80-cilər ölkənin və ədəbiyyatın xarabalıqları altından baş qaldırdılar, çökən rejimlərdən, dağıntılardan, üsyanlardan, müharibələrdən keçdilər, amma bəzilərinin kinli bir sevinclə izhar elədikləri kimi qorxmadılar, çəkinmədilər, sınmadılar, özlərini də, sözlərini də təsdiq elədilər. 60-cılar əllərində olan hər vasitə ilə qabağımızı kəsdilər, onların çörəyinə, puluna, şöhrətinə, imtiyazlarına şərik olmayaq deyə bizi çap təsərrüfatına yaxın buraxmadılar. Əsassız səbəblərlə, bəhanələrlə, təkcə bir söz adamına, yazıçıya deyil, insana yaraşmayan üsullarla. Bizsə özümüzdən sonra gələnlərə heç bir halda və heç bir vaxt mane olmamışıq, əksinə, bacardığımız qədər kömək eləmişik, ədəbiyyatda öz yerlərini tapa bilsinlər deyə yardımımızı əsirgəməmişik. Elə isə 80-cılara olan bu əsassız və əsilsiz nifrətin kökündə nə dayanır?
Bizə qarşı ən insafsız, ədalətsiz mövqeyi, münasibəti Mövlud Süleymanlı göstərib. 80-cılardan kiminsə yolu üstünə bu adam çıxıbsa, yolunu kəsmək məqsədiylə çıxıb. O cümlədən mənim də. Bir dəfə «Azərbaycan» jurnalına getdim. Mövlud Süleymanlıya hər şeyi danışdım, dedim ki, bircə qəzet, jurnal belə məni çap eləmir. Həm də yazılarım zəif olduğuna görə yox, adamsız, imkansız, əyalətdən olduğuma görə çap eləmirlər. Mövlud dedi, belə danışaq, hekayələrindən birini ver oxuyum, əgər orda böyük ədəbiyyatdan bircə cümlə belə olsa, çap eləyəcəyəm. «Həbsxanadan qaçmış cani» adlı hekayəmi verdim və belə razılaşdıq ki, səhər tezdən redaksiyaya gəlim, onda hekayənin müqəddəratı haqda mənə qəti söz deyiləcək.
Bu artıq irəliyə doğru addım idi! Az qala respublikanın ən nüfuzlu ədəbi jurnalında çap olunmaq ərəfəsində idim. İlk dəfəydi, mənimlə konkret danışılmışdı, hekayəmin çapı üçün vur-tut böyük ədəbiyyatdan bircə cümlə tələb olunurdu! Və mən hekayədə o cümlənin olacağına əmin idim.
Səhər tezdən redaksiyaya getdim, dedilər, Mövlud yoxdu, harasa gedib, ancaq hekayəni oxuyub, rəyini də yazıb. Hekayənin üstünə tikilmiş bir parça boz kağızda qatmaqarışıq xətlə yazılmış rəyi səbirsizliklə oxudum.
«Hər halda Böyük ədəbiyyata dəxli olan yazıdır. Bu məni hardasa sevindirdi. Bunu sənin qorxmamağından elə ilk görüşümüzdə də hiss eləmişdim. Yəni əsil ədəbiyyatın qorxusu böyükdü, xofu adamı basır. Nə isə… keçim qeydlərimə.
1. Mövzu tanışdı, bu cür yazılar müxtəlif variantlarda çox olub.
2. Sözə, kəlmələrə reaksiyan düz deyil, mənə elə gəlir. Məs: şəxsən mən «cani» sözünü işlətməmək xatirinə bu yazını yazmaram
