ZÜMRÜD RƏHİMOVA – BIÇAQ YARASI VƏ YA XƏYANƏT (hekayə)

Zumrud                                                

ZÜMRÜD RƏHİMOVA

 

AYB-nin üzvüdür, Kəlbəcər rayonunun işğalından sonra müvəqqəti olaraq Mingəçevirdə məskunlaşıb. Üç kitab müəllifidir. Mingəçevirdəki 5 saylı orta məktəbdə işləyir. “Bənövşə” jurnalının şöbə redaktorudur. Hekayə və povestləri çeşidli qəzet və jurnallarda dərc olunub. Həyat yoldaşı yurd savaşında şəhid olub.

                         

                 BIÇAQ YARASI VƏ YA XƏYANƏT

(hekayə)

Dünya gözlərinə bomboş görünürdü. Taleyinin, ömrünün möhtəşəm bir qalası uçmuş, o qalanın sökülüb dağılmış kərpicləri arasında çabalaya-çabalaya qalmışdı. Ömrüboyu içində gəzdirdiyi acı bir həqiqətin nə vaxtsa həytına zəhər qatacağından ehtiyat edirdi. Gizlətdiyi sirrin qorxusu-xofu o qədər güclü idi ki,  yadına düşəndə əlləri titrəyir, vücudunda bir istilik hiss edirdi. Gözlərini yumur, hələ də yadından çıxara bilmədiyi o anları xatırlayır və tez də unutmağa çalışırdı. Çalışırdı, ancaq unuda bilmirdi. Çünki sevdiyi adam özgəsinin vüsalına qovuşub, onu dünyalar qədər sevən şəxsə xəyanət etmişdi…

“Etməmişəm, etməmişəm…” deyə-deyə bağırmaq, qışqırıb aləmə səs salmaq istəsə də bunu da bacarmırdı. Xəyanət etməmişdi. Ona bu xəyanəti etdirən adamdan qisas almaq istəyirdi, amma hələ vaxt-məqam tapa bilmirdi. Vaxt uzandıqca içindəki qisas hissi daha da güclənirdi…

Xalidə ali təhsilini başa vurandan sonra bir neçə il işləyərək valideynlərinə kömək etmişdi. Ailənin ilk övladı idi. Evdə altı bacı, bir qardaş idilər. Çox kasıb yaşayırdılar. Ailə qurmaq, ev-eşik sahibi olmaq heç yadına da düşmürdü. Ağbəniz, yaraşıqlı bir qız idi. Geyindiyi hər bir libas biçimli bədəninə yaraşıq verirdi. Gur saçlı, qumral gözlü Xalidəni yaşadığı məkanda istəməyən, sevməyən oğlan qalmamışdı. O, isə heç kəsə könül vermir, özündən kiçik bacılarını və qardaşını düşünürdü. Hər dəfə onları sevindirəndə özünü dünyanın ən xoşbəxti sanırdı. Hərdən anasının qınağına tuş gəlirdi: “Yaşın ötür, qızım, bizi düşünsən gərək onda heç ailə qurmayasan. Ağıllı, yaxşı oğlanlar istəyir səni. Birinə könül ver, ailən, evin-eşiyin olsun”!.. “Hələ yaxşı oğlan vaxtı deyil, ana, uşaqlara kömək lazımdır.  Atam xəstə adamdır, işləyə bilmir, görürəm əziyyət çəkir, onu da müalicə etdirməliyik. Ailə qurmasam dünya dağılmaz ki…” – deyərək yaşarmış gözlərini ondan gizlətməyə çalışırdı. Ana isə: “Yazıq balam, bizim ucbatımızdan gecə-gündüz bilmir, az qalıb adı da yadından çıxa”- deyə ürəyində düşünür, dərin fikirlər içərisində çapalayırdı…

Xalidə savadlı, bacarıqlı idi. Çox çətinliklə oxumuşdu. Ata-anası əllərinə gələn pulla ailənin ehtiyacını ödəyə bilmirdilər. O, həmişə tələbə qızlardan geyimi-kecimi ilə deyil, oxumağı ilə fərqlənmişdi. Çantasında gəzdirdiyi telefonu belə qızlardan gizlədirdi. Çünki baxsaydılar, onu lağa qoyardılar. Bir dəfə qrup yoldaşlarından biri Xalidənin könlünə dəymişdi: “De, görüm hansı zamanda yaşayırıq ki, sən dövrün tələblərinə uyğun geyinmirsən, iki ilə bir çanta dəyişirsən, yaxşı oxumaq şərt deyil. İnsanı geyiminə görə qiymətləndirirlər. Ağıllı, tərbiyəli olmaq inidiki zəmanədə heç nəyi dəyişmir…

Xalidə onu axıracan dinləyib, sonra səbirlə cavabını vermişdi: “Əslində sən düz deyirsən. İndiki zamanın tələbləri başqadır. Mən isə onlarla ayaqlaşa bilmirəm. Getdiyim düz yol məni hara çəkib aparacaqsa, oraya qədər gedəcəyəm”. “Get, bacım , sənə yaxşı yol. Amma o yolda heç nə qazana bilməyəcəksən” – deyən qrup yoldaşı gözlərini süzdürüb getmişdi.

