Əli Cəfəroğlu – Güllərin sevgisi (nağıl)

2Göy rəngli güldan stolun üzərində yerləşirdi.Parıltısı admın gözlərini qamaşdırırdı.Güldanın aşağı hissəsi lap tünd rəngə çalırdı.Yuxarıdan aşağıya qədər ağımsov şəkilli dairəciklər düzülmüşdü.

Beş qəşəng, təravətli, qırmızı qan rəngində olan qızılgüllər göy güldanın içərisində idi.Elə əla görünürdülər ki!

Gülləri ora bu gün qoymuşdular.Bilirsiniz kim gətirmişdi?Yox?Deyim, qulaq asın.Ev sahibəsi Nərgiz xanımın şıltaq və dəcəl oğlunun ad günündə atası Ağalar müəllim “Nizami”metrosunun yaxınlığındakı böyük gül mağazasından alıb gətirmişdi.Həm də atası Nicata ona görə beş gül almışdı ki, onun vur-tut beşcə yaşı vardı.

Qızılgül ləçəklərinin arxaya qatlanmış hissəsi çox tünd, ləçəyin alt və üst tərəfləri isə açıq qırmızı rəngdə idi.Qızılgüllərin xoş və təravətli rayihəsi, gözəl və yaraşıqlı qaməti kənardan baxanların diqqətini cəlb edirdi.

Otağın içərisində başqa-başqa yerlərə qoyulmuş köhnə güllər xeyli maraq və həvəslə yeni gətirilmiş güllərə tamaşa etməyə başladılar.

Güllərin ətri həmin anlarda insan qəlbini əfsunlayıb bihuş edirdi.

-Nə gözəl qərənfildir,-deyə birinci qızılgül astadan dillənərək sükutu pozdu.-Mən ina baxanda ürəyim tit-tir əsir.Elə bil, bu dəqiqə bağrım od tutub yanacaq.

-Eh, sən nəyi qoyub nədən danışırsan.Boynu nazik bənövşəyə bir baxın!Ona baxanda mən necə də sevinirəm.Nə gözəldir, elə deyilmi?!

Otaqda bir tamaşa vardı, gəl görəsən.

Üçüncü qızılgül dərin xəyallar aləminə qərq olmuşdu.Qəfildən diksindi və ah çəkib dedi:

-Ey gözəllər pərisi, inciçiçəyim!Yaşıl qolunu dola boynuma, səslən zınqırov təki.Gözün məndə, qəlbin qəlbimdə olsun.Şad et məni, bir hava çal.

-Nə ağlarsan, nə sızlarsan?!Ağlasan, qəminə qurban ollam, gülsən, təbəssümünə, fikirləşsən dalğınlığına.Mən səninəm, səninəm, səninəm.

Möcüzə idimi bu?Kənardakı dolabın üstündəki inciçiçəyi qızılgülün səsinə səs verib acı göz yaşları axıtdı, ürəyi təlatümdən silkələndi.

Dördüncü qızılgül nəğmə qanadlarında uçurdu:

-Ağgülüm, qızılgülüm!Ləçəklərinə heyran oldum.Baxışına vuruldum, gözlərini sevdim.Könlümün məhbubu alışdı, yandı.Bədənim titrədi, ayaqlarım taqətdən düşdü.Sənə baxdım, cana gəldim.

Çingiltili səslər otağı başına götürmüşdü.Otaq bu gün güllərin ən yaxın sirdaşına çevrilmişdi.Onları və sözlərini, eşqlərini gizli saxlayır, kənara bildirmirdi.

Beşinci qızılgül hissə qapılmışdı.Dərddən ikiqat olmuş, əyilib az qala süfrəyə dəyəcəkdi.Görəsən, o da dilə gələcəkdimi, danışacaqdımı, intizar hissi keçirəcəkdimi?!

Axşam düşür, otaq qaranlığa qərq olmağa başlayırdı.Saat çıqqıldayır, dəqiqələr sürətlə ötüb keçirdi.İnsanlar yatmağa hazırlaşırdı.

…Yox, yox!..O danışacaqdı.Çılğın bir ehtiras, ürəkdən gələn şəfqət və məhəbbətlə!

Gözəllikdən insanlar ilham alıb sevindikləri kimi, təbiətə yaraşıq, insanlara sevinc bəxş edən güllər də sevir, sevinirlər.Onlar da görür, eşidir, duyur, hiss edir, eşq dünyasının sədaqətli sakinləri sırasına daxil olurlar.

Eşqlərini ürəklərində saxlayır, solub məhv olana qədər öz məhəbbətlərinə sadiq qalırlar.

-Açılma, sabahım, açılma, -deməyimə az qalmışdı ki, gecənin lal sükutu pozuldu.

-Ah, əziz lalə!Ürək duyğularımı yerindən oynatdın.Taleyimi, gələcəyimi düşünmək mənə necə də xoş idi!Xəyallarımdan göydə quş kimi süzür, qanadlanırdım.Səni görəndə məni ildırım vurdu, ürəyim titrədi, beynim silkələndi, yanaqlarım qızardı.Onu demək istəyirəm ki, mən səni sevirəm!Sevirəm!!!Səni heç zaman unutmayacağam,-deyə beşinci qızılgül dilləndi və sevgisinə sadiq qalacağına and içdi.

Qızılgüllər üç gün göy güldanda yaşadılar.Onlar bir dəqiqə də olsun danışmadılar, kəlmə kəsmədilər.Yalnız düşündülər, bir-birilərinə baxdılar və susdular.

O biri güllər də eyni maraq və həvəslə qızılgüllərə tamaşa edir, baxmaqdan doymurdular.Ancaq onlar da susur, dillənmirdilər.

Dördüncü gün dəcəl Nicat bağçalarında özündən kiçik qonşusu ilə savaşdıqdan sonra evə gəldi.Təsadüfən bəhs etdiyimiz otağa daxil oldu və gülləri götürərək küncdəki dolaba tərəf addımladı.Əllərini uzadıb inciçiçəyi və laləni götürmək istədi.

Qəfildən güldandakı güllər hay-küy saldılar, qabda olan suyu çalxalandırıb yerə tökməyə başladılar.

Uşaq şaqqıltı səsindən diksinib geriyə boylandı.Güldana qoyulmuş yaraşıqlı gülləri elə bil indicə görürdü.

gül    -Onlardan yaxşı qayıq olar ki,-deyə o, sevinclə qışqırdı.

Bu məqsədlə stulu çəkərək üstünə çıxdı.Həmin güllərin beşini də əlinə götürdü və həyətə apardı.

Otaqdan çıxarkən qızılgüllər həsrətlə, sonuncu dəfə olaraq geriyə-sevgililərinə tərəf nəzər saldılar.Bir daha baxmayacaqlarını sanki hiss etmişdilər.

Onlar az qala hönkürtü ilə ağlamağa başladılar.Dəcəl oğlansa güllərin eşqindən, məhəbbət yolunda göstərdikləri fədakarlıqdan, kədər və göz yaşlarından heç vaxt baş aça bilməzdi…

Qızılgüllər xeyli pərişan halda, arxın bulanıq suyu ilə sevgililərini düşünə-düşünə axıb gedirdilər.

Amma onlar bir həqiqətdən xəbərsiz idilər:onların sevdikləri təbii güllər deyil, parça və kauçukdan düzəldilmiş süni və bayağı güllər idilər…

Yazıya 573 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.