Üzeyir Hacıbəylinin Ordubadiyə məktubu – “Qoçulardan qorxma”

Teleqraf.com yazıçı Məhəmməd Səid Ordubadinin bəstəkar Üzeyir Hacıbəyli haqqındakı xatirələrini təqdim edir:
Üzeyir ilə tanışlığımız birinci dəfə “Molla Nəsrəddin” məcmuəsi ilə başladı. Onun özü satiraçılıqda qüdrətli bir qələmə malik olduğu üçün satira yazanlarla tanış olmağı da sevirdi. Mən hələ Ordubadda olduğum zaman rəssam Əzim Əzimzadə ilə tanış idim və onunla tez-tez məktublaşırdım. Günlərin birində müştərək yazılmış bir məktub aldım. Məktub Əzimzadə, Üzeyir bəy, bir də o zamanın satiraçılarından birisi tərəfindən yazılmışdı. O məktubda Üzeyir bəy yazırdı:
“Səid! Təəccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yığışıb Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bilərsən, səninlə yaxından tanış olarıq, sənin irəli getməyin üçün imkan yaradarıq. Əzimzadənin dediyinə görə, qoçulardan qorxduğun üçün Bakıya gəlmək istəmirsən. Bu barədə heç də qorxmağa gəlməz. Mənə inan, qoçuların özü də satiranı gülə-gülə oxuyurlar. Sənin “Molla Nəsrəddin” məcmuəsində “Pilov cəzair müctəməsinin əhval coğrafiyası” ünvanlı satiran çox xoşuma gəldi. Onu daima yorğun olduğum vaxt götürüb oxuyuram. Hətta qarınqulu mollalar belə, acıqlandıqlarına baxmayaraq, bu yazını gülə-gülə, dönə-dönə oxuyurlar. Mən məsləhət görürəm ki, belə şeyləri yazanda oxucunu yalnız güldürməyə diqqət vermə, onları düşündürməyə də çalış!
Sənin qaibanə dostun H. Üzeyir”.

Üzeyir ilə yaxından tanışlığımız Oktyabr inqilabından sonra başladı. Mən iyirminci ildə Həştərxandan Bakıya gəldim. O zaman Bakı ziyalıları və yazıçıları ilə hələ tanış olmamışdım, yalnız rəssam Əzimzadə və Haqverdiyevlə görüşə bilmişdim. Bir az sonra mərhum Cəfər Cabbarlı ilə “Əxbar” qəzeti idarəsində tanış oldum. Üzeyiri görə bilməmişdim. Bir neçə gündən sonra məni “Əxbar” qəzetində müdir müavini təyin etdilər. Bu radələrdə Üzeyirlə birinci dəfə olaraq üz-üzə gəldik və tanış oldum. Bu görüşdə, yadımdadır, Üzeyir əlimi sıxdı və gülümsəyərək dedi: — Daha qorxmursan ki!..
Əlbəttə, bir dəfə görüşməklə Üzeyir kimi bir sənətkarı öyrənmək mümkün ola bilməzdi. Təsadüfi görüşlər zamanı dəxi sənət barəsində danışmaq çətin idi. Bəzən görüşlərdə iştirak edən başqa adamların aralığa atdığı cürbəcür mövzular sənət barəsindəki söhbətlərə imkan vermirdi.
Mən Üzeyirin əsərlərinin heç birisini görməmişdim. Birinci olaraq onun “Arşın mal alan” musiqili komediyasının tamaşasına getdim. Zənn edirdim ki, gecədə Üzeyirbəy ilə görüşmək mümkün olacaqdır. Lakin o, teatra gəlməmişdi. Bu əsərin tamaşasından aldığım təsirat çox böyük oldu. Əvvəla, bu əsərdə Üzeyir bəyin bir bəstəkar olmaqdan başqa, bacarıqlı dramaturq və satira ustası olduğunu müəyyən edə bildim və öz-özümə: “Üzeyirbəy öz epoxasının təzə adamıdır”— deyə şadlandım. O, bu əsərində çürümüş aristokratiyanın iç üzünü göstərdiyi kimi, qadınlar barəsində olan köhnə nəzəriyyəni də lazımi qədər baltalamışdı. Üzeyir bəy ilə yaxından tanışlığımız 1929-cu illərdən başladı. O zaman Azərbaycan musiqisinin inkişaf yolları geniş müzakirə olunurdu.
