Kolxozçular kənd klubuna yığışmışdılar. Axır ki, kolxoz sədri Əjdəroğlu gəlib çıxdı. Qanı qara idi. Zəhmini göstərmək üçün üzünü turşutmuşdu, yoxsa doğrudan di ciddi məsələ vardı – bilmədilər.
-Belə işləmək olmaz. Hərə öz kefindədir. Biz bir söz deyirik, siz öz bildiyinizi edirsiniz. İnsanda vicdan olar, məsuliyyət olar.
Əjdəroğlu bir-iki adamı danlayandan sonra Hümmətəlini ayağa qaldırdı:
– Briqadir, sən hara baxırsan? Pambıq tarlasının alağı hələ də təmizlənməyib. Gözünü döymə, cavab ver.
Hümmətəli günahkar adamlar kimi başını aşağı saldı:
-Yoldaş sədr…
-Mızıldama. Ucadan danış.
Hümmətəli özünü toplayıb:
-Yoldaş sədr, xəbəriniz vardı. Mən xəstəxanadan dünən çıxmışam… – dedi.
-Tarlanı kimə tapşırmışdın?
Hümmətəli başını geri döndərib baxdı:
-Mərdana.
Sədr bu dəfə Mərdanın üstünə qışqırdı:
-Alağı niyə vurub qurtarmamısınız?
Mərdan əlini sinəsində çarpazladı:
-Çatdıra bilmədik, yoldaş sədr. Səhvimizi düzəldərik.
Əjdəroğlu səsini bir az da qaldırdı:
-Araq vurmaqdan başın ayılanda? Otur, töhmət verirəm sənə.
Töhmət sözünü eşidən Mərdanı tər basdı. Üzünü Yaşara tutub soruşdu:
-Ə, bu töhmət nədir nalladı mənə?
Sədr eşitməsin deyə Yaşar astaca:
-Bənd olma, – dedi.
Mərdan sakitləşmək bilmədən:
-Necə bənd olma, -dedi. -Görmədin dədəmi yandırdı, töhmət verdi?! Nədir axı bu töhmət?
Sədrin ona acıqlanacağından qorxan Yaşar pıçıltı ilə:
-Boş şeydir, – dedi. -Bir kağıza yazıb tikəcəklər şəxsi işinə.
Mərdanı dərd aldı:
-Vay… işimə tikəcəklər? Qızım kollecdə, oğlum institutda oxuyur. Onları məktəbdən qovmazlar?
-Yox, yox.
-Arvadım tibb məntəqəsində işləyir, birdən onu işdən çıxararlar ha…
Mərdan əl çəkmək bilmirdi. Yaşar bilmirdi onu necə sakitləşdirsin. Danışmağa da qorxurdu. Sədr onların iclasda danışdığını görüb ağzından çıxanı deyəcək, arvad-uşağın içində rüsvayi-cahan edəcəkdi.
-İşdən çıxarmazlar.
-Oğlum əsgərlikdədir. Mənim töhmətimə görə onu qauptvaxta salmazlar ki?
-Ay qonşu, oğlunla nə işləri? O orada, sən burada…
Mərdan sorğu-sualını davam etdirməkdə idi:
-Yaşar, birdən məni məhkəməyə çağırıb, iş kəsərlər e…
-Çağırmazlar. Töhmətə görə adamı tutmurlar.
-Tutmurlar? Amma cərimə kəsə bilərlər. Sən necə fikirləşirsən? Oxumuş adamsan.
-Töhmət üstündə adamı cərimə etmirlər. Yazıb qoyacaqlar şəxsi işinə.
-Bu köpək oğlu məni lap dəli elədi. Elə belə məndən əl çəkməyəcəklər yəqin. Sən bilən, evimi əlimdən almazlar?
-Yox.
-Bəs torpaq sahəmi?
-Yox.
-Bəs bu töhmətdən sonra durub evimə gedə bilərəm?
-Əlbəttə.
Mərdan bu sözdən sonra özünə gəldi. Sakitləşdi.
Bu zaman sədr sözünü yekunlaşdırıb üzünü kolxozçulara tutdu:
-Sualı olan var?
Mərdan əlini qaldırdı.
-Buyur.
Mərdan ayağa qalxıb:
-Yoldaş sədr, sualım yoxdur, amma deyiləsi sözüm var. Böyümüzsən. Nə desən haqlısan. Günahımız var. Düzəldərik. Mənə də yaxşı eləyib töhmət verdin. Vallah düz sözümdü. Töhmətlə işlər düzəlirsə, töhmətin birini də ver.
Yazıya 457 dəfə baxılıb