İradə TUNCAY — QUO VADIS?..

irade tuncay  (Səkkiz il öncənin yazısı)

Nəsillər gəlir və gedir, torpaq əbədidir. Günəş doğur və batır, yenə çıxdığı yerə tələsir. Külək cənuba, ordan da şimala əsir. Hərlənir-fırlanır, yenə öz yerinə qayıdır. Bütün çaylar dənizə axır, amma dəniz dolub-daşmır. Çaylar yenidən axmaq üçün öz mənbələrinə qayıdırlar.

Ekkleziast

Təxminən iyirmi il əvvəl oxumuşdum bu kitabı. İndi götürüb yenidən vərəqləyirəm, gözüm bir ifadənin üstündə dayanır: “Şəxsən mən xatirələrdən şikayətçi deyiləmsə də, onların dəvəti məni kədərlənir”. Məni də kədərləndirir. Ömrümün çox hissəsini yaşamışam, çox hissənin çox hissəsini də ədəbiyyat adlanan tanrı ilə yol getmişəm. Həyatımdan keçən illər ərzində dünyanın pəncərəsindən də çox insanlar baxıb keçib. Xatirələrimdə yaşayırlar. İnsanın xatırlaya biləcəyi nəsə varsa…

***

“… Anıram, yada salıram. Keçib getmiş saatları, günləri qaytarmaq istəyirəm, Vaxtın ətəyindən yapışıb saxlamaq istəyirəm. Saniyələri, dəqiqələri, anları dayandırmaq istəyirəm.

An dayana bilməz.

Vaxtın indisi yoxdur, Olmuşları, olacaqları var. Yazdığım bu cümlələri də, heç bircə cümləni, bircə kəlməni də İndi yazmıram. Yazacağımacan bu cümlələr, sözlər hələ yoldur, qabaqda, gələcəkdədir, yazıb qurtardığım hər cümlə, bitirdiyim hər söz isə artıq geridə qalır. Bax, bu indi yazdığım cümlənin hər hərfini kağıza köçürdükcə, o sözlər yeyin gedən qatarın pəncərələrindən görünən teleqraf dirəkləri kimi yıxılıb arxada qalır və yalnız cümləni tamamlayacaq nöqtə hələ qabaqdadır ki, onu da indi qoyuram.

İndi?

Yox, o da Gələcəkdə idi – Keçmişdə qaldı.

İlahi, bütün bu dayaz fəlsəfələr nəyə gərəkdir? İki ildən artıqdır ki, içimi lil-həlim dolduran, hər an məni çuğlayan, göynədən yazını günü günə, saatı saata sata-sata yubadıb uzaqlaşdırıram, neçə vaxtdan bəri yazmaq istədiyimi yazmaqdan, yazmağa başlamaqdan qorxuram, indi yazmağa başlayanda da mətləbə keçməkdən qorxuram.

Qorxuram qələmim qanaya.”

Bunları Anar yazıb, amma mənə elə gəlir ki, özüm yazmışam. İndi mən də çoxdan bəri fikirlərimi toparlayıb yazacağım bir yazıya başlaya bilmirəm. Mən də qorxuram ki, qələmim qanayar.

