Oğuz AYDIN – GÖY QURŞAĞI…

oguzGÖY QURŞAĞI…
Səsini itirdim, bitdi öpüşlər,
Sevgimiz beləcə dara çəkildi.
Sevinclə parlayan məsum gülüşlər,
Görəsən yox olub, hara çəkildi?

Bir ümidim öldü, adı sən idin,
Yasını kimsəsiz gecələr saxlar.
Arzunun, kamalın dadı sən idin,
Duyğu ağacında sındı budaqlar.

Üzünün cizgisi üzündən qaçıb,
Gizləndi gecənin gizli qoynuna.
Nisgilli günlərim işıqlar saçıb,
Taleyin acılı, sirli oynuna.

Bilmirəm, nə deyim, adsızdır halım,
Ölmüş eşqimizə kəfən kimiyəm.
Atəşə çevrilib durmadan yanım,
Qaranlıq dünyamı oda əliyəm.
Doğulur könlümdə hicranın sənin,
Göz yaşından sonra, göy qurşağıtək…
Min yara açacaq o anın sənin,
Ayrılıq içində nalə çəkəcək…

 

 

GÖZLƏYİRƏM…

.
Həsrətin işığı közərib, sönməkdədi,
İçimdəki son nəğməni dinləyirəm.
Yollar bağlı, qəlbim daşa dönməkdədi,
Mən hər gecə yolunu gözləyirəm…

Soyuq xəzanlarım şəhid oldu,
Payızın ruhunda gizlənirəm…
Daş heykəlimin gözləri doldu,
Mən sənin gülüşünü gözləyirəm…

 

 

 

 

 

AĞLA, TANRI, AĞLA…

.
Şimşək qəzəbli göylər Allahı,
Bulud kimi gözlərin.
Ağla, ağla Tanrı…
Qurban gedən hər sətrimə ağla,
Yalnızlığımla bir sığındığım
Çətirimə ağla.
Dodaqlarımda yarım qalan sevgilimin,
Ətrinə ağla…

Ağla…
Ürəyimin cəhənnəmində
Susuz qalmış insanlara…
Ağla… Ayrılıq savaşında
Şəhidlərə, qazi qəlblərə…
Ağla, səbəbsiz olan,
Bütün dərdlərə…

 

Ağla, bir az dolsun
Eşqin kuzəsi…
Şərab tək içilsin ölüm şərəfinə
Hər badəsi…
Kəsilsin damarımdan axan
Səssizliyin bəstəsi,
Hönkürtümə qarışsın səsi…

 

 

ÇƏRPƏLƏNG…

.

Yenə sən, yenə eşqin sahili…
Sərxoş bir külək buludları qovur…
Onlarsa hey qaçır, ağlayır…
Hərdən bir-birləri ilə toqquşurlar.
Onda daha bərk ağlayırlar…
Səninsə əlində çərpələng…
Nə çəpələngdir, hardandır elə?..
Deyəsən, onu da içimdən almısan yenə…
Adı ümiddir, ipi əlində,
Həzin yellənir boz səmada…
Uçur…
Uzaqlara getmək istəmir…
Əlindən qaçıb uzaqlara uçmaq istəmir,
Ümid çərpələngim…
Qəlbimdən aldığın son şeydir.
Və …………………………
Yenə də əlindən qaçırdın onu…
Qayıtmaz daha
Eşqin sahilinə.

Uçdu, çox uzaqlara…
Çox uzaqlara…
   

.

 

DİLSİZ ÜMİDLƏR…

.

Dilini kəsdilər ümidlərimin,
Sükutu qəmimin libası oldu.
Anası ölübdü dərdlərimin,
Dərmanı onlara miras qoydu.

Duyğular qanad açıb uçdu qəlbdən,
Yuvası içində bir bala qaldı.
Bir gün o da köçəcəkdir məndən,
Tənhalığım hicrandan qalan paydı.

Zəhərlə şərbəti qatıb halıma,
İçirəm, əbədi dərd sağlığına.
Qayıtsa əgər baharım yanıma,
Yoxluğumu verəcəm varlığına.

