Kultur.az tanınmış şair Sabir Yusifoğlunun şeirlərini təqdim edir.
Mənə bir məktub göndər
Susuzluqda su təki
Bəlkə yadına düşəm.
Mənə bir məktub göndər
Bilim ki, ölməmişəm.
Səndən başqa bilən yox,
Dərdimə bir dərman yaz.
İki kəlmə nədi ki,
Ay gözünə qurban, yaz.
Çox yox , bir varaq göndər,
Vaxtın yoxsa ağ göndər,
əllərinin izini
evimə qonaq göndər.
bilim harda solursan,
ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm.
Kim çəkib gətirdi düzə dağları
Qoşula bilmədik qayalarına,
Qoşduq tükdən yüngül sözə dağları.
Havası çatışmır aran yerində,-
Kim dartıb gətirdi düzə dağları?
Qartallar səsini içində boğub,
Qayalar kolların dibinə sığıb.
Əl boyda kağızın üstünə yığıb
Barmaqla göstərir bizə dağları.
O mənəm, hər yandan yolu kəsilən,
Babəklə bir yerdə qolu kəsilən.
Köçürün bu yurdun xəritəsinə
Sinəmə çəkilən təzə dağları.
Mənim ad günümə qar yağır yenə
Nə özün gəlirsən, nə məktubların,
səninlə gedibmi yox olan yollar?!
Bəlkə Yer üzündən qırılıb düşüb
bizim aramıza yıxılan yollar?!
Mənim ad günümə qar yağır yenə,
düşüb pəncərədən qar dənəsiylə
Fevral gecəsinə yıxılır kölgən.
Evdə olanlardan çəkinib bir az,
isti xəyallara sıxılır kölgən.
Yığıram ovcuma qarlı kölgəni,
ovcumda kölgəndən nəsə qalacaq?!
Əllərim isidər bəlkə kölgəni,
kölgən əllərimdə təzə qalacaq.
***
Döysəm pəncərəni, döysəm qapını,
döysəm ürəyini bu gecə vaxtı
Günah yiyəsidi məleykələr də,
bəlkə də üzünə baxmaq günahdı.
Bu sevgi, bu tale, bu dərd!
Nə olsun?!
Uçan küləklərə çatsaq da belə,
gedib mələklərə yetsək də belə
qovuşa bilmərik bir-birimizə.
Qaldığım illərin yan-yörəsindən
Seyrəlib çəkildim duman çən kimi
Tək sənin yadına düşmürəm deyə
Yadımdan çıxıram çıxan can kimi
Bir daha üz-üzə gəlməsək də biz,
yollar izimizi barışdıracaq.
Xınalı əllərin, xanım əllərin
gündüzlər qızının qara telini,
gecələr yuxumu qarışdıracaq.
Dünyada Sevgidən doğulanlar az,
Bəlkə də Sevgidən ölən olmayıb…
İlahi Sevginin nə olduğunu,
Tanrıdan savayı bilən olmayıb.
Qara gecələrin qara üzünə
ağı deyə-deyə ağ çəkəcəksən.
Dünya unudacaq hər ikimizi,
bir vaxt adımız da dəbdən düşəcək.
Yollar dəyişəcək yerişimizi,
baxıb şəkillərə ah çəkəcəksən!
Qatlayıb qırağa atdım keçmişi,
bir sən bilən olsun, bir Allah, xanım.
Sənin taleyinə sevgi yazılıb,
Yazılsın adıma bu günah xanım.
Türkün bayrağını küləkdən öncə
Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.
Dünyanın yolları alın yazımız,
Dünyanın hər günü bu qandan keçib.
Türkün bayrağından keçən olmayıb,
Əyilib altından yüz dövran keçib.
Silməz yaddaşından batan qanları,
Zamanın hökmüylə barışan deyil.
Tamam bambaşqadı qan qrupumuz,
Hər axıb gedənlə qarışan deyil.
İçimdə yalquzaq yanğısı ilə
Ulayan həsrətdən qaynayır qanım.
Ayı-ulduzuyla göz qamaşdıran
Günəş parçasına oynayır qanım.
Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.
Yarasına köz basılar, qar dolar…
Dünya qopsa dönən deyil yolundan,
Azadlığa susayan türk, acan türk.
Qılıncını gündoğanda sıyırıb,
Günbatana bayrağını sancan türk.
Bir kimsənin tapdalamaz haqqını,
Bir kimsəyə pay verməz öz haqqını.
Gir dünyanın yaddaşına bir tanı,-
Dərd önündə əyilibdi haçan türk?!
Kölgəsi də qılınclanan, daşlanan,
Hikkəsindən, qəzəbindən daş yanan.
Sinəsini yurda sarı tuşlanan
Süngülərə, güllələrə açan türk.
Yarasına köz basılar, qar dolar,
Təklənsə də, lap təklənmiş qurd olar.
Bu sevgini anlayamaz xırdalar,-
Bu sevgi – Türk, bu ürək – Türk, bu can – Türk.
İşıq gələn yeri div qamarlayıb
Dərdin bol yerinə düşmüşəm, Allah
Bu torpaq deyilən acın üstündə.
Yeddinci qatında odlanır ruhum,
Quru qaraltımdı qaçır üstündə.
Kimsə yazdığının üstdən xətt çəkib,
Taleyim təzədən yazılır burda.
Didilən ölkənin qanunlarıtək
Yuxum da tərsinə yozulur burda.
Bu görüb, sürdüyüm ömür-gündüsə,
Qaralamasında qalmışam elə.
İşıq gələn yeri div qamarlayıb,
Qara qoç üstündə gedirəm hələ.
…Əlində su içmək kimi bir şeydi
Bu Taydan o biri Taya keçirmək.
Al, bu da ömrümün qaralaması, –
Allah, sənə qaldı ağa köçürmək.
Ömürdən günlər düşüb…
Bu illərin üstündən
kim keçib,-
daşlıq qalıb.
Ömürdən günlər düşüb,
arada boşluq qalıb.
Biz olmadıq bu bizlə,
dənlədi təpəgözlər.
Dildə utanan sözlər,
sözdə “qardaşlıq” qalıb.
Ümüd həftəlik, aylıq,
yenə o tay, bu tayıq.
Nə ayaqda ayaqlıq,
nə başda başlıq qalıb.
Dur torpala üstümü,
görməsinlər tüstümü.
Mənim balam, pis günün
ömrü bu qışlıq qalıb.
O dağın döşündə
Yıxılıb dincini alır
göylər o dağın döşündə.
Çəkib bulud karvanını
əylər o dağın döşündə.
Vaxtsız yuxu tutan igid,
gül-çiçəyə batan igid.
Savalanda yatan igid
Neylər o dağın döşündə?!
Bir kitab kimi oxunsam,
oxu sonacan, oğulsan!..
Burda qəlbimə toxunsan,-
Göynər o dağın döşündə
Dili lal, gözləri açıq,
ümid qönçələri açıb.
Hamıdan gizlətdiyimi
ürəyim yuxumdan qaçıb
Söylər o dağın döşündə.
Yıxılıb dincini alır
Göylər o dağın döşündə.
Qəlbim burda yaralanıb,
Göynər o dağın döşündə.
Ağaclar özünə qəsd eləyirmi
Ağaclar üsyana qalxıb elə bil,
Ağaclar özünə qəsd eləyirmi?!-
Yanan meşələri söndürmək olmur.
Buludlar atılmış qadın kimidi,
Elə ovcundadı göz yaşları da,
Üzgün buludları dindirmək olmur.
Torpaq da sürüşür ayaq altından,
Bezib adamlardan qaçmaq istəyir.
Içindən dağılır bu Yer kürəsi,
Uzaq ulduzlara uçmaq istəyir.
Misir ehramları kölgədə qalıb,
Yazıq fironların adı var imiş.
Salamat görünən bu dünyamızın,
Adamlar sarıdan çatı var imiş.
Ölüm kəşf eləyən ölümcül alim
Zaman maşınında götür fala bax:
Bir gün qarışqalar adam doğcaq,
Adamların işi – vurub talamaq.
