YENI DÜNYA DÜZƏNİNDƏ TÜRK DÜNYASININ STRATEJİ ROLU

Rafiq Əsədov
                  Ədalət Partiyasının sədr müavini

Yeni dünya düzəninin formalaşdığı bir mərhələdə türklərin rolu həm coğrafi, həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət kəsb edir. Artıq Türk dünyası parçalanmış, dağınıq coğrafiya deyil — ortaq maraqlar ətrafında birləşərək, koordinasiyalı şəkildə hərəkət edən real güc mərkəzinə çevrilməkdədir. Bu proses Şərq və Qərb arasında üçüncü bir qütbün formalaşması deməkdir.
Qlobal tədarük zəncirində “Orta Dəhliz” ən təhlükəsiz və ən qısa marşrut kimi ön plana çıxır. Bu dəhlizin əsas qapıçısı isə türk dövlətləridir. Çin ilə Avropa arasında ticarətin strateji mərkəz nöqtəsi məhz bu xətt üzərində formalaşır və bu da Türk dünyasına yalnız tranzit deyil, siyasi təsir imkanı qazandırır.
Zəngəzur dəhlizinin açılması isə Türk dünyasının tarixdə ilk dəfə fiziki və logistik baxımdan birbaşa birləşməsi anlamına gəlir. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi reallığın dəyişməsi deməkdir.
Enerji təhlükəsizliyi məsələsində Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün real alternativ Xəzər dənizi və Mərkəzi Asiya resurslarıdır. Bu resursların dünya bazarına çıxarılmasında Türkiyə və Azərbaycan əsas tranzit və enerji mərkəzi rolunu oynayır. Bu, enerji siyasətində güc balansını dəyişən əsas faktorlardan biridir.
Hərbi sahədə isə Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlar qlobal müharibə doktrinasına ciddi təsir göstərdi. Bu proses Türk dünyasının hərbi asılılığını əhəmiyyətli dərəcədə azaldaraq onu yalnız yumşaq güc olmaqdan çıxararaq sərt güc elementlərinə malik real geosiyasi qüvvəyə çevrilmək imkanı yaradır.
Bütün bu amillər göstərir ki, türklər artıq dünya siyasətində sadəcə körpü rolunu oynayan tərəf deyil. Türk dünyası bu gün oyun quran, lazım gəldikdə oyunu pozan və qərarların formalaşmasına təsir edən güc mərkəzi kimi çıxış edir.
Son dövrlərdə ABŞ ilə Türkiyə arasında Yaxın Şərqdə enerji resurslarının axtarışı, hasilatı və bazara çıxarılması sahəsində artan əməkdaşlıq da regionun geosiyasi çəkisini dəyişən mühüm proseslərdəndir. Bu əməkdaşlıq Türkiyənin Orta Şərq enerji xəritəsində rolunu daha da gücləndirir və onu regional nəzarət və balans mexanizmlərinin əsas aktorlarından birinə çevirir.
Nəticə etibarilə, yeni dünya düzənində Türk dünyası artıq kənardan izləyən deyil, proseslərin mərkəzində qərar verən güc olaraq tarix səhnəsinə çıxır.

Yazıya 14 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.