GÜLNAR SƏMANIN “SÖZÜMÜZ SÖZDÜR” KİTABINDA SÖZ RƏNGİ

    GÜLNAR SƏMANIN “SÖZÜMÜZ SÖZDÜR” KİTABINDA

SÖZ RƏNGİ

Zər qədrini zərgər bilərsə, söz qədrini də söz adamı bilər. Sözü ən kəsərli və ən güclü silah bilən hər söz adamı kimi Gülnar Səma da söz gücünə arxalanaraq öz sözünü sözün bədii ifadə imkanları daxilində çatdırmağa çalışır. O, fikrə canlılıq gətirən söz rənginin müxtəlif çalarlarından “Sözümüz sözdür” kitabını yazarkən də istifadə etmişdir. Kitab AMEA-nın Ədəbiyyat İnstitutunda keçirilmiş Elmi Şuranın qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olundu. Daha öncə üç şeir kitabının müəllifi olan Gülnar Səmanın bu kitabında dövri mətbuatda dərc olunmuş publisistik məqalələri və iki müsahibəsi yer alır. Publisistik məqalələr toplusuna müəllif tərəfindən “Sözümüz sözdür” adının seçilməsi də təsadüfi deyil. “Sözümüz sözdür!” vədi vermək ehtimal ki, onun öz sözünə ərlik eləmək niyyətindən doğur. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir. Rəyçisi isə filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Kitabın “Ön söz yerinə” başlıqlı hissəsində filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin “Söz azadlığı tənqidimizə nə verib?” adlı məqaləsindən sitat verilib. Sitatda müəllifin Gülnar Səmanın “Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” məqaləsini ədəbi prosesin öyrənilməsi yönümündə atılmış uğurlu addım hesab etməsi, onun elmi-publisistik fəaliyyətini yüksək qiymətləndirməsi qeyd olunub.

Gülnar Səma ədəbiyyatın inkişafında dövlət qayğısının mühüm rol oynadığını qeyd edərək ümummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində apardığı siyasəti təqdir edir. O, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” və “İlham Əliyev və Azərbaycan ədəbiyyatı” məqalələrində bu istiqamətdə görülmüş əməli tədbirlərdən bəhs edir, dövlət səviyyəsində atılmış addımların rolunu göstərir.

Publisistik məqalələr toplusunda lirik, epik və dramatik növdə olan əsərlərin tədqiqi ilə yanaşı konkret elmi, publisistik və şeir kitablarına həsr olunmuş yazılar da yer alır. Gülnar Səma tərəfindən tədqiq edilən nəsr əsərlərindən Elçin Əfəndiyevin “Kölgə” hekayəsində Şah Tutun kölgəsi zəminində gizlənən işıqlı mətləblərə aydınlıq gətirilir. Turqut Özakmanın “Diriliş Çanaqqala-1915” romanında Çanaqqala savaşında türkün göstərdiyi əzmkar mübarizəsinə qibtə hissi ilə yanaşılır. Qarabağ müharibəsində xalqımızın başına yağdırılan “dolu”nun törətdiyi faciələr Aqil Abbasın “Dolu” romanında öz bədii əksini tapmışdır. Gülnar Səma yazıçının xalq dərdinə ürəkağrısı ilə yanmasını, bu bəlanı törədənlərə qarşı nifrətini romandan gətirdiyi parçaların şərhi ilə oxucusuna çatdırır.

Bu və ya digər dövrlərdə müxtəlif qələm ustaları tərəfindən işlənmiş poema janrı Gülnar Səma tədqiqatçılığında özünə məxsusi yer tutur. Bu baxımdan poemaların tədqiqinə dair məqalələr xüsusilə diqqəti cəlb edir. Eyni janrda yazılmasına baxmayaraq poemalardakı mövzu, ideya, məzmun müxtəlifliyi, fərqli ifadə tərzi tədqiqatçının poemaların hər birinə yeni ədəbi hadisə kimi baxmasına və onların hər birinə fərdi yanaşmasına səbəb olur. Bu da, sözsüz ki, yeni fikir söyləməyə, orijinal mövqe tutmağa onu sövq edir.

