Şükür Mürsəloğlu – Şeirlər…

şükür m

Bağlanıb qalmısan qara bəxt kimi,
Kim açar sevgiyə üzünü qapım.
Mən gələn deyiləm biləsən daha,
Yığ topla yollardan özünü qapım.

Vədlərin qoynuna sığdı qərinə,
Qatıla bilmədim xeyir-şərinə.,
Böcəklər darışıb açar yerinə,
Qurd-quş kor eliyib gözünü qapım.

Sənəmi qalmışdı bu acı qəhər ?..
Evimə keşikçi durmağın hədər.
Gələnin, gedənin olmasa, göndər,
Köçəri quşlarla sözünü qapım.

Bir quru dam qalıb belində şələ,
Paslı kilidin də dəyişmir hələ.
Hirsin tətiyindən çəkib səpələ,
Həyəta-bacaya közünü qapım.

Necə qalmısansa eləcə də qal,
Mən qala bilmədim sən sağlıqla qal,
Çəksəydim sinənə bir rəndə sığal,
Qocalıq bükməzdi dizini qapım.

***

Sənin sevdiyin saray
miskin əlil arabasıdı gözümdə
Bu bircə cümlədi fərqimiz
istər yerdə, istər dibçəkdə ək
eyni şey cücərəcək.

Sən hələ bilmirsən
nədən biləsən
niyə qalaylanır Ay qaranlıqda
və niyə azırııq gümüşü işıq boyunca ?..

Sən hələ bilmirsən,
bütün sarayların xarabalıq yuxusu kimisən
oyandın heç nə !
Yarı çılpaq bayquşların ətrafında
könlü qırıq böcəklər kimi atılıb-düşərsən

Üşüyərsən
suyun qar çöküntüsündə
quruyarsan
göylərin qurumuş bulud döşündə
Tanrı qovhaqovunda, mələk “kiş-kişində”…

Göynəyərsən
anasız doğulmuş ağrıların yetimliyimdə

Nə vurma bilirsən, nə çıxma, heç nə…
müqəvva əynində dar pencək
və şit gülümsəyən qırmız qalstuk
qalaylanmış Aydan
gümüşü işıq boyundan
xəbərsiz
və rəhmətsiz kəfənə bükülmüş
qamqalaq kimi sümüklər

***

Bu nə köçdü, bu nə sürü,
Adam qoyuna qarışıb.
Karvan çəkən sarvana nə,
Başı oyuna qarışıb.

Gün düşübdü baxt qızarıb,
Od düşübdü taxt qızarıb.
Üzü yanmış vaxt qızarıb,
Doqquzu ona qarışıb.

Axşam oldu Gün əyildi,
Kor üfüqdə göz səyridi.,
Cəhrədəki ip əyrildi,
İpəyi yuna qarışıb.

Sarı buğda əl xınası,
Dən-dən yağır toy havası.
Küt dəhrənin qan davası,
Vayı toyuna qarışıb.

Çək çaxmağı yansın odun,
Yanmaq nədi qansın odun.
Gen dərədə azan qurdun,
Əvvəli sona qarışıb !..

Yazıya 1016 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.