Keçmişdən gələcəyə gedən metro qatarı, yaxud dəyər məsələsi… – Əyyub QİYAS (Qi Or El)

15542340_1303107363085020_3670700890733333836_nMəncə, ədəbiyyat – uşaq ədəbiyyatından, yəni nağıllardan başlayır. Dünya uşaq ədəbiyyatının çox qədim tarixi var. Şifahi xalq ədəbiyyatındakı nağıllar, əfsanələr buna sübutdur. Dünyanın bütün xalqları öz övladları – hər bir müllətin gələcəyi olan körpələr üçün ədəbiyyat yaratmağı özünə bir qayda olaraq vəzifə bilib. Dünya tarixi inkişaf etdikcə, ədəbiyyat tarixi də inkişaf mərhələsində olub və zaman-zaman mövzular öz klassik  formasını itirərək müasirləşməyə başlayıb. Artıq uşaq ədəbiyyatının sehrli xalça, sehrli güzgü, tilsimli alma ağacı, div, yeddibaşlı əjdaha dövrü geridə qalıb və bu gün uşaqlar daha çox virtual diktələrin təsiri ilə formalaşan qəhrəmanlarla maraqlanırlar. Burada bir acınacaqlı məqam da var, uşaqların sevdiyi həmin o virtual qəhrəmanlar, əslində, yaradıcı adamların, yəni ədiblərin fantaziyasından doğur, lakin uşaqlar kitab səhifələrində yaranan və yaşayan həmin qəhrəmanları kitab səhifələrindən deyil, daha çox kompüter oyunları, filmlər vasitəsilə tanıyırlar.

Bu gün hər şey marketinq xidmətlərinin səviyyəsi ilə ölçülür. Çin durmadan müxtəlif uşaq geyimləri istehsal edərək dünya bazarlarına idxal edir və uşaqlar öz virtual qəhrəmanlarının geyimində şəkil çəkdirməkdən xoşlanırlar. “Hörümçək adam” (Spider-man), “İks adamlar”, “Betmen” və s. Bunlar dünyanın müxtəlif ölkələrində böyüyən uşaqların yuxuya getməzdən əvvəl dinlədiyi müasir nağıl qəhrəmanlarının adıdır. Bu qəhrəmanlar valideynlərin söz bazasındakı, yaddaş bazasındakı klassik uşaq qəhrəmanlarını – Məlikməmmədi, Divi, Cırtdanı, Göyçək Fatmanı… məğlub etdi. Bu qəhrəmanlar (ingilis, amerikan supermenlər) Çin istehsalı olan paltarlarla, kompüter oyunları ilə, çantaların, uşaq köynəklərinin üstündəki şəkillərlə dünyanı fəth etdi və biz də dünyanın bir parçası olaraq, əslində, həm də arxasında böyük iqtisadi və ticari maraqlar olan mübarizədə (hər birimiz fərdi şəkildə) məğlub olduq. Artıq uşaqlarımızı geri qaytara bilməyəcəyik, bəlkə heç onları geri qaytarmaq lazım da deyil, amma öz yenimizi yaratmağın vaxtı çatıb, özü də çoxdan çatıb.

Azərbaycan yazılı uşaq ədəbiyyatının kifayət qədər böyük tarixi və öz ənənələri var. Bu baxımdan dahi N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı müəyyən mətnlərin uşaqların qavraya biləcəyi şəkildə işlənməsi, M.Füzulinin “Meyvələrin söhbəti” əsərinin uşaq ədəbiyyatındakı yeri, daha sonrakı mərhələdə XIX əsrin ikinci yarısından başlayan və XX əsrin 80-ci illərinin axırlarına qədər uşaqlar üçün yazılan mətnlər son dərəcə maraqlıdır. Mirzə Cəlilin və Ə.Haqverdiyevin, S.S.Axundovun və A.Şaiqin, M.Ə.Sabirin və A.Səhhətin bu istiqamətdə ortaya qoyduğu işlər hələ də uşaqların diqqətini çəkə bilər.

