Axşamdan bir yerdə qərar tutmayan Simnaz, gecəni səhərə dirigözlü açmışdı. Bu gün onun bacısı Çimnazın ölümünün ildönümü idi. Dərdi-azarı olanda, sıxılanda, hətta ağrıyıb-acıyanda da Çimnazın məzarını ziyarət edər, ürəyini qara çərçivəyə salınmış şəkilə boşaldardı.
Bu gün qəbiristanlığa tək getməyəcəkdi. Çimnazın ildönümündən xəbər tutan qonşular ona zəng etmiş, qəbir üstə getmək istədiklərini söyləmişdilər. O, qonşularından narazı deyildi. Axı onlar bu on ildə bircə dəfə də olsun Çimnazın ölüm gününü unutmamışdılar.
Son zamanlar yaddaşı korlanmışdı. Getdiyi yeri, danışdığı sözü, yediyi yeməyi unudurdu. Hətta, bacısının qəbrini də çox çətinliklə tapar, «aman Allah, bura günü-gündən dəyişir. İlahi, bir belə də ölüm olarmı, bu dünya hara gedir» – xəyallarıyla geri dönərdi.
…Səhər obaşdan gözü Məsmənin qapısında qalmışdı. Axşamdan Məsmə onlara, o biri yoldaşlarının isə məhəlləyə yaxın dayanacağa gələcəklərini söyləmişdi.
Məsməylə Simnaz görüş yerinə vədələşdiklərindən də tez gəldilər. On dəqiqəyə yaxın idi ki, sümüyə işləyən soyuqdan qorunsunlar deyə, dayanacaqdakı tikilinin arxasına daldalanır, tez-tez də yola boylanırdılar. Dekabr ayı olmasına baxmayaraq, qar yağmamışdı.
Məsmə:
– Deyirəm, ay Simnaz, qar sada yağmır bir damcı. Yağseydi şaxta sınardı. – Sonra o, təşvişlə Simnazın əlindəki torbaya baxdı – Aaaz, ay Simnaz, gülaf yadından çıxmayıb ki?
– Yox, götürmüşəm.
– Bə, moolluya da deyifsənmi?
– Oy, a Məsmə, ora dolu döyülmü molluynan. Elə bil, it xılıdı. O meçidin yanında duran dilənçilər var ey, olar nətər adamın üstünə cumurlarsa mollalar da elədi, çatan kimi alır başının üstünü.
Sonra o, əlindəki gülabdan olan torbanı ehmallıca yerə qoyaraq, yaylığının sinəsinə düşən tərəfini arxaya atdı və yenidən yola boylandı.
Məsmə:
– Aaz, bə bular harda qaldı? Gec olacax.
– Olsun dana, a Simnaz, elə bil ölülər işə gedəcəklər…
Simnaz:
– Aaz, yaxşı, şəkk eləmə. – Sonra da o, hündür binalara tərəf boylanaraq sözünə davam elədi: – Özü də dedim, gecikməyin, gün gödəkdi. Günün dalınca qəbirstanlığa getmək olmaz.
Bu vaxt arxadan Sənubərin səsi gəldi:
– Aaaz birəz gejikdim. İş-güj imkan verir ki… Eyy, Allah kəssin buranın qışını. Birəz söyux tüşən kimi, qaz elə gəlir, elə bil şam işığıdır. Yiməyi də balon qazda pişirmişəm.
Məsmə:
– Boy, a Sənubər, aaz, nə naşükürsən, heç o da yoxuydu, genə şükür indi qazımız, işığımız var.
Sənubər:
– Aaz, elə biryolluq olmasaydı, bundan yaxşı olardı. Mağıl onda yoxu bilif, özümüzə bir gün ağlıyırdıx.
Bayaqdan bəri sakitcə bir kənarda durub onlara qulaq asan Simnazı elə bil od götürdü.
– Aaz, nəəman naşükürsən, əlimiz-əyağımız hisdə qalmışdı dana. İşıq üzünə də həsrətiydik. İndi işıq keçdi nədi…
Sənubər:
– Zarafat-zarafat, işıqlar yanandan elə bil doğan da azalıb… – Sonra onun çiyinləri qalxıb-enməyə başladı. Bir əlini qaldırıb, metal qəbirstanlığına bənzəyən ağzına tutdu. O güləndə elə səs çıxarırdı ki, güldüyü və yaxud ağladığı bəlli olmurdu. Məsmə də ona qoşuldu. Onların gülüşü dayanacağı başına götürdü. Arxadan qadınlara yaxınlaşan Nisə istehza ilə:
– Boy, aaz, aaz, elə bil toya gedirsiniz, bu nə hay-küydü?
