Terrora “ithaf”
Tələsik yaşamaq lazımdı –
Ölüm vaxtını irəli çəkiblər,
əcəl saatını dəyişdiriblər…
Uşaqları tez böyütməli,
əmzikləri əlüstü tullamalıyıq,
yoxsa bombaları taykeş geyindirəcəklər gül ayaqlara…
Tez-bazar evlənməli, birgə qocalmalıyıq,
su içməli, hava udmalıyıq,
necəsə dünyadan doymalıyıq…
Hardan biləsiz, ay atəş səsləri:
Ölüm, eşitdiyi səsə çevriləcək qədər andırsa,
həyat, çevrilmək istəyi boyda zamandır…
***
Müharibə
Qadınım öləndə
hamı güllə səsində gizlənmişdi –
özüm yudum,
kəfin-dəfin elədim,
torpağa tapşırdım.
Qayıdıb evə gördüm ki, yoxdu o,
yüyürüb çaydan soruşdum:
– ağlasam daşarsanmı?
Dinmədi…
Üz tutdum tarlaya
soruşdum pambıqdan –
kəfəni yaraşırdımı ona?
Lal idi…
Gəldim torpağın yanına,
baxdım – qadınım ordadı…
güllə səsisə yoxdu…
Evə çatanda gördüm oğlum
kürəyini güllə səsinə söykəyib ağlayır…
…göz yaşını sildim torpağın…
***
1937-ci il, NKVD, Fərid Hüseynin müstəntiqə dedikləri
İstintaqı xəbərdar edirəm:
– yaşasam günəşi göydə unutmayacam.
Həqiqəti dediyimə and içirəm:
tavanlar buludlardan çox şey öyrənib.
Sübut gətirirəm:
Yaşamadıq – fotodakı uşaqlıq şəklimiz böyüdü bircə.
Cavabımın üstündə qalıram:
həqiqət mənim süd anam olub.
Xoş reputasiyası yoxdu:
ölümün həyat yanında.
İfşa edirəm özümü:
xatirələrim gündəliklərimə xəbərlədilər gördüklərini.
Gecələr gizli-gizli görüşürdük:
xəyallarla, düşüncələrlə.
Yerini nişan verə bilərəm:
həqiqət sözlərdə gizlənib.
Bilirəm, sirr saxlamaq cinayətdi –
bir dəfə həqiqətən sevmişəm.
…Öz imzamla təsdiq edirəm: alın yazımı.
Yazıya 515 dəfə baxılıb