Sovetlər süqut edəndən sonra nəşriyyat işində baş qaldıran durğunluq 20 illik fasilə ilə yazılı ədəbiyyatın bütün istiqamətlərdə inkişafına böyük zərbə vurdu. Sovet dövründə nəşriyyat işi və ümumilikdə ədəbiyyatın özü ən geniş istifadə edilən təbliğat vasitələrindən biri sayılırdı və hər il dövlət proqramı (ideoloji proqram) çərçivəsində onlarca kitab çap olunur, azyaşlı uşaqların ixtiyarına verilirdi. Bu sətirlərin müəllifinin, mənim də uşaqlıq dövrüm o illərə təsadüf etdiyindən bu barədə müəyyən statistika təqdim edə bilərəm. Sumqayıt şəhərində yaşayırdım və evimiz şəhərin ən iri kitab mağazasının – “Bilik” mağazası olan binanın yuxarı mərtəbəsində idi. Uşaqlar üçün kitabların qiyməti 5 qəpikdən başlayaraq uzaq başı 1 rubla qədər olurdu. A4 formatlı, rəngarəng illüstrasiyaları ilə gözoxşayan nağıl kitabları, heyvanlardan, quşlardan bəhs edən rəngarəng broşürlər, dünya xalqları nağılları seriyasından müxtəlif kitablar kitab rəflərində uzaqdan adamı cəlb edirdi. Mənim kitabxanam o illərdən formalaşmağa başladı. Açığını deyim ki, əlimə düşən hər kitabı oxuyurdum. Sovet təbliğat maşını Leninin uşaqlığını bütün sovet uşaqları üçün ideal etmişdi və mən hətta Mariya Prilejayevanın “Lenin ömrü” kitabını (təxminən 300 səhifəlik kitab) da oxumuşdum. A.Səhhətin “Koç” və “Azərbaycan nağılları” mənim ən sevimli kitablarım idi. Daha sonra “Koroğlu” dastanı da bu sıraya əlavə olundu. Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, Mirzə Cəlilin “Uşaqlar üçün hekayələr”, A.Şaiqin “Qoçpolad”, M.Müşfiqin “Şəngülüm…”, R.Rzanın “Çöl quşları” kitabları mənim mütaliə vərdişimin formalaşmasında müstəsna rol oynadı. O dövrdə Hikmət Ziyanın təmsilləri, M.Namazın uşaqlar üçün yazdığı şeirlər də maraqla qarşılanırdı. Amma Zahid Xəlilin “Ballıca” (1981, Bakı, “Gənclik” nəşriyyatı) kitabı və oraya daxl olan “Qəlbinurun macəraları” povesti fantastika və macəra ədəbiyyatının qapılarını üzümə açdı. Mən bir-birinin ardınca “Robinzon Kruzo” (D.Defo), “Kapitan Qrantın uşaqları” (J.Vern), “Dəfinələr adası” (R.Stivinson), “Başsız atlı” (M.Rid) kimi dünya uşaq klassikasını mütaliə etdim. Buraya “Azərbaycan dastanları”, “Azərbaycan bayatıları” kimi kitabları da əlavə etmək lazımdır. Məncə, insan özünü formalaşdırmaq üçün bu və digər şəkildə mütaliə mərhələsi keçməlidir, bu, yuxarıda adları çəkilən kitablar yox, tamamilə başqa siyahı da ola bilər, amma kitab oxumadan, özü də kitab oxumağa nağıldan, macəradan başlamadan yüksək ideyalar haqqında düşünməyə dəyməz. “Don Kixot”, “Qulliverin macəraları”, “Spartak”, “Ovod”, “Şaqren dərisi” və başqa kitablar mütaliə həzzinin zirvəsidir.

