Nəriman Əbdülrəhmanlı — LƏLƏ (hekayə)

nəriman-ebdurrehmanli   

…Güman ki, məhəllənin it-pişiyindən, toyuq-cücəsindən qabaq oyanırdı. Göyün yaxası yırtılmamış qurd ulartısına oxşar harayını eşidirdim: səs iynə kimi pəncərədən keçib qulağımı deşirdi və nə qədər ağır yatsam da, oyanıb dinşək kəsilirdim; ulartıdan sonra nə baş verəcəyini dübbədüz bilsəm də, qulağımı tıxamırdım. Bilirdim ki, ulartısı qurtarınca içiboş yağ qutusunu qoltuğuna basacaq, yumurta boyda daşla qutunun arxasına döyəcləyə-döyəcləyə tanış mahnısını oxuyacaq:

 — Ay lələ, e-e-e-y-y-y!

Bilirdim ki, mahnının sözləri elə burdaca qurtaracaq, qalanı onun öz aləmində nəqaratıydı və vur-tut «niy-ni-ni» sözündən ibarətiydi. Bu bircə kəlmə söz nə haqdaydı, nələri ifadə eləyirdi, bunu özündən başqa bilən yoxudu. Amma mahnının sözündə və nəqəratında nəsə adamı tərpədən, köyrəldən bir duyğu varıdı; bunu da yəqin təkcə özü, bir də mən duyurdum.

 Bilirdim ki, mahnısını oxuya-oxuya gəlib pəncərəmizin altından keçəcək, dikə qalxıb yolun qırağındakı iri göyəm kolunun dibində oturacaq, «toyunu» çala-çala mahnısını oxuyacaq. Belə vaxtlarda məhəllənin evlərinin yataq otaqları zərrə qədər də vecinə deyildi: bu otaqlarda deyinən, donquldanan, söyüb-söylənən adamların hədə-qorxusunun bir samatdan üstünə yağacağını eyninə almırdı.

 Onu da bilirdim ki, bu hərəkətin başlanmasından yarımca saat sonra Kərəm avtobusunu xodduyub məhəllədən çıxacaq; avtobusun səsi göyəm kolunu keçməmiş Məsmə arvad bərkdən söylənə-söylənə süpürgəçiliyini eləməyə yollanacaq; sonra dərsə gedən Səriyyənin dikdabanlarının taqqıltısı küçəni başına götürəcək, taqqıltı dikə qalxanda «toy» səsi qəfildən kəsiləcək, təzədən başlayanda daha əvvəlki şuxluğundan əsər-əlamət qalmayacaq; bundan beş-on dəqiqə keçmiş Qədiməli müəllimin öskürəyi məhləsindən çıxıb məktəbə sarı uzaqlaşacaq və oyanmış məhəllənin səsləri bir-birinə qarışıb göyəm kolunun dibindəki «toyu» batıracaq.

 Gündə gözümüzün qabağındaydı, amma nə adını bilən varıdı, nə yaşını. Güman ki, qoyduqları ad əkib-doğanının, qardaş-bacısının da yadına düşmürdü, ən azı on il qabaq çaldırdıqları sünnət toyuyla birgə unutmuşdular: onda əkəni əhd elədiyi kimi, kiçik toya aşıq gətirmişdi, əməlli-başlı dəsgah düzəltmişdi. Aşıq da çalıb-çağırmışdı, köyrək-köyrək oxumuşdu: «Dedim, lələ, gələ, bu yoldan qayıdaq…» Ağlayıb yorulmuş kiçik bəy göz yaşı içində qonşu qızın verdiyi konfeti sora-sora paçasının arasındakı qırmızı lentə uzun-uzadı baxmışdı və qəfildən aşığın ağzını əymişdi: «Ay lələ, e-e-ey-y-y!» Elə o vaxtdan bu hava döşünə nə təhər yatmışdısa, dilindən düşmürdü və axırı da belə olmuşdu ki, fərqinə varmadan adını Lələ qoymuşdular; bu ayama ilk dəfə kimin ağzından çıxmışdı, xatırlayan yoxudu.