Üzeyir bəy bu məsələdə hamıdan artıq rahatsız olur və musiqimizin gələcəyi üçün düşünürdü. Musiqımiz üzərində başlamış dedi-qodular gündən-günə artırdı. Bu zaman partiya və hökumətin köməyi ilə Üzeyir bəy Azərbaycan radio komitəsinin təşəbbüsü nəticəsində xalq çalğı alətlərindən notlu orkestr düzəltməyə başladı.
Həmin bu zamanlarda mən Azərbaycan radio komitəsinin ədəbiyyat şöbəsini təşkil və idarə edirdim. Üzeyir bəylə tez-tez görüşürdüm. Bə’zən onun çalanlarla keçdiyi məşqlərlə maraqlanırdım. Buradan aldığım qənaət notlu orkestr barəsində aralıqda gedən dedi-qoduların və bədbinliklərin yersiz olduğunu göstərirdi və mən Üzeyirin müvəffəqiyyət qazanacağına qəti inanmağa başladım.
Bu zamanlar Üzeyir məni nəğmələr üçün şe’r yazmağa maraqlandırdı. Bir neçə şe’rimə musiqi yazdı. Nəhayət, günlərin birində o, radio idarəsində (tənəffüs zamanı) yanımda oturub ədəbi verilişlərimizin vəziyyəti barəsində danışdı.
Sonra bir papiros yandırıb dedi ki: “Xırda işlərdən fayda yoxdur. Hələlik orkestr ilə məşğulam, bir neçə gündən sonra sənə bir söz deyəcəyəm, elə bilirəm ki, sən onu bacararsan, ancaq nigaran qalma, dediyim söz incəsənətə aiddir”.
O, gedəndən sonra mən çox düşündüm… nəhayət, onun təzə bir opera yazmaq fikrində olduğunu müəyyən etdim.
Bu söhbətdən bir ay sonra məni opera teatrına çağırdılar və “Dəmirçi Gavə” pyesi əsasında bir opera librettosu yazmaq üçün müqavilə bağladılar. Mən bu barədə Üzeyirbəylə tez-tez görüşürdüm. Biz əsərin xorları, ariyaları barəsində məsləhətləşirdik.
Bə’zən o mənə ölçülər verdiyindən mə’lum olurdu ki, o, əsərin ariya və xorlarından bir çoxunu yazmışdır.
Bu əsər üçün görüşlərimiz bir ilə qədər davam etdi. Bu müddətdə librettonu yazıb bitirdim. Onu oxuyub təsdiq etdilər. Artıq oturub işə başlamalıydıq. Üzeyirlə bir neçə gün oturduq, lakin heç bir iş görmədik, nədənsə Üzeyir çox tərəddüdlü görünürdü. Nəhayət, o öz qəlbini açıb dedi:
— “Dəmirçi Gavə”nin librettosu üzərində çox zəhmət çəkdin, mən də az zəhmət çəkməmişəm. Ancaq mən fikrimi dəyişmişəm. Bəzən yaxşı bir iş üçün böyük zəhmətləri qurban etməyin də eybi yoxdur. Biz “Dəmirçi Gavə” operasının əvəzinə elə bir əsər yaratmalıyıq ki, onunla xalqımızın varlığına qəhrəmanlıq ruhu aşılamaq mümkün olsun.
Biz sükuta daldıq. Bu sükut bir çay içmək və bir papiros çəkmək qədər davam etdi. Nəhayət, mən ona sual verdim:
— Nə etmək istəyirsən?
— Koroğlu dastanı əsasında bir opera yazmaq xəyalındayam. Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar içərisində itib getmişdir. Koroğlu kimi səbatlı bir üsyançını orta əsrlərə məxsus bir çapğın və eşqbaz qələmə verirlər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mündəricəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Koroğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üsyan təşkilatçısı kimi feodallara qarşı mubarizə apardığını səhnədə görməlidir.
Üzeyir bu sözlərdən sonra mənə bir daha müraciət etdi:
— Demək ki, biz bunu qərara alırıq! — dedikdə, mən də əlimdəki çay stəkanını yerə qoyub:
— Bəli, qərarlaşdıq, — deyə cavab verdim.
Bir neçə gündən sonra opera teatrının müdiriyyəti məni çağırıb “Koroğlu” operasının librettosunu yazmaq üçün müqavilənamə bağladı.
Biz əvvəlcə bir neçə gün oturub librettonun planını hazırladıq. Ariyaların, xorların və reçitativlərin yeri və ölçüləri müəyyən edildi. Bu iş bir qədər asanlıq yaratdı. Əsər parça-parça yazıldı. Beləliklə, libretto yazılıb qurtardığı zaman, demək olar ki, musiqi də yazılıb qurtardı.
