Bu gün dünya tarixi qeyri-müəyyənliklərlə dönüş mərhələsindən keçir. Ənənəvi güc mərkəzləri zəifləyir, yeni regional güc qütbləri formalaşır. Enerji, nəqliyyat və təhlükəsizlik marşrutları strateji cəhətdən daha böyük əhəmiyyət daşıyır. Milli suverenlik və dövlət maraqları getdikcə daha çox ön plana çıxmağa başlayır. Beynəlxalq münasibətlər sistemi yenidən qurulur.
Bu Yeni Dünya Nizamı şəraitində qarşımızda bir sual yaranır:
Biz haradayıq və harada olmalıyıq?
Türk dünyası – geosiyasi reallıq
Türk dövlətləri (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan) Avrasiyanın ürəyində yerləşən, Şərqlə (Çin) Qərbi (Avropa), Şimalla (Rusiya) Cənubu (Yaxın Şərq, İran) birləşdirən unikal geosiyasi məkandır. Bu coğrafi mövqe onlara “Orta dəhlizin” əsas dayağı, “enerji təhlükəsizliyinin” açar aktoru, “Alternativ ticarət və logistika mərkəzi” olmaq kimi real üstünlüklər verir. Bu, sadəcə xəritə üstünlüyü deyil – strateji məsuliyyətdir.
Bu gün Orta dəhliz, enerji təhlükəsizliyi və alternativ logistika yolları qlobal gündəmin mərkəzindədirsə, deməli, türk dünyası artıq kənarda qala bilməz.
Türk dövlətlərinin zəngin neft, qaz, uran və nadir metal ehtiyatları, nəqliyyat imkanları, geniş kənd təsərrüfatı potensialı, habelə gənc və artan əhali bu birliyə qlobal enerji bazarlarında mühüm oyunçu, Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş və Asiya-Avropa ticarət zəncirinin alternativ mərkəzi rolunu oynamaq imkanı verir.
Türk Dövlətləri Təşkilatı – gələcəyin yeni güc platforması
Türk Dövlətləri Təşkilatı sadəcə mədəni birlik olmaqdan çıxıb iqtisadi və siyasi gücə çevrilməlidir. Bunun üçün ilk öncə iqtisadi inteqrasiyanı gücləndirib strateji bloka çevrilmə mərhələsini sürətləndirməlidir. Ortaq dil, tarix, mədəniyyət, islam və türk sivilizasiyasının sintezi Şərqlə Qərb arasında mədəni balansın qorunmasında böyük üstünlüklər verir.
Ortaq bazar, vahid nəqliyyat və enerji strategiyası, siyasi koordinasiya və ortaq müdafiə mexanizmləri perspektivləri TDT-nin regional güc mərkəzinə çevrilməsinin əsas şərtləridir. Göstərilən şərtlər həyata keçirildikdə, TDT regional iqtisadi və hərbi-siyasi güc mərkəzinə çevrilərək qlobal güclərin balanslaşdırılmasında böyük rol oynaya bilər.
Bu birlik nə kiməsə qarşıdır, nə də kimisə təhdid edir.
Bu birlik öz gücünə arxalanan, suverenliyinə hörmət edən, regional sabitlik yaradan bir modeldir.
Azərbaycan, Türk Dünyası coğrafiyasının mərkəzi olaraq, geosiyasi açar rolunu oynayır.
Qafqazda yeganə Türk dövləti olmaqla, Azərbaycan Türkiyə ilə Mərkəzi Asiyanı fiziki və strateji cəhətdən birləşdirən əsas körpüdür. O, Xəzər-Qara dəniz-Aralıq dənizi xəttinin əsas halqasıdır, enerji və nəqliyyat layihələrinin lokomotividir.
Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu- bunlar sadəcə layihə deyil, Türk dünyasını dünyaya bağlayan damarlardır.
Zəngəzur dəhlizi isə tarixən parçalanmış türk coğrafiyasının yenidən birləşməsi ideyasıdır.
Qarabağ Zəfəri – türk gücünün simvolu
44 günlük Vətən müharibəsi göstərdi ki:
– -haqq gücdən üstündür,
— siyasi iradə milli birliklə birləşəndə nəticə qaçılmazdır.
Bu zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının özünə inamının bərpası oldu.
Azərbaycan sübut etdi ki, Türk dövləti yalnız danışan deyil, icra edən dövlətdir.
Güclü Azərbaycan – güclü Türk dünyası, güclü Türk dünyası – ədalətli dünya deməkdir.
Yazıya 32 dəfə baxılıb