 Onda üç-dörd yaşı olardı, indi bu hesabnan on üç-on dörd yaşı varıdı. Allah da ki, görkəm verəndə xəsislik eləmişdi: pərtdə gözləri, palaz qulaqları, cırım ağzı – hamısı deyilənə görə, əkəninin kefqomluğunun sonucuydu; üstəlik də, dili pəltək, beyni mafrağıydı: öz-özünə gülürdü, ağlayırdı, atılıb-düşürdü; səhərdən axşamacan ya göyəm kolunun dibində, ya da elə küçənin ortasında, torpağın içindəcə otururdu, hardansa tapdığı sınıq-salxıq oyuncaqlarını tozun-torpağın üstünə düzüb, öz aləminə qapılırdı. Allahın bu yarımamış bəndəsinə səxavətlə verdiyi bircə dözümüydü; yay-qış kir-pasaqdan rəngi bilinməyən tiyə şalvar-köynəkdə, corabsız ayağında sürütlədiyi cırıq çəkələkdə gəzirdi, bir dəfə xəstələndiyini eşidən olmamışdı; bu sarıdan onu görənlər adının yanına «bəxtəvər» sözünü də qoşurdular. «Canı, elə bil, komsomolun canıdı, – bunu Qədiməli müəllim deyirdi, – Allah bir yannan alanda, bir yannan da verir. Yoxsa bizimkilər kimi, üstlərindən yel əsəndə sətəlcəm olurlar, qazandığımı da dava-dərmana tökürəm». Qışın soyuq günlərində Lələnin torpaq rəngli üzü göyə çalırdı, yayın qorabişirən ayında sir-sifətində bir damcı tər də olmurdu. «Bu gədə Yer adamı döyül, – bu da Qədiməli müəllimin fərziyyəsiydi, – kosmosdan gələnlərə oxşuyur, yəqin ona görə danışığını başa düşmürük». Televizorda Amerikanın fantastik filmlərini görənlər az qala onun sözünə inanırdılar, Lələyə ayrı gözlə baxırdılar. Məhəllənin uşaqları hərdən Lələnin başına yığışıb onu cırnadırdılar. «Lələ, orda nə var-nə yox, – dükançı Səttarın çoxbilmiş oğlu barmağını göyə uzadırdı, – bə gəmin hanı, qarajdadı?» Lələ də iri, pərtdə gözlərini qaldırıb göyə baxırdı, öz dilində nəsə deyib gülürdü…

 Kərəm hər gün yanından keçəndə yekə başını avtobusun pəncərəsindən çıxarıb «Ay Lələ, gəlsənə, xalamı sana verəm!» – qışqırırdı, o da gülüb üz-gözünü əyişdirirdi, dilini çıxarıb acıq verirdi. «Ay lotu, dəəsən, xoşuna gəldi,» – Kərəm şaqqıldayıb öz işinin dalınca gedirdi. Məsmə arvad: «Binəvanın balası, elə bil, küllükdən tapılıb, – deyirdi, – belə günə canmı dözər, – sonra üzünü ona tuturdu ki, a qarayığvallı, əyninə bir şey geyinsənə!»

 Məktəbə tələsən Qədiməli müəllim başını yelləyirdi: «Allah adamın ağlını əlindən almasın, aparıb invalidlər evinəsə vermirlər, uşağı göz qabağındaca məhv eləyirlər, gənc nəslin tərbiyəsinə ziddi bu, – öz-özünə söylənirdi; onu görəndə Lələ bic-bic qırışırdı, əllərini kitab kimi gözlərinin qabağına tuturdu, guya ki, dərs oxuyur; Qədiməli müəllim də hirslə qoltuğundakı qovluğu düzəldib addımlarını yeyinlədirdi.