Saat birdən dördə qədər oturub işləməyi qərara almışdıq. Ancaq bə’zən vaxtları dəyişdirmək lazım gəlirdi. İşin gedişində onun bir xasiyyəti nəzərimi cəlb edirdi: hər gün işə başlamazdan əvvəl mənim işə həvəsim olub-olmadığımı yoxlayırdı. Hərgah məndə bir kədər hiss edirdisə, mütləq əhval-ruhiyyəmi düzəltməyə və lətifələr vasitəsilə kədərlərimi unutdurmağa çalışırdı. Sonra da işə başlayırdıq.
Elə günlərimiz olardı ki, vaxtımız yalnız əsərin mündəricəsi üzərində gedən mübahisəyə sərf olunardı, bir misra belə yazmazdıq (hər bir səhnənin yazılışına uzun mübahisələrdən sonra başlardıq). Bizi çox məşğul edən səhnələrdən birisi də Həsən xan ilə Əhsən paşanın görüş səhnəsi oldu, çunki yalnız bu səhnənin vasitəsilə əsərin siyasi mündəricəsi tamamlana biləcəkdi.
Böyük mübahisəyə səbəb olan səhnələrdən birisi də “Çənlibel” səhnəsi oldu. Mən, Koroğlu kimi bir qəhrəmanın çox tez inanan və sadəürəkli bir adam göstərilməsinə razı ola bilmirdim. Onun keçəl Həmzəbəyi töyləçiliyə (mehtərliyə) qəbul etməsini yersiz hesab edirdim. Lakin Qıratı oğurlatdırmaq üçün də başqa bir yol yox idi. Üzeyir bir çox əsərlərdə göstərilən qəhramanların sadəürəkli olmalarından misallar gətirib dedi:
— Qəhrəmanlarda tez inanmaq və sadəürəklilik təbii bir xarakterdir, eyni zamanda bu hadisə əsərin gedişi ilə üzvi surətdə bağlı olduğundan, başqa cürə göstərməyimiz mümkün deyil.
Üzeyir çox tələsik və sürətlə işləməyi sevməzdi. Mən əsərin əlimizdə yubandığını ona söyləmişdim. Nəhayət o mənə belə cavab verdi.
— Əsərin tez başa gətirilməsinə tələsmək lazım deyil. Biz bu əsərin üzərində nə qədər çox işləsək, əsərdə o qədər səhnədə çox davam edə bilər.
Bəstəkarın bu nəsihəti nəticəsində “Koroğlu” operasının bə’zi parçalarını bir neçə dəfə dəyişmək məni heç də darıxdırmırdı.
Bir dəfə Üzeyirdən soruşdum:
— Nə üçün bə’zi musiqi parçalarını royal qarşısında oturmadan yazırsan?
O gülümsəyərək dedi:
— Bəstəkar musiqi alətlərinin verdiyi səsləri o qədər dərindən mənimsəməlidir ki, bə’zən royal və piano olmadan da əsər yaratmağı bacara bilsin.
Üzeyir bir çox hallarda fikrində canlandığı bir əsəri ancaq yoxlamaq məqsədilə royal qarşısında oturardı.
“Koroğlu” operasının yazılışı zamanı mən ancaq “Çənlibel” səhnəsindəki xorun musiqisini təfsilən eşidə bildim. O, ölçüləri mənə öyrətmək üçün bu xoru bir neçə dəfə royalda səsləndirdi.
Görünür ki, Üzeyir özü də bu xorun musiqisi ilə maraqlanırdı. Bə’zən bu xoru royalda çaldığı zaman həyəcanından titrədiyini hiss edirdim. O, daima deyərdi ki:
— Hələlik musiqimiz xalqımızın zövqünü çox az təmin edə bilir, çünki onun üzərində az işlənmişdir. Onu xammal şəklindən çıxarıb mədəni bir vəziyyətə salmaq, aləmşümul etmək lazımdır. Mən “Koroğlu”da bu məqsədi tamamilə həyata keçirə bilməsəm də, onun bünövrəsini qoymaq istəyirəm. Bəstəkarlarımız bilməlidirlər ki, musiqimizi kütləyə yaxınlaşdırmaq üçün bu yol ən doğru yoldur.
Üzeyirin “Koroğlu” operasının yazılışında yürütdüyü əsas məqsədlərdən birisi də, Azərbaycan xalq musiqisini dar çərçivədən çıxarıb inkişaf etdirmək və səhnəyə çıxarmaqdan ibarət idi. Buna görə də bəstəkar “Koroğlu” operasında inkişaf etdilmiş havalara geniş yer vermiş və bu vəzifənin öhdəsindən çox müvəffəqiyyətlə gələ bilmişdir.