İllər keçsə də o süzgün baxışlar, rişxəndli sözlər Xalidənin yadından çıxmırdı. O qız zəngin bir ailənin övladı idi. Kasıblıq-əziyyət nə olduğunu bilmirdi. Əynindəki “şuba”nın qiyməti ilə Xalidə bir neçə  ay dolana bilərdi. Odur ki, onun sözləri  xətrinə dəysə də, əslində qızı qınamırdı. Atalar demişkən: “Toxun acdan nə xəbəri…”

Əllərini başının altına qoyub fikrə getmişdi, yata bilmirdi. Atasının xəstəliyi şiddətlənmişdi. Onun çarəsiz baxışları ürəyini göynədirdi. “Yox özümə ikinci iş yeri tapmalıyam, yoxsa…”  Atasını itimək istəmirdi. Qardaş və bacılarının nimdaş geyimləri, qarın dolusu yemək tapmamaları onu ikinci iş yeri tapmağa məcbur edirdi. Bir neçə qeyri-hükumət təşkilatına üz tutdu. Uyğun gələni də oldu, gəlməyəni də. Ona nişan verdikləri bir qapını döydü.

-Mənə Şahin müəllim lazımdır?

-Buyurun, mənəm.

-İşləmək istəyirəm. Ali təhsilliyəm, xarici dil də bilirəm. Bacarıqlıyam…

-Xahiş edirəm əyləşin. Xalidə əlindəki kağızı masanın üstünə qoub oturdu.

Şahin qızın üzünə baxmadan kağızdakıları təmkinlə oxudu.

-Yazırsınız ki, iş yeriniz var. Çatdıra biləcəksinizmi?

-Çatdıracağam. Maddi vəziyyətimiz çox ağırdır, atam xəstədir, evdə təkcə işləyən özüməm…

-Neçə yaşınız var?!

-Otuz yaşımı təzəcə bitirmişəm.

-Ailə qurmamısınız?

-Xeyir, bu haqda fikirləşməyə vaxtım olmayıb.

Ancaq bu sözlərdən sonra Şahin başını qaldırıb Xalidənin üzünə baxdı. Yaşından daha gənc görünürdü. Üzündəki cizgilər onun zəhmətkeş insan oluğundan xəbər verirdi. Şahin qarşısındakı qızın gözəl olduğunu görüb gözlərini ondan çəkə bilmirdi. Həyadan yanaqları allanan Xalidə başını aşağı dikmişdi.

-Sizi get-gələ salmayacağam, amma  fikirləşin, iki işin ağırlığına tab gətirə biləcəksinizsə, qərarınızı mənə səhər bildirin, sizi işə götürəcəyəm.

-Qərarım qətidir, fikirləşmək üçün başqa yolum yoxdur.

-Onda ərizənizi yazın və səhərdən fəaliyyətə başalyın.

-Sizə təşəkkür edirəm. Etimadınızı  doğrultmağa çalışaram-Xalidə bunları deyib yandakı otağa keçdi.

Şahin onun arxasınca baxıb, başını buladı və ürəyində: “İndiki vaxtda belə qızlar da var imiş…”- dedi.

Xalidə gərgin işləsə də, yorğunluğunu biruzə vermirdi. Üzündəki təbəssümlə evdəkilərə ürək-dirək verməyə çalışırdı. Ailənin vəziyyəti düzəlməyə başlamışdı. Anası təsərrüfat işlər ilə məşğul olur, Xalidə özü demişkən qaçanı qovurdu. Nə düşünməyə, nə də özünə bir qadın kimi baxmağa macalı yox idi. İşdən gələn kimi bir tikə çörək yeyib, yatağına girir, o saat da yuxuya gedirdi. Ancaq anasının gözlərinə yuxu getmir,  baxışları tavana dikilib qalırdı. “Axı bu qız özünü bizimçün niyə fəda edir. Mənim də arzularım var. Mən də onu bəyaz gəlinlik donunda görmək istəyirəm…” Ana düşündükcə məyus olur, ancaq əlindən heç nə gəlmirdi…

* * *

Şahin çox mərhəmətli, sadə qəlbli insan idi. Pislik etməyi sevməzdi. Hamıya  ehtiramla yanaşır və hamıdan da xətir-hörmət görürdü. Bütün bunlara rəğmən həyatında bir kəsiklik var idi. Otuz yaşında ailə qurmuşdu, anasının təkidi ilə. O Xalidədən fərqli olaraq, elm dalınca getmiş, elmi araşdırmalara başı qarışmış, sonra isə: “Daha mənim sevən vaxtım deyil, məsləhət bildiyiniz bir qızla məni evləndirin”- demişdi. Anası Sona xanım iş yoldaşı Gülnaz müəlliməni ağız dolusu tərifləmiş və Şahinin onunla evlənməsini təklif etmişdi.

