Bu günlərdə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü, təşkilatçılığı və dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin və Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir nümayəndəliyinin Mingəçevirə şəhər status verilməsinin 70 illiyinə həsr olunmuş “SƏNİ TƏRƏNNÜM EDİRƏM GÖZƏL MİNGƏÇEVİRƏM” adlı poeziya gecəsi keçirilmişdir. Şəhər ictimaiyyəti nümayəndələrinin, yazarların və tələbə gənclərin qatıldıqları sözlü-nəğməli poeziya gecəsinin aparıcısı AYB Mingəcevir bölməsinin sədri İsmayıl İmanzadə aşağıdakı şeirlə tədbir iştirakçılarını salamlamışdır:
Ulu Tanrım bizi salma nəzərdən,
Saf eşqindir qəlbimizi közərdən.
Nur timsallı bu şəhərdə əzəldən
Sözə arxa duranlara min alqış.
Nəğmətək dil açır bu gecə Kür də,
Heç vaxt ələ düşməz bu çağlar bir də.
Bizim yetmiş yaşlı Mingəçevirdə,
Bu büsatı quranlara min alqış.
İlk olaraq Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerini yetirən İlham İsmayılov çıxış edərək illər öncəsi şəhərin quruculuğunda fədəkar əməkləri ilə hamının hörmətini qazanan insanlardan ehtiram hissiylə söz açmış, son on dörd ildən bəri ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə rəhbəri İlham Əliyevin Mingəçevirə-onun qədirbilən sakinlərinə diqqət və qayğısının ən bariz şəkildə ifadə edən tapşırıqlarına əməl etməklə şəhərdə aparılan tikinti-quruculuq işləri sayəsində yaşayış evlərində, inzibati binalarda aparılan yenidənqurmanın uğurlu nəticəsi olaraq nur timsallı bu yaşayış məskənini füsunkar görkəm aldığını, bir sıra yeni sənaye müəssisələrinin, o cümlədən “Sənaye Parkının”, “Asan xidmət” mərkəzinin tikilib istifadəyə verildiyini fərəh hissiylə qeyd etmişdir. AYB-nin Mingəçevir bölməsinin də fəaliyyətini yüksək qiymətləndirən, “Bənövşə” jurnalının və bu il nəşr olunan “Bir ocağın şöləsiyik” almanaxının yazarlara söz sovqatı olduğunu vurğulayan şəhər rəsmisi 70 yaşlı Mingəçevirin ad gününü bayram əhval-ruhiyyəsi ilə qarşılayan şəhər sakinlərinə və sözün işığında bir araya gələn yazarlara uğurlar arzulamışdır.
Poeziya gecəsinə qonaq qismində qatılan AYB-nin Gəncəbasar və Ağdaş filiallarının sədrləri Xəzangül Hüseynova və Fəxrəddin Əsəd nur timsallı Mingəçevirin gözəlliklərindən bəhs etməklə, qələmə aldıqları şeirlərdən nümunələr söyləyərək hamıya unudulmaz anlar bəxş etmişlər.
Mingəçevir Bələdiyyəsinin üzvü, tanınmış qələm sahibi Zahid Qasımlı, “Mingəçevir” qəzetinin baş redaktoru, yazıçı-publisist Misədi Daşdəmirov və şəhər İcra Hakimiyyətinin 1 saylı sahə inzibati-ərazi nümayəndəliyinin rəhbəri Rizvan Mikayıllı söz adamlarına yönəlik ehtiramlarını dilə gətirmiş, şəhərdə fədakar əməkləri ilə zaman-zaman tanınan insanların yad edilməsinin vacibliyini vurğulamış, hamıya xoş əhval-ruhiyyə bəxş edən sözlü-nəğməli gecələrin keçirilməsinin davamlı olmasını arzulamışlar.
Yerli yazarlardan AYB-nin üzvləri Zümrüd Rəhimova, Elşən Əzim, Namiq Zaman və gənclər arasında Prezident təqaüdçüsü şair Səxavət tədbirin keçirilməsindən məmnun olduqlarını bildirmiş, bu duyğunu oxuduqları şeirlər vasitəsi ilə də ifadə etmişlər.
Gənc şairlərdən Ruslan Ələkbərli, Ayşən Rəhim, Seymur Sönməz və Rəna Əliyevanın da oxuduqları yeni şeirlər hamı tərəfindən alqışlarla qarşılanmışdır.
Mİngəçevirin gözəlliklərindən bəhs edən şeirləri əzbərdən söyləyən şəhər Uşaq-Gənclər Mərkəzindəki dram dərnəyinin üzvlərindən Türkan, Yeganə, Səbinə və Aysunun çıxışları da yaddaqalan olmuşdur.
Şəhərdəki Üzeyir Hacıbəyli adına Musiqi Məktəbində müğənnilik sənətinin sirlərini yeniyetmələrə öyrədən İsa Müseyibov, Turanə Məmmədova, Səttar Rizvanoğlu, Nicat Əhmədov və Energetiklər qəsəbəsində ustad sənətkarımız Bülbülün adını daşıyan musiqi məktəbində yuxarıda adları qed olunan həmkarları kimi pedaqoji fəaliyyətlə məşğul olan istedadlı gənc xanəndə Fuad Nəbiyev ifa etdikləri həzin nəğmələrlə poeziya gecəsinə əlvan çalarlar qataraq tədbir iştirakçılarının sürəkli alqışlarını qazandılar. Yerli yazarların əsərlərindən ibarət kitab sərgisi də tədbir iştirakçılarının diqqətindən kənarda qalmadı.
Sonda qonaqlar və yerli yazarlar təzədən bir araya gələrək xatirə şəkilləri çəkdirdilər.
Bəhman Gülövşəli,
“Bənövşə” jurnalının redaktoru
Yazıya 1150 dəfə baxılıb