ÜMBÜLBANU
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatı
Bu günlər itkisinin ağrı-acısını yaşadığımız müdrik ziyalımız, görkəmli alim İmamverdi Əbilovun “Ömrün və elmin romantikası” kitabından söz açmaq üçün bir qədər geriyə baxmalıyıq.
“Əziz İmamverdi müəllim!
Siz bizim günlərdə, çox təəssüf ki, get-gedə azalan həqiqi və nadir ziyalılarımızdansınız. Ziyalı – ziya, işıq deməkdirsə, siz Azərbaycanın gözəl bir əyalət şəhərində bu ziyanı, bu işığı yaradan və qoruyansınız. Bu işıq uzun illərin zəhməti və səyi nəticəsində topladığınız zəngin unikal kitabxananızdan gəlir. Bu ziya ömür boyu görüşdüyünüz, ünsiyyət bağladığınız neçə-neçə görkəmli ədəbiyyat, elm, siyasət, mətbuat adamının xatirələrini – şəkillərini, məktublarını, avtoqraflarını hifz edən mənzil- muzeyinizdən gəlir. Ən əsası isə bu işıq sizin saf qəlbinizdən, pak əməllərinizdən gəlir. Neftçalada, mənzilinizdə yaratdığınız əsl mədəniyyət mərkəzi, Bakı da daxil olmaqla, bütün Azərbaycan üçün örnək göstərilə biləcək mənəviyyat ocağıdır. Hələ çox illər yaşayıb-yaradın. Qəlbinizdəki və mənzilinizdəki o müqəddəs çıraq həmişə yanar qalsın”.
Bu sözlər xalqımızın böyük ziyalısı, böyük yazıçı Anarın İmamverdi Əbilovun “Ömrün və elmin romantikası” kitabında dərc olunan məktubların birində yer alıb. Anar müəllimin məktubunun hər sətirindən bənzərsiz, nadir şəxsiyyət olan müdrik ziyalımız İmamverdi Əbilovun haqqında yüksək ehtiram, məhəbbət duyulur, İmamverdi müəllimin keçdiyi həyat yolunu oxucu qısa bir zaman kəsiyində gözləri önündə canlandırır. Hədsiz səmimiyyətlə yazılan bu məktubda işıqlı, nurlu bir ziyalının ömürlüyü, yaradıcılığı və müqəddəs amalı elə əks olunmuşdur ki, onun bəxş etdiyi xoş təəssüratdan ayrılmaq olmur.
İngilis filosofu Yum Devid “İnsan zəkası haqqında tədqiqat” əsərində yazır: “Müdriklik mə-bədi qayalar başında, tufan və qasırğalardan, qəzəb və nifrətlərdən çox-çox yüksəklərdə yerləşir. O qədər yüksəklərdə ki, ildırımlar belə ondan aşağılarda çaxır və ən dəhşətli insan qəzəbləri də ona çata bilmir”.
Görkəmli ədəbiyyatşünas İmamverdi Əbilov böyüyüb yaşa dolduğu Neftçala şəhərində yaşayıb-yaradıb. Bununla belə, Azərbaycan ədəbi mühiti ilə sıx əlaqədə olub, ədəbi mühitlə nəfəs alıb. Neftçalada yaşamasına baxmayaraq, ölkədəki ədəbi mühitin formalaşmasında yaxından iştirak etmişdir. Daim axtarışda olmuş, yorulmadan elm, ədəbiyyat sahəsində tədqiqat aparmışdır. Öz doğma ocağından ayrılmayan fədakar alim, təvazökar insan öz əlləri ilə, öz qələmi ilə, əməlləri ilə qurub-yaratdığı məbədə – Mənəviyyat Məbədinə sığınaraq mənalı və zəngin həyat yolu keçmiş, doğma ədəbiyyatımıza daim xidmət göstərmişdir. Ədalət – ruhun sakitliyidir. İmamverdi müəllim münasibətlərdən, kimliyindən asılı olmayaraq daim vicdanının itaətində olub, Tanrının ona bəxş etdiyi istedada – qələminə xəyanət etməyib, təmənnalı olmayıb, haqqı-nahaqqa verməyib. Hər cümləsindən Türkçülüyün, Turançılığın ətri gələn bu azman qələm sahibi saysız-hesabsız elmi-publisistik əsərlər, 20-yə yaxın monoqrafiya və “Uzaq keçmişimizdən, uzaq gələcəyə”, “Orta məktəbdə siyasi lirikanın tədrisi”, “Təbiətin və təfəkkürün möcüzəsi”, “Rəsul Rzanın yaradıcılıq yolu”, “Zamanla vaxt arasında”, “Xatirələr işığında”, “Ömrün və elmin romantikası” kimi dəyərli, fundamental əsərlərin müəllifidir. Alimin gərgin əməyini – müqəddəs amalını əks etdirən “Ömrün və elmin romantikası” kitabı Azərbaycan ziyalılığına, ədəbiyyatımıza bəxş olunan nadir incilərdəndir.
İmamverdi Əbilovun zəngin və mənalı həyat yoluna işıq salan kitabın redaktoru və tərtibçisi onun çoxşaxəli yaradıcılığının bütün incəliklərinə dərindən bələd olan övladı Azər Turandır. Kitabdakı “Ay qədər işıqlı və uzaq…” adlı işıqlı və dəyərli, həssaslıqla, ürək döyüntüsü ilə yazılmış ön söz filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Elnarə Akimovaya məxsusdur. Elnarə xanım bir bölgədə – Neftçalada yaşayıb-yaradan alimin – Ayın nurunun bütün Azərbaycana bəxş etdiyi hikmətindən söz açaraq kitaba güzgü tutur: “İmamverdi Əbilovun yurdu XX əsr ziyalıları üçün Kür qırağının seyrangahı olub, ərklə açılan dost evi, mənəvi huzura qovuşduqları məkan olub. Bu evdə ömrün və elmin romantikası qoşa yaşanıb.