 Məhəllənin it-pişiyi də Lələnin dostuydu, tapdığını onlarla yarı bölürdü. Amma dünyanın işlərinə qarışmasa da, düşmənsiz də deyildi və düşmənlərinin siyahısında dükançı Səttar birinci yerdəydi. Lələnin piştaxtaya düzülmüş şirniyyata dikilən gözlərini görəndə kişinin cızdağı çıxırdı: «Əstəğfürüllah, lənət sənə, kor şeytan! Belə də iş olarmı, bunun yiyəsi yoxdumu, nədi? Adam gündə neçə dəfə gələr qapıya? Köpəyoğlunun əlinnən dükanı aça bilmirəm. Ə, rədd ol burdan, gözüm səni görməsin!» Səttardan acıbağırsaq kimi uzanan küsüsünün acığını çıxmağa fürsət axtaran arvadı həmin dəqiqə qapıda peyda olurdu, üstünə mürəbbə çəkilmiş çörəyi göstərib gülə-gülə Lələni çağırırdı: «Ay Lələ, bir bəri dur, görüm!». Lələ də, elə bil, doğma anasını görürdü, irişib kirli əllərini şalvar-köynəyinə çəkirdi, Səttarın adam qarsalayan baxışlarına məhəl qoymadan «Ay mama!» – qışqırıb irəli cumurdu. – Onda Səttarın arvadı mürəbbəli çörəyi yuxarı qaldırıb şərt qoyurdu: «Ay Lələ, bir kişilən, görüm!». Lələ də əlacsız qalıb, bir gözü acığından xoruz pipiyi kimi qızarmış Səttarda, o biri gözüsə,  mürəbbəli çörəkdə sinəsini qabardırdı, üz-gözünə hökmlü ifadə verməyə çalışırdı, çörəyi alandan sonra Səttara sarı dilini çıxardıb, göyəm kolunun dibinə çəkilirdi. Lələyə əli, arvadına hökmü çatmayan Səttar hirsini oğrun-oğrun içəri girməyə fürsət gəzən pişiyin üstünə tökürdü…

 Lələnin ən intizarlı anları Səriyyənin dərsdən qayıtmağıyla üst-üstə düşürdü. Dikdabanların taqqıltısını qulağı alanda bir göz qırpımında dəyişirdi: əl saxlayıb yağ qutusunu və daşını kolun dibinə qoyurdu, şalvar-köynəyini çırpırdı, yalın ayaqlarını çəkələyinin içinə soxurdu, qədd-qamətini, sifətini düzəltməyə çalışırdı. Lələni beşikdən tanısa da, Səriyyə üzünə dikilmiş pərtdə gözlərlə rastlaşanda yerişini itirirdi, canında duyduğu giziltini ört-basdır eləməkdən ötrü «Necəsən, Lələ? – soruşurdu, sonra sumkasını açıb, – Al sənə konfet verim, ağzını şirinlə», – deyirdi. Bu anlarda Lələnin gözlərində qəribə istək və nisgil bir-birinə qarışırdı. Səriyyənin də gözlərinin qabağına çarpayıda uzanmış, paçasının arasındakı qırmızı lentə baxa-baxa konfet soran üç-dörd yaşlı Lələ gəlirdi və içində qaynayan gülüşü boğub cəld aralanırdı. Lələsə, konfeti ovcunda sıxıb Səriyyənin dalınca baxırdı. Qız döngədə itinəcən beləcə dururdu. Bu görüşdən bir az sonra Lələ öz qərargahını» tərk eləyirdi, bir müddət küçədə görünmürdü; toyunun səsi bir də şər qarışana yaxın eşidilirdi, amma budəfəki çalmağı səhərkinə oxşamırdı, nəsə ayrı ovqatdan xəbər verirdi…

 …Orta hesabla məhəllədə Lələdən məşhur bir kimsə yoxudu, xeyirdə də, şərdə də onun öz yeri, öz payı varıdı; uşağı xəstələnənlər Lələnin canının sağlamlığına həsəd aparırdılar; uşağı ağıllı olanların Lələyə ürəyi yanırdı. Elə mən özüm də hər şeydən bezəndə Lələnin xoşbəxtliyinə paxıllıq eləyirdim: «Nə vecinə, üçdə alacağı yox, beşdə verəcəyi,» – deyirdim, ya da «Ağıllı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər, odey, Lələ kimi,» – qənaətinə gəlirdim; amma bilirdim ki, belələri uzun yaşamır, Allahın bu günahsız bəndəsinin cəmi-cümlətanı üç-beş il ömrü qalıb…