Bizim Üzeyir ilə etdiyimiz mübahisələr içərisində tarın “Koroğlu” operası orkestrində iştirak etməsi məsələsi də var idi. O öz fikrini izah edərkən belə deyirdi:
— Mən tarın bu operada iştirak etməsi üçün başqa cür düşünürəm. Sən özün fikirləş: hərgah mən tarı milli bir alət olduğu üçün irəli çəkmək istəsəydim, o zaman kamançaya da müəyyən yer verərdim. Lakin, bu lazım deyildir. Şərq musiqisi əsasında yazılan əsərdə kamançanın vəzifəsini skripka daha yaxşı, bədii bir surətdə ifa edə bilər. Lakin tar belə deyil, tarın tembri orkestrdə yenilik yaradır və onun incə səsləri artıq dərəcədə xoşa gəldiyi üçün orkestrə daxil edilməsini lazım bilirəm.
Mən Üzeyirin yaradıcılıq barəsindəki fikirlərindən öz yaradıcılıq işlərimdə də istifadə edirdim.
Üzeyirbəy dedi-qodulara və birtərəfli tənqidlərə əhəmiyyət verməzdi. O deyirdi: “Bu cür dedi-qodular və yersiz tənqidlər insanın yaradıcılıq fəaliyyətini artırmalı və inadını coşdurmalıdır. Belə işlərin cavabı mükəmməl bir əsər yaratmaqdan ibarətdir!”
Üzeyirin bu sözləri indiyə qədər mənim qulaqlarımda səslənir, yaradıcılıqda belə bir yol götürməyi başqalarına da tövsiyə etməliyik.
Üzeyirbəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım.
Onun həyatı adi bir insanın həyatından o qədər də fərqli deyildi, çünki o, qazandığının mühüm bir hissəsini paylayırdı, çox səxavətli və əliaçıq adam idi.
Üzeyir başladığı işi yarımçıq qoymaq və vəzifəsi başından ayrılmaq istəmədiyindən, yay zamanları belə, istirahət üçün bir tərəfə getməzdi. “Koroğlu” operasını yayın ən isti günlərində yazırdı.
Üzeyir bəy şəxsi həyatda sadəliyi sevdiyi kimi, dildə də sadəliyi sevirdi. O deyərdi: dili xalqdan, xalqı da dildən uzaqlaşdırmaq səhvdir. Bunun üçün librettonun sadəliyinə diqqət verməyi tapşırardı. Onun fikrincə, XVII əsrə məxsus bir əsəri (xüsusən musiqili əsəri) bugünkü ədəbi dilin istilahları ilə yazmaq səhvdir. Bu məqsədlə də “Koroğlu”da “müharibə” sözünü “cəng”, “qoşun” kəlməsini “leşgər” və s. əsrə müvafiq kəlmələrlə əvəz etməyə çalışardı. O, hətta şe’rlərin ölçülərində də həmin fikri həyata keçirməyi lazım bilirdi.
Üzeyir çox doğru olaraq təkrar edirdi ki: “Koroğlu” operasının səhnəsində görəcəyimiz şəxsiyyətlər libas və qiyafə cəhətcə bu günün adamlarından fərqli olduqları kimi, dil və şivə etibarı ilə də fərqli olmalıdırlar.
“Koroğlu” operasının məzmun və mündəricəsi Üzeyirin siyasi və ictimai varlığının güzgüsüdür — demək olar.
Mən Üzeyirin yaradıcılığındakı məharəti ilə tanış olmaqla bərabər, onun şəxsiyyəti ilə dərindən tanış olmağa çalışırdım. O deyirdi ki, “hər adam ilə dost ola bilmərəm, çünki dostluq fikir və əqidə birliyindən doğan ictimai bir varlıqdır. Bu varlığı hər təsadüfi şəxsiyyətlərlə yaratmaq imkan xaricindədir”. Bu səbəblə də o, dost olduğu adamlara çox böyük qiymət verərdi. Onun sevmədiyi bir məsələ varsa, o da lovğalıqdan ibarət idi. Onun fikrincə, lovğalıq yaradıcılıqdakı acizlik və tənbəlliyi gizlətmək üçün bir pərdədir. O daim: “Mən bu cür tələbəni görmək istəmərəm” – deyirdi.
1958

 

Yazıya 491 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.