Yarımçıq sevgi də bütöv xatirə,
Gizlənib, özünü göstərmir hələ.
Ağrılardan doğan gözəl ilahə,
Qoparır içimdə böyük zəlzələ.

Gecə yetim qalıb, sabahı yoxdu,
Xəbərsiz işıqdan, xəbərsiz nurdan.
Çarəsiz qəlbimin yükləri çoxdu,
Gəlir qürbətdən, gəlir uzaq yoldan.

 

Ruhumun bayrağı qara rənglidi,
Dalğalanır içimdə – bəyaz dünyada.
Bütün ümidlərim lal ahənglidir,
Yırğalanır beşikdə, dayaz xülyada.

Saatlar susaraq səssizcə axır,
Dolur yavaş-yavaş ömür kuzəsi.
Vaxtın sükutuna yağışlar yağır,
Ümidin rəqsidir, zamanın rəqsi…

 

QALMADI

.
Solub bitdi dünya bütün,
Zülmət çiçəyi yenə solmadı.
Xəzinə sevgilər heçə satıldı,
Qəlbin bazarında sevgi qalmadı.

Üstünə kölgə gəldi günəşin,
Vicdan şəfəqini daha saçmadı.
Dayazlaşdı birdən bütün ürəklər,
Ürək dənizində sular qalmadı.

Əbədi nəğmə oldu gecələr,
Gündüz bəstəsini daha çalmadı.
Xərcləyib bütün ümidi işığa,
Kor gözlərində sevinc qalmadı.

İtirib bir-bir gülüşlərini,
Heç zaman bir də tapmadı.
Ağladı kədərdən bütün buludlar,
Bir səhra belə susuz qalmadı.

Mənim göz yaşımdır qəmli dənizlər,
Ayrılıq gəmisi üzdü, batmadı.
Mənzilim, səfərim burdan uzaqdı,
Sənin gözlərində liman qalmadı…

.

.
SƏNDƏN AYRILIĞA…

.
Səni sənə buraxıb özümü aparıram,
Mən bir ayrılıq qatarıyam…
Nə qayıtmaq istəyirəm, nə də geri baxasıyam.
Mən bir ayrılıq qatarıyam…
Bu stansiyanın sonuncu qatarıyam,
Yüklərim çoxdu…
Sən də qoy çantaları, içi xatirə dolu…
Vaqonlarım neçə xatirə gördü, neçə yükə dözdü,
Yüklə, sən də xatirələri…
Yüklə… Tez ol…
Yol alacam ayrılığa doğru…

 

YENƏ GEDİRSƏN…

.
Gedirsən ömürdən, elə bil qatar,
Mənzili bilinməz, yolu bilinməz.
Ayrılıq acını şirinə qatar,
Sənli xatirənin tozu silinməz…

Dumanamı döndü getdiyin yollar,
Gözlərin gözümdə qeybə çəkildi.
Sonuncu baxışın qəlbimi odlar,
İzlərin yuxumda tənha gəzirdi.

Bir ömür fəslindən yazılan yazı,
Ani baxışınla pozuldu sənin.
Ətirli güllər də gətirməz yazı,
Eşqin yuxular tək yozuldu sənin…

               

KAİNAT…

.
Sonsuz və əbədi olan,
Tanrının məbədi olan,
Var… Var…
Səndə bir sirr var.
Bir sirrində neçə min var…
O sirr,
O sirr, eşqimin qəmi,
O sirr, gözlərində yelkənsiz bir gəmi.
O sirri mən bilirəm,
Bir də…
Bir də məhkum olduğum gecələr,
Və ümid diləndiyim,
Kimsəsiz, qaranlıq küçələr…
O sirr…
Var… Var…
Səndə bir sirr var…
Nədir o sirr?!
Bir gün dünyaya düşəcək olan,
Və dünyanı sular altında qoyan,
Günəşin göz yaşıdır o sirr…
O sirr… Kainatın sirri.
Necədir o? Nə cürdür axı?!
Sənlə başqa dünyalarda yaşayıb,
Eyni sevgiyə məhkum olmaq kimidir…

Yazıya 1113 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.