə kim nişan verib?
– Heç kim. Yolu əlimə alıb gəlmişəm. Qapınıza pənah gətirmişəm.
Ata oğula baxdı, oğul da ataya.
– Adın nədir?
– Mürşüd.
Düzmü deyirdi, Allah bilir, kağızı yox, şahidi yox, gəlmə adam idi. Elə o
gündən ona kənd arasında “gəlmə Mürşüd” dedilər.
Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap
qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi,
Köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at da
bağışladı. Qohum qızlardan birini də alıb onu ev-eşik elədi.
Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq
açdı. Dolanması da yaxşılaşdı, özü də gümrahlaşdı.
Niftalı bir gün eşitdi ki, Mürşüd arvadını incidir. Həftələrnən evə gəlmir,
şəhərdə kefdə-damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi. Yanına çağırdı.
İki-üç gün gözlədi, amma Mürşüddən cavab çıxmadı. Bir gün yolda
qabaqlaşdılar.
– Niyə görünmürsən? – Nə olub, görünməyim vacibdir?
– Bəlkə bir sözüm var?
– Sənin mənə nə sözün ola bilər?
– Ə, nə yekə-yekə danışırsan?
– Danışmayanda, susmayacağam ki?
Atlar yüyəni gəmirib fınxırışdılar. Döş-döşə gəlib dal ayaqları üstündə
fırlandılar. Yolun tozu göyə qalxdi.
– Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?!
– Artıq-əskik danışma, sözünü de!
Niftalı kişi hirsini zorla boğdu.
– Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, dalına bülöv çalaram,
bildin?!
– Qələt eləyərsən, keçmişini də yanına alarsan!
– Ə, gəlmə köpykoğlu, mənə cavab qaytarırsan?!
Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi
bir oldu. Niftalı koxa elə yəhərin üstündən onu budarladı. At da sahibi kimi
qəzəblənib onu tapdaladı. Koxanın hirsi soyumadı. Sıçrayıb yəhərdən düşdü.
Toz-torpaq içində qıvrılan gəlmənin yaxasından tutub yoldan kənara sürüdü.
Xəncər havada parıldadı.
– Qələt eləmişəm keçmişimlə, ay Niftalı, məni öldürmə, balalarım
yazıqdı. Sən dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən.
Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində işıldayan suya bənzər
gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı.
– Di get, qurban ol evdəkilərə.
Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı, elə dinməzcə
də yəhərin qaşından yapışıb atın belinə qalxdı. Bir xeyli sakitcə kəndə doğru
sürdü və birdən yüyəni dartıb geri qanrıldı.
– Yaxşı, a koxa, bu hayfı səndən almasam, kişi deyiləm. – Niftalı özünə
gələnəcən atın başını qanırıb qışqırdı. – Mənə sırıdığın qancığı da gəlib apara
bilərsən!
Koxa atı minib tüfəngi hərləyənəcən, tozlu yolda gözdən itdi. Səhərisi də
eşitdi ki, başını götürüb evdən qaçıb…
Niftalı koxalığa keçəndən sonra istəsə də, istəməsə də xətrə dəyməli olurdu.
Divan-dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da
olmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tntmamısan,
filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan Qaçaq Kərəm Kürdən keçib
yaylağa qalxıb? Deməyə nə var? Amma belə şeylərdən ötrü el-oba ilə üz-göz ol,
görüm necə olursan? Vəzifə boyunduruq kimi bir şeydir. Elə ki boynuna
qoydular, belinə minib istədikləri səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da
gərək onları da özünlə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən
Kürə!
Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilğım təndir alovu kimi havanı
yalaya-yalaya boz təpələri aşıb kəndin üstünə yayılır, oradan da suyu işıldayan
Kürün üstündon keçib Qarayazı meşəsinin ağaclarını qarsıyırdı. Niftalı koxanın
kölgəsində uzandığı ağacların gövdəsinə yapışmış cırcıramalar səs-səsə verib elə
cırıldayırdılar ki, adam qulağım tutmalı olurdu. Niftalı koxanı isti, üstəlik də
cırcıramaların səsi təntitmişdi. Ayaqlarını suya salıb sərinləmək və sinəsini,
başını yuyub bir az dincəlmək istədi. Ayağa durdu, yaxası qaytanlı köynəyini
soyundu, arxa yaxınlaşıb domuşuqlu oturdu. Əlini suya uzatdı. Kür tərəfdən
uzanıb qəbristanlığın yanından dikdirə qalxan tozlu-torpaqlı yolla gələn atlıları
görmədi. Cırcıramaların səsi qulağına düşdüyündən atların fınxırtısını,
üzəngilərin cingiltisini, ayaq tappıltılarını eşitmədi. Bircə onu hiss etdi ki, güllə
açildı, kürəyi qovuşdu. Əlini sudan çəkib qamətini düzəltdi, qanrılıb dala baxdı.
Gördü ki, atlıların biri yüyəni çəkib atı şahə qaldırdı, geri dönüb kiminsə üstünə
qışqırdı, qamçı şaqqıldadı.
– Namərd köpokoğlu!
Daha heç nə eşitmədi. Kövşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxın
şirıltısı, cırcıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı və eşidilməz oldu.
Havanı qarsalayan ilğım elə bir qor kimi gözünə doldu, bəbəklərinin önündə
dalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü…
Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı koxanın başını
dizinin üstə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı.
Gözləri qapalı idi. Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ
nəfəsi var. Kərəm aralarına qan düşüb düşmənçilik başlayandan bəri onu belə
yaxından görməmişdi. Kişi xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti
qaralmış, qalın bığı azca codlaşmış, gicgahları ağarmışdı. Gözlərinin ətrafinda
xırdaca qırışlar əmələ gəlmişdi. Kərəm hiss elədi ki, Niftalı koxanı qan aparır.
Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi kişiyə necə kömək eləsin.
Elə bil bunu Niflalı koxa da hiss etdi. Qımıldandı. Göz qapaqları aralandı.
Zəndlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və
birdən-birə genişləndi. Kərəm hiss etdi ki, koxanın bədəni titrəyib dartındı, elə
bil kişinin canından üşütmə keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi.
– İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə də ki,
əlim çatmaz. Sənin dərdinə nə çarə qılım?
Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başıni azacıq qaldırıb bulanıq
gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən kimin dizinin üstündə olduğunu
başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işartının səyridiyini
hiss etdi. Öləziməkdə olan çıraq təkin atılıb düşən bu həyat işartıları titrədiyi
kimi də birdən-birə sakitləşdi. Dodaqları tərpəndi.
– Kərəm?
– Düz tanımısan, Niftalı, mənəm.
– Lap yaxşı, sən olmağın yaxşıdır.
Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni yox,
əziz bir adamiydı. Elə bil bu adam həmişə dağda, dərədə onun izinə düşən, onun
qanına susayan, fürsət tapan kimi ələ verməyə hazır olan adam deyildi.
Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya
keçdikləri, atları yalmanlayıb kənd arası ilə çapdıqları, gözaltı elədikləri qızların
görüşünə bir yerdə getdikləri uşaqlıq dostu, uşaqlıq sırdaşı idi. İndi isə birbirlərinin
üzünə həsrət qalmışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə
bilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüşdü. At
belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən çıxır,
Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb Arazı keçir, sorağı gah
irəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-qardaşının
əhatəsində səksəkə içində yaşayırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm ona
bir-neçə dəfə ismarış eləmişdi ki, kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri olmamışdı. Kərəm
onu axtarırdı, çoxdan axtarırdı qulaqburması vermək üçün.
– Dəstəndə təzə adam varmı?
Kərəm güclə eşitdiyi bu sözlarin cavabını xeyli ləngitdi.
– Var.
– Kimdi?
– Mürşüd.
– O gədamı?
Bu söz Kərəmin ortasından beşaçılan gülləsi kimi keçdi. Elə bil gözünə
qaranlıq çökdü. Yaralandı, yaman yaralandı.