Dünyanın başına min oyun açdıq,
Oyundam baş açmır yaradan özü.
Heç yola gələnə oxşamır insan,
Tanrı bəndəsindən əlini üzüb.
Bu alov püskürən vulkan deyil ki,
Od alov püskürür yer qəzəbindən,-
Günahlar cəzasın alacaq bir-bir.
Uzaqdan yol gəlir bir səda, Səda:
Dünyanın ruhuna salavat çevir.
Sualtı qayığa bənzəyir qadın
qəlbindən, könlündən nə keçdiyini,
Arzu-istəyini bilmək istəyir.
Gəzib ürəyimin künc-bucağını
Ona yad nə varsa silmək istəyir.
Sualtı qayığa bənzəyir qadın,-
Gah suyun altında, gah da üstündə.
Hara getdiyini bilə bilməzsən,
Eyni okeanda qoşa üzsən də.
Arzusu, istəyi ölçüyə gəlməz
Qəlbə lövbər atdı,-dünyadan ağır.
Ən dayaz sularda batıb gedərsən,
Bacara bilməsən kapitanlığı.
8 mart günü
Bu adam çaşdırıb əzrayılı da,
Bir canın üstündə yüz sifətilə.
Güzgüyə tüpürüb özündən gedər–
Rastlaşıb eləsə öz sifətilə.
Yorulan ümidlər axır ki dindi,
Bu xəzəl arzular allah, kimindi?!
Təqvimin qırmızı günləri indi
Bizi qarşılayır boz sifətilə.
…Yaman tez yıxıldın Adəm deyənə,
Ay səni, damarı boş Həvva nənə.
Belə dünyadansa kaş Həvva nənə,
Qarıyıb qalaydın qız sifətilə.
Qəriblik
Dərdindən ölməyə bir xanım nədi,-
Bəxtimə bu gözəl Vətən düşübdü.
Əlimi çəkirəm xəritəsinə,
Əlimi Bakının buzu üşüdür.
Ürəkdə Vətənə yer qoymayanlar
Bu yurdun bağrında bağır çatladır.
Tərif yarışında, söz alverində
Özümü, sözümü ağır saxladım.
Qoruna-qoruna tamahdan, şərdən,
Gözləyə-gözləyə abır-həyanı,
Oğullar vurulub çıxdı qırağa.
Dərdini çəkənlər şəhid olduqca,
Kefini çəkənlər düşdü qabağa.
Bəlkə də yaşamaq ehtiyacından
Doğulur yurd-yuva, məskən sevgisi?
Məkanı itirmək qorxusundan çox,
Qana, cana hopub Vətən sevgisi.
Sümüyə dirənən bu bıçaqla da
Kəsib atmaq olmur ürəkdən, qəlbdən.
Doğma balasıtək uğrunda getdik,
Ögey ana kimi baxsa da hərdən.
… Vətən dediyimiz bu məmləkətin
Təki sığınmağa qucağı olsun.
Hamının qəlbində Vətən sevgisi,
Hamının öz evi, ocağı olsun .
Əlimi çəkirəm xəritəsinə
Əlimi dağların buzu üşüdür.
Dərdindən ölməyə bir xanım nədi,-
Nə yaxşı bəxtimə Vətən düşübdü.
Bu dənizi…
Bu dənizi boşaldıb,
görüm dibində nə var?
Sevgiyə, dərdə aid
balıq dilində nə var?
Bu dənizi aparım
fevralın on dördünə…
İl boyu qarışdırım
batan yurdun dərdinə.
Uzadıb qum üstünə,
kürəyin günə verim.
Bu dənizi qaldırıb
dumana, çənə verim.
O qızın ayaq izin
qızıl qumdan ələyim.
…Nə deyirəm danışmır,
bu dənizi neyləyim?!
Oğurlayıb aparsam
Dibində gizlədərmi
Marian çökəkliyi?
Çəpərlər qırış-qırış
Sifəti cızıq-cızıq
Qalmayıb göyçəkliyi.
Gözü dolu buludun
payız dilində nə var?
