Məryəm Əliyeva – “EŞQ CAZİBƏLİ ÜRƏK!”

39917045_1887673604612807_2465934925874855936_oMən bilirəm, biz görüşəcəyik səninlə sənin heç gözləmədiyin bir anda həm də…
Sən mənə baxacaqsan yaxın qədər uzaqdan. İçində elə bir fırtınalar qopacaq ki, çalışacaqsan ayaqlarını elə möhkəm yerə basasan yıxılmağına vüsət olmasın. Ona görə yox ki, mənim cazibəm güclü olacaq. Ona görə ki, sən məni çəkmək istəyəcəksən özünə sarı baxışlarınla.
Əllərin vurnuxucaq əllərimi tutmağa—barmaqların bir-birini qucaqlayacaq. Alnından süzülən xəcalət tərini silməyə çalışacaqsan. Ən azından görməyim, hiss etməyim deyə….
Amma alınmayacaq yanağına süzüləndə baxışlarımın istisindən öz-özünə quruyacak. Sənsə, əriyəcəksən istəsən də, istəməsən də…
Köksündən çıxan ürək rəng alacaq yanaqlarından, o tərtəmiz çöhrən lalə kimi allanacaq vicadanın yerinə. Mənsə sakit-sakit seyr edəcəm içimdə hər zaman görmək istəyib də görə bilmədiyim o gözəl üzü.
Dillənib danışacaq bir cüt gizli baxışlar hər şeyi eşidə biləcəm, duya biləcəm. Sənin belə özünə etiraf edə bilmədiklərini də.
Sükunətli kəlmələr yarışacaq mənimlə və bəlkəsix mən qalib gələcəm.
Bütün arzun, xəyalın yer gəzəcək üzümdə böyütdüyü ümidləri doğrulda bilmək üçün . Və ya görmək istədiyin xoşbəxtliyi—çöhrəmdəki təbəssümdən ala bilmək üçün.
Ürəyin asılacaq kipriyinin üstünə bir həmləylə döyüntüsünü eşidəcəyəm. Ya da o geniş sinənin qalxıb-enməsindən duyacam gizlətdiyin eşqin böyüklüyünü.
Eləcə can atacaq gözlərimə çatmağa gözlərin. Zamanında tapmadığın nuru da, itirdiyin səhərləri də—gözlərimin işığında tapacaqsan.
Toplayıb cəsarətini dil sözünü deyəndə baxışlarım utanaraq yer axtaracaq torpaq üzərində .
Sənsə inada minib mənə danış deyəsən söylə sarı çiçəyim, sən də dillən deyəcəksən!
Danış ki, gözlərindən hiss etdiyim, baxışından alışdığım sevgi dolu o dünyanın hansı tərəfində olduğumu bilim-deyəcəksən!
Mən yenə də susacam, indi susduğum kimi-yanağımda gizlənən nəzərini toplayıb-düz gözünə baxacam! Bu tərtəmiz, yamyaşıl gözlərin içində sən adlanan bir dünya görəcəksən. Əgər həqiqətən də arif olub anlaya bilsən, duya bilsən! Özün ki, anladın onda baxa biləcəksən səni sevən özümə-mənim də sən adlanan eşqə baxdığım kimi…

DƏNİZ!
Ürəyimin titrək səsi, səssizliyimin fırtınası! Uzaqdan qorxulu görünən ümman! Ən yaxın sirdaşım, ən böyük yoldaşım, ürəyimi aça bildiyim tək dostum! Bəzən deyirlər, qızların bütün sirrlərini, dərdlərini bilən analarıdır! Deməzdim, mənim gizlinlərimi bilən yeganə varlıqdır—Dəniz! Ana başa tac, gözə işıqdır ancaq arada böyük sərhədlər, pərdələr var. Rəfiqə deyilən anlayış isə dırnaqarasıdır. Çünki iki nəfərin bildiyi sirr deyildir. İnsan oğlunu tanımaq çox çətin. Bəlkə də günah sənin özündədir ay adam! Bəlkə də güvəninin yerlə yeksan olmasındandır insanlara qarşı yaranan bu güvənsizlik. Bəlkə də… Ancaq, heyrət bu qorxunc dalğalardan qorxu hissi olmamasıdır! O sonsuz ünvanlı dalğalarda itirilmiş izləri axtarmaq, gizlənən baxışları tapmaq istəyirəm sanki. Sanki bu kiçik ürəyə sığdırdığım bütün yükləri damla-damla dalğaların qoynuna atıram, yüngülləşirəm. Elə gözəl anlayır ki, elə gözəl oxşayır ki, məni! Hər tumarı anamın uşaqkən tellərimi oxşamasına oxşayır.
Dəniz… Günəş şüalarının ləpələr üzərində yaratdığı qızılı sarı rəng elə bil saçlarımın, işığın mavi ilə yaşılı bir-birinə qovuşdurduğu isə gözlərinin rəngidir sanki. Bu qədər oxşarlıq İlahi bir yaxınlığın doğmalığı məncə. Qısılmaq istəyirəm qoynuna, qovuşmaq istəyirəm ona! Amma dəniz əlləriylə itələyir məni, elə ordan dur dərdləşək deyir… Göz-gözə baxışırıq onunla! İki sevgilinin bir-birinə zillənən baxışları kimi. Dənizin təlatümlü baxışları əridə bilir ürəyimdəki soyuqluğu. Yavaş-yavaş əllərimin istisin hiss edirəm. Dəniz əllərimdən tutub qaldırır get, səni gözləyənlərin var, sənin sevənlərin var deyir! Bəlkə də qalmaq istərdim əbədilik onun qollarında. Ancaq o sözlər diksindirir məni. Bəli məni gözləyənlərim var və mən onlar üçün VAR olmalıyam deyirəm! Dəniz -əlvida söyləyir mənsə, hələlik deyirəm! Bir gün yenə dolarsam səninlə dərdlərimi bölüşməyə gələcəyəm qandaşım DƏNİZ! Axı mənim tək sirdaşım, tək ürək dostum sənsən!
Dəniz çoşur, çağlayır bir gün çalış tək gəlmə deyir-bir gün də, içindəkini mənə danışa bildiyin qədər danışacağın əli tutub gəl! Amma o günü hökmən gəl, bir gün… Və yenə öz səssizliyimə çəkilirəm, yenə sükutumla baş-başa qalmağa gedirəm bir gün danışa bilmək üçün, geriyə dönmək üçün!…

Yazıya 716 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.