Azərbaycanda ölkənin multikultural dəyərlərini təbliğ edən yeni telekanalın peyklə yayını planlaşdırılıb.
Strateq.az bildirir ki, Prezident İlham Əliyevin martın 11-də imzaladğı Sərəncamla təsdiq olunmuş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planında bununla bağlı göstəriş əksini tapıb.
Sərəncamda qeyd olunur ki, ölkənin multikultural dəyərlərini təbliğ edən “Kultura Plyus” internet televiziyasının maddi-texniki bazasının gücləndirilməsi və peyk yayımına keçirilməsi məsələsinə baxılsın.
Qeyd edək ki, “Kultura Plyus” televiziyası Rabitə və Yüksək texnologiyalar nazirliyi, Yaradıcılıq Fondu və Bakı Slavyan Universitetinin təsisçiliyi ilə yaradılan “Mədəniyyət Plyus” İctimai Birliyinin nəzdində yaradılıb.
Bu internet televiziyası Azərbaycanın maarifçilik ənənələrinə uyğun olaraq keçmişimizi, milli-mənəvi, dini dəyərlərimizi, mədəni irsimizi öyrənməyi, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin təbliğini qarşısına məqsəd qoyur.
“Kulturaplyus” İnternet televiziyasının əsas məqsədi dünyanın müxtəlif dövlətlərində Azərbaycana olan münasibətin həmin ölkələrin cəmiyyətləri tərəfindən tənzim edilməsinə kömək etməkdir. Burada, eyni zamanda, dünya ictimaiyyəti üçün önəmli şəxsiyyətlərin – siyasətçilərin, incəsənət nümayəndələrinin və ictimai xadimlərin Azərbaycan haqqında fikirləri səslənəcək. Onlar Azərbaycana olan münasibətləri ilə dünyada Azərbaycan həqiqətlərinin daha effektiv yayılmasını təmin edəcək.
Rusdilli və ingilisdilli tamaşaçılar “Kulturaplus” televiziyasında həm Azərbaycan, həm də bütövlükdə dünya barədə maraqlı və faydalı verilişləri izləyəcək. Son hədəf dünyanın müxtəlif ölkələrindəki izləyicilərimizi Azərbaycanın dostlarına çevirməkdir.
Yazıya 556 dəfə baxılıb