3. Sözü duymağın düz olmadığına görə əsərin dili tərcümə dilinə oxşayır. «-Səsinizi çıxartsanız, (?) dərhal doğraram!»
4. Obrazları xarakterlərinə uyğun danışdıra bilmirsən. Hamı kitab diliylə, biədəb ədəbi dillə danışır…
Bu qeydləri nəzərə alıb təzə yazı göndərsən, məncə nəsə eləmək olar”
M. Süleymanlı”
Necə yəni, axı mənə deyildi, söz verildi, bəhanə nəyə lazımdı? Böyük ədəbiyyata dəxli olan yazıydısa, burda böyük ədəbiyyatdan bir yox, bir neçə cümlə olmalıydı. «Azərbaycan» jurnalı böyük ədəbiyyata dəxli olan yazıları çap eləmirdisə, bəs nə çap eləyirdi? Şedevrləri, bütün dünyanın hadisə kimi qeydə aldığı yazılarımı? M.Süleymanlı «cani» sözünü işlətməmək xətrinə bu yazını yazmazdı, düz də elərdi, çünki Azərbaycan ədəbiyyatı üçün bir belə yazıçı kifayətdi, ikincisinə ehtiyac yoxdu. Mən isə yazırdım, mən başqa yazıçıydım, üslubum, dilim təkcə bu yazıçıdan yox, digərlərindən də fərqlənməliydi. Nəsr şöbələrində işləyənlər isə özləri kimi yazmayan, onlar kimi düşünməyən qələm sahiblərini, – adamsız, imkansız qələm sahiblərindən söhbət gedir, yoxsa sözü hər yerdə keçənlərin qarşısında qırmızı işıq yandırmağa cürətləri nəydi, yalandısa, qoy durub desinlər, biz filan məşhur yazıçını çap eləmədik, – yaxın buraxmırdılar. Özlərini indi az qala dissident, əzabkeş adlandıran bu yazıçılar o dönəmlərdə yazılarında «cani» sözünü işlətməyə belə qorxurdular, sosializm cəmiyyətində cani ola bilməzdi.
Sonuncu qeyddən Mövlud Süleymanlının vəd vermədiyi aydın görünürdü, yeni yazı göndərsəydim də, vur-tut nəsə eləmək olardı və elə bu «nəsə» ilə də çapın mümkünsüzlüyünə açıqca işarə vururdu, nə təzə, nə də köhnə yazı göndərmə, çap eləyə bilmərik. Böyük ədəbiyyata dəxili olan yazı verdim, çap eləmədi, hansı yazımı çap eləyərdi?
Hər şeyi unudacaqdım, ancaq «Yazıçı» nəşriyyatında nəsr şöbəsinin müdiri Mustafa Çəmənli birdən nə desə yaxışdı? Mövlud da bura gəlmişdi, yazılarını oxuyub, dedi, səni çap eləmək olmaz. Avropa təsiri var, təqlid eləyirsən, dilin tərcümə dilidir. Həyatda belə işlər də olurmuş, heç vaxt adını pisliyə çəkmədyin bir yazıçı verdiyi sözdən qaçıb səni çap eləmir, azmış kimi, başqalarının da çap eləməsinə mane olur. Dişiylə, dırnağıyla ədəbiyyatda özünə yer tutmağa çalışan yazıçıya beləcə veto qoymaq hansı insanlıq qanunlarıyla izah oluna bilərdi?
Kitab çap ərəfəsindəydi, rəyi də Vilayət Quliyev yazmışdı, amma M.Süleymanlının buralarda böyük nüfuzu, təsiri var imiş. Mustafa Çəmənli kitabı Akif Hüseynova təzədən rəyə göndərdi, həm də Mövludun xüsusi qeydləriylə. A.Hüseynov da mənfi rəy yazıb qaytardı. Baş redaktor Cəmil Əlibəyovla görüşdüm. Mənə inanmadı, necə yəni, bir halda Vilayət Quliyev rəy yazmışdısa, kitabı niyə Akif Hüseynova verirdilər? Mustafanı çağırdı və Mustafa dedi ki, Vilayət çox təntənəli rəy yazmışdı, məcbur qalıb Akifə göndərdim. Cəmil müəllim çox hirsləndi, dedi, mən başa düşmürəm, siz burda nə oyun oynayırsınız? Vilayət təntənəli rəy yazıbsa, müəllifin burda nə günahı var? Mənə də dedi ki, heç narahat olma, ruhdan düşmə, kitabı özüm oxuyacağam. Xoşum gəlsə, çapa gedəcək. Özü oxudu, məni də çağırıb dedi ki, çox xoşum gəldi, sənə qarşı haqsızlıq eləyiblər. Kitabın çap olunacaq. Heç kim mane ola bilməz.
Belə dedi. Amma kitab illərlə nəşriyyatda yatıb qaldı, çap olunmadı. Heç kim mane ola bilməzdi, amma Mövlud Süleymanlı mane oldu, öz işini görmüşdü və görürdü. Sonra da ölkə dağıldı, nəşriyyat bağlandı. İndisə deyir, yaza bilmirdilər, ona görə çap olunmayıblar. Sən bunu necə deyərsən, bunu necə yazarsan? Bəs nə oldu, onda yaza bilmirdik, amma ədəbiyyat süquta uğrayandan, sizlərin çap mexanizmlərinə təsir imkanlarınız yoxa çıxandan sonra yazmağa başladıq?
Bu günlərdə heç bu sətirləri yazmaq da istəmirdim. Olan olub, keçən keçib.
Amma bu insanlar bu yaşlarında da haqq-nahaq dirəşəndə, yenə də haqsız, ədalətsiz işlərindən əl götürməyəndə, yazmağa məcbur olursan.
Yazıya 664 dəfə baxılıb