Məsmə:
– Aaz, gəldin, ay Nisə, aaz keşkə bunun söhbətini eşidəydin…
Sənubər:
– Yoxsa ki, sən danışmırdın, eləcə qulaq asırdın.
Nisə:
– Nətərsən, ay Simnaz xala? Kişi bu gün evdədi. Ha dedim, bir az tez çıxım, əmələ gəlmədi.
Məsmə:
– A Nisə, uşaqları kimə qoydun?
Nisə:
– Dərsdədilər. Elə onları yola saldım, tələm-tələsik evləri yığışdırıb, yemək hazırladım. Kişi də imkan verir ki… Kişilər evdən nə qədər uzaqda olsalar o qədər yaxşıdı. Adamı lap çərlədirlər, onu ver, bunu ver…
Məsmə Sənubərə göz vurub üzünü Nisəyə tutdu:
– Aaz, a Nisə, nə ver, deyillər?
Nisə:
– Avrın olsun, Simnaz xala eşitmirmi, çay ver, su veri deyirəm.
Məsmə:
– Ay qız, ərli baxtavarsan dana…
Simnaz:
– Ay Nisə, sən gərək gəlməzdin. Uşaqlı adamsan. Ərin də deyirsən evdədi.
Nisə on beş ilə yaxın idi ki, Simnazın qonşuluğuna gəlin köçmüşdü. Aralarında olan yaş fərqinə baxmayaraq, sirrlərini bir-birlərinə açardılar. Sarıbəniz, gəlin idi. Sadəliyi və şirindilliliyi ilə bütün qonşların hörmətini qazanmışdı. Bu on beş ildə qonşular onun səsini yüksəkdən eşitməmişdi. Əri ilə də çox mehriban dolanırdı. Kasıb da olmuşdu, çətinliyi də. Lakin, heç bir zaman dərdini yadlara açmamışdı.
Nisə:
– Boy, ay Simnaz xala, Kərim nə dəəndi ki. Axşam mən Sona xalıya zəng edəndə, bildi ki, büyün qəvir üstə gedəjeyik. Hələ dedi ki, qoyun maşınnan aparım, dedim yox, özümüz gedəjeyik.
Məsmə:
– Aaz, a Nisə, bə Sona xala hanı?
Nisə dillənənə kimi Sənubər:
– Aaaz, odey, yanını basa-basa gəlir.
Məsmə:
– Gözümü açandan bu Sona xalanı elə beləcə görürəm. Nə artmır, nə də əysilmir, elə bil, bədbax qızının üstündən yel də əsmir.
Məsmə:
– Aaz, kiri, eşidər.
Sona arvad çox səliqəli geyinmişdi. Əynindəki qara, şal donu, qara ayaqqabıları, şabalıdı jaketi və qara tirmə şalı onu əsil, sanballı ağbirçəyə bənzədirdi. Elə əslində, onu hamı sayıb-seçir, hörmətini saxlayırdı. Yaşını isə heç kəs bilməzdi. Ağzını açan, Sona xalanı beləcə gördüyünü söyləyərdi. O, heç bir xeyir-şərdən qalmazdı. Əri onu çox tez tək qoymuşdu. Ərinin ölümündən sonra övladlarının hamısını ev-eşik eləmişdi. Nəvələri-nəticələri var idi.
Sona xala:
– Salam əleyküm, şaddıxlara yığışaq. Bə sizin maşınınız hanı?
Məsmə:
– Şaddıxlarda görüşək, ay Sona xala, dedik yığışax, elə burdanca bir taksi dayandırarıx.
Sona xala:
– Taksiyə sığışarıxmı?
Simnaz:
– Sığışarıx, ay Sona xala, sən qavaxda oturarsan, biz dördümüz dalda birtəhər oturarıx.
Sənubər:
– Oyy, ay Sona xala, dördümüz birə dəymərik, birimiz də heçə…- deyib, istehza ilə Məsməyə baxaraq, yenə çiyinlərini oynatmağa başladı.