 …Neçə iliydi ki, günlər beləcə keçirdi və payızın son ayının son bazar günü qəfildən hər şeyi dəyişdirdi. Həmin günün axşamı dedilər ki, Səriyyəyə elçi gəlib, onu özüynən oxuyan oğlana veriblər, yaxşı ailədəndi, özləri də şəhərin mərkəzində yaşayırlar. O günün səhəri Lələnin toyunun səsi, «Ay lələ, e-e-e-y-y-y» mahnısı eşidilmədi və gün qalxanda məlum oldu ki, Kərəm işə, Qədiməli müəllim dərsə gecikib. Bircə Səttarın kefi köküydü, əl-ayağı yerə dəymirdi; ola bilsin ki, onun bu halətinin Lələyə dəxli yoxudu, lap elə arvadıynan qısamüddətli barışmağın əlamətiydi.

 Günortaya yaxın dedilər, yazıq Lələ möhkəm xəstələnib, özünü-sözünü bilmir. Bu xəbəri gətirən Məsmə arvad söylənə-söylənə üzü o tərəfə gedirdi: «Gədənin axırına çıxdılar, – deyirdi, – nə qarnı xörək gördü, nə əyni paltar. Yığvalı qara gəlmiş, canı daşdan, dəmirdən ha döyül…» Sətarın arvadı qoltuğunda bağlama qapıda göründü, ərinə ağızucu: «Gedim, yazığa baş çəkim,» – deyib Məsmə arvadın dalınca yelləndi. Məktəbdən qayıdan Qədiməli müəllim, elə bil, xəbəri havadan almışdı, göyəm kolunun tuşunda addımlarını yavaşıtdı, Lələnin köhnə-köşkül oyuncaqlarına baxıb başını buladı. Sanki məhəllənin havası da qəfildən dəyişmişdi, dünənkinə, srağagünkünə oxşamırdı…

 Lələ o yıxılan yıxıldı. Əvvəl feldşer Məsini çağırdılar, xəstəni «müayinədən keçirib» adəti üzrə «sətəlcəmdi,» – dedi, ev yiyəsiynən «bir balaca oturub» dübbədüz çıxıb getdi. Sonrakı gün uşağın düzəlmədiyini görüb həkim çağırdılar, o da xəstəyə baxıb. «Deyəsən, ciyərləri sıradan çıxıb, – dedi, – xəstəxanaya aparmaq lazımdı, amma… çətin ki, köməyi olsun,» – açıq danışdı və pulunu alıb aralandı. Lələnin on üç – on dörd illik ağrıdan, əziyyətdən bezmiş əkib-doğanı nəsə bir yüngüllük ərəfəsindəydilər, gəlib-gedənin yanında üzə vurmasalar da, qismətləriylə barışmışdılar, oturub Allahın əmrini gözləyirdilər.

 O bazar günündən üç həftə sonra Səriyyənin toyu oldu. Lələnin əkib-doğanı da toydaydılar, xəstənin yanında Məsmə arvadı qoyub getmişdilər. Daha Lələnin səsi çıxmırdı, ağır-ağır nəfəs alırdı, sinəsindən qopan xırıltı get-gedə artırdı. Məsmə arvadın əli öz canından savayı heç yana çatmırdı. Toydakılar qayıdanda Lələni hərəkətsiz görüb yüngülləşdilər, rahatlandılar, elə bil, çiyinlərindən dağ götürüldü…

 Lələnin cəsədini yumaq üçün qaldıranda yastığının yaman ağır olmasının fərqinə təkcə Məsmə arvad vardı; əlində samballayıb üzlüyünü çıxardı və… döşəməyə səpələnən konfetləri görəndə əməlli-başlı çaşdı…

Yazıya 998 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.