Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” ədəbi-bədii jurnalının baş redaktoru, şair Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çapdan çıxıb. “Mütərcim” nəşriyyatı tərəfindən “Contemporary Azerbaijani Poetry” (“Müasir Azərbaycan şeiri”) seriyası ilə buraxılan bu kitab “Dawn” (Dan yeri) adlanır.
Kitabın ingilis dilinə tərcüməçisi və “Ön söz”ün müəllifi Kamran Nəzirlidir.
“Qulu Ağsəs Azərbaycan Respublikasının Qarabağ bölgəsinin Ağdam şəhərində doğulub boya-başa çatmış istedadlı müasir şairlərimizdəndir. Onun doğulduğu torpaq hazırda erməni işğalı altındadır. Atasını erkən yaşlarından itirən şair Ermənistanın işğalından sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür…”. Bu sətirlər kitaba yazılan “Ön söz”dən götürülüb.
“Ön söz”də daha sonra qeyd olunur ki, Qulu Ağsəsin ingilis dilində təqdim olunan şeirləri modern şeirin tələblərinə cavab verməklə yanaşı, poetikası, bədii-fəlsəfi yükü və yeni nəfəsli polifonik duyğu dəyişmələri ilə fərqlənir. Kitaba şairin son illər yazdığı şeirlər, o cümlədən, “Qarabağ şikəstəsi”, “Sənsən hər yer”, “Külək poçtdu”, “Müharibə əlili”, “Qiyamət” və s. şeirləri də daxil edilib və onlar poetik bədii ovqatla birlikdə oxucuda ictimai-fəlsəfi ruh oyadır, erməni qəsbkarlarının tapdağı altında qalan Qarabağ bölgəsinin ağrı-acılarını bədii çalarlarla dünyaya çatdıra bilir.
Tərcüməçilik sahəsində maraqlı fərdi layihələri ilə tanınan, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli AZƏRTAC-a müsahibəsində deyib: “Biz Qarabağ bölgəsindən olan şairlərimizi, yazıçılarımızı, söz-sənət ustalarımızı da dünya dillərinə tərcümə edib beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Bu, indiki dövrdə çox önəmlidir. Dünya nəhayət bilməlidir ki, Qarabağ Azərbaycanın həm coğrafi, həm də mənəvi ərazisidir, musiqi beşiyi ilə yanaşı, ümumiyyətlə, azərbaycanlıların qədim mədəniyyətinin, ədəbi-bədii təfəkkürünün də ayrılmaz parçasıdır”.
Kitab ingilisdilli oxucular üçün nəzərdə tutulub.
Yazıya 707 dəfə baxılıb