Məsmə:
– Aaz, maa niyə elə baxırsan? Mənim nəyim var, boşqa zad ha döyləm.
Sənubər:
– Boy, nə dedim a Məsmə, amba maa baxanda sən yupyumrusan dana…
Sənubərin də yaşı az deyildi. Əllini çoxdan keçmişdi. O qədər arıq idi ki, deyərdin cəhənnəmdən elə indi xortlayıb. Özünəməxsus gülüşü, davranışı çəlimsiz, qara bənizinə heç yaraşmırdı. Əri on il idi ki, dünyasını dəyişmişdi. Bu on ildə başından qara yaylığı açmayan Sənubər ildən-ilə dəni artan saçlarını da rəngləməzdi. Yaylığının altından üzünə təkəmseyrək tökülən telləri qara paltardakı ağ yamaq kimi ürək bulandırırdı. Üç övlad anası olsa da tək yaşayırdı. Qızları ailə qurub başqa evə köçmüş, yeganə oğlu isə xaricdə yaşayırdı. Hərdən yay tətillərində Sənubərin evində şənlik olardı. Qalan vaxtlar isə elə evinin qabağındaca tum satan qadın demək olar ki, tənha olardı. Yaşadığı məhəllə sakinlərinin hamısını tanıyırdı. Qeybət gəzdirməkdən də çəkinməzdi. Filankəsin qızı filankəsə ərə getdi, filankəsin evinə filankəs gəldi, filankəsin arvadı filan şeyi geyindi, filankəs filan iş gördü və s. Geyimi ilə də hamıdan seçilirdi. Həmişə yaşına yaraşmayan, enli ətəkli don, ölçüsündən böyük jaket geyərdi. Gəncliyindən dişləri metal olduğundan hamı ona «Metallom Sənubər» deyərdi.
Məsmə də Sənubərlə eyni binada yaşayırdı. Bütün günü binanın qabağında, Sənubərin eyvanının artırmasının yanında keçərdi. Sənubər tum masasını çıxaran kimi, Məsmə onun başının üstünü kəsdirərdi. Məsmə də tək yaşayırdı. Hamı deyirdi ki, Rusiyada əri var. Amma onun ərini görən olmamışdı. Əvvəllər Məsmə hara gedirdisə, yanında qapqara, qıvrım saçlı bir oğlan uşağı da olurdu. Düzdür, uşaq anasının yaşına görə çox kiçik idi. Amma Məsmənin doğma oğlu olduğu elə üz-gözündəncə bilinirdi. Sonralar oğlu da yoxa çıxdı. Dedilər ki, o da atasının yanına, Rusiyaya gedib.
Məsmənin balaca boyu, qap-qara boyanmış, kişi saçı kimi boynunun arxasını göstərən saçları, yastı bədəni var idi. Onun da yaşı əllini çoxdan keçmişdi. Amma buna baxmayaraq, özünə fikir verir, nisbətən gənc görünməyə çalışırdı. Məhəllədə onu da tanımayan yox idi. Cır, cingiltili səsi ilə seçilən bu qadının evinə daim cürbəcür qızlar, qadınlar gəlirdi. Qonşular bu qadınları tanımasalar da, əslində Məsmənin nə ilə məşğul olduğunu bilirdilər. Elə buna görə də Məsməyə «Roza Məsmə» deyirdilər.
Məsmənin öz məhəlləsinə az məlum olan başqa bir tərəfi də var idi – sələmçilik. Deyilənə görə, bu işlə oğlu Rusiyaya gedəndən sonra məşğul olmağa başlayıb. Lakin, bu barədə məhəllədə heç kim danışmazdı. Heç Məsmənin ən yaxın rəfiqəsi olan Sənubər də «sələm» sözünü ağzına gətirməzdi. Sənubər də Məsmənin tutduğu əməllərin günah olduğunu dərk edirdi. Hərdən öz-özünə fikirləşirdi: «Aman Allah, bu Məsmənin heç nəyə ehtiyacı yoxdur, çox yerdən gəliri var. Qızlar, mızlar… nə bilim, bəlkə də günah edirəm, o qızlar da deyildiyi kimi döyül, onlar da qohumları zaddı. Bu qadın görəsən niyə bir belə günah işlərlə məşğuldur? Axı bircə balasından qorxmurmu?»