Bu gün evlərdə gələcəyin azərbaycanlıları yetişir və həmin uşaqlar sabah bizim onlardan sonra gələn nəsillərə məktəbdə elm oyrədəcək, xəstəxanada ona resept yazacaq, zavodda nəsə istehsal edəcək, yəni bir sözlə, gələcəyi o uşaqlar idarə edəcəklər, amma necə? Əgər bu günün yeniyetməsi və gənci bir gün gözlərini açanda hansısa metro stansiyasında qatara minib, enərkən qulağındakı qulaqcıqla gələcəyə düşəcəksə, o zaman mənim gələcək dediyim nəsnə təhlükə qarşısındadır. Biz övladlarımızı gələcəyə gözü və qulağı açıq, özü də metro ilə yox, ayaqyalın, piyada göndərməliyik. Onlar monitorla bərabər kağızın qoxusunu, mətbəə rənginin qarasını da hiss etməlidirlər. Uşaqlarınıza kitab oxumaq marağı aşılayın, əfəndilər! Onların cib telefonları üçün kontur almağa, ziyanlı qidalara pul xərcləməyə imkan tapdığınız məqamda, hər ay 5-10 manat da kitaba pul ayırın, inanın, həm o 5-10 manat ailənizin gələcəyinə qoyduğunuz kapitaldır.

Biz Qarabağ müharibəsi ilə bir yerdə sərasər 3 nəsil itirdik. Bu, kifayət qədər böyük rəqəmdir və burada valideynləri, müəllimləri, bütövlükdə cəmiyyəti ittiham etmək haqsızlıq olar. Çünki gözlərimiz qarşısında baş verən olaylar ittiham notlarını bir kənara qoymağı tələb edir. Çadırlarda, qaçqın düşərgələrində, yataqxana köşələrində qəhrəman yetişdirmək özü bir qəhrəmanlıqdır və fəxrlə demək olar ki, yuxarıda sadaladığımız məkanlarda qəhrəmanlar yetişdi. Min cür məhrumiyyətlər içərisində məktəbə gedən, dərslərini hazırlayanlar oldu və onlar bu gün ölkədə müəyyən faydalı işlərlə məşğul olurlar. Amma o şəraiti bizə, həm də müəyyən mənada cəmiyyətə, ətrafa qisasçılıqla baxan insanlar da verdi. Bu da təbiidir. Artıq şərait dəyişib. Cəmiyyətin inkişafı yolunda yaranmış süni boşluqlar dolub, bu gün nəşriyyatlar müxtəlif adda, özü də son dərəcə keyfiyyətli, dünya standartlarına uyğun kitablar istehsal edir. Bəli, qəsdən çap edir yox, istehsal edir yazıram.

Nəşriyyatlar hazır məhsullarla işləməyə üstünlük verir, çünki bu, iqtisadi cəhətdən onlar üçün əlverişlidir. Ən azından müəllifə sifariş üçün qonorar vermirlər. Haradasa, nəşriyyatların ağır iqtisadi durumunu nəzərə alsaq, buna müəyyən mənada haqq qazandıra bilərik. Çap məhsullarının qiymətinin bahalığı, ölkənin kitab ticarəti bazarındakı mövcud alıcı qıtlığı buna əsas verir, amma bu məqamda, ilk növbədə, azyaşlı oxucular və uşaq ədəbiyyatı “ziyanla işləyir”. Bir şeyi nəzərə almaq lazımdır, müəllifin əmtəəsi, onun istehsalı yazdığı mətndir. Müəllifin (təbii, söhbət peşəkarlardan gedir, şair-operatorlardan, yazıçı-baytarlardan, dramaturq-elektriklərdən yox) başqa qazanc yeri yoxdur və o, yuxusuz gecələrinin, gərgin axtarışlarının nəticəsi olaraq ortaya qoyduğu mətnə görə haqqını almalıdır. Bizdə isə müəlliflərə əksər vaxtlarda xeyriyyəçi kimi yanaşırlar. Hər kəs öz haqqını tələb edir, iş müəllifə çatanda çox vaxt minnətlə deyirlər ki, imzanı reklam edirik. Bu, absurd yanaşma, üstəlik, həm də xəstə düşüncəsidir.