… Kitab oxumağa çox erkən başlamışam. Həmin vaxtdan mənim üçün Anar var. Özü də mənim üçün Anar asılqandan başlayıb. Daha doğrusu, “Asılqanda işləyən qadının söhbəti”ndən. Kiçicik hekayə idi – bir adamın dili ilə nəql olunan. Qəribə axıcılığı var idi, tutmuşdu məni. İndi fikirləşirəm ki, deyəsən Anar mənim Azərbaycan ədəbiyyatından oxuduğum ilk müəlliflərdən idi. (Təbii, dərsliklərdə keçilənləri çıxsaq). Həmin vaxtdan həyatımda Anar var. Təkcə mənim yox, çoxlarının. Fikirləşirəm, Vaxt dediyim təkcə bizim vaxtımız idimi? Hər halda həmin zaman kəsiyində sevib oxuduğumuz, bizə yeni gələn, içimizdə nəyisə tərpədən, nəyisə dəyişənlərdən biri idi Anar. Deməli, həm də onun Vaxtı idi. İndi biz yaşda, ya bizdən cavan kimsələr desə ki, mən Anarı oxumamışam, yalan danışacaq. (Söhbət oxuyan adamlardan gedir). Mənə görə Söz adamlarının vaxtı bitmir. Sevgi, nifrət, tənqid, tərif bucaqları dəyişir, Vaxt bitmir. Yəqin bu da bir bəxtiyarlıqdı Vaxtla yarışmaq. Bəxtiyarlıq deyirəm, amma bu söz həm də məni qorxudur. Vaxt indi başqalarınındı. Bu yarışı başqaları qazanır. Ədəbiyyat adlanan Tanrının yerinə altun bütlər keçir. Ancaq Anar vaxtı ilə baxtının üst-üstə düşdüyü sənətkardır. Onun ədəbiyyata gəldiyi illər Azərbaycanda sənətin yüksəlişi, tərəqqisi illəri idi. Və həm də “yazıçı” məfhumunun özü hörmətli bir anlam idi. Yazıçı sözü çox nəsnələri həll edirdi və əslində bu da dövlətin siyasətinə xidmət idi. Sistem təkpartiyalı idi, amma bu təkliyin içində çoxsaylı görünməz axınlar, qollar vardı. Söz adamları da həmin burulğanların içində var olmaq savaşı verirdilər. Tam səmimi sözümdü, bu gün adına nə deyiriksə deyək (türk-Azərbaycan-azəri) öz dilimizdə danışırıqsa, bu torpağın üstündə yarıac, yarıtox da olsa gəzə biliriksə, öz evimizdə yatıb-dura biliriksə, buna görə Söz adamlarına borcluyuq. Bu məmləkətin nə hərb, nə də dövlətçilik tarixi olmayıb. Bütün tarixləri özündə ədəbiyyat birləşdirib. Və milləti də bir əsrdən o biri əsrə ədəbiyyat, söz adamları daşıyıb. Ona görə də ən ağır, ən çətin günlərdə yenə üzlər, gözlər yazıçılara tuşlanır. Ömründə bir neçə kitab oxumayan adamlar da heç olmasa bir neçə yazıçının adını bilir. Və dara düşəndə də nazirləri yox, söz adamlarını asıb-kəsirlər. Son illər sözü nə qədər hörmətdən salmağa çalışsalar da yenə həmin ənənə yaşayır. Millətin şüuraltı nicat siyahısı yenə yazıçıların imzasıyla dolur. Həmin siyahıda Anar da var. Bu əslində nəyinsə göstəricisidir. Düzdür, bir az qəribə toplumuq, milyonları mütriflərə xərcləyirik, umanda-küsəndə yazıçılardan inciyirik. İnciyirik, amma onların yaşaması üçün barmağımızı da tərpətmirik.