-Get danışdır, xoşun gəlsə, tərbiyəli qızdır, mənə elə gəlir ki, sənə yox deməz… Şahinin qız dalınca düşən vaxtı  deyildi, həm də görmədiyi adamla da evlənmək istəmirdi. Anasını məktəbə maşınla apararkən Sona qızı ona göstərmişdi. Qız ilk baxışdan xoşuna gəlməsə də anasına heç nə demədi. Ana oğlunun susmağını razılıq əlaməti hesab etdi. Səhəri günü Gülnaza fikrini çatdırdı: “Qızım, oğlumun səndən xoşu gəlir, evinizə elçi gəlmək istəyirik”…  Gülnazın elə bil çiçəyi çırtladı.  Şahini bir neçə dəfə  anasını maşınla gətirəndə görmüşdü. Sevincini biruzə verməməyə çalışıb: “Mən nə deyim, Sona müəllimə, böyüklərim bilər” – dedi.

-Əsas söz sahibi özünsən, könlündən keçirsə, valideynlərin də razı olarlar.

Sona qızla olan söhbəti oğluna çatdıranda Şahin dedi:

-Ana niyə belə iş görmüsən, axı mən sənə heç nə deməmişdim?

-Nə bilim, ay oğul, sən susdun, mən də elə bildim razısan…

Aradan bir neçə gün keçmişdi. Katibə içəri keçib Şahinə:

-İki qız sizi görmək istəyir, nə üçün gəldiklərini soruşsam da cavab vermədilər- dedi.

Qızlar içəri girəndə Şahin heyrətdən yerində quruyub qaldı. Qızlardan biri Gülnaz idi. Guya rəfiqəsi üçün iş axtarır-özü belə dedi. Şahin: “Hələ ki, işimiz yoxdur, olsa xəbər verərəm”-deyib üzünü yana çevirdi. Rəfiqəsi qapıdan çıxanda Gülnaz geriyə qanrılıb dedi:

-Sona müəllimə mənə hər şeyi deyib, anamla məsləhətləşmişəm, adamlarınızı göndərin…

Şahin qıza nə deyəcəyini bilmirdi. Elə bil dili-ağzı bağlanmışdı. Ürəyində: “Ana, indi nə edim, qız qarşımda dayanıb məndən cavab gözləyir, ona nə cavab verim axı? Deyim burda bir yalnışlıq var,  yoxsa deyim ki, sən mənim qəlbimə yatmırsan. Bir qadın könlünü qırmaq bu qədərmi asandır?”  Üzündən tər damcıları axırdı, elə bil müəllim qarşısınd  imtahan verirdi. Dili topuq çala-çala astadan dilləndi: “Gedin, cavabımı anam sizə çatdırar”.

Gülnaz otaqdan çıxanda çox sevincək görünürdü. Şahin xoşuna gəlmişdi. Ancaq Şahin nə nişan üzüyü taxılanda, nə də başqa vaxt Gülnazala görüşüb kəlmə kəsdi. Təkcə gəlini ata evindən çıxarmaq lazım gələndə el adətindən imtina edə bilmədi. Əslində Gülnaz ürəyinə yatmamışdı. Nə özü xoşuna gəlirdi, nə də xasiyyəti. Bir-birini tamamlamayan başqa-başqa adamlar idilər. Gülnaz Şahini çox sevirdi. Amma ərinin onunla soyuq davranamğı xoşuna gəlmirdi.

-Sənə zorla gəlməmişəm. Özün istəmisən, amma bilsəydim beləsən, sənə heç yaxın da düşməzdim.

-Necəyəm ki?

-Bilmirəm, elə bil gəmilərin batıb. Evə gələndə qaş-qabaqlı olursan, dinib-danışmırsan. Bir tikə çörək yeyib, öz aləminə qapılır, sonra da gedib yatırsan.

-Nə edim, bəlkə çalıb-oynayım-xasiyətim belədir də… Özümü dəyişə bilmərəm ki, bələd olub sonra gələydin.

-Necə bələd olaydım. Üç ay nişanlı qaldıq, bir dəfə də olsa səsini eşitmədim. Dalınca qaçası deyildim ki, sən qaçırdın, mən isə bunu utancaqlıq kimi qəbul edirdim.

-Gülnaz, xahiş edirəm gəl bu söhbəti bağlayaq. Səni döymürəm-söymürəm, ürəyin istədiyi kimi sərbəst yaşayırsan. Xarakterim belədir. Qəbul elə ki, biz belə yaşayacağıq.