Son 5 ildə “Teas Press”, “Qanun”, “Bilik”, “Qələm”, “Hədəf”, “Altun kitab” və adını unutduğum bəzi nəşriyyatların müəlliflərlə müştərək işi sevindiricidir. Təbii, belə olduqda müəlliflər də əməkdaşlıq etdiyi nəşriyyata şəraitə görə müəyyən güzəştlər etməlidirlər. Bu halda qarşılıqlı iş birliyi daimi işlərin və layihələrin yaranmasına səbəb ola bilər, lakin nəşriyyatlar bu sahədə ədalət prinsiplərinə üstünlük verməli, istedadlı imzalarla əməkdaşlıq etməlidirlər. Yalnız bu cür yanaşma ilə həm ədəbiyyat, həm oxucu, həm də təbii ki, nəşriyyat özü udar.

Bizdə müəyyən mənada müəllif hüquqlarının pozulması ənənə halını alıb. Bu isə daha çox saytlarda hiss olunur. Saytlar ağına-bozuna baxmadan istənilən materialı (xəbərindən tutmuş ədəbiyyatına qədər) tirajlayırlar və bu zaman onlara bir söz deyən olmur. Sadəcə, istinad etdikləri mənbəni göstərməklə işlərini bitirirlər. Əfəndilər, belə olmaz. Tutaq ki, mən “Ədəbiyyat qəzeti” ilə əməkdaşlıq edirəm və orada yazılarım çap olunur. Mən həmin yazıları bir dəfə çap etmək üçün qəzetə təqdim edirəm və bunun müqabilində qonorar alıram. Yəni mətnin (yaxud tərcümə materialının) sahibi mənəm və mənim icazəm olmadan həmin mətn başqa mənbədə tirajlanırsa, bu zaman mütləq mənim (müəllifin) razılığı (ən azından etika xatirinə şifahi razılığı) alınmalıdır və buna görə mətnin sahibinə simvolik də olsa qonorar ödənməlidir. Yalnız bu halda biz müəllifləri iqtisadi çətinliklərdən xilas edə bilərik və inanın, yalnız bu halda ortaya daha maraqlı mətnlər çıxacaq. Çünki rəqabət yaranacaq, sayt daha maraqlı yazını tirajlamağa üstünlük verəcək və müəllif daha maraqlı mətn yazmağa məcbur olacaq, əks halda, ayın sonunda hesabına pul gəlməyəcək. Bu prinsip bütövlükdə Avropa, Amerika, Latın Amerikası, yapon ədəbiyyatında çox böyük uğurlara imza atıb, məhz bu prinsipə görə müəlliflər daha gərgin, rəqabət prinsipi ilə işləməyə həvəs göstəriblər.

Bu məsələ müəlliflərdən müsahibə alarkən də öz aktuallığını itirməməlidir. Əgər bir yazıçı müsahibə vermək üçün 1-2 saat vaxt sərf edirsə, buna görə ödəniş almalıdır, çünki müsahibə alan tərəf bunu öz iş qrafikini doldurmaq üçün edir, bu isə qarşı tərəfin iş qrafikinə müdaxilə etməklə ərsəyə gəlir. O şəraitdə qonorar iki yerə bölünməlidir və bu, normalda belə olmalıdır.