Amma Məsmə heç nədən qorxmur, çəkinmirdi. Ətrafı geniş olan bu qadına heç kəs qaşın üstə qara var deyə bilməzdi. Niyə də desin, hamı bilirdi ki, o sözü demək üçün neçə polisin cibini qalınlaşdırmalı, neçə gün «KPZ»-də yatmalıdı…
…Adət-ənənəyə görə, rəhmətə gedən olanda bütün yaxınlar, qohum-qonşular mərhumun ailəsinin başında olur. Bu mərasim mərhumun ilinə qədər davam edir. Heç kimi olmayan Simnaz yeganə bacısını itirəndən sonra lap kimsəsiz qalmışdı. Əvvəllər bacısının qəbrini tez-tez ziyarət etsə də, son zamanlar evdən bayıra çıxa bilmirdi. Səhhəti ilə əlaqədar həkim ona matəm mərasimlərində olmağı qadağan etmişdi. Lakin, o, yenə də bu mərasimlərə gedir, bəlkə də öz təkliyini unutmağa çalışırdı. Hamı deyirdi ki, Simnaz yas yerlərində mərhumu yox, özünü ağlayır. Çox danışmağı sevməyən bu qadın kimsənin işinə qarışmağı da sevməzdi.
Sona xala:
– Heç olmasa, o yekə taksilərdən dayandırın. Sovetin taksilərini deyirəm.
Nisə:
– A Sona xala indiyə Sovetin nəyi qalıb ki, taksisi də qala.
Sənubər Məsmənin qulağına:
– Bunun özü sovetdən saz qalıb deyə, elə bilir hər şey qalıb. – yenə başladı çiyinlərini oynada-oynada əlləri ilə «metallomunu» yummağa.
… Birazdan onlar «Volqa» maşınına əyləşib, yeni qəbiristanlığa tərəf gedirdilər. Sona xala qabaqda əyləşmişdi. Arxada oturanların səs-küyü, pıqqıltıları kəsmirdi. Baxışları bir nöqtəyə zillənən Simnaz da hərdən onlara qoşulur, deyib-gülürdü. Kənardan baxan kəs deməzdi ki, bu qadınlar qəbiristanlığa gedir.
«Volqa» qəbiristanlığın qapısında dayandı. Simnaz tez əlini sinəsinə ataraq, pul çıxarıb sürücüyə verdi.
Sona xala:
– A Simnaz, nə olmuşdu, verirdim dana.
Simnaz:
– Oyy, ay Sona xala, onsuz da səni əziyyətə saldım.
Sona xala:
– O nə sözdü, a bala, borcumuzdu. Rəhmətlik hamının işinə yarayıb. Bir gün hamımız oralığıx…
Sənubər yenə də Məsmənin qulağına pıçıldamağa macal tapdı:
– Təkcə sən oralıx döyülsən, a Sona xala, sən əntiq mal kimi muzeylərə qoyulajaxsan.
Məsmə də Sənubərə qoşularaq pıqqıldadı.
Qadınlar qapıda onlara tərəf gələn mollayla salamlaşdılar. Ortayaşlı bu mollanın paltarının üstündən saldığı əba qırış-qırış idi. Qırmızı yanaqlarından görünürdü ki, isti yerdə oturubmuş, müştəriləri görən kimi özünü soyuğun qucağına atıb. Əlləri də yanaqları kimi qızarmışdı. Dolu bədəni balaca boyuna yaraşmasa da, əbası bədəninin eybəcərliyini gizlətmişdi. Başındakı papaq da əlindəki kitab kimi əski zamanlardan xəbər verirdi. Ayaqqabılarını isə sanki ölülər geydikdən sonra əziz-xələf mollalarına hədiyyə eləmişdilər.
Simnaz üzünü mollaya tutdu:
– Qardaş, zəhmət olmasa, bir yarım saatdan sonra gələrsiniz, bizim rəhmətliyin ruhuna dua oxuyarsınız.
Müştərini əlində daha möhkəm saxlamaq üçün, molla tez əbasının cibindən köhnə dəftərçə çıxardı.
– Allah rəhmət eləsin, baci. Mərhumun və yaxud mərhumənin adını deyərdiniz, inşaallah, mən yazardım.
Simnaz:
– Çimnazdı, molla qardaş. Çimnaz Həsənqulu qızı. Dua oxunajax, bacısı Simnaz Həsənqulu qızı tərəfindən.