Əslində Şahinin xarakteri belə deyildi. O, danışıb-gülməyi, söhbət etməyi sevən adam idi. Gülnazı sevə bilmir, onun üçün ürəyi azacıq da olsa titrəmirdi. Həyatı zülmətdə qərq olmuş, el bil lal-dinməz daş parçasına dönmüşdü. Anası özünü günahkar sanırdı:: “Mən niyə bircə balamı bədbəxliyə düçar etdim. Nə biləydim belə olacaq. Qadına nə var ki, kişinin sevmədən evlənməsi dəhşət imiş. Qız elə də pis deyil, səliqəli, təmizkardır. Özü də Şahini çox istəyir. Amma nə olsun, bunların heç biri oğlumun ürəyincə deyil. Heç xasiyyətləri də uyğun gəlmir. Oxumaq şərt deyil, adamlarda gərək ürək yaxınlığı olsun. Şahini qınamıram, qızda bir damcı da olsa şirinlik yoxdur. Nə bilim, Allah böyükdür kaş ulduzları barışa, mən də bir az rahatlıq tapam…”  Sona xanım saatlarla öz-özüylə danışır, ancaq bir çıxış yolu tapa bilmirdi.

* * *

Bir neçə il belə də yaşadılar. Gülnaz hamilə olanda Sona xanım çox sevindi. “Uşaq onların arasında körpü yaradacaq” – deyə fikirləşirdi. Ancaq sən saydığını say, gör fələk nə sayır. Onların həyat yolları ayrıldı. Gülnaz uşağı dünyaya gətirsə də, özü döğuşdan salamat çıxa bilməyib öldü. Sona xanım nəvəsini bağrına basıb, kor-peşman evə qayıtdı. Şahin gəlnin vaxtsız ölümündən sarsılmışdı. Qızını dünyaya gətirən qadını itirmək istəməsə də artıq olan-olmuşdu. Sona xanım Laləni çox çətinliklə böyüdür, Şahin isə körpə qızcığazı əzizləyəndə elə bil uşağın təbəssümü ilə dünyaya boylanırdı…

Atasının vəziyyəti ağırlaşırdı. Xalidə onu həkimə apardı, xəstənin əməliyyat olunması lazım idi. Qız artıq nə edəcəyini bilmirdi. Qohumları da elə imkanlı deyildi, bilmirdi kimə üz tutsun. Ağlına Şahin gəldi. Utana-utana onun otağına daxil oldu. Şahin qızın çöhrəsindəki kədəri dərhal hiss elədi.

-Nə olub, Xalidə, elə bil ağlamısan?

Xalidə zorla özünü ələ alıb dedi:

-Şahin müəllim, mənə borc pul lazımdr. Atam əməliiya olunmalıdır. Əgər mümkünsə mənə kömək edin. Əmək haqqmı hər ay şirkətə ödəyərəm.

-Bir özünü ələ al. Ətraflı mənə hər şeyi danış. Pul asan məsələdir.

Şahin Xalidəgilin ailə vəziyyətini öyrəndikcə qızın üzündəki nisgilin səbəbini anladı. Əslində, Xalidəni gördüyü gündən ona vurulmuşdu. Görməyəndə gözləri qızı axtarır, tapmayanda vurnuxa-vurnuxa qalır, qarşılaşanda özündə rahatlıq tapırdı. Xalidənin baxışları qəlbinə xoş bir istilik yayır, qəlbi titrəyirdi. Bütün bunları biruzə verməməyə çalışsa da, gecələr qızını bağrına basıb yatanda, yanındakı boşluqda Xalidəni görürdü. Xalidə isə bunlardan xəbərsiz, öz işində-gücündə idi. Artıq bu gün ehtiyac onu Şahinin otağına qədər çəkib gətirmişdi.

-Xalidə, borc verəcəyəm,  amma əmək haqqından tutulmamaq şərti ilə. Nə vaxt pulun olsa qaytararsan.

-Yox, Şahin müəllim, mənim bu qədər pulum heç vaxt olmayacaq.

-Onda əmək haqqının bir qismini ödəyərsən, bir qismini də ailə üçün xərcləyərsən, yoxsa sizə ağır olar.

Xalidə sevincini gizlədə bilmədi:

-Allah balanızı saxlasın, bilmirəm sizə necə təşəkkür edim.

-Mən nə etdim ki, belə deyirsən, öz zəhmət haqqınla atanı əməliyyat etdirəcəksən. Qoy bunun əvəzində də Allah sənə xoşbəxtlik qismət etsin.