Bir qədər də TV-lərlə bağlı… Televiziya və radio kanallarının müxtəlif populyar verilişləri var və həmin verilişlər ölkə səviyyəsində öz reytinqi ilə seçilir. Həmin verilişlərdə qonaq qismində dəvət alan ədəbiyyat, elm adamlarından, sadəcə, efiri doldurmaq üçün istifadə edirlər. Bəzən bu kateqoriya insanlar reklam məqsədi ilə efirə çıxmağa can atan həkim, müğənni, usta ilə eyni götürülür. Bu, teleradio haqqında, müəllif hüquqları haqqında qanunlara birmənalı olaraq ziddir. Dünyanın heç yerində efiri doldurmaq üçün dəvət olunan qonağa 3-cü dərəcəli “kənar əşya” kimi yanaşmırlar. Adi bir misal gətirim: 2002-ci ildə Türkiyə Respublikasında səfərdə olarkən TRT kanalına dəvət aldım və teleseriallar, türk teleserialları və Azərbaycan tamaşaçısı mövzusunda təxminən 40 dəqiqə söhbət etdik. Məni kanalda qarşılayanda pasportumu almışdılar və çəkiliş başa çatan kimi verilişin prodüserinin otağına dəvət olundum. Adam üzrxahlıq və xeyli  təşəkkür etdikdən sonra mənə 900 TL qonorar verdi və bu, o vaxtın kursu ilə 250 dollara qədər pul edirdi. Mən demirəm ki, kanal hər dəvət etdiyi qonağa 250 dollar ödəməlidir, xeyr, amma yuxarıda qeyd etdiyim kimi, simvolik ödənişlər olmalıdır. Bu, kanalların da nüfuzuna müsbət təsir edər və ortaya daha maraqlı rəqabət faktoru çıxar. Nəzərə alsaq ki, dəvət aldığımız həmin o reytinqli verilişlərin aparıcıları hansı imtiyazlardan, maddi üstünlüklərdən yararlanırlar, o zaman mənim nə qədər haqlı olduğumla razılaşarsız. TV-lər evlərə gedib veriliş çəkirlər və bu zaman ev sahibləri xərcə düşür, ən azından çay süfrəsi olsa belə, açmağa məcbur olurlar. Lakin bu qətiyyən qəbuledilməzdir. Əgər bir yerdə veriliş çəkirsənsə, o yerin haqqını ödəməlisən! Film çəkilişləri zamanı bir məkan icarəyə götürülür və buna görə məkan sahibinə ödəniş olur. Bir aktyor çəkilişə dəvət alırsa, o gün çəkilsə də, çəkilməsə də günü yazılır, bəs niyə efiri doldurmağa dəvət alan ədəbiyyat (yaradıcı adama) adamına o cür yanaşılmır? NİYƏ?! Çünki hər şeydə şou axtaran “ədiblər” buna meyillidirlər, TV-yə də bu sərf edir. Müğənni efirə çıxmaqla özünə toy “tutur”, bəs yazar necə, oxucu tuta bilirmi? Əsla! Bunu yoluna qoymağın və tənzimləməyin üsulu var – QANUN qəbul etmək. Mütləq bu məsələlərlə bağlı qanun hazırlanmalı və təxirə salınmadan tətbiq edilməlidir. Bu gün vergi islahatları bütün sahələrdə öz müsbət izlərini göstərir, əminəm ki, TV-lərlə bağlı qaldırdığım məsələ ilə də yaxın zamanlarda həm teleradio şurası, həm mətbuat şurası, həm də AYB (ümumiyyətlə, bütün yaradıcı və ictimai birliklər) ekspertləri səviyyəsində konkret işlər görüləcək. Bəlkə də ilkin mərhələdə müəyyən vergidən azadolma qaydaları tətbiq ediləcək ki, bu da müəyyən mənada tərəflərin maliyyə-iqtisadi durumunun normallaşmasına stimul verəcək.

Qayıdaq ədəbiyyata – ağrılı yerimizə. Yuxarıda qeyd etdiyim məsələlərə bir də kənardan baxanda görürəm ki, hələ ki yalnız nəşriyyat sahəsində müəlliflərlə iş və əməkdaşlıq məsələsində müəyyən irəliləyişlər var, qalan sahələrdə “istismar” davam edir. Ən populyar verilişlərin, ən məşhur saytların da hələ ki öz “tərəfdaşlarına” pul ödəmək fikri yoxdur, sadəcə, onlardan istifadə etməklə özləri qazanmaq istəyirlər, bu isə ədəbiyyatın nüfuzdan düşməsinə stimul verir. Əfəndilər, bir şeyi başa düşün, atalarımızın yaxşı misalı var, “ucuz ətin şorbası olmaz”. Biz özümüzü kiminsə verilişində görünməklə tanıtmaq yolu tutmuşuqsa, vayyyy… Təbii ki, oxucu olmayacaq.

Pul verib aldığım kitablarla, hədiyyə olunan kitabların fərqi. Pul verib aldığım kitabları daha tez oxumağa çalışıram, çünki verdiyim pulun dəyərini bilirəm. Dəyərimizi bilək, əfəndilər, dəyərimizi…

2-3 sentyabr 2019

mənbə: “Ədəbiyyat qəzeti”

Yazıya 491 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.