Molla dəftərçəsinə qeyd etdikdən sonra əlini saqqalına çəkib dedi:
– Yaxşı bacı, inşaallah, yarım saatdan sonra gələrəm. Ona kimi də mən mərhumənin ruhuna bir neçə dua oxuyum. Sonra sözünə davam elədi. – Bacilər, sizin də rəhmətliklərin ruhuna oxunası duanız varsa, deyin yazım.
Sənubər:
– Elə yeri gəlmişkən, mən də rəhmətlik kişiyə bir dua oxutdurum deyirəm…
Qadınları ilk görəndən gözünü Nisədən çəkməyən molla «rəhmətlik kişi» sözünü eşidən kimi, sevincək halda üzünü ona tutdu:
– Ay, Allah rəhmət eləsin, baci, Allah rəhmət eləsin, dünya belə qurulub…
Mollanın sözündən diksinən Nisə tez qulağını çəkdi:
– A kişi, nə danışırsan, Allah eləməsin, mənim ərim sağdı.
Sənubər:
– Molla qardaş, mənəm ey, mənim kişim rəhmətə gedif.
İçində dərin təəssüf hissi keçirən molla yenə «Allah rəhmət eləsin! – deyib, onlardan uzaqlaşdı.
Məsmə:
– Oy, a Sənubər, deyirəm hələ də kişin yadından çıxmır. Aaz, mənimki sağdı heç yadıma da tüşmür, ölsə noolardı görən…
Sənubər:
Ey, a Məsmə, yaxşı adam idi rəhmətlik.
Məsmə:
– Aaz, yaxşı olmasaydı dal-dala doğardınmı…
Qadınlar başladı gülməyə. Hətta, Sona xala da dodaqaltı qımışdı. Bu deyib-gülmələr qəbrin yanına qədər davam etdi. Qəbirlə onların arasında təxminən iki-üç metr məsafə qalanda, hamı birdən hansısa əmr eşitmiş kimi dayandı və əllərini ciblərinə salaraq yaylıq çıxardı. «Yaylıqçıxarma» mərasimindən sonra gözlər zilləndi səbəbkarın bacısı Simnazın üzünə.
Simnaz adəti üzrə qəbrin başdaşısına yaxınlaşaraq, ağ mərmər başdaşındakı qara çərçivəyə salınmış şəkili iki dəfə öpdükdən sonra, daşın üzərinə gülab səpdi. Ətrafına nəzər salıb, qəbrin ayaq tərəfində yerini rahatladı və on ildən çoxdur əzbərlədiyi, hətta bütün qəbiristan «əhalisinə» əzbərlətdiyi bayatılara start verdi:
Laylay, cavanca bajım,
Laylay, başımda tajım.
Sən gedəli şirin də
Olub dilimdə ajım.
Laylay, cavanca bajım,
Laylay, başımda tajım.
Məsmə Sənubərin qulağına:
– Aaz, elə də cavan deyir, elə bil Çimnaz elə gərdəkdəjə canını tafşırıf.
Sona xalanın tərs-tərs onlara baxdığını görüb, əlini qəbirə uzadaraq: – Caan, can ay Simnaz bajı… – deməyə macal tapdı.
Simnaz:
Elimdə elim yandı,
Çəməndə gülüm yandı.
Bajın ölsün, A Çimnaz,
Ağzımda dilim yandı.
Hamı birlikdə:
Laylay, cavanca bajım,
Laylay, başımda tajım.
Simnazın xırıltılı səsi ətrafı başına elə götürmüşdü ki, kənardan baxanın bu qadınlara yox, bunların səsini dinləmək məcburiyyətində qalan ölülərə yazığı gələrdi. Bayatının hər nəqarətində qadınlar xor ifaya keçirdi. Burada solo çıxışla xor arasında elə bir harmoniya yaranmışdı ki, musiqi məktəblərinin müəllimləri eşitsəydilər, əyani vəsait kimi tələbələrinə məhz buranı məsləhət görərdilər.
Simnazın avazının pəsə endiyini görən Sona xala bir az irəli duraraq:
– Ağız, a Simnaz, qoy mən deyim, a qonşular, ay el, ay oba, aaz maa bajı oluf, Çimnaz, aaaz maa ana oluf Çimnaz, aaz maa sirdaş oluf Çimnaz… – Sonra o da fikrini nəzmə çəkməyə başladı. Sanki, bununla demək istəyirdi ki, a Simnaz, ədəbiyyatı, xalq yaradıcılığını, bayatını təkcə sən bilmirsən, bax gör analar necə bayatı ustaları doğub, matəm mərasimlərində qadınların «ağlaşma» məclisində ədəbiyyatın bu janrına necə yaxından yiyələnib.