Kitabda tədqiqat obyektinə çevrilən tarixi mövzulu poemaların bir qismində tarixi şəxsiyyətlərin bədii obrazı yaradılmış, digər qismində isə onların tarixi şücaətindən bəhs açılmışdır. Zəlimxan Yaqubun “Yunus Əmrə” dastanında böyük türk sufi şairi Yunus Əmrənin və “Hüseyn Saraçlı dastanı”nda aşıq Hüseyn Saraçlının, Məmməd İlqarın “Qaratel” poemasında igidliyi ilə şan-şöhrət qazanmış türk qızı Qaratelin, Elxan Zalın “Anıt məzar dastanı”nda ümummilli lider Heydər Əliyevin bədii obrazlarına münasibət bildirmişdir. İkinci qism poemalar Nəriman Həsənzadənin “Nuru paşa” poeması Nuru paşa şəxsiyyətinə və Musa Ələkbərlinin “Mübarizlik dərsi” poeması isə milli qəhrəman Mübariz İbrahimova həsr edilmişdir. Yusif Nəğməkarın “Çanaqqala”, Barat Vüsalın “Aldədə” poemalarının mövzusu ətrafında mühakimə yürüdən Gülnar Səma həmin tarixi şəxsiyyətlərin özəlliklərini və milli düşüncədə oynadıqları rol barədə geniş ümumiləşdirmə aparmağa çalışmışdır.

Gülnar Səma poemaların bədii-struktur cəhətdən işlənmə səciyyəsinə də xüsusi diqqət yetirir. O, “Elçin İsgəndərzadənin poemaları” məqaləsində şairin səkkiz poemasını tipoloji bölgüdə qruplaşdırmasına öz münasibətini bildirir və doğru mövqe götürərək “Turan savaşçısının nəğmələri”, “Şahmar şikəstəsi” poemalarına E.İsgəndərzadənin verdiyi epiqraflara əsasən həmin əsərlərin “poema-ithaf” adlandırılmasına etiraz edir. Bundan başqa, “Məmməd İlqarın “Qaratel” poemasının məziyyətləri” məqaləsində əsərin klassik türk dastanları strukturunda – nəsrlə nəzmin növbələşməsi şəklində yazılmasına diqqəti cəlb edir.

Poema janrının ədəbi təhlil səviyyəsində işlənməsi tədqiqatçının müxtəlif şeir kitablarına yazdığı məqalələrində də özünü göstərir. Bu qəbildən olan məqalələr sırasında tarix və müasirlik səpkisində Gülnar Səma Əlirza Xələflinin “Üzü Qarabağa” kitabında toplanan poemalarını və Kəmaləddin Qədimin “Köç” poemasını tədqiqata cəlb edir. O, “Köç” poemasında müəllif tərəfindən “köç” sözünün əsərdə təxminən 50 dəfə işlədildiyinə işarə edərək bu sözün çoxmənalılıq imkanından şairin ictimai-siyasi və fəlsəfi aspektdən müxtəlif problemləri uğurlu şəkildə şeirə gətirdiyini bildirir və xüsusən, vətəndən vətənə “köç” problemi üzərində dayanır. Məmməd Aslanın “20 Yanvar” faciəsinə həsr olunmuş “Ağla, qərənfil, ağla” poemasında bir vaxtlar xalqın şad gününə, sevincinə şərik çıxan, bu faciədən sonra isə xalqın dərdlərinə ağlayan qərənfil obrazı ustalıqla işlənmişdir. Gülnar Səma şairin “20 Yanvar” hadisəsinin doğurduğu təəssüratını, kədərini poemadan gətirdiyi sitatlarla ifadə edir, lirik, ancaq hüznlü duyğular yaradan “20 Yanvar” hadisəsinə həsr olunmuş bu poemanı tədqiqatçı “ciddi süjet xəttinə malik, lirik olsa da, epik hadisələri sərgiləyən poema” kimi qələmə verir.