-Çox sağolun, bu yaxşılığınızı heç vaxt unutmayacağam-qız söhbəti uzatmadan otağı tərk etdi. Şahin ayağa duranda gözünə masanın üstündəki əl yaylığı sataşdı. Bükülmüş yaş dəsmalı əlinə götürdü. Xalidənin göz yaşları ilə islanmış yaylıq Şahinə o qədər doğma gəldi ki, onu, əlləriylə sığallayıb gözlərinin üstünə qoydu.  Sinəsində çırpınan ürəyi elə bil ona: “Sən Xalidəni sevirsən”-deyirdi.  Dəsmalı  üzündən çəkib, ehtiyatla masanın siyirməsinə qoydu.

Atası əməliyyatdan çıxmışdı. Həkimlərin dediyinə görə  artıq “yönü bəri idi”. Xalidə sevginin, məhəbbətin nə olduğunu və sevməyin dadını hələ duymmaışdı. daha doğrusu ona vaxt ayıra bilməmişdi. Və qəflətən: “Səninlə evlənmək istəyirəm, səni sevirəm” – deyən Şahinin səsi qulaqlarında notları bir-birinə qarışan musiqi kimi səsləndi. Nahar fasiləsinə yaxın Şahin onu yanına çağırtdırmış və əlindəki əl yaylığını qıza uzadaraq: “Burda unudub qoymusan. Həm də yaş idi, ağlamışdın həmin gün.  Neçə vaxtdır bu dəsmalla dərdləşirəm. Ürəyimə yatmısan, bir-birimizi tanıyırıq. Sən mənin xəyallarımda ailə quracağım xanımsan. Əsas şərt bunlar deyil, həmdə səni sevirəm”.

-Axı mənim… Mən…

-Bilirəm ailənizi düşünürsən. Hər şey yerinə düşəcək, artıq atan yaxşılaşır, işləyəcək, ananı da işə düzəldərik. Sən də kömək edərsən.  Xalidə başını aşağı salıb nə deyəcəyini bilmirdi.

-Mənimlə evlənməyə razısanmı, Xalidə!?

-Şahin müəllim….

-Xahiş edirəm adımı de.

-Mən hələ hazır deyiləm, bir neçə gün fikirləşməliyəm.

-Eybi yoxdur fikirləş. Səndən yaxşı cavab gözləyirəm.

Otaqdan çıxanda hiss etdi ki, ayaqları titrəyir, özünü birtəhər ələ alıb, evlərinə qayıtdı. Gecədən xeyli keçənə qədər gözünü tavana zilləyib xeyli fikirləşdi: “Axı, mən sevmirəm, ona buna necə deyim? Mən də sevərək ailə qurmaq istəyirəm. ürəyimin səsi, onun ürəyinin səsinə hay vermir axı…” Elə fikirləşə -fikirləşə  də yuxuya getdi. Nə işdə, nə evdə özünə yer tapa bilmirdi. “Bir qərara gəlməliyəm, özümü fəda etmək də istəmirəm, O, sevir, həm də yaxşı insandır. Hamının hörmətini qazanıb. “Yox ” desəm hamı qınayacaq. Bundan artığınamı gedəcəksən, deyəcəklər. Axı…axı onu sevmirəm. Qəfildən elə bil güc tapdı özündə.

Təzədən bu yaşda nə sevgi? Yox, ailə quracam onunla. Mən sevmsəm də  o məni sevir.  Həm də indiki zəmanədə belə ağıllı-başlı  adam çox azdır. Allah bilir hansı səviyyəsizə tuş olacağam…”

* * *

Şahin xoşbəxt idi.  Xalidəni çox sevirdi. Onun davranışı, Laləni öz balası kimi bağrına basması, Şahinə dünyanı bəxş etmiçdi. Xalidənin özü də tez alışdı Şahinə. Meylini ona elə salmişdı ki, dünya dağılsaydı belə ondan ayrılmağı düşünməzdi. Ailələrində də vəziyyət düzəlmişdi. Anası işləyir, bacıları və qardaşı da artıq böyüyüb ailəyə kömək edirdilər. Xalidə işdən evə qayıdan kimi Laləni bağrına basıb oxşayırdı.  Laləyə ürəkdən bağlanmışdı. Onun bütün istəklərini yerinə yetirdikcə özündə bir rahtalıq tapırdı. Sona müəllimə də bəyənmişdi Xalidəni. Hərdən evlərinə qonaq gələndə, ondan gördüyü hörmətdən, Laləyə münasibətindən ağızdolusu danışırdı. Xalidənin hamilə olduğunu eşidəndə sevindiyi qədər də narahat olmuşdu. “Görəsən öz övladı olanda Laləyə ögey münasibət bəsləməyəcək ki?” Qəlbindən keçənləri ürəyində saxlaya bilməyib Şahinə söylədi:

-Mən Xalidəni taniyıram, ana , onun ipək kimi yumşaq ürəyi var. Sən görəcəksən o, Laləni həmişəki kimi sevəcəkdir.