Artıq adət halını alıb, son vaxtlar əlimə götürdüyüm kitabları arxa səhifədən açıram. Tiraja baxıram – 300, 500, yaxşı halda 1000 nüsxə. Həm də kimin kitablarıdı?.. Bu məmləkətdə sarsaq zənginlərin sayı artdıqca ədəbiyyata calaq olunub maklatura nəşr edənlərin də tirajı artır. Maraqlı mənzərədi – böyük imperiyanın tərkibində yaşadığımız illərdə dövlət siyasətinə sənətin bütün növləri, ilk növbədə ədəbiyyat gərəkli idi. Çünki ədəbiyyat sözdü, söz də beyinlərə ən çox təsir edən vasitə. İndiki müstəqil avaralıq illərində yenidən ilkin çağlara qayıdırıq – böyürtü, bağırtı, tappıltı. Artıq danışmaq və yazmaq unudulmalıdır. Yenidən işarələr və səslərlə anlaşacağıq -ibtidai insanlar kimi. Tirajlanan da elə budu. İndi əlimdə Anarın 24 il əvvəl çapdan çıxmış kitabının tirajına baxıram – 50 min. Gör hardan hara düşmüşük… 24 il əvvəl. Bu elə illər idi ki, artıq Sovet insanı zərbəçi əmək növbələriylə deyil, pambıq tarlalarında, plantasiyalarda deyil, gündəlik qayğılarıyla, telefon söhbətləri ilə də ədəbiyyata gəlirdi. Bu elə illər idi ki, “kamikadze” sözü terroru, partlayışı yox, gürcü familiyasını xatırladırdı. Həmin illərdə bizim ədəbi zövqümüzü formalaşdıran insanlardan biri də Anar idi. Yazdıqları bizə doğma idi, yaxın idi. Burda insan hissləri, duyğular vardı. Burda televizordan eşitdiyimiz “plan”, “təsərrüfat”, “beşillik” sözləri yox idi. Bu elə illər idi ki, nəsillər arasında rabitə qırılmamışdı. Və biz yavaş-yavaş öz kimliyimizi dərk etməyə başlayırdıq. Hamının xoşbəxt olduğunu elan edən fərmanlara rəğmən çox nəsnələri anlayırdıq… Sonra hər şey alt-üst oldu. Beynimizə yeritdilər ki, hər şey pisdi, bizdən əvvəl nə olubsa silib-süpürüb atmaq lazımdı. Hamını hörmətsiz-urvatsız eləmək lazımdı, liderlər ancaq mitinqlərdə çığırıb-bağıran adamlardı. Halbuki bu xalq hər zaman söz adamlarına hamıdan artıq qulaq asırdı. Bu da plan idi, amma başqa çalarlarda. Uzaq ölkələrdə hazırlanmış beşilliklərdən də artıq zamanı əhatə edən. 20 ildi çabalayırıq. İtirdiyimiz bir nəsil yetişdi – nifrət dolu, inamsız, beyni dumanlı. Hər şeyi çox dəqiq ölçüb-biçmişdilər. Hansı xalqı hardan vurmaq olar öyrənmişdilər. İndi televizorda bir maşına görə qoca yaşlarında ləyaqətlərini ortalığa qoyan biçarələrə baxıb fikirləşirəm ki, bu millət deyəsən elə kəbirlinskilərdən ibarət imiş. Yox, doğru demədim, Kəbirlinski daha ləyaqətli idi. “Yaxşı padşahın nağılı”nda şair şahın yazdıqlarına şer demədiyi üçün zindana girməyə razı olur. Amma indi baxıram ki, cibi dolu bir nəfərin harınlıqdan, bekarçılıqdan yazdığı cızma-qaralara xalq şairləri bir boşqab yeməyin xatirinə bəh-bəh deyirlər. Danışanlar yoruldu, qulaq asanlar yoruldu, bəs niyə heç nə dəyişmir? Kimə şikayətlənək, Anar müəllim? Böyük yenə sizsiniz, yenə sizin sözünüzün bir çəkisi var. Neyləyək, siz deyin. Gülməli də olsa mən indi hətta bulvar romanlarının oxucularını da özləyirəm. Heç olmasa nəsə oxuyurdular.