Gülnar Səma Tahir Talıblının “Vaxt vaxtında gəlir” kitabında tarixi keçmişi öyrənmək baxımdan əhəmiyyətli yazıların toplandığını qeyd edir. O, Rəşad Məcidin “Çiyələk qadın” kitabında yer alan şeirlərin səmimiliyinə, müəllifin “sözdən söz çıxarmaq” qabiliyyətinə, neologizmləri müasir poeziyaya gətirmək cəhdinə və məhəbbət mövzulu şeirlərindəki cəfakeş aşiq obrazına diqqəti yönəldir. İbrahim İlyaslının “Yuxuma söykənmiş adam” kitabında cəm olunmuş şeirlərinin təhlili əsasında şairin Azərbaycan dilinin imkanlarından peşəkarlıqla istifadə, xalq ədəbiyyatından müvəffəqiyyətli şəkildə yararlanma kimi cəhətlərinə gənc ədəbiyyatşünas xüsusilə diqqət yetirir.

“Sözümüz sözdür” kitabında Gülnar Səma müəllimi olmuş ədəbiyyatşünas alim Arif Əmrahoğlunun vəfatından doğan kədər hissini “Alın yazısına yazı” adlı yazısında ürəkağrıdıcı bir dillə ifadə edir, Əbülfət İslamı “Əbülfət İslamı xatırlayarkən” yazısında xatırlayır, elmi rəhbərini “Vaqif Yusifli-70” yazısı ilə təbrik edir. “Yanar ürəyin işığında” haqqında yazdığı məqaləsində isə Mədət Əyyuboğlu haqqında məlumat verməklə bərabər Əlirza Xələflinin onun şeirləri barəsində söylədiyi fikirlərə də yer ayırır. O, “Sözümüz sözdür” kitabında Fərqanə Mehdiyeva, İsa Cavadoğlu, Məmməd İsmayıl, Vahid Məmmədli, Sərraf Şiruyə, Akif Səməd, Elşən Əzim, Saqif Qaratorpaq, İnci Okumuş, Elməddin Nicat, Faiq Hüseynbəyli, Elşad Ərşadoğlu, Hafiz Hacxalıl kimi şairlərin yaradıcılığına dair məqalələrdə müəlliflərin ayrı-ayrı əsərlərinin tədqiq edilməsi ilə yanaşı onlar barəsində informasiya da verir.

Filologiya elmləri doktoru Vilayət Quliyevin “Füyuzat”ın iki yazarı” monoqrafiyasına gənc ədəbiyyatşünasın “Füyuzat”ın iki yazarı”na bir baxış” adlı resenziyası müasir ədəbiyyatşünaslıq elmi üçün xüsusilə əhəmiyyətlidir. Monoqrafiyada “Füyuzat” jurnalının iki yazarının – Əhməd Kamal Akünal, Asan Səbri Ayvazovun həyat və fəaliyyəti bütün cəhətləri ilə işıqlandırılmış, onlar barəsində ətraflı və obyektiv məlumat verən və elmi ictimaiyyətə az məlum olan faktlar yer almışdır. Gülnar Səmanın “Cavidanə uçurum” məqaləsi Hüseyn Cavid yaradıcılığında xüsusi yer tutan uçurum mövzusuna həsr olunmuş, H.Cavidin “Ana”, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “Uçurum”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəyyam” əsərlərində bu mövzunun işlənmə səciyyəsi göstərilmişdir. “Molla Nəsrəddin” jurnalının ensiklopediyasının hazırlanmasından doğan sevinc və qürur hissi onun “Molla Nəsrəddin” Ensiklopediyası: böyük salnamənin işıqlı səhifələri” məqaləsində öz əksini tapmışdır. Burada o, jurnalın nəşr tarixinə ekskurs etmiş, onun Azərbaycan və Şərq xalqlarının ictimai fikrinin inkişafında oynadığı rola xüsusi diqqət yetirmişdir.

“Cümhuriyyət dövrü ədəbiyyatına bir baxış” məqaləsində cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı tədqiqata cəlb edilmiş, M.Rəfizadə, İ.Oruczadə, İ.Qəmbəroğlu, Ə.Misan, Ə.Şövqi, S.Y.Kərimi, F.Sacidi, Ə.Bağırlı, Mətləb oğlu Abutalıb, Mürşüd, Şərafəddin, C.Sahir, M.Ü.Gəncəli, Ə.Dai kimi az tanınan ədiblərin fəaliyyətinə, həmin dövrdə çap olunan poeziya, nəsr, dram əsərlərinə və monoqrafiyalarına baxış keçirilmişdir. Bu dövrdə ədəbiyyatın və milli ictimai fikrin inkişafında mühüm rol oynayan ədəbi qurumların, qəzet və jurnalların fəaliyyəti də məqalədə şərh olunmuşdur.

“Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” məqaləsində isə gənc ədiblərin 2015-ci ildə çap etdirdiyi bədii əsərlər təhlilə cəlb olunmuş, onların həmin ildəki fəaliyyəti barəsində ümumiləşdirmə aparılmışdır. Gülnar Səma “aybKitab” layihəsi çərçivəsində 2015-ci ildə gənc şair və yazıçıların kitablarının nəşr olunması və “kitabevim.az”ın təşkilatçılığı ilə kitab təqdimatlarının keçirilməsi barədə məlumat verir və ədiblərin bədii yaradıcılıq fəaliyyətinin ümumi mənzərəsini yaradır. O, gənc ədiblərdən Pərvinin müxtəlif tale yaşamış on qadının həyatına həsr olunan esselərinə “Qadın olmaq”, Arzu Hüseynin saf, səmimi arzularla çırpınan poeziyasına “Sonu əlvida”, Nuranə Nurun təkcə ayrı-ayrı şeirlərində deyil, misralarında belə yer alan fəlsəfəsinə “Yoxluğuna və sağlığına”, Emin Pirinin müharibənin törətdiyi faciələri poetik dillə ifadəsinə “Tanrının kölgəsi”, Ramil Əhmədin həyati müşahidələrlə bədii təfəkkürün bir araya gələrək yaranan şeirlərinə “Zaman tuneli”, Ruslan Dostəlinin təbii, səmimi dillə ifadə olunan və həm də oxucusunu düşündürə bilən lirikasına “Ruslan dostumun kitabı”, Şəfa Vəlinin orijinal və özünəməxsus üslubda yazılmış şeirlərinə “Poçtalyona məktub”, Şahanə Müşfiqin sevgi və sevgisizlik məngənəsində yaranan poeziyasına “Şahanənin nağılı” kitablarına əsasən ədəbi təhlil müstəvisində münasibətini bildirmiş, onların yaradıcılığını bütün cəhətləri ilə açmağa çalışır. Həmin ilin prezident təqaüdçülərindən müxtəlif yazıçı və şairlərin əsərlərini ədəbi təhlilə cəlb etməklə 2015-ci ilin ədəbi mənzərəsi barədə təsəvvür yaratmağa müvəffəq olmuşdur. Gülnar Səma Dünya Gənc Türk Yazarlar Birliyinin keçirtdiyi maraqlı layihələrlə yadda qaldığını və senet.az, manera.az saytlarının gənc imzaların tanıdılmasındakı rolunu  xüsusilə qeyd etmişdir.

Kitabda yer alan “Ulduz” jurnalında ədəbi müzakirə” Gülnar Səmanın moderatorluğu ilə keçirilmişdir. Müzakirə Gənc Ədiblər Məktəbi 1-in mümayəndəsi yazıçı Pərvin, Gənc Ədiblər Məktəbi 2-nin məzunu şair və ədəbiyyatşünas Gülnar Səma, Gənc Ədiblər Məktəbi 3-ün məzunu şair Ulucay Akif arasında baş tutmuşdur. Müasir ədəbi gənclik və ədəbi proses ətrafında aparılan müzakirə zamanı Pərvin gəncləri fəallığa və zəhmətkeşliyə səsləmiş, Ulucay Akif isə bəzi istedadlı gənclərin çap edilməmək istəyi ilə kölgədə qaldığını dilə gətirmişdir. Gülnar Səma U.Akifin ədəbi tənqidin passivliyi barəsində söylədiyi fikirlərə qarşı çıxaraq AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda mütəmadi olaraq “Ədəbi proses” tədbirlərinin keçirilməsini, V.Yusifli, M.Osmanoğlu, C.Yusifli, E.Akimova kimi tənqidçilər tərəfindən müasir ədəbi prosesin izlənməsi faktlarını sadalayır. “Söz-Səs-Rəng üçlüyü”ndə isə Gülnar Səma bəstəkar-pianoçu Ceyhun Allahverdiyev və Esmira Rəhimli, Gülnarə Mahmud kimi rəssamları bir araya gətirib bədii sənət adamlarının ədəbi mühitlə bağlılığı yönümündə maraqlı müzakirə keçirmişdir. Musiqi-ədəbiyyat-dekorasiya vəhdəti ilə gələcəkdə uğurlu sənət nümunələrinin yaradılması ideyası müzakirədə əsas zəmin təşkil etmişdir. Gülnar Səma sənət dostlarına bir-birinin yaradıcılığına laqeyd qalmamağı və vaxt, fürsət olduqca bir-birinin fəaliyyətini izləməyi tövsiyə edir.