Bu dənizi boşaldıb,
görüm dibində nə var.
Dağ tərəfdən qış keçib
Gətirdiyi bar əyib
ağacların qəddini.
Dağ tərəfdən qış keçib
Payızın sərhəddini
Havalı adamlardan
baş alıb qaçır külək.
Yarpaqların başına
min oyun açır külək.
Yenə baş saxlamağa
yaman qarışıb başlar…
Çiçək mövsümü bitib
şeir mövsümü başlar.
Payızın içindəyəm,
içimdə yaz həsrəti.
Ömür payız şərqisi,
Sarı yarpaq hər sətri.
Məni də birnəfəsə
çəkib aparır payız.
Tək darıxmasın deyə,
sarı yarpaqlarına
Büküb aparır payız….
Sözə baxan yoxdu
Ucuz söz ki göynən gedir,
baha sözə baxan yoxdu.
Baxanlar da ələ baxır,
daha sözə baxan yoxdu.
Sözün taxtından enən kim,
sözün çiyninə minən kim.
Odla oynayır dünənki
çağa… sözə baxan yoxdu.
Düz deyirsən – düz alınmır,
bu qapıda o zalımdı.
Söz verildi – səs alındı,
Qağa, sözə baxan yoxdu.
Getdim dalımca gələrsən,
nə çəkdiyimi bilərsən.
Birdən aldanıb elərsən,
Bax ha!.. sözə baxan yoxdu.
Qarğalar sevinr
Qar yağır qışın gününə,
Qara, qarğalar sevinir.
Çoxunun səsin batırıb
Qara qarğalar sevinir.
Ağ üstünə qara düşüb,
Başlar hardan-hara düşüb.
Tor atan da tora düşüb
“Urra!” .. qarğalar sevinir.
Bilmədik yıxan kim idi,
vurulub çıxan kim idi.
“hə, görək indi kimindi
sıra?” qarğalar sevinir.
Dünyanın şarxı hərlənə,
kim gülə, kim qəhərlənə.
Unut e… lap cəhənnəmə-
gora sevinir qarğalar.
Tanrı saatıyla ömür bir ahdı
Ürəkdən öləsən öləndə elə,
Ayrı ləzzəti var belə ölməyin.
Deyələr: indicə deyib gülürdü,
Hamıya zarafat gələ ölməyin.
Kaş sevinə, sevib atdığın qadın,
Sonra xəyalıyla yatdığın qadın.
Bəlkə də məzarda çıxar qanadın,
Düşəndə dillərdən dilə ölməyin.
Yalandan oxşayıb, öyən olmaya,
Dizinə, başına döyən olmaya.
Təki, gül gətirib deyən olmaya:
Dəyməzdi bir dəstə gülə ölməyin.
Canı verən Allah, alan Allahdı,
Onun saatıyla ömür bir ahdı.
Biz kimik, hamının qurulub vaxtı,
Dostlar, cavansınız hələ ölməyin…
Od tutub alışdı qar yağanda da
Təqvimin qırmızı, qara günlərin
Ömrünə bir rənglə düzdü yaşadı.
Göydə allahına, yerdə şahına
Içində özünə dözdü, yaşadı.
Bəxt-tale üzünə xoş baxanda da,
Od tutub alışdı qar yağanda da.
Içindən, çölündən dərd boğanda da,
Ümiddən yapışıb üzdü, yaşadı.
Apardı onu da suyun axarı,
Gah üzü aşağı, gah da yuxarı.
Yaşamaq deyildi yaşadıqları,
Bu adam eləcə sözdü, yaşadı.
Aldadıb dərd adlı bir axmağı da
Atdınız – gəmidən artıq yük kimi,
Elə bildiniz ki, batıb gedəcəm.
Sizə səsim çatar, əlim uzanmaz, –
Bir saman çöpündən tutub gedəcəm.
Unutdum təklikdən darıxmağı da,
O küncə, bu küncə vurnuxmağı da.
Aldadıb dərd adlı bir axmağı da,
Gördüm ki, vaxt-vədə çatıb, gedəcəm.