…Bu, bir Ömür kitabıdır. Amma sadəcə, oxunmalı deyil, həm də öyrənməli, yaşanmalı, nəfəs kəsincəyə qədər duyğularına hakim ola biləcək Ömür kitabı…”.
Bu sözlərin sadəcə söz xatirinə, yazı xatirinə yazılmadığı, tam səmimiyyətlə deyildiyi elə kitabın ilk səhifələrini vərəqlədikcə duyulur. “Xatirələr işığında” başlığı altında gedən yazılarda bir ömrün deyil, neçə-neçə ömürlərin romantikasını sanki onlarla birgə yaşayırsan, sehrlənirsən. “Xatirələrin işığı ilə” gəzib “Məktublar”a – canlı şahidlərə qulaq asırsan, respublikamızın tanınmış şəxsiyyətlərinin məktublarını öz “mənzil-muzeyi”ndə illər uzunu qoruyub-saxlamış vətənpərvər, müdrik ziyalının nurlu siması gözlərimiz önündə canlanır.
Tənqid və ədəbiyyatşünaslıq bölməsində Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Rəsul Rzanın, Süleyman Rüstəmin, Cabir Novruzun, İbrahim Kəbirlinin, Sabir Əhmədovun, Nəriman Həsənzadənin, Bəxtiyar Vahabzadənin, Mədinə Gülgünün və onlarla tanınmış yazıçı və şairlərin əsərləri haqqında olduqca maraqlı, dərin məzmunlu yazılara yer ayrılıb.
Sevindirici haldır ki, kitabda Gəncə ədəbi mühitindən dəyərli yazıçımız Qərib Mehdinin “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuş “Yaralı mərmər” (1970) və “Ucalan dağlar” (1973) kitabları haqqında yazılmış resenziyalar və onun İmamverdi Əbilova ünvanladığı 2 məktub dərc olunub. Söhbətimiz zamanı Qərib müəllim bu barədə dedi:
– Ağlıma gəlməzdi ki, görkəmli alimimiz İmamverdi Əbilovun “Ömrün və elmin romantikası” adlı möhtəşəm kitabında ədəbiyyatımızın nəhəngləri ilə bir sırada mənim də imzam yer alsın. Özü də dörd dəfə – İ.Əbilovun mənim “Yaralı mərmər”, “Ucalan dağlar” kitablarım haqqında resenziyaları və mənim ona iki təşəkkür məktubum. Bunları görmək və öz gözlərimlə oxumaq məni həm təəccübləndirdi, həm də sevindirdi. O, ömrü boyu seçimli imzalara yox, ədəbiyyata, söz sənətinə qulluq etmişdir. Onun tarixi İskəndəriyyə kitabxanasına bənzəyən zəngin kitab sakinli evinə nəzər yetirmək kifayət edər.
İmamverdi müəllim haqqında görkəmli sənətçilərimiz, ədəbiyyatşünaslarımız qiymətli fikirlər söyləmişlər. Geninə-boluna ölçülüb-tikilmiş, elmdən, əməkdən, xeyirxahlıqdan yoğrulmuş bu tərif köynəkləri nə qədər obyektiv olsa da, yenə onun əyninə dar gəlmişdir.
Deyilmiş fikirləri təkrarlamaqdan ehtiyatlansam da, yenə onunla bağlı üç cəhətə, ötəri də olsa, toxunmaqdan yan dura bilmirəm:
Birincisi. İmamverdi müəllim ömrünün son anına qədər doğma Neftçalasını tərk etmədi. Yaradıcılığının azman məhsullarını bu ocaqda yaşayıb-yaratdı. Bununla o, son dərəcə vacib olan bir nəsnəyə – ədəbi urbanizasiyaya sinə gərdi və ədəbiyyatımızın ərazi bütövlüyünün bayraqdarına çevrildi. Ustad sənətkar bu çətin və faydalı yolu seçməklə təklənmədi. Yazıçı və şairlərdən – Gəncədə Altay Məmmədov, İsmayıllıda Musa Yaqub, Qazaxda Barat Vüsal və başqa qələm sahibləri onun mövqeyini müəyyən qədər möhkəmləndirdilər.
İkincisi. İmamverdi müəllimin çoxşaxəli yaradıcılığı həm də itkilərin saxlancıdır. Neçə-neçə itmiş sənədlərin, məktubların əsli onun etibarlı arxivində qorunub saxlanır. Onun qayğıkeşliyi və sənəd intizamı ayrıca bir məktəbdir.
Sonda bir məqamı da qeyd etməyi vacib bilirəm: İmamverdi Əbilov Neftçaladakı müqəddəs məkanın – mənəviyyat məbədinin işığını elə yandırıb ki, o işıq heç vaxt öləziməyəcək, sönməyəcək, əksinə, getdikcə nurunu artıracaq. Çünki müdrik ziyalımızın “Ömrün və elmin romantikası” kitabı mənəvi ucalığa gedən yolumuzu daim işıqlandıracaq.
“525 -Cİ qəzet”
Yazıya 1270 dəfə baxılıb