-Allah eləsin, mənim də istəyim elə bu deyilmi? Belə də oldu. Xalidə özü də ana oldu, oğlu dünyaya gəldi. Şahinin dediyi kimi heç nə dəyişmədi. Çünki qəlbindəki ilk analıq sevgisini Lalədə tapmışdı və oğlu Elnurla bu sevgi davam edirdi.

Şahin Xalidə ilə ailə qurmaqla, sevgisini, səadətini tapmışdı. İsti ocağı, gözəl ailəsi var idi. Xoşbəxt ər, gözəl ata idi. Ürəyində Allahına şükür edir,” bundan artığını istəmirəm, verdiklərin bəsimdir. Mənim xoşbəxtliyimi özün qoru Allahım”- deyirdi.

Əlyar xeyli vaxtdan bəri Şahinlə bir yerdə çalışırdı. Qəfil bir səhvin ucbatından evlənmşdi. Nifrət etdiyi bir qadınla ömür sürürdü, daha doğrusu özünün dediyi kimi ömrünü çürüdürdü. Övladları böyük idi. Ananın sözü keçərli olduğundan övladları da ona biganə münasibət bəsləyir,  bir sözlə,  onun dediyi kimi hərəkət etmirdiər. Şahinlə yaşıd olsalar da saçlarına vaxtsız dən düşmüş, ondan xeyli yaşlı görünürdü. Dərdlərini Şahinlə bölər, həmişə gözlərindən kədər yağardı. Boy-buxunlu, yaraşıqlı, istiqanlı adam idi. İşdə sevildiyi qədər ailədə sevilmirdi. Evinə çatan kimi söz-söhbət, qışqırıq bezdirmişdi Əlyarı. Bir xoş baxışa, şirin gülüşə, mehriban səsə elə ehtiyacı var idi ki, amma onu nə vaxtsa tapacağına  ümidi yox idi. İlk gündən vurulmuşdu Xalidəyə.  Qəlbində onun sevgisi ilə yaşayır, görəndə gözləri gülür, həyatının ən xoşbəxt anlarını yaşayırdı. Amma ona yaxınlaşıb: “Səni sevirəm”- deyə bilməzdi, bilirdi ki, bu baş tutan sevgi deyil. Sadəcə olaraq yuxularında, xəyallarında, qəlbinin dərinliklərdində gəzdirdiyi bu eşq, bu sevgi onu yaşadırdı. Şahinlə Xalidə evlənəndə, sakitcə çəkilib hönkür-hönkür ağlamışdı. Bir neçə vaxt özünə gələ builməyən Əlyar, istəyindən əl çəkməyib, Xalidənin xəyalı ilə yaşayırdı.

Xalidə də ilk günlərdən duymuşdu bu məhəbbəti. Onun da qəlbinin dərinliyində bir sevgi közərtisi vardı. Qarşılaşanda yanaqları od tutub yanır, salam verib, salam alanda vücudunda bir titrəyiş hiss edirdi. Bunların mənasını bilirdi. Hiss edirdi ki, o da Əlyarı sevir. Amma onun ailəsi olduğunu da bilirdi. Ona görə də içində yanan bu sevgi qığılcımlarını dəfn edərək, Şahinlə ailə qurmağı üstün tutmuşdu. Heç vaxt aralarında bu barədə söhbət olmamış, salamdan başqa  bir-birlərinə bir kəlmə söz deməmişdilər. Amma hər ikisinə  bəlli idi ki, sevirlər bir-birlərini, özü də çılğın bir məhəbbətlə… Bu sevgini hər ikisi ürəklərində dəfn etməyə məcbur idilər, amma sözsüz ürəklərində gəzdirdikləri bu məhəbbət sönmək bilmirdi. Elə bu məhəbbətin kül altındakı qığılcımları  Əlyarı yolundan döndərdi, elə bil dəyişdirib başqa adam elədi onu…

* * *

Hərdən işlə bağlı bölgələrə gedirdilər. Növbəti dəfələrdən birində Əlyarla Xalidə getməli oldular. Şahin Əlyarı illərdən bəri tanıyırdı, ona görə də həyat yoldaşını ona etibar etdi. İşlərini yekunlaşdırıb, kiçik bir kafedə nahar etməli olanda Əlyar: “Xalidə, çıxaq təbiətin qoynunda sakit bir yerdə oturaq”-dedi. Xalidə razılaşdı. Əlyar onunla üz-üzə heç vaxt oturmamışdı. Bu gün dünyanın ən xoşbəxti sanırdı özünü. Meşənin sakitliyi, təbiətin gözəlliyi və sevdiyi qadın! Unutmuşdu özünü, əli dünyanın ətəyindən üzülmüşdü elə bil. Birdən qeyri-ixtiyari olaraq əllərindən tutdu Xalidənin. Xalidə əllərini geri çəkib: “Əlyar, sən nə etdiyini bilirsənmi, mən evli bir qadınam”-dedi.