Taleyimiz heç zaman öz əlimizdə olmadı. İndiyə qədər imperiyalardan qopub müstəqillik qazanmış ölkələrin də xoşbəxt yaşadığını görmədim. Olsa da bəlkə Avropanın göbəyində ola bilər. Görünür müstəqilliyə də hazırlaşmaq lazımdı. Üzümüzü hara tutaq ki, ordan bir işıq gəlsin. Hər halda Moskvanın intellektual mühiti bizə nəsə qazandırmışdı. Öz milli kimliyini unutmayıb ordan millət üçün yenilik gətirənlər də az olmadı. İndi üstümüzə yağan bu daş-kəsəyin altından necə çıxaq? Bunların da tirajı çox yüksəkdi axı?Vertolyota “dikuçar” deməyi təklif edirdiniz, baxın necə tənzimlədilər – “helikopter” deyirik. Bu gün dilimizin başına açılan oyun heç əsarət illərində də olmamışdı…

***

Ədəbi mühitdə intriqalar da, qarşıdurmalar da hər zaman olub. Təbiidir, şöhrət olan yerdə onun bölüşülməsi də dava yaradacaq. Desək ki, 30-40 il əvvəl heç bir dəstəbazlıq yox idi, bu da yalan olacaq. Amma o vaxt ədəbi dəstələrin başında sözü keçən, nüfuzlu şəxslər dururdular. Və hər halda gənclər də bundan yararlana bilirdi. İndi qəbul etdiyimiz, ya etmədiyimiz, hər şeyi inkar edən, heç kimi sevməyən gənclər var ki, onların içində istedadlıları da çoxdu. Qolundan tutan, yol göstərən, başını sığallayan birisi yoxdu. Evdə, ailədə övladlarımız yolunu azanda öldürmürük, asmırıq, kəsmirik. Nəsillər arasındakı bağları qoruyub-saxlayacaq adamlar yenə böyüklər olmalıdır. Ədəbiyyatın əslində əbədiyyət olduğunu, ədəbiyyat yaratmaq üçün istedaddan çox zəhmətin lazım olduğunu anladanlar da böyüklər olmalıdır. Kef məclislərini bir tərəfə qoyub üzü divara oturmaq, işləmək, işləmək, işləmək lazım olduğunu da… Özü də belə bir vaxtda. Uşaqlar saxtakarlığı, riyakarlığı qəbul etmirlər. Bir gün böyüyəcəklər, bizim kimi ağıllanıb yalan da danışacaqlar, kiməsə tərif də vuracaqlar, təzim də eləyəcəklər, amma indi onları bir nizama, bir axara yönəltmək gərəkir. Ən azından ona görə ki, dünən, bu gün, sabah yazılanları kimsə oxusun. Hansısa harınlamış zəngin böyük minnətlə 300 nüsxəlik kitaba pul verməsin. Bu məmləkətin ən böyük var-dövləti hər zaman söz adamları olub. Gör nə günə qalmışıq ki, məmurlar yaradıcı təşkilatlara ayrılmış qəpik-quruşun davasını döyürlər. Bütün bunların qabağında sinəsini yenə böyüklər sipər eləməlidir, Anar eləməlidir. Və mən hər zaman sevdiyim yazıçının, xalqın dəyərli ziyalısının 70 illik yubileyində giley-güzar elədiyim üçün üzr diləyirəm. Əlinə qələm alan adam kəfəni də əyninə geyinir. Əgər biz sizə şikayət ediriksə, demək yenə siz bizim üçün böyüksünüz, Anarsınız.

***

Rəvayətə görə, Neronun təqiblərindən qaçıb qurtarmaq istəyən Apostol Pyotr Romadan çıxanda şəhər darvazasının önündə İsa peyğəmbərlə rastlaşır və heyrətlə soruşur:

– Quo vadis, Domine? ( Hara gedirsən, İlahi?)

– Romaya! Yenidən çarmıxa çəkilmək üçün – deyir peyğəmbər və qeyb olur.

Pyotr utanıb geri qayıdır. Onu da Romada əzabla qətlə yetirirlər.

Ədəbiyyat da Tanrıdı, dindi. Siz də onun müridləri, Anar müəllim. Allah ömrünüzü uzun eləsin. Amma yaşadığınız müddətcə çarmıxınızı özünüzlə daşımağa məhkumsunuz. Küsmədən, incimədən, cırnamadan. Quo vadis?..

Yazıya 661 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.