Yığıb, yığışdırıb dərdi-sərimi,
Bir qəmli sükuta verrəm yerimi.
Məni sevənləri, sevdiklərimi
Çevrilib baxmadan atıb gedəcəm…
Külək səni aparacaq
Nə yaman başlayıb külək,
külək səni aparacaq.
Küləkdən qaçsan da, çərxi-
fələk səni aparacaq.
Astar-üz oldun neşə yol,
arada bir dön insan ol.
Nə boydana olursan ol,
ələk səni bizi aparacaq
Nə ağlın elə dayazdı,
nə əlində xalın azdı,
bu oyunda uduzmazdın,
kələk səni aparacaq.
Qan uddurma haqq deyənə,
heç nə yoxdu haqqı yenə.
Şeytana uysan da yenə,
mələk səni aparacaq.
Ömür su – axır, kəsilir,
kimə nə çatdı, bəsidi.
…bu gələn qatar səsidi
görək səni aparacaq…
Azalır
Mən bu yurdu sevdikcə,
sevənlərim azalir.
Vətən torpağı kimi
beşdən birim azalır.
Ulduzlar da satılıb,
Ayın qaşı çatılıb.
Göydə göyüm tutulub,
Yerdə yerim azalır.
Dərdim də mənə çəkib,
Allah, ver yenə çəkim.
Bir az qırağa çəkil,
baxım görüm, azalır?!..
Nəsə qalıb
Cibimdə beş-on günlük
yol pulum,
yolumda canından keçəsi
beş-on sevənim,
canımda
beş-on ömrün
“Qarabağ şikəstəsi” boyda
oxunmayan şeiri.
Allahın yanına getməyə çatar!
O, dünyasını tez dəyişdi…
Hamı əllini haxladı,
sən yenə də uşaq qaldın.
Bu qocalan dostlarına
qoşulmadın, uzaq qaldın.
Sən saf, dünya iki üzdü,
kimi sevdin dodağ büzdü.
Bir əlində sınığ güzgü,
bir əlində daraq qaldın.
Dünya ceviz, kim ki sıxıb,
eyni şeydi,- çürük çıxıb!
…dərdlərinə şərik çıxıb
əzrayilə qonaq qaldın.
Sənə açılan qapı
Yaşayıram günü, ayı,
bir də…
Səni görmək üçün.
Göydə bir olan ALLAHI,
Yerdə səni görmək üçün.
Şəklini, məktublarını
cırıb, yandırıb başqası.
Sənə uzanan qolları
bir ocağda çör-çöp kimi
qırıb, yandırıb başqası.
“Bu eşq nə sirr, nə tilsimdi”
bu tilsimi qıra bilmir.
Ürəyimi gəzir, gəzir,
sənə açılan qapının
kodunu sındıra bilmir.
Gəzib səni tapsa birdən,
ən yaxın sirdaşın olar.
Səndəki ölmüş Sabiri
məni qurban verib alar…
Son ümid…
Günün altında uzanıb
yandı, qaraldı günlərim.
Olan-qalan ümidlərdən
xəbər dalınca göndərim.
…Son ümidim sağ-salamat
geri döndü kəşfiyyatdan
“İşıq gəlir” xəbərilə.
Qaçaqmalçılıq yoluyla
keçirtdim dərdi-sərimi
köhnə ildən təzə ilə…
Çapır ömrün düzənində,
zaman saxlamır atını.
Qoruyub saxlaya bildim
bir ümidin həyatını.
Dostlara
Ağ kağıza yazmadı
qələm,
şeirlərimi.
Canımı dost-düşmənə
bölən şeirlərimi.
Dedim, gün vurar birdən,
çıxartmadım kölgədən.
İşıq üzü görmədən
ölən şeirlərimi.
Tək özümə demişəm,
ala-çiy də yemişəm.
Ac dərdimlə görüşə
gələn şeirlərimi.
Durub yükünü çəkdim,
bir az ipini çəkdim.
Başına ağıl əkdim
qalan şeirlərimin!..
Yazıya 1150 dəfə baxılıb