-Mən də evli bir kişiyəm, amma sevirik bir-birimizi.  Mən səni sevdiyim kimi sən də məni sevirsən! İllərdi qəlbimizidə gizlətdiyimiz bu məhəbbəti niyə etiraf etmək istəmirsən axı?

-Yox, Əlyar , sən yalan deyirsən! Mən, mən …

-Məni sevirsən,  amma bir-birimizə qismət deyilik.

-Məni burax, Əlyar. Qışqıraram!..

-İstəyirsən dünyaya səs sal, neçə ildir sevə-sevə  qaçırsan məndən! Amma bu gün yanımdasan!!!

-Yalvarıram, Əlyar, Şahin yaxşı həyat yoldaşıdır. Məni rüsvay etmə, övldlarımız var…

Əlyarın onu buraxmaq fikri yox idi. Güclü qolları ilə gəlini sinəsinə sıxmışdı. Hər ikisi atəş içində yanırdılar.

-Güclə qovuşmaq olmaz, Əlyar, nə olar burax məni, səni öldürərəm…

-Bacarmazsan, çünki sevirsən məni!!!

Bağırmaq, qışqırıb yalvarmaq zərif vücudlu Xalidənin harayına çatmadı. Yol boyu hər ikisi vicdan əzabı çəkirdi. Dili söz tutmayan Xalidə ürəyində götür-qoy edirdi: “Evimə necə gedim. Xəyanət etdiyim Şahinin üzünə necə baxım!..”  Çıxış yolu tapa bilmirdi. “Bir anlıq xoşbəxtlik üçün neçə illik dostuma niyə xəyanət etdim? O Xalidəni mənə etibar etmişdi. Mən əclafın biriymişəm”- özünü danlasa da , Əlyarın qəlbində bir rahatlıq hissi var idi…

Evdə çiyinlərindəki xəcalət yükünün ağırlığını gizlətməyə çalışsa da, məyusluğu üzündən  oxunurdu. Şahin bunu ani bir baxışla da sezməkdə idi

-Xalidə, gözümə bir təhər görünürsən, sənə nə olub?

-Heç nə olmayıb, Şahin, bir az ağrılarım var.

-Həkimə aparım səni…

-Yox, yox ötüb keçər-demişdi Xalidə!

Amma nə ötür, nə də keçirdi bu ağrı-acılar. İçində bir qisas hissi alovlanırdı. “Onu öldürsəm də uf demərəm, yox, ölüm asan bir işdir, ona elə bir yara vurmalıyam ki, hər dəfə o yaranı görəndə vicdan əzabı çəksin!” -deyə düşünərkən, Şahinə qısılır, onun köksündə özünə sığınacaq yeri axtarırdı. Xalidə qisasını nə vaxt alacağına əmin idi.

Əlyar da deyəsən peşiman idi. İşdə Şahindən və Xalidədən gizlənməyə çalışır, o əhvalat yadına düşəndə gecələr gözünə yuxu getmirdi. “Əgər Şahin bilsə, bir ailənin faciəsi başlayar, mən niyə belə etdim…” Ancaq vüsal dolu o anların şirinliyini xəyalən təzədən yaşayanda hər şey yadından çıxırdı. Xalidə ilə rastlaşanda qadının nifrət dolu baxışları qəlbini parçalasa da, özünü birtəhər ələ alır, sonra da qadından uzaqlaşırdı.

-Salam, Əlyar, dayan, sənə sözüm var- Xalidə idi.

Aradan dörd-beş il keçmişdi. Bu illər ərzində bir dəfə də olsun Xalidə ona salam verməmişdi. Bəs indi? Üzündə bir təbəssüm var idi Xalidənin.

-Xalidə , sa-aa-lam..

-Əlyar, yenidən o məkana gedərsənmi mənimlə? O şirin anları yendiən yaşamaq istəyirəm.

Əlyar çaşqınlıqla Xalidənin üzünə baxdı.

-Niyə belə baxırsan, biz axı bir-birimizi sevirik.

-Axı, Xalidə, birdən Şahin bilər, mən, mən…

-Deməli sənin sevgin bir anlıq imiş, hə?

Ürəkləndi Əlyar, Xalidənin çöhrəsindəki təbəssüm ürəyinə yağ kimi yayıldı.

-Səni sevdiyim kimi heç kimi sevməmişəm. Sən həyatımın bir parçası deyilsənmi?

-Bunları orda deyərsən. Planlaşdır səhər tezdən çıxaq.

Sevincindən əlləri, dizləri titrəyən Əlyarın ehtirasdan gözləri işıldadı.

-Mənim gözlərim üstə! Mən bunu çoxdan gözləyirdim.

-Eləmi, bəs nə üçün demirdin?!