– Mənə pənah gətirdi, neyləyim?
– Bizə də pənah gətirmişdi, axırını ki, gördün.
Kişi inildədi. Kərəmə elə gəldi ki, onu incidədən yaranın ağrısı deyil,
əməyinin, zənninin itməsinin ağrısıdır.
Niftalı koxanın sifətini soyuq tər basdı, üz-gözünü qırışdırdı, sonra bu ağrı və
iztirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi.
– İndi arxayın ölə bilərəm… Şükür Allaha, zənnim puça çıxdı..,
Yoxsa o dünyaya nisgilli gedəcəkdim. Çox şükür, Kərəm, gözümdən
düşmədin… Başımı bir azca yuxarı qaldır.
Kərəm onun qoltuğunun altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını
udub sakitləşdi. Sifətindən quş nəfəsinə bənzər xəfif bir dirilik işiği ötdü.
Uzaqlara baxdı. Kərəm hiss etdi ki, onun torlanmaqda olan gözü Kürün o üzünə,
Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan Qarayazıya, bir az bəridəki
kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, mal-qara haylayan
uşaqlara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdılar. Yenə meh əsirdi,
yenə taxıl zəmiləri xışıldayır, yenə arxın suyn qırçınlanıb axır, yenə cırcıramalar
zil səslə cırıldayırdılar. Niftalı koxanın gözünün önündən təndir istisinə bənzər
dalğa-dalğa ilğım keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümü torlanır, yoxsa
ilğımmı keçir?
Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin
yoldaşlarını bir-bir süzdü. Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartınıb
gərildi. Kərəm gördü ki, kişinın halı birdən-birə dəyişdi, yanaqlarına elə bil
qızartı çökdü. Bu qızartı son doyüntülərini keçirən ürəyin damarlara vurduğu
axırıncı qan damlalarının qızartısı idi. Kişinin öləziməkdə olan gözləri Kərəmin
üzünə zilləndi.
– Kərəm, bircə diləyim var…
– De görum.
– Naqanını çıxart, məni alnımdan özün vur.
– Nə danışırsan?
– Qoy desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb… Kişini kişi
öldürər, qardaş, gəda-güda yox.
– Əlim qalxmaz.
– Dediyimi eləməsən, atayın belindən gəlməyibsən.
Kişinin sinəsi qaixdı və asta-asta endi.
Kərəm qəhərləndi. Boğazına yığılmış yaşı güclə uddu. Gözləri ilə axtarıb
Murşüdü tapdı. Əlləri əsdi. İstədi tüfəngi hərləyib elə buradaca, tülkü kimi
büzüşmüş namərdi qanına bulasın. Amma fikrini dəyişdi. “Onsuz da Niftalının
qohumları onu sağ buraxmayacaqlar” – deyə düşündü. Bir dəəlini murdarlamaq
istəmədi.
– Onun tüfəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də
atdan düşün, tüfənginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq
tərpətməyin. Kəndə gedəcəyik.
Kərəm qərara almışdı. Niftalı koxanın meyitini kəndə özü aparacaqdı. Kişini
əlləri üstünə alacaq, atı isə dalcan geləcəkdi. Qaçaqlarda atların yüyənlərini
boynuna atıb cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi
ki, bu ağır işdir. Kənd adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq hayharay
salıb üz-gözünü ciracaq, vay-şivən salıb saçlarını yolacaq, qarğış
edəcaklər. Bəlkə onlara güllə də atacaqdılar. Artıq-əskik danışanlar, divandərəyə
xəbər verənlər də tapılacaqdı. Amma inanmırdı. İnanmırdı ki, kəndlərində
belə namərdlər tapılsın. O, əmin idi ki, meyiti sakitcə kəndin arası ilə Niftalı
koxanın evinə qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə
qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən
sonra koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq və dağlara sarı üz
tutacaqlar.
Kərəm qollarını və dizlərinin üstündə sərinlik hiss etdi. Başa düşdü ki, kişinin
bədəni soyuyur. Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar
var…
Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı…
Yazıya 4007 dəfə baxılıb