ABŞ-İran münasibətləri XXI əsrin ən mürəkkəb və çoxqatlı geosiyasi qarşıdurmalarından biridir. Bu qarşıdurma təkcə iki dövlət arasındakı ideoloji ziddiyyətlərlə məhdudlaşmır. O, Yaxın Şərqdə güc balansının formalaşması, İsrailin təhlükəsizliyi və ABŞ-nin əsas strateji rəqibi olan Çinin yüksəlişi kontekstində mühüm əhəmiyyət daşıyır. Məsələnin mahiyyətini anlamaq üçün regional proseslərlə yanaşı, böyük güclərin uzunmüddətli strateji hədəflərinə də nəzər salmaq zəruridir. Bu qarşıdurma qlobal güc balansı, enerji təhlükəsizliyi, regional hegemonluq və böyük güclərarası rəqabətin bir parçasıdır
1979-cu il İran İslam İnqilabından sonra İran ABŞ-nin Yaxın Şərqdə qurduğu siyasi, hərbi və iqtisadi sistemə açıq şəkildə meydan oxuyan əsas aktora çevrildi. ABŞ üçün İran regional sabitliyə təhdid, nüvə silahı potensialına malik dövlətdir, O, ABŞ və müttəfiqlərinə qarşı “asimmetrik müharibə” aparan güc kimi qəbul edilir.
Bu səbəbdən qarşıdurma dövlətlərarası birbaşa müharibə formasında deyil, sanksiyalar, diplomatik təcrid, proksi müharibələr, kiber əməliyyatlar və informasiya müharibəsi şəklində aparılır. ABŞ-nin məqsədi İranı tam məğlub etmək deyil, onu nəzarətdə olan təhlükə səviyyəsində saxlamaqdır.
İrana qarşı ABŞ-nin münasibətinin əsasında bir çox amillər dayanır. Bunların içərisində əsas səbəblər kimi aşağıdakıları göstərə bilərik:
- Regional hegemonluq uğrunda mübarizə
İran Yaxın Şərqdə, xüsusilə İraq, Suriya, Livan və Yəməndə siyasi və hərbi təsirini genişləndirməyə çalışır. Bu proses ABŞ-nin regionda qurduğu ənənəvi müttəfiqlər sisteminə birbaşa təhdid yaradır. ABŞ isə Körfəz ölkələrinin təhlükəsizliyini, enerji marşrutlarının nəzarətini və İsrailin üstün mövqeyini qorumağı prioritet hesab edir.
- İranın nüvə proqramı
İranın nüvə texnologiyalarını inkişaf etdirməsi ABŞ və onun müttəfiqləri üçün ciddi narahatlıq mənbəyidir. ABŞ-yə görə, İranın nüvə silahı əldə etməsi Yaxın Şərqdə silahlanma yarışına səbəb ola bilər. Bu isə ABŞ-nin qlobal nüvə nəzarət mexanizminin zəifləməsinə səbəb ola bilər.
- İdeoloji və siyasi ziddiyyətlər
İranın anti-Qərb və anti-İsrail ideologiyası ABŞ-nin qurmaq istədiyi dünya nizamı ilə ziddiyyət təşkil edir. İranın siyasi sistemi ABŞ-nin planlarına alternativ model təqdim edir. Bu ideoloji qarşıdurma ABŞ-nin qlobal hegemonluq iddiası ilə uzlaşmır və qarşıdurmanı daha da dərinləşdirir.
Xüsusilə qeyd etmək lazımdır ki, İsrail ABŞ-İran qarşıdurmasında əsas hərəkətverici qüvvələrdən biridir. İranın İsrailə qarşı sərt ritorikası və Hizbullah, HƏMAS kimi qruplaşmalara verdiyi dəstək İsrail tərəfindən birbaşa təhlükə kimi qiymətləndirilir. Bu səbəbdən İsrail İrana hava zərbələri, kiberhücumlar vasitəsilə aktiv təsir göstərir. İsrail faktiki olaraq ABŞ-ni İrana qarşı daha sərt siyasət yürütməyə sövq edən əsas regional aktordur.
ABŞ-nin əsas strateji hədəfi
ABŞ-İran qarşıdurmasını qlobal kontekstdən ayırmaq mümkün deyil. XXI əsrdə ABŞ üçün əsas strateji rəqib İran deyil, Çindir. Çin iqtisadi, texnoloji və hərbi baxımdan ABŞ-yə alternativ qlobal gücə çevrilir. Çinin sürətli iqtisadi yüksəlişi, texnoloji müstəqilliyi, qlobal ticarət və enerji marşrutlarına nəzarət cəhdləri ABŞ-nin qlobal liderlik mövqeyini təhdid edir. İran isə bu mübarizədə Çinin mühüm tərəfdaşlarından biridir. İran Çinin enerji təhlükəsizliyində, “Bir kəmər – Bir yol” layihəsində və ABŞ sanksiyalarına alternativ iqtisadi mexanizmlərdə əhəmiyyətli rol oynayır. Bu səbəbdən ABŞ İrana qarşı tammiqyaslı müharibədən yayınır. Belə bir müharibə ABŞ-nin resurslarını Yaxın Şərqdə tükəndirə bilər. Nəticədə Çinin Sakit ocean bölgəsində manevr imkanları genişlənərək qlobal güc balansında ABŞ-nin mövqeyini zəiflədər.
ABŞ-İran qarşıdurması klassik düşmənçilikdən daha çox, idarə olunan gərginlik strategiyasıdır. Bu strategiya:
– Yaxın Şərqdə güc balansını nəzarətdə saxlamağa;
– İsrailin təhlükəsizliyini təmin etməyə;
– ABŞ-nin əsas diqqətini Çinlə qlobal rəqabətə yönəltməyə xidmət edir.
Mövcud vəziyyətdə İran nə tam məğlub edilir, nə də qlobal sistemə tam inteqrasiya olunur. Bu qarşıdurma yaxın perspektivdə də davam edəcək və regional proseslərdən çox, böyük güclər arasındakı qlobal mübarizənin tərkib hissəsi olaraq qalacaq.
Yazıya 23 dəfə baxılıb