Sona:
Qonşuların tajıydın,
Çimnaz, mənə bajıydın.
Deyənin dili yanar,
Pisiydin, ya ajıydın.
Hamı birlikdə:
Laylay, cavanca bajım,
Laylay, başımda tajım.
«Ağlaşma» mərasiminin bu yerində Sənubərin kal səsi eşidildi:
– Aaz, niyə qoymursunuz mən də bir ağız deyim. Aaz, ürəyim partdadı, aaz yol verin. – Bir addım qabağa atıldı, əlindəki yaylığı yellədərək, sözün başına keçdiyi üçün məmnunluq hissi ilə başladı çıxışa:
Qönçə güllərin soldu,
Bajın saçını yoldu.
Əziz qonşum, can qonşum,
Ölüm səni tez aldı.
Hamı birlikdə:
Laylay, cavanca bajım,
Laylay, başımda tajım.
Bayatıyla ürəyi sakitləşməyən Sənubər: – Caan, ay Simnaz bajı, caan, dərdimiz birdi, aaz gözü çıxmış fələk dərdi sinəmizə bir vurdu. Aaz səni bajısız, məni ərsiz qoydu. Aaz Çimnazdan soruş gör, mənim öyümün dirəyini, balalarımın ürəkli ürəyini görürmü heç… – deyib, süni hönkürtülərə başladı. Bir dəqiqə də olsun qeybətdən, pıçıltıdan uzaq düşməyən Məsmə Sənubər rəfiqəsinin «söz başında» olduğunu görüb, Nisənin qulağına pıçıldadı:
– Görür, ay Sənubər, görür, olar elə diri vaxtlarında da tez-tez görüşərdilər.
Elə bu yerdə gülməkdən özünü saxlaya bilməyən Nisəni ifanın xor yeri xilas elədi.
Hamı birlikdə:
Laylay, cavanca bajım,
Laylay, başımda tajım.
«Ağlaşma» mərasiminin sona çatmasını uzaqdan izləyən mollanın səbri tükəndi. O, yavaş-yavaş qadınlara yaxınlaşdı.
– Bismillahi-rəhmani-rəhim, mənim bacilərim, analarım… – Bir anlıq dayandı, biclik yağan gözlərini Nisəyə zillədi, yox, ona ana-bacı demək olmazdı axı… sonra nə fikirləşdisə yenə sözünə davam elədi – xanimlər, dünya, ölüm-itim dünyasıdı…
Bayaqdan bəri sakitləşmək üçün əlverişli vaxt gözləyən qadınlar elə bil mollanın himinə bənd idi. Hamı «farağat» dayanıb mollanı dinləməyə başladı. Bir əli keçi saqqalını xatırladan saqqalında, bir əli də «Quran» kitabında olan molla dil-boğaza qoymurdu. O, oxuduqca qadınlar da ona qoşulur, birağızdan salavat çevirirdilər. Hər «salavat» fasiləsində molla gözlərini Nisəyə zilləyirdi. Nəhayət, o, əlini saqqalına çəkib, duanı başa vurdu və:
– Allah, cəmi ölənlərə rəhmət eləsin. O cümlədən də bu gün bu məzarda uyuyan… – bu dəfə başını qaldırıb Nisəyə yox, qeyri-ixtiyari qəbirdaşına baxdı və şəkilin altındakı adı oxudu -… Kərbəlayı Mahmudun yeri behişt olsun…- Öz sözündən özü diksinmiş kimi susdu. Qadınlar da eyni vaxtda qəbir daşına baxdılar və yerlərindəcə donub qaldılar. Başdaşından onlara boylanan sivri bığlı, motal papaqlı, ağsaqqal kişi, sanki, uzun illər qadın həsrətində imiş kimi, məzarının üstündə göz yaşı tökən, müxtəlif yaşda, müxtəlif biçimli bu beş qadının peyda olmasına sevinir, bığlarının altından oğrun-oğrun gülümsünürdü…
Dekabr-2008-Gəncə
Yazıya 563 dəfə baxılıb