-Qorxurdum səndən.

-Mənim nəyimdən qorxurdun, sevən adam qorxaq olmaz. Bax mənim kimi görürsən, mən heç nədən qorxmuram…

Üz-üzə, göz-gözə oturmuşdular. Həmin yer, həmin məkan idi. Əlyarın dili açılmışdı. Həyatından, işindən danışırdı. Xalidə yanaqlarını əllərinin içinə alıb  səbirlə dinləyirdi Əlyarı. Hərdən gülümsəyir, amma içindəki həyəcan bu təbəssümə mane olurdu. Hərdən qaşları çatılır, bulud kimi dolur, özünü birtəhər ələ almağa çalışırdı.

-Xalidə, duraq bir az gəzək, sonra yenə oturarıq. Xalidə ayağa durdu. Əlyar onun əllərindən tutdu, oturduqları yerdən xeyli uzaqlaşdılar. Xalidə qəflətən Əlyarın əllərini buraxıb paltarının cibində gizlətdiyi iri bıçağı çıxararaq onun sinəsinə dirədi. Gözləri hədəqəsindən çıxan Əlyar kəkələdi:

-Xalidə, sən, sən… Məni öldürmək üçünmü bura çağırdın?!

Xalidənin gözlərini qan örtmüş, qeybdən qollarına güc gəlmişdi elə bil.

-Yox , Əlyar, sən ölümə layiq deyilsən. Sən mənin ərimə xəyanət etdin! Sənə elə bir yara vuracağam ki,  ömürlük onun izini daşıyacaqsan.

-Xalidə, Xalidə … sözünün arxasını deməyə macal tapmamış, sifətinə çəkilən bıçağın açdığı şırımdan süzülüb sinəsinə tökülən qanı görəndə yer-göy başına fırlandı. Xalidə çiyinlərindən ağır yük götürülən adamlar kimi xeyli rahat idi. Tələm-tələsik iş yerinə gəlsə də idarədə oturmağa səbri çatmadığından qapını açıb küçəyə çıxdı. Daha yadına heç nə düşmürdü, elə bil təzəcə azadlığa çıxmışdı…

* * *

Əlyar əlini sifətindəki qanlı yaranın üstünə basıb ağacın altındakı maşına tərəf qaçdı, Xalidəni burada görməyəndə halı bir az da psiləşdi. Maşındakı “apteçka”nı açıb üzünün qanını təmizləyəndən  sonra yarasını birtəhər sarıdı. “Sən nə etdin Xalidə, indi mən dərdimi kimə açıb danışım? Sənə yalvarıb dedim ki, məni bağışla, qəbul etmədin. Sonra da ki, belə…” Özünü danlasa da , artıq olan olmuşdu. Maşını birtəhər sürüb evə qayıtdı. Onun misgin vəziyyətini görəndə arvadı dizlərinə  şappıldatdı:

-Əlyar, niyə bu kökə düşmüsən, sifətinə nə olub?

-Maşın yoldan çıxdı, özümü saxlaya bilmədim, yıxılanda dəmir üzümü kəsdi- dedi və yalan danışdığına görə üzündə bir qızartı peyda oldu.

-Belə olmaz, həkimə getmək lazımdır.

-Yox, özüm sarımışam-ani olaraq düşündü ki, “həkim yaranın bıçaq yarası olduğunu dərhal biləcəkdir”. Qorxma, bir müddət evdən çıxmaram, sağalıb gedər.

Əlyarın heç bir səbəb olmadan işdə görünməməsi Şahini narahat etdi. Zəng edib halını soruşanda, evdə uydurub arvadına söylədiyi yalanı ona da danışdı. Şahin onu yoxlamağa gələndə çaşıb qaldı.

-Sən ki, rahat maşın sürən idin, bəs bu necə baş verdi?

-Bir az yuxulu idim-deyib içindəki təlaşı gizlətməyə çalışdı.

Artıq Xalidənin dincliyi geriyə qayıtmışdı. Elə bil ruhu bir az da təmizlənmiş, xəcalət hissindən yaxa qurtarmışdı. Xeyli vaxtdan bəri qorxa-qorxa Şahinin gözlərinə baxan Xalidə, daha ondan uzaq qaçmağa  çalışmırdı. Ancaq arabir içindəki xəyanət adlı bir ləkəni ömürlük daşıyacağını  düşünəndə varından yox olurdu…

…Əlyarın yanağında eybəcər bir çapıq  izi qalmışdı. Şübhəsiz ki, hər dəfə güzgüyə baxanda, bu yara izi ona nəyi isə xatrırladacaq idi. Əslində,  ürəklərində gəzdirdikləri gizli məhəbbətin, ağılsız sevginin acı yaraları onların hər ikisini ömürlük ağrıdacaq qədər güclü idi…

 

 

 

Yazıya 1045 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.