Gülnar Səma tədqiq obyektini janr, forma, məzmun, ideya cəhətdən tədqiqi ilə yetinməyib, həm də onların dil-üslub xüsusiyyətlərini təhlilə cəlb edir. O, poema və şeirlərin dilində işlənən qüsurlar, qafiyə quruluşunda buraxılan səhvlərlə barışmır, həm də şair olan Gülnar Səma həmkarlarına öz tövsiyələrini də verir. “Şəfa Vəlinin “Poçtalyona məktubu” məqaləsində o, qafiyələnmə texnikasında yol verilən qüsurları göstərirsə, “Arzu Hüseynin içində yaşayan məsumluq” məqaləsində isə qrammatik qaydaların gözlənilməməsi hallarına işarə edir. Həmçinin o, “Ramil Əhməd və ya “Zaman tuneli”ndə zamanı sıfırlayan şair” məqaləsində “metamorfoz”, “metafizika”, “kapitalizm”, “topaz” kimi poeziya dilinə yatmayan əcnəbi sözlərin Ramil Əhmədin şeirlərində “vətəndaşlıq hüququ” qazanmasına etirazını bildirir və həmkarına “Bir qadının gündəliyi” şeirindəki üslubu saxlamağı tövsiyə edir.

Tədqiqat obyekti olaraq seçdiyi bədii əsər ona material verdikcə yazır. O, hətta müəllifin ayrı-ayrı şeirləri ilə kifayətlənməyib, misralarına keçid alır, təhlil etdikcə edir. Bu baxımdan onun “Ömrün yarım əsri”, “Məmməd İsmayılın lirikası”, “Rəşad Məcidin “Çiyələk qadın”ı”, “Elşən Əzimin “Güldən ağır sözü”, “İsa Cavadoğlu şeirlərində təbiət”, “Şeir boyda şair”, “Faiq Hüseynbəyli yaradıcılığının çalarları”, “Arzu Hüseynin içində yaşayan məsumluq”, “Nuranə Nurun “Yoxluğuna və sağlığına”, “Emin Piri “Tanrının kölgəsi”ndə”, “Elməddin Nicata məktub”, “Ruslan Dostəlinin gənclik hesabatı”kimi bədii-publisistik məqalələri səciyyəvidir.

Bədii materialın mövzusunu müəyyənləşdirməkdə, ideyasını və fəlsəfəsini açmaqda, məzmununu təhlil etməkdə obyektiv mövqe sərgiləmək, yeni söz və orijinal fikir söyləmək Gülnar Səma tədqiqatçılığı üçün səciyyəvi cəhətlərdir. Gülnar Səmanın, xüsusən, gənc ədiblərin yaradıcılığına göstərdiyi həssas münasibəti müasir ədəbi prosesin öyrənilməsi baxımından təqdir edilməlidir. Onun ədəbiyyat naminə fədakarcasına çəkdiyi zəhmət isə alqışa layiqdir. Gənc ədiblərin yaradıcılığının ədəbi təhlilə cəlb edilməsi həm də bu imzaların tanıdılması yönümündə atılmış uğurlu addımdır.

Obyektiv, orijinal, yeni söz, yeni fikir sahibi, hər gəncin uğuruna inandığım kimi, Gülnar Səma, gələcək uğurlarına inanıram! “Sözümüz sözdür!” vədi verən Gülnar Səmaya doğru və obyektiv sözə daim sadiq qalmasını arzulayıram.

Təhminə VƏLİYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

 İnstitutunun Mətbuat tarixi və publisistika

şöbəsinin kiçik elmi işçisi

valiyevatahmina@gmail.com

 

 

Yazıya 488 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.