Azərbaycan Rəssamlar İttifaqında Uluslararsı Aktivist Sənətçilər Birliyinin təşkilatçılığı ilə sülh, humanizm və ümumbəşəri dəyərlərə incəsənət dili ilə çağırış edən “Sülhə qanad olaq!” adlı beynəlxalq rəsm sərgisinin təntənəli açılışı baş tutdu. Tədbirə tanınmış ziyalılar, incəsənət xadimləri, rəssamlar, media nümayəndələri və çoxsaylı sənətsevərlər qatılmışdı.
Sərgini Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov açıq elan etdi. O, çıxışı zamanı sərginin ideya əhəmiyyətindən söz açaraq, layihənin sülhə xidmət edən mühüm beynəlxalq təşəbbüs olduğunu vurğuladı və sərgi iştirakçılarına uğurlar arzuladı. Daha sonra söz Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, rəssam Nəvai Metinə verildi.
Nəvai Metin çıxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və həyata keçirilən layihələr barədə geniş məlumat verdi. O qeyd etdi ki, Uluslararası Aktivist Sənətçilər Birliyi olaraq Azərbaycanda və beynəlxalq müstəvidə bir sıra mühüm layihələrə imza atıblar: “Yurdumuzu qarış-qarış gəzək”, “Dünyanı sənət xilas edəcək” layihələri ilə yola çıxdıq. Yolumuz uzun olsa da, uğurlu oldu. Bu layihələr çərçivəsində yeni təşəbbüslər meydana gəldi. Bu gün təqdim etdiyimiz “Dünya Sülh Rəssamları” kataloqu artıq beşinci nəşrdir. Kataloqda əsərləri yer alan rəssamlarımızın bu gün burada iştirakı bizim üçün böyük qürurdur. Əminəm ki, sərgi iştirakçıları vaxtlarını səmərəli keçirəcək və bizimlə birlikdə dünyaya sülh arzulayacaqlar.”
Çıxışının sonunda Nəvai Metin kataloqda əsərləri yer alan rəssamlara sertifikatlar təqdim etdi və sülh ideyasını sənət dili ilə ifadə edən müəllifləri tədbir iştirakçılarına tanıtdı.
Təntənəli açılış mərasimindən sonra qonaqlar sərgi salonu ilə yaxından tanış oldular. Ekspozisiyada müxtəlif ölkələrdən olan rəssamların sülh, humanizm, həyat sevgisi və bəşəri dəyərləri əks etdirən əsərləri nümayiş etdirilirdi. Rənglərin ahəngi, süjetlərin dərin mənası və simvolik ifadə tərzi ziyarətçilərin xüsusi marağına səbəb oldu.
Layihənin əsas məqsədi incəsənət vasitəsilə sülh ideyalarını yaymaq, mədəni dialoqu gücləndirmək və beynəlxalq yaradıcılıq əməkdaşlığını təşviq etməkdir. Xüsusilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət bölmə ziyarətçilərin diqqətini daha çox cəlb etdi.
Sərgidə iştirak edən Ədalət Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Elman Bağırov sərgi ilə bağlı təəssüratlarını bölüşərək bildirdi:
“Ədalət Partiyası olaraq bu cür incəsənət tədbirlərində məmnuniyyətlə iştirak edirik. Sərginin mövzusu – sülhə çağırış – bu gün son dərəcə aktualdır. Dünyanın yalnız sülhə ehtiyacı var. Burada nümayiş olunan hər bir rəng çaları, hər bir detal insanı həyata, sevgiyə və sülhə səsləyir. Biz də Partiya olaraq gənc istedadların yetişdirilməsinə, incəsənətin inkişafına daim dəstək göstəririk. Belə layihələrin daha geniş vüsət almasını arzulayırıq və hər kəsi sülhə çağırırıq.”
Sərgidə nümayiş olunan əsərlərin qarşısında dayanaraq sülh ideyasına “qanad olmaq” istəyən şair Ayaz Arabaçı da sərgi ilə bağlı fikirlərini bölüşdü:
“Bu sərginin əsas məqsədi sülhə çağırışdır, sülhə qanad olmaqdır. Sülh hər bir insanın daxilindəki ən böyük arzusudur. Biz müharibənin nə olduğunu görmüş bir xalqıq. Babalarımız, atalarımız müharibələr yaşayıb, biz isə Qarabağ savaşının şahidi olmuşuq. Dünyanın bu gün alov nöqtəsinə çevrildiyi bir vaxtda sülh təkcə bizim üçün deyil, bütün bəşəriyyət üçün həyati əhəmiyyət daşıyır.”
Şair çıxışı zamanı litvalı bir şairdən nümunə gətirərək müharibənin dəhşətlərinə diqqət yönəltdi:
Bir dəfə görmüşəm əlbəyaxanı,
Min dəfə oyadıb yuxudan məni.
Kim qandan-qırğından asan danışır,
Deməli, görməyib müharibəni.
Bu misralarla o, dünyanın harasında baş verməsindən asılı olmayaraq müharibənin insan ruhunda açdığı dərin yaraları vurğuladı və əlavə etdi ki, poeziya və incəsənət sülhün ən təsirli və güclü təbliğatçısıdır.Onun sözlərinə görə, bu sərgidə nümayiş olunan tablolar sülh ideyasını dərin və təsirli şəkildə ifadə edir və rəssamlar bu yolda mühüm addımlar atırlar.
Sonda qeyd edək ki, “Sülhə qanad olaq!” adlı beynəlxalq rəsm sərgisi fevral ayının 1-dək Azərbaycan Rəssamlar İttifaqında ziyarətçilər üçün açıq olacaq.
Yazıya 51 dəfə baxılıb















